Məhkəmə qərarları › İş №2(105)-397/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-397/2021

09.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-397/2021 09.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və cavabdeh Quba Bələdiyyəsinin vəkili və nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Quba Bələdiyyəsinə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-919/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh Quba Bələdiyyəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 2(027)-919/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Quba Bələdiyyəsinin İddiaçı barəsində əmək müqaviləsinə xitam verilməsilə əlaqədar əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunması və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir (hakim R.T.Həsənov). Qətnamədən cavabdeh Quba Bələdiyyəsi apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Bələdiyyəsi tərəfindən onun əmək müqaviləsinə xitam verilməsi əmrinin etibarsız hesab edilərək, onun tutuduğu vəzifəyə bərpa olunması və qanunsuz olaraq işsiz qaldığı müddət üçün əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və P R O S E S İŞ T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ Məhkəmə kollegiyasinın iclasında cavabdeh Quba Bələdiyyəsinin nümayəndəsi və vəkili X10 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, X12 Rayon Məhkəməsinin 2 (027)-919/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ona görə razılaşmır ki, həmin qətnamə qəbul edilərkən iş üzrə maddi-hüquqi normalar düzgün tətbiq edilməmiş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, qətnamədə Quba Bələdiyyəsi tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmrinin ləğv edilməsi üçün eyni zamanda iki əsasla Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və “X9” Azərbaycan Respublikası Qanunun 33.1.3-cü maddəsinə əsasən xitam verildiyi, işçiyə qanunla müəyyən edilmiş müddətdə xəbərdarlıq edilmədiyi və həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılıq alınmadığı göstərilir. Bildirir ki, bələdiyyə ilə İddiaçı arasındakı əmək müqaviləsinə yalnız bir əsasla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir və bu barədə işçinin əmək kitabçasında müvafiq qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1. maddəsinə əsasən “işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi) işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşçiyə qanunla müəyyən edilmiş müddətdə xəbərdarlıq edilməsi ilə bağlı bildirir ki, iddiaçıya vaxtında xəbərdarlıq edilmiş (bu barədə Quba Bələdiyyəsinin müvafiq sərəncamı ilə tanış olması barədə İddiaçı imzası mövcuddur) və onun razılığı ilə xəbərdarlıq müddəti əvəzləşdirilmişdir. Quba Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli iclasının 02 saylı qərarına əsasən bələdiyyənin icra aparatının yeni strukturu təsdiq edilmiş və icra aparatının yeni strukturunda yer almayan digər ştat vahidləri ilə yanaşı memar ştatının da ixtisar edilməsi nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə uyğun olaraq bələdiyyənin icra aparatında ştatların ixtisarı ilə bağlı yerli həmkar təşkilatının rəyinin alınması üçün Quba Bələdiyyəsinin sədri A.Murtuzov tərəfindən təqdimat verilmiş və həmin təqdimat əsasında Quba Bələdiyyəsinin həmkarlar təşkilatının xx xxxxxx 2020-ci il tarixli iclasında təqdimat nəzərə alınmış, həmçinin Quba Bələdiyyəsinin sədri A.Murtuzova tövsiyyə edilmişdir ki, ştat ixtisarı aparılarkən Əmək Məcəlləsinin tələblərinə riayət edilsin. Məlumat üçün bildirir ki, yerli həmkarlar təşkilatının xx.xx.2020-ci il tarixli iclasında iştirak etmək üçün bələdiyyənin bütün işçiləri o cümlədən İddiaçı dəvət edilsə də heç bir üzürlü səbəb olmadan o, iclasa gəlməmişdir. Həmin iclasdan sonra İddiaçı bələdiyyəyə müraciət edərək xx xxxxxx 2020- ci il tarixli X9 qanunun 33.1.3 maddəsinə əsasən işdən azad edilməsinə dair əmrinin surətinin verilməsini və bu barədə əmək kitabçasında müvafiq qeydlərin aparılmasını tələb etmişdir. Quba Bələdiyyəsinin sədri A.Murtuzov ona bildirmişdir ki, bələdiyyənin xx xxxxxx 2020-ci il tarixlii iclasında bələdiyyənin icra aparatının yeni strukturunun təsdiq edilməsindən sonra vəzifəsinin yeni strukturda yer almadığını bilən bələdiyyə sədrinin sabiq köməkçisi K.X4 elektron portalına özbaşına müdaxilə edərək ixtisarı nəzərdə tutulan ştatları tutan vəzifəli şəxslərin o cümlədən İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə yalan məlumat daxil etməklə həmin müqavilələrə xitam vermişdir. K.Sultanovun bu qanunsuz hərəkəti barədə Quba Bələdiyyəsinə 3 gündən sonra məlumat verilən kimi onun barəsində akt tərtib edilmişdir. Məhz bundan sonra E.X3 11,02.2020-ci il tarixli iclasının 02 saylı qərarı və bu qərarla əlaqədar Quba Bələdiyyəsi sədrinin xx xxxxxx 2020-ci il tarixli 01 saylı Sərəncamı ilə tanış edilmiş, həmçinin sərəncamın altında öz imzasını atmışdır. Məhz bundan sonra İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq Sərəncamla rəsmən tanış edildikdən sonra ona iş stajına müvafiq olaraq öz ərizəsinə əsasən özünün raziliği ilə əmək haqqının 2 misli məbləğində müavinət ödənilmişdir. İşdən azad edildikdən sonra İddiaçı xx xxxxxx 2020-ci il tarixdə təqdim edilməsi ilə bağlı iddiasına cavab olaraq bildirir ki, bələdiyyənin icra aparatında aparılan struktur dəyişikliyindən sonra kargüzarlıq işlərinin yerinə yetrilməsində müəyyən obyektiv problemlər yarandığı üçün əmək kitabçasında müvafiq qeydlərin aparılması yubanmışdır.Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-919/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, ali təhsillidir, Azərbaycan Memarlıq və İnşaat Univeristetini bitirmiş, uzun müddət inşaat və koomunal müəssisələri sahəsində işləmişdir. 2017-ci ildə bələdiyyə qulluqçuları üçün müəyyən edilmiş xüsusi müsabiqədən keçərək xx xxxx 2017-ci tarixdən Quba bələdiyyəsinə memar vəzifəsinə qəbul edilmişdir. İşlədiyi müddətdə verilən tapşırıqları vaxtında yerinə yetirmiş, heç bir xəbərdarlıq və töhmət almamışdır. 2019-cu ilin dekabr ayında bələdiyyə seçkiləri keçirildikdən sonra Quba bələdiyyəsinə yeni üzvlər seçilmiş və X2 seçilmişdir. xx xxxxxx 2020-ci il tarixində işə gələrkən Bələdiyyə binasında elan lövhəsində iki əmr görmüşdür. Həmin əmrlərin birincisinə əsasən (xx xxxxxx 2020 tarixli, 03 saylı) bütün bələdiyyə qulluqçuları, o cümlədən ixtisar olunaraq əmək müqavilələrinə xitam verilir, digər əmrlə isə (xx xxxxxx 2020 tarixli, 04 saylı) bir sıra işçilərlə yeni əmək müqaviləsi bağlanaraq yenidən işə qəbul olunurlar.O, bu məsələyə etirazını bildirmiş, dərhal əmək kitabçasını və son haqq hesabı tələb etmişdır. Belə ki, əmək müqaviləsi Əmək Məcəlləsinin 70.b bəndi ilə ləğv edilərkən (işçilərin sayı və ştatları ixtisar olunmaqla) həmin məcəllənin 77-ci maddəsindəki şərtlər gözlənilməli idi. Yəni 3 il stajı olduğu üçün ona azı dörd təqvim həftəsi əvvəl rəsmi xəbərdarlıq olunmalı idi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyanın icrasından azad edilməli idi və orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında işdənçıxma müavinəti ödənilməli idi. Lakin bir neçə gün ərzində ona heç bir məlumat və əmək kitabçası dəfələrlə tələb etməyinə baxmayaraq verilməmişdir. Nəhayət xx xxxxxx 2020-ci ildə ona şifahi olaraq bildirilib ki, vəzifəsi ixtisar olunacaq və müavinət almaq üçün ərizə yazmışdır. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə zidd olaraq əmək kitabçası ona 19 fevralda təqdim olunanda əmək kitabçasındakı qeyddən məlum oldu ki, ştatların ixtisarı ilə əlaqədar Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə ixtisar olunmuşdur. Lakin onun e-gov.az portalında əmək müqaviləsinə xitam barədə aldığı çıxarışdan görünür ki, o, xx xxxxxx 2020-ci il tarixində "X9" qanunun 33.1.3-cü maddəsi ilə tutduğu vəzifədən azad olunmuşdur. Bələdiyyə qulluqçusu olmuş, heç vaxt dövlət qulluğunda işləməmiş və bu münasibətlər "X9" qanunla tənzimlənməli deyil. Elektron portaldakı qeydiyyatla əmək kitabçasındakı qeydiyyat tamamilə bir birinə ziddir. Həmçinin Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İş yerlərinə uyğun olaraq X5 ittifaqının üzvüdür və işdən çıxarılmağı ilə əlaqədar həmkarlar ittifaqına heç bir təqdimat təqdim edilməmiş, iclas keçirilməmiş, onun məsələsinə baxılmamış və həmkarlar ittifaqının razılığı alınmamışdır. Beləliklə, baş vermiş kobud qanun pozuntularını xronoloji ardıcıllıqla nəzərə çatdırır. xx xxxxxx 2020-ci il tarixdə Məcəllənin 77-ci maddəsinin tələblərinə zidd olaraq heç bir xəbərdarlıq edilmədən ixtisar olunaraq işdən azad olunmuşdur. Əmək müqavilələrinin elektron qeydiyyatı portalında xx.xx.2020 tarixində əmək müqaviləsinə qanunvericliyə tamamən zidd olaraq "X9" Qanunun 33.1.3-cü maddəsi ilə xitam verilir, baxmayaraq ki, o, dövlət qulluqçusu deyildir. xx.xx.2020-ci il tairxdə ona şifahi deyilir ki, ixtisar olunmuş və müavinət almaq üçün ərizə yazdırılır. xx.xx.2020-ci il tarixdə əmək kitabçası təqdim olunur və burada aydın olur ki, o, xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə ixtisar olunmuşdur. Əmək kitabçası ona 5 gün sonra təqdim olunmuşdur. İxtisarla işdən çıxarıldığı zaman həmkarlar ittifaqının razılığı alınmamışdır. Elektron portal ilə əmək kitabçasındakı xitam barədə qeydlərin həm tarixi, həm maddəsi bir-birilə ziddiyyət təşkil edir. Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Bütün sadalananlar onun əmək müqaviləsinə xitam verilməsinin etibarsız sayılması və işə bərpa olunmağı üçün əsasdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-919/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı və cavabdehin nümayəndəsini izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş Quba Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı əmrindən görünür ki, Quba Bələdiyyəsinin icra aparatında aparılan struktur dəyişiklikləri ilə əlaqədar İddiaçı tutduğu vəzifədən azad edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsilə bağlı əmək müqaviləsinin xx.xx.2020-ci il tarixli bildirişindən görünür ki, işəgötürən Quba Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildiyinə görə xx.xx.2020-ci il tarixli, 03 saylı əmrlə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Quba bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı əmrinin surətindən görünür ki, İddiaçı və digər bələdiyyə qulluqçuları tutduqları vəzifədən azad edilmiş və onlarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı Quba bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 04 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Müəyyən edilmişdir ki, idiaçı İddiaçı xx.xx.2017-ci il tarixdə Quba Bələdiyyəsinə bələdiyyə qulluqçusu kimi işə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Quba Bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 03 saylı əmr və Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2020-ci il tarixli, 04 saylı əmr verilmişdir. Lakin əmək müqaviləsinə xitam verilməsi barədə Elektron informasiya sisteminə daxil edilmiş bildirişdə bələdiyyənin xx.xx.2020-ci il tarixli, 03 saylı əmri, həmçinin xitam verilmənin əsası “X9” Azərbaycan Respublikasının Qanununun 33.1.3-cü maddəsi qeyd edilmişdir. Bundan başqa işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçiyə qanunla müəyyən edilmiş müddətdə rəsmi xəbərdar edilməli olsa da qanunun bu tələbinə də əməl edilməmişdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respubliikasının Qanununun 25-ci maddəsinə əsasən bələdiyyə orqanlarında vəzifə tutan işçilər bələdiyyə qulluqçularıdır. Bələdiyyə qulluğunun hüquqi tənzimlənməsi, o cümlədən bələdiyyə qulluqçusunun statusu, bələdiyyə qulluğunun həyata keçirilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq qanunla müəyyən edilmiş müddətlərdə rəsmi xəbərdar edilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İş materiallaından müəyyən edilmişdir ki, İddiaçı işəgötürən tərəfindən vəzifəsindən azad edilərkən ona əvvəlcədən qanunla müəyyən edilmiş müddətdə rəsmi xəbərdarlıq edilməmiş və həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. Bundan başqa Bələdiyyənin xx.xx.2020-ci il tarixli, 03 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilsə də, onun adına olan əmək kitabçasında xx.xx.2020-ci il tarixli, 04 saylı əmr kimi qeyd olunmuşdur. Eləcə də verilmiş əmrlə əmək müqaviləsinə xitam verilməsi barədə sistemə yerləşdirilmiş bildiriş məlumatlarında olan təzadlar, bələdiyyə qulluqçusunun “X9” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq işdən çıxarılması, işçinin qanunla qorunan hüquqlarının pozulması hesab edilir. Qanunvericiliyin tələblərinə görə əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənir. Hər-hansı bir vəzifəli şəxsin əmri, göstərişi və ya tapşırığı həmin qanunvericiliyə uyğun olmalıdır. İşçinin işdən azad edilməsi və ya onun əmək funksiyalarının dəyişdirilməsi qanunvericiliklə tənzimlənməlidir. Qeyd olunan proseslər rəsmi şəkildə aparılmalı və buna əsas olan müvafiq maddənin normaları göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Quba Bələdiyyəsinin İddiaçı barəsində əmək müqaviləsinə xitam verilməsilə əlaqədar əmri ləğv edilməli, o, əvvəlki işinə bərpa olunmalı və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-919/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar