Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-398/2022 17.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Nümayəndə1, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili: Nümayəndə2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi: X1 iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyə üçüncü şəxs "xxxx" MMC-ə qarşı yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh İddiaçı sahibliyində olan "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən «AAAF-Park» yaşayış massivinin 14 saylı küçəsində inşa edilən 7 saylı fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun sahibliyində olan "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivinin 14 saylı küçəsində inşa edilən 7 saylı fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış 27.02.2019-cu il tarixli, M-4214 saylı "Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqı" müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən "AAAF-Park" yaşayış massivinin 14 saylı küçəsində inşa edilən 7 saylı torpaq sahəsinin və fərdi yaşayış evini əldə etmişdir. Müqavilənin 3.2-ci bəndində göstərilən məbləğ onun tərəfindən ödənilmişdir. Müqavilənin 5.1-ci maddəsində də qeyd olunur ki, "Cəmiyyət zəmanət verir ki, bu müqavilənin predmeti olan mənzilə dair qanunvericiliklə tanınan bütün hüquqlar Cəmiyyətə məxsusdur, üzərinə həbs qoyulmayıb, girov əşyası deyil, üçüncü şəxs tərəfindən heç bir iddia (tələb) yoxdur. Evi əldə etdikdən bir müddət sonra o, evinə köçmək istəyərkən evində Cavabdeh yaşadığı məlum olmuşdur. Odur ki, bu hal onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. İddiaçı onun mübahisəli fərdi yaşayış evinə aidiyyatının olması barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Onun təqdim etdiyi 27 fevral 2019-cu il tarixli M-4214 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin olması həqiqətən də həmin fərdi yaşayış evinin tərəfindən zəbt olunması demək deyil. Məhkəmə hazırki iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçının izahatına sübutlara istinad etməklə əsassız qətnamə qəbul etmişdir. Abşeron Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(012)-636/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh, nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi R.B.Süleymanov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, mübahisəli evin iddiaçının istifadəsində olması və cavabdehin könüllü boşaltmasına razı olmadığına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 27.02.2019-cu il tarixli, M-4214 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə alıcı İddiaçı arasında alğı-satqı müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 14 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina fərdi yaşayış, 2 mərtəbəli, ümumi sahəsi (sanitar qovşağı, mətbəx dəhliz, yığınaq yeri, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 213 kvadratmetrdən ibarət, 4 otaqlı, 7 №-li torpaq sahəsi və fərdi yaşayış evini alıcı İddiaçı təhvil verməyi, alıcı İddiaçı isə bunun qarşılığında "xxxx" MMC-yə razılaşdırılmş pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş materialları araşdırılarkən müəyyən edildi ki, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivinin 14 saylı küçəsində inşa edilən 7 saylı fərdi yaşayış evi 27.02.2019-cu il tarixli, M-4214 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqı müqaviləsinə əsasən İddiaçı satılmışdır. Sözügedən mənzil hal-hazırda İddiaçı satıldığından, cavabdehin mübahisəli mənzildə yaşaması üçün məhkəmədə hər hansı bir hüquqi əsas müəyyən edilmədiyindən Cavabdeh həmin evdən çıxmaması iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq volu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 1-ci Protokol 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası Cavabdeh ona qarşı iddianın düzgün verilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, Cavabdeh mübahisə olunan mənzili iddiaçı tərəfindən tələb olunan vaxt könüllü boşaltmaqdan imtina etmiş və bu səbəbdən İddiaçı məhkəmədə iddia qaldırmışdır. İş materiallarında olan 09 avqust 2020-ci il tarixli mənzilin 3 gün ərzində boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair pretenziya məktubun cavabdehin həyat yoldaşı İ.Qüləliyeva tərəfindən 10 avqust 2020-ci il tarixdə şəxsən qəbul edilmişdir. İş materiallarında olan "xxxx" İnşaat MMC tərəfindən tərtib edilmiş 13 aprel 2021-ci il tarixli aktdan məlum olur ki, İddiaçı arasında bağlanmış 27 fevral 2019-cu il tarixli M-4212 saylı müqavilə əsasında fərdi yaşayış evi təqdim edilmişdir. Fərdi yaşayış evinə baxış keçirilməsinə icazə verilməmişdir. Fərdi yaşayış evində Anar adlı şəxs və onun 4 nəfərdən ibarət ailə üzvü məskunlaşmışdır. İş materiallarında olan million elektron ödəmə sistemindən məlum olur ki, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivinin 14 saylı küçəsində inşa edilən 7 saylı fərdi yaşayış evinə "xxxx" ASC və "xxxx" ASC-nə xidmət haqqı cavabdeh tərəfindən ödənişlər edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 10 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 15 aprel 2021-ci il tarixli 2(012)-636/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-398/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-398/2022
17.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver