Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-398/2024 14.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: zəbt edilmiş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e-2(012)-240/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla tam mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.1344 ha olan torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları və torpaq sahəsində inşa edilmiş hasarın onların hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus torpaq sahəsinin bir hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olununaraq orada hasar inşa edilmişdir. Tərəfindən cavabdehlərə zəbt olunmuş torpaq sahəsindən çıxmaları, orada inşa etdikləri hasarı sökmələri təklif edilsə də bu heç bir nəticə verməmişdir. Cavabdehlər, qanunsuz olaraq ona məxsus torpaq sahəsini zəbt etmiş və hal-hazırda qanunvericilkilə qorunan hüququndan istifadə etməsinə imkan vermirlər. Bu səbəbdən də öz hüquqlarımın təmin olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH, Dövlət Aktına əsasən xx.xx.2022-ci il tarixli, 308.013135415 reyestr nömrəli Çıxarışlara əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,1344 ha torpaq sahəsi İddiaçı və xx.xx.2011-ci il tarixli, **********01 saylı, dövlət qeydiyyat Çıxarışına əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsi isə Cavabdeh2 xüsusi mülkiyyətindədir.
5. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* reyestr nömrəli Çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir.
6. Məhkəmə ekspertizasının 07 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, Dövlət Aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2022-ci il tarixli, **********15 reyestr nömrəli Çıxarışlara əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,1344 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, Cavabdeh2 xx.xx.2011-ci il tarixli, **********01, dövlət qeydiyyat saylı Çıxarışına əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalan”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Nəzərinizə çatdırırıq ki, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
7. Abşeron Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e-2(012)- 240/2023 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, İddiaçı 50 manat ekspertiza xərcinə görə pulun tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin X2nin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84 və 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4 və 239.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 107, 119.1, 216-220, 233, 234, 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
9. Abşeron Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e-2(012)- 240/2023 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi ekspert rəyinə istinad etdərək iddia tələbini rədd etmişdir. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə (Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası) əsasən, Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mübahisə predmeti təşkil edən torpaq sahələrinin koordinatları, yerquruluşu və s. barədə məlumatlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 139.3, 139,4-cü maddələri və Azerbaycan Respublikası Prezidentinin 12 may 2020-ci ildə fərman ilə təsdiq etdiyi “Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə əsasən dövlət tərəfindən qeyd alınan (alınmalı) məlumatlar olduğundan hal-hazırda Əmlak Xidmətinin arxivində mövcud olan sənədlərə əsasında ekspert rəy tərtib etməliydi. Ekspertin rəydə istinad etdiyi 2016-cı il tarixli normativ-hüququ akt 2016-cı il tarixdən sonra qeydiyyata alınan daşınmaz əmlaklara aiddir. Daşınmaz əmlak barədə sənədlər inzibati akt sayılırlar, İnzibati qaydada və ya Məhkəmə qaydasında dəyişiklər edilməyibsə və ya ləğv edilməyibsə bütün şəxslər, dövlət qurumları və Məhkəmə tərəfindən icrası məcburidir. Hesab edir ki, ekspertizanın təyin edilməsi barədə Abşeron Rayon Məhkəməsinin qərardadı formal olaraq icra edilməyib və onun nətəcəsində Abşeron Rayon Məhkəməsi işin bütün hallarını araşdırmadan qətnamə qəbul edib.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
13. Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
14. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kim sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
20. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
21. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
22. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla tam mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.1344 ha olan torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları və torpaq sahəsində inşa edilmiş hasarın onların hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Məhkəmə ekspertizasının 07 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatların sistemləşdirilməsi və elektron kadastr məlumat bazasına daxil edilməsinə dair işlərin görülməsi yekunlaşmadığından mübahisə predmeti olan torpaq sahəsinə dair rəy verilməsi mümkün olmamışdır.
23. Birinci instansiya məhkəməsi qeyd edilən ekspert rəyinə əsaslanaraq iddianı rədd etmişdir.
24. Abşeron Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e-2(012)- 240/2023 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab etmişdir ki, mübahisələndirilən məsələ xüsusi bilik tələb olunan halların araşdırılması ilə bağlı olduğundan iş üzrə obyektiv və hərtərəfli araşdırmanın təmin edilməsi məqsədə ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməli və Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 29 yanvar 2024 və 29 aprel 2024-cü il tarixli qərardadlarına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirlitinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2024-cü il tarixli, 10/6097 nömrəli ekspertiza rəyinin nəticə hissəsində göstərilmişdir:
27. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 32/332/2-8909/24 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Saray qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır.
28. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir.
29. Odur ki, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qoyulmuş bu sualların cavablandırılması tərəfimizdən mümkün olacaqdır.
30. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh2 faktiki istifadəsində 0.1428 ha torpaq sahəsi mövcuddur.
31. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh1 Göğuş oğlunun faktiki istifadəsində 0.0634 ha torpaq sahəsi mövcuddur.
32. Kollegiya qeyd edir ki, işin təhlili göstərir ki, iş üzrə tərəflərin torpaq sahələri üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədləri mövcuddur. İddiaçı cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsinin bir hissəsinin zəbt olunduğunu, orada daş hasar inşa edildiyini iddia edir.
33. Göründüyü kimi mübahisə olunan məsələnin araşdırılması xüsusi bilik tələb edən sahə olmaqla, mübahisənin obyektiv həlli məqsədi ilə hər birinci, həm də apellyasiya məhkəməsi tərəfindən bir neçə dəfə ekspertiza təyin olunsa da, rəyin əldə edilməsi mümkün olmamış, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Saray qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatlarının qeydiyyata alınması, əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparıldığı, torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılmasının təmin ediləcəyi bildirilmişdir.
34. Kollegiya vurğulayır ki, anoloji işlər üzrə də dəfələrlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq Ərazi İdarəsinə müraciətlər olunmuş və sonda ərazidə yerləşən qeydiyyata alınmış faktiki torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması (dürüstləşdirilməsi) işlərinin yekunlaşdırılmadığı barədə cavablar verilmişdir.
35. Yuxarıda qeyd olunan hallardan göründüyü kimi səlahiyyətli orqan özü də sözügedən ərazidə uyğunsuzluq olmasını etiraf etmiş, bununla bağlı dürüstləşmə işlərinin aparıldığını göstərmişdir.
36. Kollegiya vurğulamağı zəruri hesab edir edir ki, araşırılan mübahisə 2022-ci ildən məhkəmənin icraatında olmaqla, bir-neçə ekspertiza təyin edilmiş, qeyd olunan səbəblərdən rəy verilməsi mümkün olmamış, bu da mülki işin icraatının uzanması ilə nəticələnmişdir.
37. Kollegiya qeyd edir ki, hazırki vəziyyətdə iddia tələbinin əsaslı olub-olmaması məsələsinə müvafiq rəy olmadan nəzəri baxımdan qiymət vermək qanuni və əsaslı olmazdı.
38. Məhkəmə kollegiyası hesab edir ki, mövcud halda iddia tələbinin əsaslığı müəyyən edilməmişdir.
39. Məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
40. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
41. Qeyd olunmalıdır ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübütün mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilə bilməyən tələb isə əsaslı hesab edilə bilməz.
42. Kollegiya hesab edir ki, araşdırılan mübahisə üzrə iddia tələbinin faktiki halları qanuni əsasların şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
43. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Kollegiya həmçinin qeyd edir ki, hazırki iddia tələbinin təmin edilməməsi yeni əsaslarla eyni tərəflər arasında, eyni predmetlə bağlı iddia qaldırmaq hüququnu istisna etmir.
45. Ekspertiza təhqiqatının dəyərinin əvəzi olaraq 150 (bir yüz əlli) manat Muradov Elvı̇ n Ənvər oğlundan alınaraq SAP (XİİS) hesabı X2 hesabına keçirilməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı Muradov Elvı̇ n Ənvər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e-2(012)-240/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza təhqiqatının dəyərinin əvəzi olaraq 150 (bir yüz əlli) manat Muradov Elvı̇ n Ənvər oğlundan alınaraq SAP (XİİS) hesabı X2 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.