Məhkəmə qərarları › İş №2(105)-398/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-398/2025

29.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-398/2025 29.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qanunsuz olaraq zəbr edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh, onun nümayəndəsi Nümayəndə1 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)- 126/2024 nömrəli qətnaməsindən iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. RX ******* seriyalı xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən 2.19 ha kənd təsərrüfı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli və xx.xx.2017-ci il qeydiyyat tarixli hüququnların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən 2.19 ha torpaq sahəsinin 0.32 ha hissəsindən çıxarılaraq həmin torpaq sahəsinin aidiyyatı üzrə ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, o, Qusar rayonu Aşağı Ləyər kəndi ərazisindən 2.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almışdır və həmin torpaq sahəsinə dair onun mülkiyyət hüququ Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli və xx.xx.2017-ci il qeydiyyat tarixli hüququnların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə təsdiq olunur. Həmin torpaq sahəsinə kol-kosla hasara almış, orada yonca, həmçinin albalı, gavalı, fındıq və başqa meyvə ağacları əkmişdir və öz torpaq sahəsini istifadə etməyə davam etmişdir. Cavabdeh onun qonşusudur. O, 2021-ci ildə naxır növbəsində qayıtdıqdan sonra cavabdehdən tərəfindən yuxarıda qeyd etdiyi torpaq sahəsindəki kol-kosdan hazırladığı çəpərin yandırıldığını, xeyli sayda meyvə ağaclarının çıxarıldığını görmüşdür. Cavabdeh Qəfəddin oğlu ona torpaq sahələrinin ölçülərinin müəyyən edilməsi üçün guya mütəxəssis gətirdiyini, torpaq sahələri ölçülərkən guya onun cavabdehə məxsus torpaq sahəsinə girdiyini bildirmişdir. Cavabdeh təxminən 190 metr uzunluqda 16 metr enində, ümumi 0.32 hektardan çox onun torpaq sahəsini zəbt etmişdir. Dəfələrlə cavabdehə zəbt etdiyi ona məxsus torpaq sahəsindən çıxmasını bildirsə də, onun müraciətlərinə heç bir məhəl qoymamış, özbaşına hərəkətini davam etdirmişdir. Bundan sonra şübhə qalmaması üçün o, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Mütəxəssislər tərəfindən torpaq sahəsində ölçülmüş və döngə nöqtələri yerində göstərilmişdir. Bu hal, yəni ona məxsus qanuni torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilərək istifadə olunması bir növ 5 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-13712/2023 saylı cavab məktubu ilə də öz təsdiqini tapır. Artıq bu mütəxəssis rəyindən sonra da Cavabdeh özbaşına hərəkətini xoşluqla dayandımadığı üçün, yəni ona məxsus torpaq sahəsindən çıxmaq istəmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 17 iyul 2024-cü il tarixli 3-21-3-34/2-7653/2024 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatlarını naturadan plana alınaraq kameral şəraitdə, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilmişdir, nəticədə müəyyən olunmuşdur ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli və xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı məxsus Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən torpaq sahəsinin naturada ölçüləri 2.0 ha təşkil edir və həmin ölçü hüquq müəyyənedici sənəd uyğun deyildir. Cavabdeh və onun ailə üzvlərinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2.8 ha olmaqla **********03 reyestr nömrəli çıxarış verilmişdir və naturada cavabdehin faktiki torpaq sahəsi 2.8 ha təşkil edir. Cavabdehin faktiki istifadəsində 2.8 ha torpaq sahəsinin olmasını nəzərə alınsa, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsindən istifadə edilmir. Qeyd: İddiaçı məxsus torapaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 2.19 ha olmasına baxmayaq faktiki 2.0 ha təşkil edir yəni 0.19 ha azalmanın olması aşkarlanmışdır, torpaq sahəsində TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən azalma mövcud deyildir, lakin həmin məlumat bazasına əsasən iddiaçıya məxus torpaq sahəsindən 0.127 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 2.8 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh Elşad oğluna məxsus 2.8 ha torpaq sahəsinin sərhədlərini həmin torpaq sahəsinə müvafiq çıxarışın verilməsi zamanı naturada torpaq islahatı zamanı hazırlanmış xəritəyə əsasən göstərilmişdir və cavabdehin torpaq sahəsinin faktiki sərhədləri həmin cizgilərdən kənarda yerləşmir, lakin həmin torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə 0.21 ha azalma ilə uçota alınmışdır, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən həmin ərazidə yerləşən digər qonşu torpaq mülkiyyətçilərində də torpaq azalmaları qeydə alınmışdır.

5. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli 3-16-16/1-10/6489 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-34/2- 7653/2024 saylı mütəxəssis rəyinin məlumatlarına istinad olunur. Mütəxəssis rəyindən görünür ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı ********** qeydiyyat nömrəli və xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı məxsus Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən torpaq sahəsinin naturada ölçüləri 2.0 ha təşkil edir və həmin ölçü hüquq müəyyən edici sənədə uyğun olmadığı göstərilmişdir. Cavabdeh və onun ailə üzvlərinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2.8 ha olmaqla **********03 reyestr nömrəli çıxarış verilmişdir və naturada cavabdehin faktiki torpaq sahəsi 2.8 ha təşkil etdiyi göstərilmişdir. Cavabdehin faktiki istifadəsində 2.8 ha torpaq sahəsinin olmasını nəzərə alınsa, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsindən istifadə edilmədiyi göstərilmişdir.

6. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)-126/2024 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia təmin edilməmiş, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 20 avqust 2024-cü il tarixli 3-16-16/1-10/6489 saylı rəyi üzrə ekspertiza xərci 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 17 iyul 2024-cü il tarixli 3-21-3-34/2-7653/2024 saylı mütəxəssis rəyini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli 3-16-16/1-10/6489 nömrəli ekspert rəyini işin halları müəyyən edən əsas sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları və ekspert rəyi ilə təkzib olunduğundan iddia tələbi əsassızdır, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.5, 157.1, 157.2, 157.4, Torpaq Məcəlləsinin 66, 67, 68-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən mülkiyyət hüququnun təsdiqlənmiş sənədlərlə pozulması faktının nəzərə almamışdır. Məhkəmə iddiaçının mülkiyyət hüququnu təsdiq edən Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən 2.19 hektar torpaq sahəsinə dair RX №0983691 saylı, xx.xx.2017-ci il tarixli çıxarış olmasına baxmayaraq, torpaq sahəsindəki qanunsuz zəbt faktını rədd etmişdir. İş üzrə verilmiş 17 iyul 2024-cü il tarixli mütəxəssis rəyində, eləcə də, 20 avqust 2024-cü il tarixli ekspertiza rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin faktiki istifadəsində olan ərazi arasında 0.127 hektarlıq üst-üstə düşmə faktı müəyyən edilmişdir. Həmin sahələrin üst-üstə düşməsi faktı artıq cavabdehin iddiaçıya məxsus torpaq sahəsini qanunsuz sahiblənməsi faktını təsdiqləyir. Bu rəylər özlüyündə artıq iddiaçının iddiasının əsaslı olduğunu sübut etsə də nədənsə məhkəmə bu halı nəzərə almamış, əksinə olaraq cavabdehin qanunsuz hərəkətini əsaslandırmağa çalışmışdır. Məhkəmə bu məlumatları ziddiyyətli qiymətləndirərək, mülkiyyət hüququnuzun pozulmaması barədə yanlış qənaətə gəlmişdir. Halbuki qeyd edilən rəylərdə birbaşa olaraq iddiaçıya məxsus torpaq sahəsinin hüquqi sənədlərlə müəyyən edilmiş 2.19 ha, deyil faktiki 2.0 ha olduğu, yəni hüquqi sənədlərdə qeyd ediləndən 0.19 hektar az olduğu, həmçinin 0.127 hektar sahənin isə cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmənin gəldiyi yanlış qənaətə əsaslansaq belə çıxır ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə hüquqi sənədlərində olan torpaq sahəsi eynilik təşkil etdiyindən (2.8 ha torpaq sahəsi həm sənəddə, həm də faktiki) zəbt olma faktı yoxdur. Bu qəbuledilməzdir. Birincisi iş üzrə rəylərlə artıq cavabdehin istifadəsində olan 0.127 hektar sahənin iddiaçının sənədlərində olan torpaq sahəsi ilə üstüstə düşməsi artıq məlumdur. İkincisi həmin rəylərlə iddiaçıya məxsus torpaq sahəsinin hüquqi sənədlərlə müəyyən edilmiş 2.19 ha deyil, faktiki 2.0 ha olduğu, yəni hüquqi sənədlərdə qeyd ediləndən 0.19 hektar az olduğu təsdiq edilmişdir. Onda sual olunur və bu hal araşdırılmadan qalır. İddiaçının 0.19 hektar sahəsi bəs haradadır? Təbii ki, onun 0.127 hektar sahəsi iddiaçı tərəfindən zəbt edilmişdir. Onda digər bir hal ortaya çıxır. Cavabdehin hüquqi sənədlərdəki torpaq sahəsinin koordinatları ilə faktiki yerləşmə nöqtələri uyğun gəlirmi? Digər bir tərəfdən iddiaçının çatışmayan torpaq sahəsinin 0.127 hektar sahəsi iddiaçıda, bəs yerdə qalan 0.063 ha sahə harada yerləşir? Bu kimi halların araşdırılması üçün iş üzrə təkrar ekspertiza keçirilməli idi. İş materiallarında iddiaçıya məxsus torpaq sahəsinin çıxarışı ilə bərabər plan və ölçü sxemi də vardır ki, orada göstərilə X və Y koordinatları ilə 2.19 ha torpağın yerləşmə yerini dəqiq müəyyən etmək mümkündür. Lakin, görünür məhkəmə işin tam, hərtərəfli, obyektiv araşdırılmasında maraqlı olmamışdır, ekspert qarşısında qeyd edilən qeyd edilən sualların qoyulmaması və bu hissənin araşdırılmaması bunu əyani olaraq sübut edir. Bundan əlavə, iş üzrə mövcud olan həm mütəxəssis, eləcə də ekspert rəylərində iddiaçıya məxsus torpaq sahəsində TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən azalma mövcud olmadığı, lakin həmin məlumat bazasına əsasən iddiaçıya məxsus torpaq sahəsindən 0.127 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 2.8 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilmiş, cavabdehə məxsus 2.8 ha torpaq sahəsinin sərhədlərini həmin torpaq sahəsinə müvafiq çıxarışın verilməsi zamanı naturada torpaq islahatı zamanı hazırlanmış xəritəyə əsasən göstərildiyi və cavabdehin torpaq sahəsinin faktiki sərhədləri həmin cizgilərdən kənarda yerləşmədiyi, lakin həmin torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə 0.21 ha azalma ilə uçota alındığı vurğulanmışdır. Bu hal məhkəmə qətnaməsində öz əksini tapmışdır. Göründüyü kimi məhkəmə bu hissəni də araşdırmamış bu azalmanın nədə ifadə olunduğu, iddiaçını torpaq sahəsinin azalmadığı halda 0.19 ha torpaq sahəsinin harada yeləşməsinin (0.127 ha başqa) müəyyən etməmiş ümumiyyətlə bunda maraqlı olmamışdır. Hesab edir ki, bu halların araşdırılması, ümumiyyətlə hər iki torpaq sahəsinə məxsus sənədlərində göstərilən koordinatlar üzrə yerləşmə yerləri dəqiq müəyyən edilməli, hansı hissədə təkrar üst-üstə düşməsi təkrar dəqiqləşdirilməli və əvvəlki rəylərdəki mövqe təsdiq edilərdə İddiaçının yerdə qalan 0.063 ha torpaq sahəsinin harada qalması müəyyən olunmalıdır. İşin tam, hərtərəfli və obyektiv araşdırılması, eləcə də mülkiyyət hüququnun qorunması üçün bu tədbirin görülməsi vacib və əhəmiyyətlidir. Hazırkı vəziyyətdə isə məhkəmənin çıxardığı bu qanunsuz qətnamə ilə cavabdeh iddiaçıya məxsus torpaq sahənin müəyyən hissəsini öz qanunsuz istifadəsinə keçirmiş və bununla da iddiaçının mülkiyyətinə qəsd etmiş olacaqdır. Göstərilən hal isə Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının mülkiyyət hüququnu müdafiəsi ilə bağlı qərar qəbul etməli olduğu halda. bu maddənin tətbiqi lazımi qaydada həyata keçirməmişdir. Mütəxəssis və ekspertiza rəylərində torpaq sahələrinin dövlət qeydiyyatında olan məlumatlar mübahisəli sərhədləri təsdiqlənsə də, bununla iddiaçının mülkiyyət hüququnun pozulduğunu təsdiqlənsə də, məhkəmə bu rəylər arasında uyğunsuzluq olduğu qənaətinə gəlmişdir ki, bu da sübutların səhv təhlil edilməsindən irəli gəlmişdir. Hesab edir ki, iş üzrə təkrar ekspertiza təyin edilməli, hər iki torpağa dair məlumatlar (hüquqi sənədlə faktiki yerləşmə koordinatları dəqiqləşdirilməli, üst-üstə düşmə nöqtələri müəyyən edilməli və s.) dəqiqləşdirilməli, əvvəlki məlumatlar təsdiqlənərsə ən azı rəylər nəzərə alınmaqla cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş 0.127 ha torpaq sahəsinin boşaldılıb iddiaçıya təhvil verilməsi təmin edilməlidir. İşin faktiki hallarında göstərilənlər aydın şəkildə əks olunsa da, məhkəmə qəbul etdiyi mübahisəli qətnaməsində fərqli yanaşma nümayiş etdirmiş və bununla da qanunçuluq və ədalətlilik prinsiplərinin tələblərini pozmaqla belə bir qanunsuz qətnamə qəbul etmişdir. Belə olan halda hesab edirik ki, mübahisəli qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Eyni zamanda məlumat üçün bildirilmişdir ki, iş materiallarında iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akt olsa da qətnamədə buna istinad edilməmiş, ümumiyyətlə belə bir sənədin olması sanki gizlədilmişdir. Halbuki həmin aktla da iddiaçıya məxsus torpaq sahəsinin döngə koordinatları naturada təyin edilmişdir. Bu halın gizlədilməsi də məhkəmənin bu işin araşdırılması və obyektiv həqiqətin üzə çıxarılmasında maraqlı olmadığını sübut etməkdədir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi və mütəxəssis rəyini tərtib etmiş Nümayəndə2 bildirdi ki, mübahisə olunan torpaq sahəsinin koordinatları əvvəlki qeydiyyat sənədlərinə və xəritəyə əsasən müəyyən edilmişdir, yeni xəritələrdə isə koordinatlar ilə bağlı başqa qayda tətbiq olunur. Əvvəlki isalahat xəritələrinə əsasən müəyyən edilmiş koordinatlar ilə yeni xəritələrdə olan koordinatlar arasında fərqlər vardır, hazırda 0.06 ha yol kimi istifadə olunur, 0.13 ha torpaq sahəsi cavabdehin torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyini müdafiə edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

15. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

16. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)

18. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (...) 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

19. Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

20. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

22. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

24. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

25. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

27. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

28. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)

29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

31. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Baxılan mübahisə torpaq sahəsinə sahibliyin müdafiəsi ilə bağlıdır, belə ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan tutulduğuna və dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, qanunsuz sahibliyin davam etdirilməsinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür.

35. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizasının keçirilməsini təmin etmişdir.

36. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş ekspertizanın nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2024-cü il tarixli 3-16-16/1-10/6489 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-7653/2024 saylı mütəxəssis rəyinin məlumatlarına istinad olunur. Mütəxəssis rəyindən görünür ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı ********** qeydiyyat nömrəli və 07.01,2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı məxsus Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən torpaq sahəsinin naturada ölçüləri 2.0 ha təşkil edir və həmin ölçü hüquq müəyyənedici sənədə uyğun olmadığı göstərilmişdir. Cavabdeh və onun ailə üzvlərinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2.8 ha olmaqla **********03 reyestr nömrəli çıxarış verilmişdir və naturada cavabdehin faktiki torpaq sahəsi 2.8 ha təşkil etdiyi göstərilmişdir. Cavabdehin faktiki istifadəsində 2.8 ha torpaq sahəsinin olmasını nəzərə alınsa, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsindən istifadə edilmədiyi göstərilmişdir.

37. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən olunur ki Cavabdeh və onun ailə üzvlərinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2.8 ha olmaqla **********03 reyestr nömrəli çıxarış verilmişdir. Naturada cavabdehin faktiki torpaq sahəsi 2.8 ha təşkil edir və cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsindən istifadə edilmir.

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin göstərilən ekspert rəyini mövcud mübahisə üzrə mötəbər sübut kimi qiymətləndirməklə yuxarıda göstərilən nəticəyə gəlməsi əsaslı olmuşdur.

39. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iş materiallarında olan ekspert rəyi ilə müəyyən olunmuş faktlar aydın, anlaşılan və mübahisənin mahiyyəti üzrə həll edilməsi üçün yetərli olduğundan təkrar ekspertizanın keçirilməsinə zərurət yoxdur.

40. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Məhkəmə kollegiyası yuxarıda adı çəkilən ekspert rəyini MPM-in 103-cü maddəsinə əsasən hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, hazırkı halda apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.

43. Digər tərəfdən işdə olan mütəxəssis rəyinin qeyd hissəsində göstərilmişdir ki, İddiaçı məxsus torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 2.19 ha olmasına baxmayaq faktiki 2.0 ha təşkil edir, yəni 0.19 ha azalmanın olması aşkarlanmışdır, torpaq sahəsində TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən azalma mövcud deyildir, lakin həmin məlumat bazasına əsasən iddiaçıya məxus torpaq sahəsindən 0.127 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 2.8 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh Elşad oğluna məxsus 2.8 ha torpaq sahəsinin sərhədlərini həmin torpaq sahəsinə müvafiq çıxarışın verilməsi zamanı naturada torpaq islahatı zamanı hazırlanmış xəritəyə əsasən göstərilmişdir və cavabdehin torpaq sahəsinin faktiki sərhədləri həmin cizgilərdən kənarda yerləşmir, lakin həmin torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə 0.21 ha azalma ilə uçota alınmışdır, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən həmin ərazidə yerləşən digər qonşu torpaq mülkiyyətçilərində də torpaq azalmaları qeydə alınmışdır.

44. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

45. Sadalananlardan göründüyü kimi cavabdeh tərəf mübahisəli torpaq sahəsindən istifadə etmək üçün qüvvədə olan müvafiq hüquqmüəyyənedici sənədə malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən torpaq sahəsinin üst-üstə düşən hissəsinin sənəd üzrə kimə məxsus olması dəqiq müəyyən edilmədən və plan-ölçü sənədləri üzrə uyğunsuzluqlar aradan qaldırılmadan, mövcud mübahisə üzrə cavabdehin qanunsuz sahib olması barədə iddiaçının hazırkı tələbi əsaslı hesab oluna bilməz. Odur ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

47. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)-126/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar