Məhkəmə qərarları › İş №2(105)-399/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-399/2023

16.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-399/2023 16.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: torpağın özgənin qanunsuz sahibliyindən alınması - subyektiv hüquq) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 İddiaçı iştirakı ilə Quba Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(027)-1693/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:

1. 18 fevral 2013-cü il tarixli, 87 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən doğma qardaşları ilə birgə şəxsi təsərrüfatlarında olan mal-qaranı yay mövsümü ərzində yaylağa apardıqlarına görə Güləzi bələdiyyəsi ərazisində ‘’Qızılqaya” adlanan sahəsində özlərinə 1985-ci ildən təbii daşdan çoban evi tikmişlər. Həmin tikilmiş otaq onların istifadəsindədir. Güləzi bələdiyyəsinin həmin ərazidən vətəndaşlara icarəyə torpaq sahəsi verməsi qanunauyğundur.

2. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 iyun 2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh və İddiaçı ünvan 1i ərazisində Güləzi bələdiyyəsinin müqaviləsi əsasında istifadə etdikləri yay-otlaq sahələri qonşuluq təşkil etdiyi üçün və hər hansı bir hasarlama işləri aparılmadığına görə zəbtin əlamətləri müşahidə edilməmişdir. İddiaçı Qırxalr oğluna mübahisəli torpaq ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

3. 25.05.2021-ci il tarixli torpaq sahəsinin dövri-mövsümi (müvəqqəti) icarəyə verilməsinə dair müqavilədən görünür ki, İddiaçı örüş sahəsi üçün 60 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixədək icarəyə verilmişdir.

4. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2020-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X6 vərəsəsi oğlu İddiaçı miras əmlak ünvan 1i ünvanında yerləşən xx.xx.1996-cı il tarixli 43 saylı qərarı ilə yaradılmış Xırt Birgə X1 məxsus təsis payından ibarət əmlakdan 1/1 pay almışdır.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona vərəsəlik hüququ əsasında verilmiş 153 ha torpağın qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu “Təngə” sovxozunun Aqrar İslahat Komissiyasının Xırt kəndində “Xırt” birgə təsərrüfatının yaradılması ilə əlaqədar 14 oktyabr 1995-ci il tarixli, 07 saylı qərarı ilə "Xırt" birgə təsərrüfatı yaradılmış və Quba rayon Aqrar İslahat Komissiyasının qərarı ilə həmin qərar təsdiq edilərək “Xırt” təsərrüfatının başçısı mərhum atası X6 tanınmışdır. O zaman "Xırt" təsərrüfatının mülkiyyətinə Xırt kəndi ərazisində faktiki 1980-cı ildən onların istifadəsində olan yaylaq sahəsindən 153 hektar ərazi ayrılmışdır. O vaxt onlar "Xırt" birgə təsərrüfatına ayrılmış həmin torpaq ərazisinə dair 08 aprel 1996-cı il tarixli, 43 nömrəli akt və xəritə almışlar. "Xırt" təsərrüfatı bir müddət rentabelİi, gəlirli fəaliyyət göstərmişdir. Öz ailələrini kənd təsərrüfatı məhsulları ilə təmin etməklə yanaşı ölkə iqtisadiyyatına da öz töhfələrini vermişlər. Güləzi bələdiyyəsinin sabiq sədri X2 dövründən artıq 20 ildən çoxdur ki, "Xırt" birgə təsərrüfatına məxsus torpaq sahələrini faktiki itirmişdir. "Xırt" birgə təsərrüfatının başçısı atası vəfat etdikdən sonra vərəsələri kimi onlar birgə təsərrüfatı idarə etmişlər və o atasının ölümündən sonra "Xırt" birgə təsərrüfatının başçısı seçilmişdir. Güləzi bələdiyyəsinin sabiq sədri olmuş X4 qanunsuz olaraq onların istifadə etdiyi mübahisə predmenti həmin ərazini qeyri-rəsmi müqavilə ilə öz oğlu Xıdır Ələsgərovun vasitəsilə onların kəndlə heç bir əlaqəsi və bağlılığı olmayan digər şəxslərin istifadəsinə qeyri-qanuni vermişdir.Çarəsiz qalıb Güləzi bələdiyyəsinə məsələlərinin həlli alınanadək ərazilərinin 60 hektar hissəsini icarə almaq üçün bələdiyyə sədrinin vədlərinə inanaraq həmin bələdiyyənin büdcəsinə 320 manat pul ödəsə də və de-yure "Xırt" birgə təsərrüfatına ayrılmış ərazidən 60 hektar torpaq sahəsinə 25 may 2021-ci il tarixində Güləzi bələdiyyəsilə əlavə mövsümi müqavilə bağlasa da onların heyvanları faktiki həmin əraziyə buraxılmamış və onlara qarşı cavabdeh öz qanunsuz hərəkərlərini davam etdirmişdir. O, cavabdehin bu qanunsuz hərəkətləri barədə Quba Rayon İcra Hakimiyyətinə, Quba Rayon Prokurorluğuna, Quba Rayon Polis Şöbəsinə və Xaçmaz Regional Ədliyyə İdarəsinə müraciət edərək aidiyyatı üzrə köməklik edilməsini xahiş etmişdir və xx.xx.2021-ci il tarixində Ədliyyə Nazirliyinin Xaçmaz Regional İdarəsi, xx.xx.2021-ci il tarixində Quba Rayon İcra başçısının müavini Ruslan Şahbalayev tərəfindən ona ünvanlanmış məktubdan da tamamilə aydın olduğu kimi yaranmış problemin həllində Güləzi bələdiyyəsinə ona köməklik göstərilməsi tapşırılmışdır.

7. Quba Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(027)-1693/2022 nömrəli qətnaməsi ilə (hakim R.Həsənov) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, iddiaçı məhkəmədən cavabdeh - Cavabdeh tərəfindən zəbt edilmiş, Quba rayonunun Xırt kəndi ərazisində yerləşən, vərəsəlik hüququ əsasında ona verilmiş 153 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılmasını tələb edir. Lakin, mübahisə predmetini təşkil edən ünvan 1ində yerləşən 153 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ümumiyyətlə mübahisəli ərazinin harada olması barədə iş materillarında sübut mövcud deyildir. Məhkəmə araşdırması zamanı mübahisəli ərazinin kordinatlarını müəyyən etmək mümkün olmamışdır. Ərazinin sərhədlərini müəyyən etmədən, həmin ərazinin kimə məxsus olması və kim tərəfindən zəbt edilməsi məhkəmədə araşdırması zamanı mümkün olmamışdır. İddiaçı həmin ərazinin ona məxsus olmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü maddələri və Torpaq Məcəlləsinin 55, 111.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun tərəfindən təqdim olunmuş sübut və dəlilləri yoxlamadan qətnamə qəbul etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzçün əhəmiyyətli olan hallar tam və hərtərəfli araşdırılmamışdır. Məhkəmə tərəfindən əldə olunmuş sübutlar düzgün qiymətləndirilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəsi gedən torpaq sahəsi Quba rayon “Xırt” təsərrüfatının mülkiyyətindədir. Atasının təsis payı vərəsəlik qaydasında ona keçib, hazırda qanuni təmsilçisi onun özüdür. Hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam və obyektiv araşdırmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

14. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

15. Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 164.1 Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

16. Torpaq Məcəlləsi Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

17. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətindən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(027)-1693/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, Quba Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(027)-1693/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə digər əsaslarla iddia təmin edilməməlidir.

21. Belə ki, hazırki iddia tələbinin ifadə tərzindən və mahiyyətindən müəyyən edilir ki, iddiaçının tələbi torpaq sahəsinin boşaldılması ibarətdir.

22. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı hüquqi dəyərləndirmə apararaq qeyd edir ki, birinci instansiya məhkəməsi tələb üzrə tərəflər arasındakı qarşılıqlı münasibətə düzgün hüquqi qiymət verməmiş, iddiaçının həmin torpaq sahəsi üzrə öz adından iddia vermək üçün subyektiv hüquqa malik olub-olmamasına xüsusi diqqət yetirməmişdir.

23. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd etməyi vacib bilir ki, ilk növbədə apellyator - İddiaçı apellyasiya şikayətinin dəlillərinə, xüsusən də “X11” məxsus olan torpaq sahəsi ilə bağlı öz adından şəxsi iddia ərizəsi verməyə subyektiv hüququnun olub-olmaması dəlilinə qiymət verilməlidir.

24. Kollegiya bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

25. Nəzərə alınmalıdır ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

26. Kollegiya qeyd olunan məsələyə hüquqi aydınlıq gətirmək məqsədilə Vergilər Nazirliyinin rəsmi internet saytında istifadə edərək, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirmiş, bu zaman ********** nömrəli VÖEN-in X11 aid olması müəyyən edilmişdir.

27. Çünki xx.xx.2020-ci il tarixli, 2V-273 reyestr nömrəli “vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə məhz X10 (VÖEN **********) X3 məxsus təsis payına dair verilmişdir (i/m səh.39).

28. Beləliklə öyrənilən işdən belə qənaətə gəlinir ki, mübahisələndirilən 153 ha torpaq sahəsi iddiaçının qanuni təmsilçisi olduğu “X11” məxsusdur.

29. Lakin iş materiallarında olan iddia ərizəsindən görünür ki, İddiaçı iddia ərizəsini öz adından verməklə, hüquq münasibətlərində öz adından çıxış etmiş və öz mənafelərini müdafiə etmişdir.

30. Ona görə də kollegiya belə qənaətə gəlir ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından hazırki iddianı vermək səlahiyyətinə də malik deyil.

31. Kollegiya bildirir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir.

32. Ona görə də kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi, lakin əsaslandırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas olsa da, iddianın təmin olunması üçün əsaslı sayıla bilməz.

33. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir.

34. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(027)-1693/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(027)-1693/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Yeni qətnamə ilə, İddiaçı Cavabdeh qarşı, “cavabdehin ona vərəsəlik hüququ əsasında verilmiş 153 ha torpağın qanunsuz sahibliyindən alınaraq ona qaytarılması” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar