Məhkəmə qərarları › İş №2(105)-4/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-4/2022

26.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-4/2022 26.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və yaşayış evləri arasındakı məsafənin müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, Cavabdeh iştirakı ilə Şabran Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(031)-420/2017 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin eni 1,5 metr, uzunluğu 44,5 metr hissəsindən Cavabdeh çıxarılaraq həmin torpaq sahəsinin ona qaytarılması və cavabdehin evi ilə onun evinin arasında 2,5 metr ara məsafəsi saxlamaq məqsədi ilə onun evinin 1 metr geri çəkilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi X3ndan ona miras əmlak kimi qalmışdır. Hazırda həmin evi vərəsə kimi qəbul edib idarə edir və orada 8 metr hündürlüyündə 2 mərtəbəli ev tikmişdir. 5030A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhaətnamə vardır. Evin yerləşdiyi sahəsi 700 kvm olan torpaq sahəsi Şabran (keçmiş Dəvəçi) rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 06 saylı qərarı ilə atası Ə.Məmədova fərdi ev tikmək məqsədi ilə verilmişdir. Atasına ayrılmış 700 kvm torpaq sahəsindən əlavə həmin vaxtdan indiyədək 300 kvm torpaq sahəsi də onların istifadəsində olmuşdur ki, indi hmin ərazi Bələdiyyə tərəfindən onun adına rəsmiləşdiriləcəkdir. X3 xx.xx.1992-ci ildə, anası X1 isə xx.xx.2003-cü ildə vəfat etmişlər. Təxminən 4 il bundan əvvəl cavabdeh qonşuluqda özünə ev almış, onun torpaq sahəsi sənədlə 1000 kvm olsa da, faktiki olaraq onun istifadəsində 200-300 kvm əlavə torpaq sahəsi vardır. Cavabdeh 2014-cü ildə torpaq sahəsində böyük bir villa (mansarla birgə) tikməyə başlamışdır, lakin o, eni 1,5 metr, uzunluğu 44,5 metr olan torpaq sahəsinə girərək çəpəri onun evinə dirəyərək həmin ərazidə ev tikməkdə davam etmişdir. Hündürlüyü təxminən 10 metr olan bu ev (mansarla birgə təxminən 12 metr) onun torpaq sahəsində tikildiyindən, onun evi ilə onun evinin arasında cəmi 1,5 metr ara məsafəsi saxladığından, evinə işıq düşməsinin qarşısını aldığından o, bununla əlaqədar əvvəlcə cavabdehə, sonra aidiyyatı orqanlara, hətta Şabran Rayon Prokurorluğuna müraciət etmişdir. Lakin cavabdeh özbaşınalıq edərək ona məxsus zəbt etdiyi torpaq sahəsini nəinki boşaltmamış, əksinə ev tikməyi davam etməklə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozmaqda davam etmişdir. Şabran bələdiyyəsinin verdiyi torpaq sahəsinin planına əsasən bir tərəfdən torpaq sahəsinin eni 37,5 metr, digər tərəfdən 16,3 metr, uzunluğu isə 44,5 metr təşkil edir. Cavabdeh torpaq sahəsinin eni 1,5 metr, uzunluğu 44,5 metr hissəsində zəbt etməsi və evləri arasında qanunla müəyyən olunmuş qaydada ara məsafəsi saxlamaması onun mülkiyyət hüququnu pozur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Şabran Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(031)-420/2017 nömrəli qətnaməsi ilə (hakim Teymur Qurbanov) İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və yaşayış evləri arasındakı ara məsafəsinin 3 metr müəyyən olunması tələbinə dair iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, Cavabdeh iddiaçının istifadəsində olan torpaq sahəsini zəbt etməmiş, əksinə İddiaçı cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinin 40 kvmetr hissəsini zəbt etmişdir. Cavabdeh qeyd olunan ünvanda yaşayış evi tikib mülkiyyət hüququ qazandığı vaxt, sonuncuya məxsus yaşayış evi olmamış və iddiaçı sonradan cavabdehin qeyd olunan ünvanda yerləşən yaşayış evinin yaxınlığında ev tikmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1, 66.2, 67, 68-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 106.1, 217-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(031)-420/2017 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi mülki işə mahiyyəti üzrə baxıb qətnamə qəbul edərkən nəzərə almamışdır ki, o, 2 mərtəbəli evini cavabdehdən əvvəl, yəni 2006-cı ildə tikməyə başlamış və 2011-ci ildə başa çatdırmışdır. Cavabdeh isə bu evi 2013-cü ildə Yaşar adlı şəxsdən almış və 2014-cü ildə tikməyə başlamışdır. Cavabdeh tərəfindən yenidən inşa olunan evin hündürlüyü layihəyə əsasən 10,90 metr olsa da, faktiki 12 metrdir, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 7216 saylı, xx.xx.2016-cı il tarixli rəyinə əsasən evlərin arasındakı məsafə isə küçə tərəfdən 1,80 metr, digər tərəfdən 1,95 metrdir. Halbuki, o, evini tikməyə başlayanda ev onun deyildi və əvvəlki evlə onun tikməyə başladığı evin ara məsafəsi 3 metr idi. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-ci maddəsinə əsasən də kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi həddində ara məsafəsi saxlanılır. Yəni əgər cavabdehin tikdiyi evin hündürlüyü faktiki olaraq 10,90 metrdən də artıqdırsa, onda evlərin ara məsafəsi təxminən 3 metr olmalıdır. Bu parametrlə qanunvericiliyə uyğun olmadığı üçün məhkəmə iddianı rədd etməkdə əsaslı olmamışdır. Verdiyi vəsatətlər əsasında məhkəmənin qərardadı ilə texniki-tikinti ekspertizaları təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzinin 7216 saylı, xx.xx.2016-cı il tarixli, 19105 saylı, 24.112016-cı il tarixli və xx.xx.2017-ci il tarixli rəyləri ilə müəyyən olunmuşdur ki, cavabdehin mülkiyyət sənədinə əsasən yerləşdiyi torpaq sahəsi və üzərində olan fərdi yaşayış sahəsi texniki sənəddə göstərilən koordinat və ölçülərdə qismən uyğunsuzluq vardır. Cavabdehin yeni inşa etdiyi fərdi yaşayış evinin mövcud (faktiki) vəziyyətinin, o cümlədən mərtəbəliliyinin, ölçülərinin, sahəsinin və digər texniki parametrlərinin mülki iş materiallarında olan ilkin texniki pasport və Çıxarışa uyğun deyildir. Cavabdehin sənədlərində onun torpaq sahəsi 0,10 ha olsa da, nəinki ekspert rəyində qeyd olunduğu kimi az deyil, əksinə çoxdur. Çünki cavabdeh qəsdən 0,03 ha torpaq sahəsini yüngülvari çəpərləmişdir ki, müxtəxəssis gələndə göstərsin ki, guya həmin yeri o, zəbt etməmişdir, boş yerdir. Halbuki, həmin yer də nəzərə alınsaydı, cavabdehin faktiki torpaq sahəsinin ölçüləri sənədində göstərildiyindən artıq olduğu və onun ərazisinə daxil olduğu müəyyən olunardı. Onun faktiki istifadəsində olan 0,03 ha torpaq sahəsini bələdiyyə ona vermir ki, Xaçmaz Reyestr Xidməti bu sahənin 0,01 ha hissəsini cavabdehə vermişdir. Habuki, Reyestr Xidmətinin bələdiyyə torpağını başqasına satmaq ixtiyarı yoxdur. Beləliklə, cavabdeh faktiki olaraq mənim 0,04 ha torpaq sahəmi zəbt etmişdir ki, mənim sənədlə 0,07 ha torpaq sahəmdən cəmi 0,03 ha sahəsi qalır. Gəlib onun bələdiyyə torpağı ilə birgə 0,10 ha torpaq sahəsini ölçüb verən yoxdur. Hansı orqana müraciət etsə də, məhkəmə qarışıq müraciəti təmin olunmamışdır. Cavabdehin yeni tikdiyi villanın eninə və hündürlüyünə nisbətdə böyük olmaqla eninə onun torpaq sahəsinə girmişdir. Bundan başqa, uzununa torpaq sahəsini də cavabdeh zəbt etmişdir ki, bunu da iddia ərizəsində qeyd etmişdir. Belə ki, sənəddə cavabdehin torpaq sahəsinin yol tərəfdən eni 18,25 metr göstərilsə də, əslində Dövlətin planında onun torpağının yol tərəfdən eni 17,30 metrdir. Ona sənədi bələdiyyə belə ölçüb vermişdir. Eni təxminən 1 metrdən olmaqla uzununa bütün sahədə cavabdeh onun torpaq sahəsinə girmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 164.1 Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Torpaq Məcəlləsi Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 499286 saylı və AZ-İ seriyalı 489262 saylı ölüm haqqında şəhadətnamələrdən görünür ki, X9 30 may 1992-ci ildə və X1 09 iyul 2003-cü ildə ölmüşlər. Şabran Rayon İHB-nın Şabran şəhər üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 dekabr 2015-ci il tarixli 7042 saylı arayışdan görünür ki, mərhum X7 adına olan JN-5030A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə arvadın adı Məmmədova Bənövşənin adı «Sədaqət» kimi yazılmışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-5030A, kod 30401004 saylı Şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarına əsasən X8 mülkiyyətinə 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. “Qanun üzrə vərəsəlik hüququ haqqında” 18 dekabr 2015-ci il tarixli şəhadətnamədən görünür ki, 30 may 1992-ci ildə vəfat etmiş X7 vərəsəsi Şabran şəhəri, O.Bəşirov küçəsi, ev 9-da qeydiyyatda olan qızı İddiaçı miras əmlakdan irs almışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsi X2 adına qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi – **********96-10301 olan Fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh oğunun adına qeydə alınmışdır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsi xx.xx.2013-cü ildən Cavabdeh oğunun adına qeydə alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 iyul 2016-cı il tarixli 7216 saylı ekspert rəyindən görünür ki, cavabdehin mülkiyyət sənədinə əsasən yerləşdiyi torpaq sahəsi və üzərində olan fərdi yaşayış sahəsi texniki sənəddə göstərilən koordinat və ölçülərində qismən uyğunsuzluq vardır, mübahisəli torpaq sahəsi eninə və uzununa ölçülməklə ümumilikdə cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsi yoxdur və cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi mülkiyyət sənədində göstərilən ölçülərdən azdır. Həmin ərazidə cavabdehə məxsus tikili (fərdi yaşayış evi) İddiaçı torpaq sahəsinə girməyib, cavabdehə məxsus tikilinin (fərdi yaşayış evi) hündürlüyü mülki iş materiallarında layihə sənədində göstərildiyi kimidir, Cavabdeh evi ilə İddiaçı evi arasındakı ara məsafəsi küçə tərəfdən 1,80m, digər tərəfdən 1,95m-dir. İddiaçı tikdiyi yaşayış evinin 5,87 kvm hissəsi JN:5030A, kod 30401004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.07 ha torpaq sahəsindən kənarda yerləşir. İddiaçı tikdiyi yaşayış evinin 5,87 kvm hissəsi Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşir. Cavabdeh mülkiyyət sənədində göstərilən 0.10 ha torpaq sahəsinin 40 kvm hissəsi faktiki olaraq İddiaçı istifadəsindədir. Bundan əlavə, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 noyabr 2016cı il tarixli 19105 saylı ekspert rəyindən görünür ki, Cavabdeh Şabran rayonu, 28 may küçəsi ev 2-də yeni inşa etdiyi fərdi yaşayış evinin mövcud (faktiki) vəziyyətinin, o cümlədən mərtəbəliyinin, ölçülərinin, sahəsinin və digər texniki parametrlərinin mülki iş materiallarında olan ilkin texniki pasporta və çıxarışa uyğun olmadığı müəyyən edilmişdir. Həmçinin, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 fevral 2017-ci il tarixli, 29319 saylı ekspert rəyindən görünür ki, Cavabdeh Şabran rayonu, 28 may küçəsi ev 2-də yeni inşa etdiyi fərdi yaşayış evinin mövcud (faktiki) vəziyyətinin, o cümlədən mərtəbəliyinin, ölçülərinin, sahəsinin və digər texniki parametrlərinin mülki iş materiallarında olan ilkin texniki pasporta və çıxarışa uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən iddianı təmin etməkdən imtina edilməsi və Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2016-cı il tarixli, 19105 saylı və 20 fevral 2017-ci il tarixli, 29319 saylı ekspert rəylərinin iş üzrə mötəbər sübut qismində qəbul edilməsi Azərbaycan Respublikası MPM-in 88 və 103cü maddələrinə uyğun olmuşdur. İş materialları ilə müəyyən olunur ki, İddiaçı DƏDRX-nin 5 Saylı Ərazi İdarəsinə qarşı X6 və bunun əsasında Cavabdeh adına verilmiş Şabran rayonu, 28 may küçəsi, ev 2-yə dair texniki pasportun və çıxarışın ləğv olunaraq əvvəlki ölçüdə ilkin torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə uyğun ölçüdə texniki pasportun və çıxarışın verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin 20 aprel 2018-ci il tarixli, 2-1(85)-419/2018 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyul 2018-ci il tarixli, 2-1(105)-379/2018 nömrəli qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş və Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin 20 aprel 2018-ci il tarixli, 2-1(85)-419/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanmışdır. Şabran Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(031)-579/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın və texniki pasportun qismən ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixi, 2(105)-27/2021 nömrəli qərardadı ilə İddiaçı şikayəti qismən təmin edilib, Şabran Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(031)-579/2018 nömrəli qətnaməsi ləğv edilərək İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın və texniki pasportun qismən ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2(102)-3172/2022 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2021ci il tarixi, 2(105)-27/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmışdır. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətinin dəlillərində göstərilən xüsasatlara birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilmişdir. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddia düzgün olaraq təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmadığına görə təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(031)-420/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar