Məhkəmə qərarları › İş №2(105)-400/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-400/2021

19.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-400/2021 19.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə məcburi köçürülmə tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(074)-515/2020 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(074)-515/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı və övladları 29.05.2009-cu il təvəllüdlü X8 və 05.09.2012-ci il təvəllüdlü X6 ünvan 1 ünvanında fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Etibar Hümbətov). Qətnamədən cavabdeh X7 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə məcburi köçürülməyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən X1 adına olan yaşayış evinə istifadə hüquqları verilməklə iki uşağı ilə birlikdə həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında cavabdeh X3 nümayəndəsi və vəkili X10 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə iddianın mənzilə köçürülmə hissəsini təmin etmək üçün öz qətnaməsində mülkiyyət hüququnun və uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyə istinad etsə də həmin maddi hüquq normalarını səhv təfsir edərək göstərmişdir ki, guya mübahisəli mənzil üzərində cavabdehlərin mülkiyyət hüququ olmamaqla yanaşı, iddiaçının başqa daimi yaşayış yeri olmadığından, o, mübahisəli mənzilə köçürülməlidir. Halbuki, iş materiallarında olan sübutlarla, mübahisəli yaşayış evi cavabdehlərin anası mərhum X2 məxsusdur. Fərdi yaşayış evi üzərində anaları X.İsgəndərovanın mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da iş materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan həmin ev üzərində mərhum anasının potensial mülkiyyətçi olduğu aşkardır. Halbuki, iddiaçının öz iddia ərizəsindən və məhkəmə iclasında verdiyi izahatından da aydın olur ki, onun daimi istifadə hüququ olan ata evi var və o, hal- hazırda həmin evdə yaşayır. Mübahisəli ev üzərində iddiaçının heç bir hüququ yaranmayıb və onun həmin evə köçürülməsi üçün hər hansı bir hüquqi əsas mövcud deyil. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(074)-515/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, 15 iyun 2008-ci il tarixdə rəsmi nikahla Cavabdeh ərə getmiş, ailə qurduğu vaxtdan özünə məxsus əmlaklarını da apararaq mübahisəli evə gəlin köçmüş, əri ilə münasibətləri pozulduğu vaxtadək orada doğulub böyümüş uşaqları ilə birgə həmin ünvanda yaşamışdır. Cehiz və digər əmlaklarımın bir hissəsi hazırda da mübahisəli evdədir. Birgə nikahdan 29 may 2009-cu il tarixdə doğulmuş Cavanşir adlı oğlu və 05 sentyabr 2012-ci il tarixdə doğulmuş Aynur adlı qızı var. Evləndiyi vaxtdan Cavanşirin anasının adına olan bu evdə yaşamış, 2014- cü ildən başlayaraq münasibətləri pisləşməyə başlamışdır. Nəticədə Orxandan ayrılmalı olmuşdüur. Onu evdən çıxarıblar və iki uşağı ilə birlikdə Sabir qəsəbəsində yaşayan valideynlərinin yanına getməyə məcbur olmuşdur. 2015-ci ildə Şamaxı Rayon Məhkəməsinin qətnaməsilə rəsmi olaraq ayrılmış, həmin vaxtdan valideynlərinin himayəsindədir. Onların da evi çox darısqaldır. Ata evi bir neçə il öncə yanmışdır. Hal hazırda elə də şəraitləri yoxdur. Əslində 5 nəfər ailə üzvü əvvəllər mətbəx kimi istifadə etdiyi bir otaqda yaşayırlar. Boşanandan sonra dəfələrlə məhkəməyə müraciət edərək evə köçürülməyini tələb etmiş, lakin hər dəfə müəyyən səbəblərə görə ərizəsi geri qaytarılmışdır. Hazırda qüvvədə olan mülki qanunvericiliyə görə evə köçərkən mülkiyyətçi ilə müqavilə bağlanılmalıdır. Lakin bu mənzilin sənədləri onda olmadığından uzun müddətdir məhkəmədə iddia qaldıra bilmir. Amma bütün əşyaları indiyə kimi cavabdehin evindədir. Əşyalarına baxmaq üçün dəfələrlə həmin evə getmiş, amma qapıları üzünə bağlayıblar. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(074)-515/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(074)-515/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(074)-515/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 06 noyabr 2014-cü il tarixli 2(074)-994/2016 saylı qətnaməsindən çıxarışın surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X9 arasında Şamaxı rayon Sabir qəsəbə icra nümayəndəliyində bağlanmış 10 iyun 2008-ci il tarixli 16 saylı nikah qeydinin pozulması qət edilmişdir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh və X4 birgə nikahından 29.05.2009-cu ildə Cavanşir və 05.09.2012-ci ildə Aynur adlı uşaqları doğulmuşdur. İş materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Şamaxı şəhəri, N.Nərimanov küçəsi, ev 64 saylı fərdi yaşayış evi X2 məxsusudur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının Cavabdeh ilə ailə qurduğu 15 iyun 2008-ci il tarixdən daimi yaşadığı, sonuncunun onu evdən çıxarması və hər iki cavabdehin qayıdıb yaşamasına maneə olması səbəbindən yaşamadığı mübahisəli evdən başqa daimi yaşayacaq yeri olmadığından, eləcə də əmlaka başqa şəxsin sahibliyinə yol verməmək yalnız mülkiyyətçinin hüququ olduğundan, cavabdehlərin isə mübahisəli evə dair mülkiyyətçi hüquqları olmadığından, onların başqa yaşayış sahəsi olmayan iddiaçını və yetkinlik yaşına çatmamış uşaqlarını mübahisəli evdən çıxarması, qayıdıb yaşamalarına maneə olmaları qanunsuz olmasını müəyyən edərək iddianı qismən təmin edərək iddiaçının övladları ilə həmin evə köçürülməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı 2008-ci ildə Cavabdeh ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, cavabdehin anası X2 məxsus Şamaxı şəhəri N.Nərimanov küçəsi ev 64 saylı fərdi yaşayış evinə köçərək orada yaşamış, iddiaçı həmin evdən 2015-ci ildən çıxmış, həmin müddətdən sonra öz valideynlərinə məxsus evdə yaşamışdır. Hazırki iddia ərizəsindən də görünür ki, iddiaçı evə köçürülmə barədə iddianı 18.05.2020-ci il tarixdə, yəni 5 il sonra qaldırmışdır. Bundan başqa iş materiallarından görünür ki, iddiaçının gəlin köçdüyu ev cavabdehlərin anası X2 məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinin tələblərinə uyğun olaraq hazırkı mübahisə üzrə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilməlidir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Həmin Məcəllənin 27-ci maddəsinin tələblərinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarının 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri daimi yaşamaq ücün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İddiaçının mübahisəli mənzildə 2008-ci ildən 2015-ci ilədək yaşamasını, 2015-ci ildən həmin evdən çıxaraq hazırki günədək atası evində yaşamasını, evə köçürülmə ilə bağlı 2020-ci ildə məhkəməyə müraciət etməsi onun iddia ərizəsindəki ifadəsində təsdiqini tapmışdır. Məhkəmə kollegiyası iddiaçının 2015-cu ildə mübahisəli evi tərk etməsini, 5 ilə yaxın bir müddətdə həmin evdə yaşamamasını və bu müddət ərzində evdən istifadə hüquqlarını həyata keçirmək üçün hər hansı cəhd etməməsini, bundan əlavə, bu müddət ərzində başqa yerdə yaşamasını onun qeyd olunan evdə istifadə hüququnu saxlamaq niyyətinin olmaması, onun evdən birdəfəlik getməsi kimi qiymətləndirir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi iddiaçının fərdi yaşayış evinə köçürülməsi hissəsi ilə yanaşı onun fərdi yaşayış evinə istifadə hüququnun tanınması hissəsində də əsassızdır. Belə ki, iş materiallarından iddiaçının fərdi yaşayış evinə istifadə hüququnun yaranmasını təsdiq edəcək xüsusatlar mövcud deyildir. Bundan əlavə iş materialları ilə müəyyən edilir ki, iddiaçının köçmək istədiyi fərdi yaşayış evinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrdində qeydiyyata alınmasa da, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən həmin ev cavabdehlərin mərhum anası X2 məxsusdur. Bununla da həmin fərdi yaşayış evinin cavabdehlərin deyil, mülkiyyət hüququ dövlət reyestrdində qeydiyyata alınmasa da cavabdehlərin mərhum analarına məxsus olması mübahisə edilməyən haldır. Birinci instansiya məhkəməsi qətnaməsində mübahisəli fərdi yaşayış evinin cavabdehlərə aid olmamasını, bu səbəbdən cavabdehlərin iddiaçının mübahisəli fərdi yaşayış evində yaşamasına mane yaratmalarının qanunsuz olmasını müəyyən etsə də, mübahisəli fərdi yaşayış evinin sahibi olmuş X1 hüququ varislərini işə cəlb etmədən iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi qənaətinə gəlməkdə də səhvə yol vermişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda qeyd edilən formada təmin edərkən qeyd edilən xüsusatları araşdırmamış, yekunda iddiaçının iddiasının təmin etməklə səhv nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməmlidir. Məhkəmə kollegiyası iddiaçının daha əvvəllər də mübahisəli evə köçürülmə barədə dəfələrlə iddia ərizəsi verməsi barədə dəlilinə qiymət verərək qeyd edir ki, iddiaçı daha əvvəllər hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsini bildirsə də buna dair hər hansı sübutu təqdim etməmişdir. Halbuki, Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(074)-515/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh X3 apelyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(074)-515/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə məcburi köçürülməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar