Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-401/2021 29.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-417/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-417/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə iddiası təmin olunmamışdır. (hakim E.Hümbətov) Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-417/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, mülkiyyətçisi olduğu Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 62 saylı evin 1 saylı mənzilindən cavabdehin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi bununla əsaslandırılmışdır ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 62 saylı evin, 1 saylı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Mənzili ona anası X40 xx.xx.2019-cu il tarixli, daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında bağışlamışdır. Cavabdeh mənzilə soxularaq oradan çıxmır və onun mənzildə yaşamağına imkan vermir. Dəfələrlə cavabdehə mübahisəli mənzili tərk etməsi xahişi ilə müraciət etmiş, lakin cavabdeh əsassız bəhanələr gətirərək mənzili boşaltmaqdan imtina etmişdir. Bununla da cavabdeh mənzil üzərində mülkiyyət hüququnun həyata keçirməsinə imkan vermir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə mübahisəni həll edərkən Azərbaycan Respublikasının xx.xx.1982-ci ildə qüvvəyə minmiş və xx.xx.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinad etmişdir. Məhkəmə hesab etmişdir ki, “cavabdeh 13 il əvvəl X3 oğlu ilə nikah münasibətinə daxil olaraq gəlin köçdüyü vaxt mübahisəli mənzil iddiaçının və ya keçmiş mülkiyyətçinin mülkiyyətində olmamış, icarə hüququ əsasında sonuncuya məxsus olmuşdur (X36)”. Məhkəmənin gəldiyi bu nəticə səhvdir və bunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Cavabdeh 2008ci ildə həyat yoldaşı X3 oğlu ilə Sumqayıt şəhərinə gəlmişdir və Sumqayıt şəhərində 2009-cu ilə qədər yaşamışlar. Onların oğlu olan X16 oğlu xx xxxxxx 2008-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. Bunu Zərbi-X12 adına verilmiş AZ-İİ 228711 saylı doğum haqqında şəhadətnamə təsdiq edir. 2010-cu ildə cavabdeh əri ilə birlikdə yenidən Şamaxıya qayıtmış və anası Şükufənin evində əri X3 oğlu ilə birgə yaşamışlar. 2010-cu ilin sentyabr ayında cavabdehin əri onları atıb İran İslam Respublikasına getmişdir və hal-hazırda da orada yaşayır. Cavabdeh 2011-ci ilin sonuna qədər öz anasının yanında yaşamışdır. 2011-ci ilin sonunda cavabdehin anasının evini yeznəsi Keyhan satdığından cavabdeh evsiz-eşiksiz qalmış, müxtəlif şəxslərin evində yaşamalı olmuşdur. Yalnız 2012-ci ilin yanvar ayında cavabdehin yaşamağa evi olmadığına görə onu hal-hazırda mülkiyyətçisi olduğu mübahisəli mənzilə müvəqqəti yaşamaq üçün gətirmişdir. Cavabdehin evə köçürülməyinə anası Fatma Rza qızı və qardaşı Yədulla etiraz etmişlər. Cavabdeh hələ öz anası Şükufənin evində yaşayarkən öz əri İbrahimlə birlikdə mübahisəli mənzilin orderini saxtalaşdırılmış və evi əri İbrahimin adına qeyd etdirmişdir. Cavabdeh özünün və oğlunun da adının orderdə qeyd etdirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(105)-442/2018 saylı qərarı ilə həmin order ləğv olunmuşdur. Beləliklə cavabdeh onun mülkiyyətçisi olduğu mənzilə heç də qətnamədə qeyd edildiyi kimi 13 il bundan əvvəl (2007-ci ildə) yox, 2012-ci ilin yanvar ayında müvəqqəti yaşamağa gəlmişdir və onun bu mənzildən istifadə hüququ olmamışdır. Qohumluq xatirinə köçüb evdə yaşamasına razılıq verilmişdir. Buna görə məhkəmə tərəfindən əvvəlki Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinad edilməsi tam əsassızdır. Bu hallar kifayət qədər araşdırılmadığından qətnamə ləğv edilməli, onun əsaslı iddiası təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X21 apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və onun təmin olunmasını, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək xəstə olması səbəbilə iclasda iştirak edə bilmədiyini, onun iştirakı olmadan mübahisənin həll edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi, ev 62, mənzil 1 ünvanında ümumi sahəsi 60.5 kv.metr olan mənzil xx xxxx 2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X32 adına qeydiyyata alımışdır. Yenə iş materiallarında olan xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X41 özünə məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsi, ev 62, mənzil 1 ünvanında yerləşən ümumi sahəsi 60,5 kv.metr olan 2 otaqlı mənzilini övladı İddiaçı bağışlamışdır. Yenə də iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi, ev 62, mənzil 1 ünvanında yerləşən ümumi sahəsi 60.5 kv.metr olan mənzil xx xxxx 2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alımışdır. İşdə olan DƏDRX-yə ünvanlanmış Zərbi-X1 xx.xx.2019-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evini anası X32 adına özəlləşdirilməsinə etiraz etmir. Yenə işdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2-1(105)-442/2018 saylı qərarının surətindən görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin olunması, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən, ümumi sahəsi 60,9 kv.m, yaşayış sahəsi 46.6 kv.m olan mənzil üzərində iddiaçının (X41) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X35 üzərinə qoyulması qərara alınmışdır. Yenə də işdə olan Şamaxı RİHB-nın Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 121 saylı arayışından görünür ki, X37 məxsus olan Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən ümumi sahəsi 60.9 kv.metr olan yaşayış evində təsərrüfat başına kitaba əsasən daimi qeydiyyatda olanlar aşağıdakılardır: X40 1922-ci il, oğlu X5 oglu 1952-ci il. İş materiallarında olan Şamaxı RİHB-nın Şəhriyar qəsəbə İƏD üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli, 220 saylı arayışından görünür ki, 1966-cı il təvəllüdlü Şamaxı rayonu, Şəhriyar qəsəbə sakini X17 qızı həqiqətən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində mərhum qaynanası X32 evində yaşayır. İşə əlavə edilmiş AZ 292534 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 oğlu xx.xx.1962-ci il tarixdə Şamaxı rayonu 6 saylı sovxozda doğulmuşdur. Atası X7 oğlu, anası X38r. İş materiallarında olan AZ-1 326124 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 oğlu ilə X18 qızı xx xxxxxxxx 2007-cı il tarixdə nikahlarını bağlamışlar. Yenə iş materiallarında olan AZ-İİ 228711 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 oğlu xx.xx.2008-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası X6 oğlu, anası Zərbi-X14r MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-417/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, mübahisəli mənzil daha əvvəllər orderə əsasən iddiaçının anası Kazımi Fatmaya məxsus olmuş, mənzil məhkəmə qərarına əsasən onun adına özəlləşdirilmiş və həmin mənzilə dair hüquqları dövlət qeydiyyatına alınaraq ona xx xxxx 2019-cu il tarixli reyestrdən çıxarış verilmişdir. xx xxxx 2019-cu il tarixli müqavilə əsasında F.Kazımi mübahisəli mənzili övladı İddiaçı bağışlamış və iddiaçının mülkiyyət hüququ xx xxxx 2020-ci il tarixli çıxarışla dövlət qeydiyyatına alınmışdır. Elə həmin tarixdə İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, mülkiyyətçisi olduğu Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 62 saylı evin 1 saylı mənzilindən cavabdehin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İşin faktiki hallarından görünür ki, mübahisə predmeti olan mənzillə bağlı cavabdehin hüquqları onun mənzilin əvvəlki sahibi X15-Müqəddəm İbrahimlə nikaha girməsindən sonra yaranmışdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, onlar 2007-ci ildə nikaha girmişlər və nikahdan sonra mübahisəli evdə yaşamışlar. AR MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdən göründüyü kimi mənzillə bağlı tərəflər arasındakı hüquq münasibətləri 2007-ci ildə yarandığına görə məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə xx xxxxxxx 2009-cu il tarixinədək qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq olunmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Yenə həmin Məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 13 il əvvəl X6 oğlu ilə nikah münasibətinə daxil olaraq gəlin köçürüldüyü vaxt mübahisəli mənzil iddiaçının və ya keçmiş mülkiyyətçisinin mülkiyyətində olmamış, icarə hüququ əsasında sonuncuya məxsus olmuş və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2-1(105)-442/2018 saylı qərarının icrası qaydasında X32 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Sonuncu isə həmin mənzili xx.xx.2019-cu il tarixli müqavilə ilə iddiaçıya bağışlamışdır. Cavabdeh hazırda da iddiaçının mülkiyyətində olan mübahisəli mənzildə yaşayır. İş üzrə olan sübutlarla cavabdehin mübahisəli evə köçdüyü vaxt icarədar ilə başqa sazişinin olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mübahisəli mənzilə köçürüldüyü vaxt, yaşayış sahəsi mənzil sahibinə icarə hüququ əsasında məxsus olduğundan və cavabdeh ilə icarədar arasında başqa saziş olmadığından, o, həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. Bu hüquqa malik şəxsin isə mənzildən çıxarılması qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Cavabdehin başqa yerdə daimi yaşaması barədə iddiaçının dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Məcəllənin 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Qeyd olunan Məcəllənin 87-ci maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun xx xxxxxxx 1992-ci il tarixli, 2 saylı qərarına görə belə hallarda məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb, yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Yuxarıda qeyd olunduğu kimi, cavabdehin mübahisəli mənzildə qayınanası F.Kazımi ilə birlikdə yaşamasını Şamaxı RİHB-nın Şəhriyar qəsəbə İƏD üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli, 220 saylı arayışı, habelə məhkəmə iclasında dindirilmiş şahidlər də təsdiq etmişlər. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərmişdir ki, Cavabdeh 2007-ci ildən Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayır. Həyat yoldaşıının adı İbrahimdir və övladının 13 yaşı var. Kazımı Fatma ilə bir yerdə yaşayırlar. Bu ifadəni digər şahid X33 da təsdiq etmişdir. İstinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, qeyd edilən yaşayış evində cavabdehin yaşaması həmin əmlakın mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüquqlarını pozmur. Mübahisəli evin mülkiyyətçisi olması faktına istinad edərək iddiaçının, oradan istifadə hüququ əldə etmiş cavabdehi çıxarması barədə iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddiaçı tərəfindən apelyasiya şikayətinin əsaslarına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan mənzildən istifadə olunması qanunsuz hesab edilə bilməz və buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apelyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, İddiaçı cavabdehin mübahisəli evdə daimi deyil, müvəqqəti əsaslarla yaşamasını bildirsə də, bunu təsdiq edən mötəbər sübutları təqdim edə bilməmişdir. Cavabdehin oğlunun 2008-ci ildə Sumqayıt şəhərində doğulması isə onun daimi olaraq bu şəhərdə yaşamasını sübut etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)- 417/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-401/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-401/2021
29.01.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver