Məhkəmə qərarları › İş №2(105)-401/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-401/2023

24.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-401/2023 24.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı. Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı zəbt olunmuş ərazinin boşaldılması, ümumi istifadədə olan su mənbəyinin həyətdən kənara çıxarılması, su mənbəyi üzərində örtülü hovuz düzəldilməsi və suyun truba vasitəsilə çəkilməsinə icazə verilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(074)-109/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Şamaxı Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(074)-109/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmiş ərazi 2metr x 2metr ölçüdə boşaldılmaqla ümumi istifadədə olan su mənbəyinin cavabdehlərin həyətindən kənara çıxarılması, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 311 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X4 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. (hakim N.İsmayılov) Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(074)-109/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş ərazinin 2m.x 2m. ölçüdə boşaldılmaqla ümumi istifadədə olan su mənbəyinin həyətdən kənara çıxarılması, su mənbəyi üzərində örtülü hovuz düzəldilməsi və suyun truba vasitəsilə həyətlərə çəkilməsinə icazə verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaşı sonradan ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş, sonuncu cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qaladərəsi kəndi mövcud olandan indiyə kimi kəndin əksər hissəsi cavabdehin evinin yaxınlığında olan su mənbəyindən istifadə etmişlər. Əvvəllər həmin ərazi açıq olmuş, sonradan cavabdehin valideynləri tərəfindən çəpərə alınmışdır. Uzun müddət həmin sudan istifadə olunması ilə bağlı problem olmamışdır. Lakin son vaxtlarda cavabdeh özü su ilə bağlı problem yaradıb. Su arxının üstünə gətirib mal peyini tökür, onun yaxınlığına it bağlayır ki, heç kəs yaxına gələ bilməsin. Həmin sudan hazırda istifadə olunması qeyri mümkündür. Tam antisanitar vəziyyətdədir, heyvan qarası, toyuq cücəsi, qazları hər gün bu suyun içərisində olur. O, bu vəziyyətə son qoymaq üçün cavabdehə təklif etmişdir ki, su mənbəyində üstü örtülü hovuz tikilsin, oradan su həyətlərə turba vasitəsi ilə bölüşdürülsün. Cavabdeh buna imkan vermir, suyun qabağını bağlayaraq onlara tərəf su buraxmır. Su hazırda məcrasını dəyişib ümumiyyətlə lazımsız yerə axıb gedir. Beləliklə, ümumi istifadədə olan su mənbəyinin ətrafındakı çəpər sökülərək ətrafının boşaldılması zəruridir. İddiaçı bunula bağlı rayon icra hakimiyyətinə, Polis şöbəsinə də müraciət etmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh1 apellyasiya şikayətini onunla əsasladırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində yanlışlığa yol vermiş, habelə iş üzrə lazımi qaydada araşdırma aparmadan əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsində iddia tələbinin hansı əsaslardan qismən təmin edilməli olması əsaslandırılmamışdır. Əvvəla, məhkəmə hazırkı iddia ərizəsinin icraata qəbulundan MPMnin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilməli idi. Ona görə ki, iddiaçı tərəfindən həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid olması barədə heç bir subut məhkəməyə təqdim edilməmişdir. Mövcud qanunvericiliyə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ yalnız dövlət reyestrinə qeydə alındıqdan sonra yarana bilər. Məhkəmə yalnız mütəxəssis rəyi ilə mübahisəli torpaq sahəsini bələdiyyə mülkiyyətinə aid etmiş, halbuki Bələdiyyənin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestində qeydə alınmamış, torpaq sahəsinin plan ölçüsü və çıxarışı mövcud deyildir. Yalnız mütəxəssis rəyinə əsasən qətnamə qəbul edilməsi qanunsuzluqdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan halları sübut edilməmişdir və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə ləğv edilməli, iddia rədd olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsi uzun illərdən bəri onun valideynlərinin babalarının istifadəsində olmuşdur. Kənddə cəmi 20 ev var ki, onlardan 6-7-sində yaşayış yoxdur. Mübahisələndirilən su hövzəsinin ətrafında yaşayan ailələr hətta iddiaçının qızının ailəsi o bulaqdan rahat istifadə edir. İddiaçının özü də hal-hazırda həmin sudan istifadə edir və 80 mm turba ilə oradan həyətinə su çəkdirib. Hazırkı iddia qərəzli şəkildə verilmişdir. Məhkəmə isə göstərilən halları lazımi qaydada araşdırmadan əsassız iddianı qismən təmin etməklə absurd qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı məhkəmə kollegiyasının iclasında şikayətlə razılaşmadı, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni müdafiə edərək, şikayətin rədd olunmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı cavbadeh Cavabdeh2 məhkəməyə teleqramla müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan JN-021B KOD 41010038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şamaxı rayonu, Qaladərəsi kənd sakini Ağaməhəmməd Nuriyevə, Cavabdeh2 və X9 rayon Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli, 05 saylı qərarı ilə 0,40 ha həyətyanı torpaq sahəsi verilmişdir. Yenə də iş materiallarında olan xx.xx.2021-ci il tarixli, Ş-06-1910 saylı Şamaxı rayon İcra Hakimiyətinin məktubundan görünür ki, su mənbəyindən istifadə etməsinə Cavabdeh1 mane olması barədə rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə baxılmışdır. Müəyyən olunmuşdur ki, mübahisəli su mənbəyi rayonun Qaladərəsi kənd sakini Cavabdeh1 məxsus həyətyanı sahədə yerləşir. Məsələnin mülki hüquq mübahisəsinə aidiyyəti nəzərə alınaraq məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İşə əlavə edilmiş Şamaxı RİHB-nin Qaleybuğurd kənd inzibati ərazi dairəsinin xx.xx.2021-ci il tarixli, 212 saylı arayışından görünür ki, X1 rayonunun Qaladərəsi kəndində daimi qeydiyyatdadır və hal-hazırda Şamaxı rayonunun Qaladərəsi kəndində yaşayır. Yenə işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4900 saylı rəyindən görünür ki, 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən X2 (Cavabdeh1 qardaşı, digər Cavabdeh2 oğlu) faktiki istifadə etdiyi torpaq sahəsində yerləşən (mübahisəli) su mənbəyinin KOD 41010038 saylı, JN-021B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X3 və onun ailə üzvlərinin(Ağaməhəmməd Nuriyev və Cavabdeh2) mülkiyyətinə verilmiş 0.40 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi müəyyən edilmişdir. 14 saylı Şamaxı Ərazi idarəsinin mütəxəssis rəyindən görünür ki, həmin su mənbəyinin KOD 41010038 saylı, JN-021B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.40 ha torpaq sahəsinin hüdudlarından kənarda, (135BB) bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir.. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddia tələbinin təmin edilməyən hissəsindən iddiaçı tərəfindən şikayət verilmədiyindən, qətnamədən isə yalnız Cavabdeh1 apellyasiya şikayəti verdiyindən, məhkəmə kollegiyası qətnaməni Cavabdeh1 münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, iş üzrə tərəflərin izahatını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(074)-109/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh2 və onun ailə üzvlərinə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli, 05 saylı qərarı ilə Şamaxı rayonu, Qaladərəsi kəndində 0,40 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı cavabdehlərin evinin yaxınlığında kənd camaatının ümumi istifadəsində olan su mənbəyinin cavabdehlər tərəfindən qanunsuz olaraq çəpərə alınması əsası ilə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə mübahisəni yuxarıdakı formada həll etmiş, narazı qalan Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbycan Respublikasının Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Həmin Məcəllənin 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Azərbaycan Respublikası Su Məcəlləsinin 36-cı maddəsində qeyd edilir ki, ümumi istifadədə olan su obyektləri — istifadəsi hamı üçün mümkün və açıq olan su obyektləridir. Fiziki şəxslər belə su obyektlərindən öz ehtiyaclarını təmin etmək məqsədi ilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) pulsuz istifadə edirlər. Həmin Məcəllənin 104-cü maddəsinə əsasən özbaşına tutulmuş su obyektləri qanunsuz istifadə zamanı çəkilmiş xərclər ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Torpaq Məcəlləsinin 18-ci maddəsinə görə ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Eyni Məcəllənin 111.3-cü maddəsinə görə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Kollegiya qeyd edir ki, iş materiallarından aydın olduğu kimi iş üzrə əldə edilmiş ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən su obyekti Cavabdeh2 və onun ailə üzvlərinə verilmiş 0,40 hektar həyətyanı torpaq sahəsindən kənarda yerləşir. Belə olan halda kollegiya hesab edir ki, cavabdehlər tərəfindən zəbt edilmiş ərazi 2metr x 2metr ölçüdə boşaldılmaqla ümumi istifadədə olan su mənbəyinin cavabdehlərin həyətindən kənara çıxarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmaqla işin faktiki hallarına da uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsaslı olmaqla iddiaçı öz iddiasının əsaslarını qismən sübuta yetirə bilmiş, cavabdeh isə apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmiş, habelə şikayətinin dəlillərinə uyğun əsaslı şübhələrdən kənar, mötəbər sübut təqdim etməmişdir. Beləliklə birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(074)-109/2022 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar