Məhkəmə qərarları › İş №2(105)-4043/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-4043/2021

21.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-4043/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, Ərizəçilər Əsədova Şəfiqə M.Tağı qızının və X1 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 6590/2021 saylı, 01.11.2021-ci il tarixli qərardadından ərizəçilər Əsədova Şəfiqə M.Tağı qızı və X2 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçilər Əsədova Şəfiqə M.Tağı qızı və X2 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Abşeron Rayon Məhkəməsinin 2(012)-6590/2021 saylı, 01.11.2021-ci il tarixli qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. (hakim M.Abbasova) Ərizəçilər həmin qərardaddan şikayət vermişlər. Şikayət bununla əsaslandırılmışdır ki, qərardad qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, Naxçıvan MR, Şərur rayonunun Qarxun kəndində qeydiyyatda olsalar da, 17 ildir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, E.Sabitoğlu küçəsindəki 4 saylı döngə ünvanında yaşayırlar. Karantin rejimi və maddi imkansızlığı səbəbindən Naxçıvan MR-a gedə bilmirlər. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qərardad ləğv edilməli, ərizə icraata qəbul edilməlidir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-6590/2021 saylı, 01.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən (ərizəçinin şəxsiyyət vəsiqəsinin surətindən və "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan) görünür ki, ərizəçi Əsədova Şəfiqə M.Tağı qızı Naxçıvan MR, Şərur rayonu, Qarxun kəndində qeydiyyatdadır, lakin hazırkı ərizə onun tərəfindən baxılması üçün Abşeron Rayon Məhkəməsinə verilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi, mülki iş üzrə ərizəçi Abşeron rayonu ərazisində qeydiyyatda olmadığından onun ərizəsinə Abşeron Rayon Məhkəməsində baxılmalı deyildir və bu barədə həmin məhkəmənin gəldiyi nəticə həm yuxarıda sadalanan normalara, həm də işin faktiki hallarına uyğundur. 17 ildir ki, Abşeron rayonunda faktiki yaşamaları səbəbindən ərizəyə də Abşeron Rayon Məhkəməsində baxılmalı olması barədə şikayətin dəlilləri əsassızdır və qüvvədə olan normalara ziddir. Şikayətin dəlilləri Abşeron Rayon Məhkəməsinin 2(012)-6590/2021 saylı, 01.11.2021-ci il tarixli qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Ərizəçilər Əsədova Şəfiqə M.Tağı qızının və X1 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-6590/2021 saylı, 01.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar