Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-407/2023 24.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(060)-5748/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(060)-5748/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 51/22-də yerləşən 56 saylı mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməsi qət edilmişdir. (hakim R.Qoşqarlı) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(060)-5748/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 1ci mikrorayon, ev 51/22-də yerləşən 56 saylı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia onunla əsaslandırılıb ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 51/22, mənzil 56-da yerləşməklə xx.xx.2007-ci ildə verilmiş ******* saylı MH seriyalı çıxarışa əsasən şəxsi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. Cavabdeh onun bacısıdır. Bacısı 1998-ci ildə ailə həyatı qurmuş və həmin vaxtdan daimi olaraq mübahisəli mənzili tərk edərək köçmüşdür. Cavabdehin mübahisəli mənzildə heç bir əmlakı yoxdur. Lakin cavabdehin daimi olaraq bu mənzili tərk etməsinə baxmayaraq onun formal olaraq mənzildə qeydiyyatda qalması bu mənzillə bağlı iddiaçının hüquqlarının həyata keçirilməsində maneə yaradır, cavabdehin formal qeydiyyatına görə iddiaçı əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalmışdır. Artıq 25 ilə yaxındır ki, cavabdeh ailə həyatı quraraq mübahisəli mənzili tərk etmişdir və daimi olaraq başqa ünvana köçmüşdür. Göstərilənlərə əsasən iddia təmin edilməli, cavabdehin mübahisəli mənzilə olan istifadə hüququ itirilmiş hesab olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmənin mövqeyi və iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Sözügedən mənzil ata evidir. Cavabadehin həmin mənzildə payı vardır. Ona kompensasiya ödənildiyi halda qeydiyyatdan çıxmağa razılıq verilir. Bundan əlavə, o, ailə həyatı qursa da mütəmadi olaraq atası evinə gəlib-getmiş və orada qalmışdır. Məhkəmə bu hallara düzgün hüquqi qiymət verə bilməmişdir. Mübahisəyə tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməmişdir. Cavabdehin həmin mənzildə istifadə hüququ var və həmin hüququn itirilməsi üçün ona kompensasiya verilməlidir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 şikayətə etiraz etdi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, cavabdeh mübahisəli mənzili 25 il əvvəl ailə quran zaman tərk etmişdir. Onun daimi yaşayış yeri vardır. Mənzil 2007-ci ildən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehin qeydiyyatı tam formal xarakter daşıyır. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 1987-ci il tarixli, 3/340 saylı orderdən görünür ki, Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Mənzillərin Qeydiyyatı və Bölüşdürülməsi Şöbəsi tərəfindən Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 51/22-də yerləşən 56 saylı mənzil ailə tərkibi 5 nəfər olmaqla X1 verilmişdir. Yenə iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, №0011283 saylı Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 51/22-də yerləşən 56 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində xx.xx.2007-ci ildə qeydiyyata alınmışdır. Yenə də iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X3 qızı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 51/22, mənzil 56- da qeydiyyatdadır. İşə əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli, 2 №-li forma arayışından görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 51/22, mənzil 56-nın sahibi İddiaçıdur. X4 qızı həmin mənzildə daimi qeydiyyatdadır. Mülki işin materiallarında olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 51/22-nin sakinləri L.Yusifov, G.Şavruqova, V.Məcidova və sahə ustası M.Zülfüqarova tərəfindən tərtib edilmiş və Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil-Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 22/51, mənzil 56-da X4 qızı qeydiyyatda olmasına baxmayaraq göstərilən ünvanda yaşamır. Yenə mülki işdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X3 qızı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 22/51, mənzil 56-ya xx.xx.1987-ci ildə qeydiyyata düşüb. Qeydiyyatda olmasına baxmayaraq 1998-ci ildən həmin ünvanda yaşamır. İşə əlavə edilmiş Vİİ-JQ № 445278 saylı, xx.xx.2003-cü il tarixli Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X5 ilə X4 qızı arasında olan nikah Sumqayıt şəhər VVADQ şöbəsində 19 mart 2003-cü il tarixdə bağlanmış və 56 nömrə ilə qeyd olunmaqla, sonuncuya Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 2 saylı Sumqayıt ərazi idarəsinin xidmət göstərdiyi inzibati ərazi vahidi üzrə ünvan 2 ünvanında yerləşən 15 saylı mənzil ünvan 3 tərəfindən təsdiq edilmiş xx.xx.2013cü il tarixli, 4Ə-285 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X2 adına qeydiyyata alınaraq xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(060)- 5748/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 51/22 saylı evin 56 saylı mənzili 1987-ci il tarixli, 3/340 saylı order əsasında iddiaçının atası Stambul Cəfərova verilmişdir. Həmin mənzil 2007-ci ildə iddiaçının adına özəlləşdirilmiş və hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh Solmaz Cəfərova (Məmmədova) mənzil özəlləşəndən xeyli qabaq, yəni 1998-ci ildə ailə qurmuş və yaşayış yerini dəyişib başqa ünvana köçmüşdür. Hazırda başqa yerdə yaşayır. İddiaçı cavabdehin mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbini təmin etmiş, narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, mübahisəli mənzildə iş üzrə cavabdeh 1987-ci ildən qeydiyyatdadır. Belə olan halda kollegiya hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək yarandığından mübahisəyə həmin tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə baxılmalıdır. Qeyd olunan Məcəlləninin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinin mənasına əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli, «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarına görə belə hallarda məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb, yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh Solmaz Məmmədova(Cəfərova) 1998-ci ildən ailə həyatı qurmuş və yaşayış yerini dəyişmiş, mübahisəli mənzildən köçərək ailəsi ilə başqa ünvanda yaşamağa başlamışdır. Hazırda o, ərinin mülkiyyətində olan mənzildə yaşayır. Onun mübahisəli mənzildə qeydiyyatı formal xarakter daşıyır. O, artıq uzun müddətdir ki, (təxminən 22 il), həmin mənzilin qorunub saxlanılmasında, təmirində, mənzilə dair kirayə və kommunal haqların ödənilməsində iştirak etməmişdir. Digər tərəfdən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin ikinci bəndinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında sənədləri təqdim etməlidir. Qeyd edildiyi kimi uzun müddət yaşayış yerini daimi dəyişməsinə baxmayaraq Cavabdeh istinad olunan normanı pozaraq yaşayış yeri üzrə qeydiyyata alınmamış, mübahisəli mənzilə olan formal qeydiyyatından istifadə edərək əsassız tələblər irəli sürür. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, cavabdeh uzun müddət mübahisəli mənzildə yaşamadığından, daimi olaraq yaşamaq üçün başqa yerə köçdüyündən onun bu mənzilə olan istifadə hüququ itirilmişdir. Daha öncə istinad olunan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti olaraq altı aydan yuxarı başqa yerə getdikdə onların yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilməlidir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi cavabdeh müvəqqəti yox, daimi olaraq, yəni ailəsi ilə başqa yerə getmiş, artıq onun ərinin mülkiyyətində mənzil vardır. Başqa yaşayış yerinə köçüb, orada 20 ildən artıq müddətində yaşamaq isə müvəqqəti hesab oluna bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə mənzil münasibətlərindən doğan bu tipli mübahisələrdə başqa mövqenin tutulması düzgün olmayan məhkəmə presedenti yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. AR Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda cavabdeh Solmaz Məmmədovanın(Cəfərovanın) mübahisəli mənzildə qeydiyyatda olması faktından suiistifadə etməsi həmin mənzilin mülkiyyətçisinin hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Digər tərəfdən yuxarıda qeyd edildiyi kimi mübahisəli mənzil əvvəlcə dövlət mənzili fonduna daxil olmuş, xx.xx.2007-ci il tarixində özəlləşdirilmiş və mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, iş üzrə tərəflər yeni hüquq münasibətlərinə daxil olmuşlar. Cavabdeh Solmaz Cəfərova mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı ailə üzvü hesab olunmur. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. AR Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71ci maddəsinin İİ hissəsi və «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 21 dekabr 2012-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası mübahisəni həll edərkən məhz Konstitusiya Məhkəməsinin daha önsə sadalanan hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Qeyd edildiyi kimi iş üzrə cavabdeh ərinin mülkiyyətində olan və ailənin daimi yaşadığı ayrıca mənzili vardır. O, yaşayış sahəsinə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs deyildir. Belə bir halda onun mübahisəli mənzilə istifadə hüququnun saxlanılması Konstitusiya Məhkəməsinin daha öncə istinad olunan mövqeyinə zidd olardı. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasını tam nəzərə alaraq qanuni və əsaslı qətnamə çıxarmışdır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Cavabdehin sübutları iddianın rədd edilməsi üçün yetərli olmamışdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(060)- 5748/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumu özünə aid edilsin Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-407/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-407/2023
24.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver