Məhkəmə qərarları › İş №2(105)-407/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-407/2025

25.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-407/2025 25.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməklə yaratdığı maneənin sonuncunun hesabına aradan qaldırılması" tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(059)-6/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməklə, yaratdığı maneənin sonuncunun hesabına aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-i tərəfindən onun mülkiyyətində olan Siyəzən şəhəri, Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt etməklə, onun üçün yaratdığı maneənin cavabdehin hesabına aradan qaldırılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun sonuncudan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən bələdiyyəsinin 30 aprel 2014-cü il tarixli, 5-6 nömrəli qərarı və torpaq icarə müqaviləsi əsasında Siyəzən şəhəri, Şəhriyar küçəsində 0,01 ha torpaq sahəsi 99 il müddətinə onun icarəsinə verilmişdir. Bundan sonra, o, qanunvericiliyin tələblərinə uyğun olaraq, hüquqlarının dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müvafiq qaydada müraciət etmiş, müraciəti ilə əlaqədar, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla, ona bu barədə daşınmaz əmlakın dövlət reyestrindən 26 may 2014-cü il tarixdə RX seriyalı, ******* nömrəli çıxarış, habelə həmin torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Müəyyən iqtisadi çətinliklərlə əlaqədar həmin torpaq sahəsini tam hasara ala bilməmiş, habelə bu yaxınlarda cavabdeh ASC-nin əməkdaşları onun icarə hüquqları qeydə alınmış torpaq sahəsinin içərisindən yüksək gərginlikli elektrik hava xətti çəkmiş, hətta bu xəttin bir dayağını sözügedən torpaq sahəsinin daxilinə basdırmışlar. Cavabdeh "xxxx" ASC-nin bu qanunsuz hərəkətləri barəsində qonşu torpaq sahəsinin icarəçisi X7 21 noyabr 2022-ci il tarixdə yazılı ərizə ilə "xxxx" ASC-yə müraciət etmiş, həmin müraciətə 27 dekabr 2022-ci il tarixdə verilmiş 6-02/06/K-197/10228 saylı cavab məktubunda göstərilir ki, “ünvan 1 ünvanında yüksək gərginlikli elektrik veriliş xəttinin trassasının dəyişdirilməsi barədə müraciətinizə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, yüksək gərginlikli elektrik veriliş xəttinin trassasının dəyişdirilməsi üçün “ASAN Xidmət” mərkəzinə müraciət etməyiniz tövsiyə olunur.” Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun qanunla qorunan hüquqları pozulmaqla mənafeyinə ciddi ziyan vurulmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 15 fevral 2024-cü il tarixli, 3-21-3-31/2-547/2024 nömrəli məktubla göndərilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Siyəzən Bələdiyyəsinin 30 aprel 2014-cü il tarixli, 5-6 nömrəli qərarı ilə İddiaçı icarəsinə verilmiş Siyəzən şəhərində yerləşən bir tərəfdən yol, digər tərəflərdən boş sahə ilə əhatə edilmiş, hasarlanmamış, təyinatı üzrə istifadə olunan 0,01 ha torpaq sahəsi ilə bağlı mübahisə olmamaqla, həmin sahədə icazəsiz tikililər mövcud olmamışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 26 may 2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsi 30 aprel 2014-cü il tarixdə Siyəzən Bələdiyyəsi tərəfindən İddiaçı 99 il müddətinə icarəyə verilmiş və sonuncunun icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 03 oktyabr 2023-cü il tarixli, 3-21-3-31/2- 3362/2023 nömrəli məktubla göndərilmiş mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7770 nömrəli ekspert rəyindən görünür ki, Siyəzən şəhəri, Şəhriyar küçəsində icarə hüquqları ilə İddiaçı məxsus 0,01 ha torpaq sahəsindən 6 kVt elektrik xətti keçir və torpaq sahəsi bütovlükdə elektrik xəttinin mühafizəsinə düşür. Həmçinin, sözügedən torpaq sahəsində elektrik xəttinə aid dayaq aşkar edilməyərək, bu torpaq sahəsinin üzərindən 6 kVt elektrik hava xəttinin keçməsi müəyyən edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və eyni saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 manat təşkil edir.

8. Maliyyə sənədlərindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəməklə yanaşı, mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin hesabına 95 manat vəsait ödəmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda qeyd edilmişdir ki, qərardadda qoyulmuş sualda, icarə hüququ əsasında, X2 məxsus Siyəzən şəhəri, Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsindən keçən 6 kvt elektrik xəttinin yerinin dəyişdirilməsinin mümkün olub-olmaması, məsələləri xüsusi bilik tələb etməməklə hər hansı tədqiqat metodu ilə həll edilmir və tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Eyni zamanda qeyd olunur ki, 0,01 ha torpaq sahəsindən keçən 6 kvt elektrik xəttinin yerinin dəyişdirilməsi müvafiq qurumlara müraciət olunaraq mütəxəssis rəyi əldə edilməklə baxıla bilər.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

11. Siyəzən Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(059)-6/2024 nömrəli qətnaməsi ilə (hakim Bəylər Ələkbərov) iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 26 may 2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin üzərindəki 6 kVt elektrik hava xəttinin cavabdeh "xxxx" ASC-nin hesabına çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın 50 %-i, yəni 25 (iyirmi beş) manatının İddiaçı, qalan 50 %-i, yəni 25 (iyirmi beş) manatının isə cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməsi, mütəxəssis rəyinin alınması, eləcə də, iddia tələbi üzrə ödənilmiş cəmi 195 (bir yüz doxsan beş manat) məhkəmə xərcinin 50%-i, yəni 97,50 (doxsan yeddi manat 50 qəpik) manatın cavabdeh "xxxx" ASC-dən tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 139.1, 152.1, 157.2, 157.4 və 157.8-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 66-cı maddəsinin İİ hissəsi, 67-ci maddəsinin İİİ hissəsi və 68-ci maddəsi, “İcarə haqqında “Azərbaycan Respublikası qanununun 15-ci maddəsi, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası qanunun 22-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 4.1, 107, 115.0.1, 119.1, 216-220, 227, 233.1 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

13. Siyəzən Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(059)-6/2024 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə üzrə iddiaçının mülkiyyətçisi olduğu torpaq sahəsində elektrik xətti çəkilməsi ilə bağlı şəxsi mənafeyinin cavabdeh təşkilat "xxxx" ASC-yə məxsus və həmin ərazidə yerləşən xeyli sayda fərdi yaşayış evlərini elektrik enerjisi ilə təchiz edən elektrik hava xəttlərinin ictimai əhəmiyyətli olması onun mənafeyindən üstünlüyü iddiaçı tərəfindən dəqiq ifadə olunmamışdır. Hesab edir ki, hazırkı iş üzrə iddiaçı ona məxsus torpaq sahəsindən keçən yüksək gərginlikli elektrik hava xəttlərinin çıxarılmasını (nəzərə alsaq ki, həmin xəttlərin yerinin dəyişdirilməsi böyük maddi vəsasit tələb edir) tələb etməklə mülkiyyət hüquqlarından sui-istifadəyə yol verərək, mülkiyyətindən "xxxx" ASC-yə ziyan vurmaqla istifadə etmiş və öz hərəkətlərinin zərurliyini əsaslandırmamışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarının 13-cü bəndində göstərilmişdir ki, elektrik enerjisi, su və təbbi qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhimlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-nin 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümümi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 14-cü bəndinin tələbinə görə isə, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqaları hallardan başqa, təbii inhisar subyektərinin ümümi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-nin 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı cavabdeh "xxxx"ASC-nin təbii inhisar subyekti olaraq, ümümi (publik) hüquq sahəsində fəaliyyəti nəticəsinə onun hüquqlarına müdaxilə edilməsini (mülkiyyətində olan torpaq sahəsi üzərində yüksək gərginlikli elektrik hava xətti çəkməsini və həmin xəttin çıxarılması ilə bağlı hərəkətsizlik etməsini) iddia etmişdir. Belə olan halda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 14-cü bəndinin tələblərinə əsasən mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Siyəzən Rayon Məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Beləki, hazırkı tələb cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilənin aradan qaldırılması ilə bağlıdır və qeyd edilən iş üzrə məhkəmə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasını nəzərə almamış və bununla da, prosessual hüquq normaları pozulmuşdur. Siyəzən Rayon Məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər aşağıdakılardır: Belə ki, AR Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləçdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Amma, hazırkı iş üzrə məhkəmə nəzərdən qaçırmışdır ki, iddiaçı ona məxsus torpaq sahəsindən keçən yüksək gərginlikli elektrik hava xəttlərinin çıxarılmasını (nəzərə alsaq ki, həmin xəttlərin yerinin dəyişdirilməsi böyük maddi vəasit tələb edir) tələb etməklə mülkiyyət hüquqlarından suiistifadəyə yol verərək, mülkiyyətindən "xxxx" ASC-yə ziyan vurmaqla istifadə etmiş və öz hərəkətlərinin zərurliyini əsaslandırmamışdır. Eyni zamanda həmin Məcəllənin 152.6-cı maddəsində o da qeyd edilmişdir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir vu bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarının 13-cü bəndində göstərilmişdir ki, elektrik enerjisi, su və təbbi qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhimlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-nin 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümümi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Lakin, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarının 14-cü bəndinin tələbinə görə isə, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqaları hallardan başqa, təbii inhisar subyektərinin ümümi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-nin 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı cavabdeh "xxxx" ASC-nin təbii inhisar subyekti olaraq, ümümi (publik) hüquq sahəsində fəaliyyəti nəticəsinə onun hüquqlarına müdaxilə edilməsini (mülkiyyətində olan torpaq sahəsi üzərində yüksək gərginlikli elektrik hava xətti çəkməsini və həmin xəttin çıxarılması ilə bağlı hərəkətsizlik etməsini) iddia etmişdir. Belə olan halda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 14-cü bəndinin tələblərinə əsasən mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə onu da nəzərdən qaçırmışdır ki, İPM-nin 2.1-ci maəddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Lakin məhkəmə bu normanın tələbini pozmuşdur. Belə ki, hazırkı tələb cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilənin aradan qaldırılması ilə bağlıdır və qeyd edilən iş üzrə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

17. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

18. İş üzrə maraqlı tərəf Siyəzən Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Nümayəndə2 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66. İİ hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. İİİ hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Maddə 84.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(059)- 6/2024 nömrəli qətnaməsi qismən ləğv olunaraq, iddia rədd edilməlidir.

24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsi 30 aprel 2014-cü il tarixdə Siyəzən Bələdiyyəsi tərəfindən İddiaçı icarəsinə verildikdən sonra, 26 may 2014-cü il tarixdə müvafiq çıxarışa əsasən həmin torpaq sahəsinin üzərində onun icarə hüquqları qeydə alınmışdır. İddiaçı Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin üzərindən cavabdeh "xxxx" ASC-yə məxsus 6 kVt gərginlikli elektrik hava xətti keçdiyini, bu səbəbindən torpaq sahəsinə sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmədiyini iddia edirərək araşdırıan tələblər məhkəməyə müaciət etmişdir.

25. Birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 26 may 2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin üzərindəki 6 kVt elektrik hava xəttinin cavabdeh "xxxx" ASC-nin hesabına çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

26. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tədqiq edilmiş mötəbər sübutlarla, eləcə də ekspert rəyi ilə müəyyən edildi ki, Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsi 30 aprel 2014-cü il tarixdə Siyəzən Bələdiyyəsi tərəfindən İddiaçı icarəsinə verildikdən sonra, 26 may 2014-cü il tarixdə müvafiq çıxarışa əsasən həmin torpaq sahəsinin üzərində onun icarə hüquqları qeydə alınmış, habelə qeydə alma zamanı sözügedən torpaq sahəsi ilə bağlı mübahisə olmamaqla, həmin ərazidə icazəsiz tikililər, habelə 6 kVt gərginlikli elektrik hava xətti mövcud olmamışdır. Lakin, Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin üzərində İddiaçı icarə hüquqları dövlət qeydiyyatına alındıqdan sonra, cavabdeh "xxxx" ASC-yə məxsus 6 kVt gərginlikli elektrik hava xəttinin həmin ərazidən keçməsi müvafiq ekspert rəyi ilə aşkar olmaqla, hazırkı işin təkzib olunmaz halıdır. Göründüyü kimi İddiaçı dövlət qeydiyyatına alınmış icarə hüquqları əsasında istifadəsində olan daşınmaz əmlakdan maneəsiz istifadə hüquqlarından məhrum olmuşdur. Bu hal onun hüquqlarını məhdudlaşdırır və əmlakından istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradır.

27. Cavabdeh birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

28. Göründüyü kimi apellyatorun şikayətinin dəlilləri olaraq məhkəmə tərəfindən prosessual hüquq normalarının pozulması, araşdırılan mübahisəyə mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması, elektrik hava xətinin ictimai əhəmiyyətli olması ilə bağlı hallara diqqət yetirilməməsi, iddiaçı tərəfindən hüquqdan sui-istifadəyə yol verilməsi, öz hərəkətlərinin zərurliyinin əsaslandırılmaması göstərilmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd edir.

30. Kollegiya şikayətin mübahisəyə inzibati icraat qaydasında baxılmalı olması barədə dəlilini əsassız hesab edir.

31. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarınında qeyd olunmuşdur ik, Qanunvericiliklə onlara inzibati akt qəbul etmək, eləcə də ümumi (publik) hüquq sahəsində hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı faktiki xarakterli hərəkətlər etmək səlahiyyətinin verildiyi konkret hallar istisna olmaqla, təbii inhisar subyektləri “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan sayılmırlar. Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.

32. Göründüyü kimi araşdırılan mübahisə ərazinin boşaldılması ilə bağlı olmaqla qanunvericiliyin göstərişinə əsasən bu qəbildən olan iddialara mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalıdır.

33. Kollegiya şikayətin qeyd olunan digər dəlilləri ilə isə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindn işin faktiki hallarına düzgün qiymət verilməmiş, maddi hüquq normalarının təfsirində səhvə yol verilmişdir.

34. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı cavabdeh "xxxx"ASC-nin təbii inhisar subyekti olaraq, ümümi (publik) hüquq sahəsində fəaliyyəti nəticəsinə onun hüquqlarına müdaxilə edilməsini (mülkiyyətində olan torpaq sahəsi üzərində yüksək gərginlikli elektrik hava xətti çəkməsini və həmin xəttin çıxarılması ilə bağlı hərəkətsizlik etməsini) iddia etmişdir.

35. Kollegiya vurğulamağı zəruri hesab edir ki, "xxxx" ASC-nin “Xaçmaz” RETSİ Siyəzən EŞ xx.xx.2022-ci il tarixli, 255 nömrəli məktubundan görünür ki, 6 kV-luq hava veriliş xətti Siyəzən 35/6 kV-luq 2 saylı Həmiyə hava veriliş xəttidir. Göstərilən hava veriliş xətti təxminən 1985-ci illərdə istifadəyə verilib, sonradan 6 kV-luq xətt rekoustruksiya olunub. 6 kV-luq 1 saylı hava veriliş xəttinin yerinin dəyişdirilməsi üçün abonent Asan xidmət mərkəzinə müraciət etməlidir.

36. Sumqayıt Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq “Xaçmaz” X4 və Satışı İdarəsinin xx.xx.2025-ci il tarixli, 926 nömrəli məktubundan görünür ki, İddiaçı adına olan torpaq sahəsi hal-hazırda Siyəzən 35/6 kV -luq y/st-dan çıxan 2 saylı 6 kV hava xəttinin mühafizə zonasındadır. Sözügedən 6 kV-luq 2 №- li hava xətti 2017-ci ilə kimi Siyəzən 110/35/10 kV y/st-dan çıxan 1985-ci ildə istifadəyə verilmiş Kondensator hava xətti kimi fəaliyyət göstərmişdir. Həmin xəttdən 2017-ci ilə kimi budaqlarıma ilə Balaca Həmyə kəndinə gərginlik verilmişdir. Həmin 2017-ci ildə "xxxx" ASC X3 məxsus yarımstansiya (Siyəzən 35/6 kV) tikildikdən sonra yeni yaradılmış 2 №- li 6 kV-luq hava xətti mövcud Kondensator hava xəttinə qoşulmuş, Siyəzən 110/35/6 kV-luq y/st-dan budaqlanmaya qədər hava xətti ləğv edilmiş və hal-hazırda 2 №- li hava xətti kimi fəaliyyət göstərir.

37. Göründüyü kimi mübahisələndirilən hava xətti 1985-ci ildən həmin ərazidən keçərək istifadəyə verilmiş, sonradan rekoustruksiya olunmuş, həmin hava xətti vasitəsi ilə Balaca Həmyə kəndinə gərginlik verilir.

38. Kollegiya hesab edir ki, araşdırılan mübahisə üzrə iddiaçının tələbi ictimai mənafeə zidd olmaqla (Balaca Həmyə kəndinə gərginliyin verilməsinin dayanmasına səbəb olar) hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

39. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

40. Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir.

41. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı mübahisə həll edilərkən, eyni zamanda iddiaçının icarəsində olan torpaq sahəsindən istifadə etmək hüququna müdaxilənin olub-olmadığı, torpaq sahəsinin üzərindəki hava məkanına da həmin şəxsin hüquqununn olub-olmaması məsələsinə aydınlıq gətirilməlidir.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaq sahəsinin mülkiyyətçisinin həmin sahənin üzərindəki hava məkanına dair mütləq (tam) hüququ yoxdur, çünki qanunvericilik yalnız istifadə etmək imkanından bəhs edir.

43. Belə olan halda, cavabdeh tərəfindən çəkilmiş hava xəttinin iddiaçıya məxsus torpaq sahəsinin koordinatları daxilində olması belə qənaətə gətirməməlidir ki, həmin hava xətti mütləq çıxarılmalıdır.

44. Kollegiya ilk növbədə hesab edir ki, bu hava xəttinin torpaq sahəsinin sahibi üçün bu sahənin üstündə olan hava məkanından istifadəsinə maneələr törədibtörətməməsi məsələsi araşdırılmalıdır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından cavabdeh tərəfindən çəkilmiş hava xəttinin iddiaçının icarəsində olan torpaq sahəsindən istifadə etməyinə maneənin olması, həqiqətən də onun hüquqlarını pozmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməsi görünmür.

46. İşin müəyyyən edilmiş faktiki hallarından görünür ki, torpaq sahəsində heç bir tikili mövcud deyil, hər hansı tikinti işlərinin aparılması, elektrik hava xəttinin maneə yaratması müəyyən edilmir.

47. Kolegiya hesab edir ki, elektrik hava xəttinin qanunla nəzərdə tutulmuş hündürlükdə yerləşməsi, iddiaçının icarəsində olan torpaq sahəsində heç bir tikilinin olmaması, torpaq sahəsindən hən hansı məqsədlər üçün istifadəsi barədə sübutların olmaması belə nəticəyə gəlmək olar, hazırkı vəziyyət faktiki olaraq torpaq sahibinin hüquqlarını pozmur, torpaq sahəsinin istifadəsinə mane olmur, təhlükə və ya zərər riski daşımır.

48. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinməmiş, maddi və prosessual huquq normalarının pozuntusuna yol verilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(059)-6/2024 nömrəli qətnaməsi qismən –iddia təmin edilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd olunmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(059)-6/2024 nömrəli qətnaməsi qismən – iddianın təmin edilən hissəsində ləğv olunsun, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməklə yaratdığı maneənin sonuncunun hesabına aradan qaldırılması" tələbinə dair iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar