Məhkəmə qərarları › İş №2(105)-408/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-408/2023

16.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-408/2023 16.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: naturada bölgünün aparılması) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X6 Qafari və X2 ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçı: İddiaçı1, İddiaçının nümayəndəsi və vəkili: Vəkil1, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili: Vəkil2 iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-5718/2022 nömrəli qətnaməsindən iddiaçı Şı̇ rı̇ nov Əlı̇ yar Xəlı̇ l oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, H.Z.Tağıyev qəsəbəsi, K.Perekeşkül küçəsi, ev 12 ünvanında yerləşən 1072 kv.metr torpaq sahəsinin onlarla, Cavabdeh arasında faktiki istifadə edilmə qaydaları müəyyən edilməklə naturada bölgüsünün aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçılar tələbini onunla əsaslandırılmışlar ki, ataları İddiaçı2 və digər ailə üzvləri (həyat yoldaşı və övladları) ilə birlikdə H.Z.Tağıyev qəsəbəsi, K.Perekeşkül küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşayırlar. Onlarla birlikdə həmin ünvanda əmisi, atasının qardaşı Cavabdeh öz ailə üzvləri ilə birlikdə digər tikilidə (evdə) yaşayır. Qeyd olunan ünvanda yerləşən evin yerləşdiyi torpaq sahəsi təxmini 0.11 ha-dan ibarətdir. 1979-cu il tarixli və sonradan 1987-ci il tarixli texniki pasporta əsasən qeyd olunan fərdi yaşayış evinin hüquq sahibi mərhum X5 olmuş, sonuncu övladları ilə burada yaşamışdır. Cavabdeh qeyd olunan ünvanda deyil qonşu ərazidə yerləşən evdə qeydiyyatda olsa da H.Z.Tağıyev qəsəbəsi, K.Perekeşkül küçəsi, ev 12-nin əhatə etdiyi torpaq sahəsində inşa edilmiş tikilidə yaşayır. O və atası cavabdehə dəfələrlə təklif etmişlər ki, torpaq sahəsini faktiki istifadə qaydalarına əsasən bölüb, hasara alsınlar. Lakin, cavabdeh bu təklifə qərəzli münasibət göstərmişdir. Qeyd olunan məsələdə cavaödehlə razılaşma əldə etmək mümkün deyildir. O və ailə üzvləri istəyirlər ki, evləri ayrı-ayrı olduğundan onların yerləşdiyi ümümi torpaq sahəsindən istifadə qaydalarını müəyyən etsinlər, giriş-çıxış ayrı olsun. Lakin, qeyd etdiyi kimi məhkəmədən kənar qaydada bu mümkün görünmür. Hesab edir ki, babasından miras qalmış torpaq sahəsinə dair hüquqi gözlənti olduğuna görə və həmin torpaq sahəsinə faktiki sahiblik və istifadə hüququnu uzun müddətdir ki, həyata keçirdiyinə görə qeyd olunan daşınmaz əmlakın bölgüsü və istifadə qaydalarının müəyyən olunması tələbi ilə məhkəməyə müraciət edə bilər və belə bir iddia əsaslı olduğundan təmin olunmalıdır.

3. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmuşdur.

4. Yazılı etirazda qeyd olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehə qarşı “torpaq sahəsinin faktiki istifadə edilmə qaydaları müəyyən edilməklə naturada bölgüsünün aparılması tələbinə dair” iddia ərizəsi tamamilə əsassız və qanunazidd hesab edir. Belə ki, iddiaçıların mübahisələndirdikləri və naturada bölgüsünün aparılmasını tələb etdikləri torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada nə onların, nə də onun adına sənədləşdirilməmişdir. Həmin torpaq sahəsinin, ümumiyyətlə torpaqayırma sənədləri mövcud deyildir. Sumqayıt şəhər keçmiş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1987-ci ildə X1 adına “Fərdi yaşayış fonduna aid fərdi yaşayış evinin Texniki Pasportu” tərtib edilmişdir ki, həmin Texniki Pasportda fərdi yaşayış evinin ölçüləri göstərilsə də, nə fərdi yaşayış evinə, nə də torpaq sahəsinə dair onun adına hər hansı hüquq müəyyənedici sənəd tərtib olunmamışdır. X1 ölümündən sonra onun faktiki istifadəsində olmuş və üzərində fərdi yaşayış evləri yerləşən sahəsi 1072 kvadrat metr olan torpaq sahəsi sonradan yerində bölünərək hər qardaşın faktiki istifadəsinə verilmiş torpaq sahəsində ayrı-ayrılıqda dörd ədəd fərdi yaşayış evləri inşa olunmuşdur. O cümlədən iddiaçıların yaşadıqları fərdi yaşayış evi ilə cavabdehin ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evi də yanaşı yerləşməklə müxtəlif torpaq sahələrində inşa edilmişdir. Sadəcə olaraq hələ mərhum atalarının sağlığında qoyulmuş darvazadan həyətə girərərək ümumi yoldan istifadə etməklə evlərinə daxil olmaq mümkündür ki, iddiaçılar məhz bu yoldan istifadəsini məhdudlaşdırmaq niyyətindədirlər. Halbuki, bu həyət vaxtı ilə atasının istifadəsində ümumi həyət olmuşdur ki, iddiaçıların istifadəsinin məhdudlaşdırmaq istədikləri ümumi yol da həyət daxilində yerləşməklə həmin vaxtdan istifadələrində olmuşdur. Nəzərə alınsa ki, iddiaçıların mübahisələndirdikləri torpaq sahəsinə hər hansı hüquq müəyyənedici sənədləri mövcud deyildir və torpaq sahəsi mərhum atalarının hüquq varisləri olaraq İddiaçı2 da daxil olmaqla dörd qardaş olaraq aralarında faktiki bölünmüşdür, iddiaçıların bu şəkildə iddia tələbləri ilə məhkəməyə müraciət etmələrinin hər hansı hüquqi əsasının olmadığı aydın olur. Sadəcə olaraq iddiaçılar onunla şəxsi zəmində ədavətləri ucbatından onun özünə məxsus olan və yaşadığı fərdi yaşayış evinə girişini əngəlləmək və onun həmin evdə yaşamasını mümkünsüz hala salmaqla həyətdən çıxmasına çalışırlar. Halbuki, onun yaşadığı evinə daxil olmaq üçün başqa yolu yoxdur və iddiaçıların bağlanılmasını tələb etdikləri yol hələ mərhum atasının istifadəsində olduğu vaxtdan həyət daxilində yerləşməklə ümumi istifadədə olan yoldur. Həmçinin, qeyd edilməlidir ki, iddia ərizəsində göstərilənlərin ziddinə olaraq iddiaçılar tərəfindən mübahisələndirilən torpaq sahəsinin paylı mülkiyyətdə olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçılar mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi kimi özlərini təqdim etsələr də, nə mülkiyyət hüququna dair müvafiq hüquq müəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmiş, nə də bu torpaq sahəsinin mərhum atasının mülkiyyətində olmasını təsdiq edən hər hansı sənədi üzə çıxara bilməmişlər. Halbuki, daşınmaz əmlak üzərində hüquqlar, o cümlədən torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirildikdən sonra yaranır. Tərəfindən torpağın hüquqi statusunun dəqiqləşdirilməsi ilə bağlı müvafiq dövlət qurumuna edilmiş şifahi müraciət zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi hal-hazırda dövlət mükiyyətində saxlanılan torpaq sahəsidir və bu torpağın iddiaçılara hər hansı aididyəti də yoxdur. Belə olan halda hesab edir ki, iddiaçıların sözügedən iddia tələbləri ilə bağlı məhkəməyə müraciət etməyə, ümumiyyətlə subyektiv hüquqları yoxdur. Göründüyü kimi, iddiaçılar tərəfindən mübahisələndirilən torpaq sahəsi ilə bağlı torpağın hüquqi statusuna uyğun olmayan şəkildə qanunsuz və ədalətsiz iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur.

5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-5718/2022 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddianın rədd edilməsi, İddiaçı2 tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməməsi nəticəsinə gələrkən hesab etmişdir ki, mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun mövcud olmaması və torpağın paylı mülkiyyətdə olmaması səbəbindən torpaq sahəsinin faktiki istifadə edilmə qaydaları müəyyən edilməklə naturada bölgüsünün aparılmasını tələb etmək hüquqları yarana bilməz.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3, 139.3, 146.2 və 152.1-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 66-cı maddəsinin 1-ci hissəsi, 66-cı maddəsinin 2-ci hissəsi və 68-ci maddələri və Mülki Prosessual Məcəllənin 124.2, 77.1, 14.2, 80, 106.1, 217, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(060)-5718/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarının təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: a) İddiaçı1, atası İddiaçı2 və digər ailə üzvləri (həyat yoldaşı və övladları) ilə birlikdə H.Z.Tağıyev qəsəbəsi, K.Perekeşkül küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşayırlar. Onlarla birlikdə həmin ünvanda Cavabdeh öz ailə üzvləri ilə birlikdə digər tikilidə (evdə) yaşayır. 1979-cu il tarixli və sonradan 1987-ci il tarixli texniki pasporta əsasən qeyd olunan fərdi yaşayış evinin hüquq sahibi mərhum X5 olmuşdur. Hal-hazırda torpaq sahəsi və onun üzərində inşa edilmiş tikilidən uzun müddətdir ki, fasiləsiz yaşayış evi kimi istifadə edilir və həmin tikiliyə və torpaq sahəsinə “qanuni gözlənti” mövcuddur. Birinci instansiya məhkəməsi tətbiq edilməli qanunvericilik normaları tətbiq etməmiş, tətbiq etdiyi qanunvericilik normalarını səhv təfsir etmişdir, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. İddiaçı1 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.

11. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.

12. Cavabdeh apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi.

13. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 14.3. əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.

15. Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

16. Maddə 146.2. daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

17. Maddə 152.1. mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

18. Maddə 55. hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

19. Maddə 66. 1-ci hissə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

20. Maddə 66. 2-ci hissə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

21. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Mülki Prosessual Məcəllə

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.

30. Beləliklə, məhkəmə kollegiyası müəyyən etdi ki, mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququ qeydə alınmamışdır. İddiaçıların mübahisə predmeti olan əmlaka münasibətdə hüquqi ixtiyara malik olması toplanmış və tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır. Bu isə iddiaçıların araşdırılan iddia ilə müraciət etmək hüququnu istisna edir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki,” subyektiv hüquq 3 elementin məcmusu kumu qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır.Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin,yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.

31. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliiyn tələblərinə görə ilk növbədə əmlak üzərində hüquqların qeydə alınması həyata keçirilməli, paylar müəyyən edilməli, bundan sonra ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Lakin, araşdırılan mübahisədən göründüyü kimi, iddiaçıların əmlak hüquqları qeyd alınmamaqla mübahisə predmeti olan əmlak paylı mülkiyyəti təşkil etmir.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Apellyasiya şikayətinin dəlillərinə birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilib.

34. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna edir.

35. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

36. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır.

37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı1 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-5718/2022 nömrəli qətnaməsi İddiaçı1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar