Məhkəmə qərarları › İş №2(105)-41/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-41/2023

19.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-41/2023 19.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X9 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(067)-1840/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər ər-arvad Cavabdeh2 və Cavabdeh1 sahibliyindən Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRXnin **********49-10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus Xaçmaz şəhəri,F. X. Xoyski küçəsində yerləşən 9A nömrəli ünvanında yerləşən 0,038 ha həyətyanı torpaq sahəsi və üzərindəki yaşayış evinin alınaraq istifadəsinə qaytarılması, cavabdehlərin ailə üzviləri ilə birlikdə oradan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-dən **********49-10301 reyestr saylı ********** qeydiyyat nömrəli çıxarışa əsasən Xaçmaz şəhəri, F.X.Xoyski küçəsində yerləşən 9A nömrəli ünvanında 0,038 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Qeyd olunan mülkü X3 satın almışdır. Onunla razılaşmalarına görə verdiyi etbarnamələr əsasında qeyd olunan əmlakı onun adına rəsmiləşdirməli və sonradan alqısatqı əsasında adına keçirməli idi. Cavabdehlər ər-arvad Cavabdeh2 və Cavabdeh1 X8 ilə şifahi razılaşmaya əsasən müvəqqəti olaraq xx.xx.2012-ci ilədək orada qalmalı idilər. Sənədləşmə 2019-cu ildə rəsmiləşdirildiyinə görə, yəni həmin mülk onun adına 2020-ci ildə keçdiyinə görə cavabdehlərə qarşı iddia qaldıra bilmirdi. O, əmlakı adına rəsmiləşdirəndən sonra X8 yaşadığı RF-nın Balaşiha şəhərindən cavabdehlərə rəsmi məktub göndərilərək şifahi razılaşma əsasında xx.xx.2012-ci il tarixədək evdə qalmalarına icazə verildiyini bildirməklə oradan çıxmalarını xahiş etmişdir. Lakin cavabdehlər həmin ünvandan çıxmamışlar və orada qalmaqda davam edirlər. 2018-ci ildə onların qeyd olunan ünvandan çıxarılması ilə bağlı polisə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. O, dəfələrlə cavabdehlərdən ona məxsus olan evdən çıxmalarını tələb etsə də, lakin onlar bildirmişlər ki, güya həmin əmlakı X2rdaşından alıblar. Halbuki, cavabdehlərin əllərində heç bir rəsmi sənəd yoxdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmlakın X1 heç bir aidiyyəti yoxdur və olmamışdır. Bu səbəbdən məhkəmənin gəldiyi nəticə mübahisəli evin əvvəlki mülkiyyətçisi X1 məxsus olduğu vaxtlardan cavabdhelərin istifadə hüquqlarının yaranması barədə nəticə tamamilə əsassızdır. Cavabdehlər həmin evə evin əvvəlki mülkiyyətçisi evi ona satan X5 tərəfindən müvəqqəti olaraq buraxılmışlar və müvəqqəti sakindilər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni evin mülkiyyətçisinin dəyişməsi həmin evdən istifadə hüququ olan şəxslərin oradan çıxarılması üçün əsas ola bilməməsi ilə əsaslandırmışdır. İddiaçı bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. DƏDRX-dən **********49-10301 reyestr saylı ********** qeydiyyat nömrəli çıxarışa əsasən Xaçmaz şəhəri, F.X.Xoyski küçəsində yerləşən 9A nömrəli ünvanında 0,038 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və yaşayış sahəsindən çıxarılma barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Bu maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Mülkiyyətin müdafiəsi konstitusion prinsipdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində bəyan edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. İşdən görünür ki, iddiaçının mübahisə predmeti təşkil edən əmlaka mülkiyyət hüququ olduğu halda, cavabdehlərin həmin mənzildə hər hansı bir hüququ mövcud deyil. İddiaçının isə əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından və onun bu hüququ mübahisələndirilmədiyindən, mülkiyyət hüququnun qeydiyyatı tamlığı prezumpsiyasına malik olduğundan, birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayaraq onun mülkiyyət hüququnun müdafiəsi tələbini əsaslı hesab etməmiş və iddianı rədd etmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzilə hüquq əldə etmədən həmin mənzildə qalması, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu mülkiyyət hüququndan doğan hüquqları həyata keçirməsinin qarşısını aldığından, cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb etməkdə iddiaçı haqlı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə qalması iddiaçının həmin əmlak üzərindəki mülkiyyət hüququnun həyata keçirilməsinin məhdudlaşdırıldığını qaçılmaz etdiyindən, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının mülkiyyətində olan Xaçmaz şəhəri, F.X.Xoyski küçəsində yerləşən 9A nömrəli ünvanında yerləşən 0,038 ha həyətyanı torpaq sahəsi və üzərindəki yaşayış evindən çıxarılmalıdırlar. İddia tələbinin cavabdehlərin ailə üzvlərinin çıxarılması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi konkret olmaqla, tələbin yönəldiyi şəxslər aydın və anlaşılan formada (kimliyi) dəqiq göstərilməlidir. İşdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. İddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir (Mülki Prosessual Məcəllənin 149.2.2.,149.2.3. maddəsi). Mülki Prosessual Məcəllənin 218.3. maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qanunun mənasına görə məhkəmə işdə iştirak edən şəxslərin verdikləri tələblərdən kənara çıxa bilməz və verilməyən tələblər üzrə qətnamə çıxara bilməz. Başqa sözlə məhkəmə yalnız həmin tələblərə baxmalı və yalnız həmin tələblər üzrə qətnamə çıxarmalıdır. Lakin qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi iddiaçı cavabdehlərin ailə üzvlərinin çıxarılmasını xahiş etsə də, həmin şəxslərin kimliyinin (ad, soyad və ata adlarını) konkret göstərməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbi iddia tələbinin cavabdehlərin ailə üzvlərinin çıxarılması hissəsində təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, F.X.Xoyski küçəsində yerləşən 9A nömrəli ünvanında 0,038 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evindən çıxarılsınlar. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar