Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-411/2021 05.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı Siyəzən Bələdiyyəsinin nümayəndəsi X2, Cavabdeh Abdulhəsən oğlunun iştirakı ilə, X1 Cavabdeh Abdulhəsən oğluna qarşı qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılması və yeri dəyişdirilmiş qapının əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(059)-47/2020 saylı qətnaməsindən Cavabdeh Abdulhəsən oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Siyəzən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(059)-47/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, 122 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Cavabdeh Abdulhəsən oğlu tərəfindən yeri dəyişdirilərək yeni açılmış həyətə giriş qapısı onun hesabına bağlanmaqla, köhnə qapı yerinin əvvəlki vəziyyətdə bərpa edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim B.Ələkbərov). Qətnamədən Cavabdeh Abdulhəsən oğlu apelyasiya şikayəti verərək, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(059)-47/2020 saylı qətnaməsinin qismən, yeri dəyişdirilmiş qapının əvvəlki vəziyyətə qaytarılmasına dair hissədə ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: X3 Namiq Abdulhəsən oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Siyəzən şəhəri, H. Əliyev küçəsi, 122 ünvanında yerləşən evinin qarşısındakı bələdiyyə mülkiyyətinə aid qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahəsinin geri qaytarılması, şəhərsalma və tikinti normalarını pozmaqla yeri dəyişdirilmiş həyətə giriş qapısının əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, məhkəmə gedişatında iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən həmin evin qarşısındakı bələdiyyə mülkiyyətinə aid 204,7 kv.metr torpaq sahəsinin geri qaytarılması və şəhərsalma, eləcə də tikinti normalarını pozmaqla yeri dəyişdirilmiş həyətə giriş qapısının əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Siyəzən Bələdiyyəsi iddiasını onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2019-cu il tarixdə Siyəzən rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Siyəzən şəhər, Heydər Əliyev küçəsi, 122 saylı evin qarşısındakı əraziyə baxış keçirilərkən həmin evin sakini olan cavabdehin həyətyanı sahəsinə giriş üçün nəzərdə tutulan dəmir darvazanı əvvəlki yerindən çıxararaq Heydər Əliyev küçəsinə tərəf olan hasarı sökməklə orada quraşdırdığı müəyyən edilmişdir. Həmin əraziyə onlar tərəfindən baxış keçirilmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur. Qeyd edilən dəyişikliyi etmək üçün cavabdehin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Belə ki, həyətə giriş qapısı həyətyanı sahənin şimal tərəfindəki yan divarında nəzərdə tutulub və onun yerinin özbaşına dəyişdirilməsi şəhərsalma və tikinti normalarının pozuntusu hesab olunur. Bundan əlavə, cavabdehin həyətyanı sahəsinin 204,7 kv.metr hissəsinin bələdiyyə mülkiyyətinə aid olduğu və onun tərəfindən zəbt olunaraq qanunsuz istifadə edildiyi məlum olmuşdur. Cavabdehdən bu qanunsuzluqlara son qoyulması o, cümlədən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahəsinin geri qaytarılması, eləcə də şəhərsalma və tikinti normalarını pozmaqla yeri dəyişdirilmiş həyətə giriş qapısının əvvəlki vəziyyətinə gətirilməsi tələb olunmuşdur. Belə ki, bu formada dəyişiklik aparılması üçün rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müvafiq razılığı olmalıdır. Lakin, cavabdeh edilən müraciətlərə əhəmiyyət verməyərək, onların tələblərini qəsdən bu günədək icra etmir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh Abdulhəsən oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə bir sıra maddi və prosessual hüquq normaları pozulmaqla və düzgün tətbiq olunmamaqla çıxarıldığından həmin qətnamə qanunsuzdur. O, qeyd olunan ünvanda 1976-cı ildən yaşayır. Yaşadığı evə dair onun adına RX ******* saylı reyestrdən çıxarış və texniki pasport tərtib edilmişdir. Siyəzən Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsinin, MTB-nin müdirinin, eləcə də Siyəzən bələdiyyəsinin mühəndisinin iştirakı ilə xx xxxxxxx 2019-cu il tarixdə tərtib edilmiş aktdan onun xəbəri olmamışdır. Qoyduğu dəmir darvaza qanunsuz əsaslarla qoyulmamışdır, ondan başqa qonşuların da bu cür darvazaları vardır. Zəbt edilmiş 200 kv.metr torpaq sahəsi isə 43 ildir ki, onun istifadəsindədir. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə qismən, yeri dəyişdirilmiş qapının əvvəlki vəziyyətə qaytarılmasına dair hissədə ləğv olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh Abdulhəsən oğlu şikayətini müdafiər edərək onun təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, artıq istifadə etdiyi torpaq sahəsi 43 ildir onların istifadəsindədir. Bütün qonşularında da eyni vəziyyətdir. Yəni bütün qonşular eyni cərgə üzrə artıq torpaq sahəsindən uzun illərdir ki, istifadə edirlər və ondan başqa hamısının giriş qapısı H.Əliyev prospektinə aşılır. O, dəfələrlə artıq torpaq sahəsinin ona satılmasını təklif etsə də bələdiyyə müxtəlif bəhanələrlə bunu uzadır. Halbuki, mövcud qanuna görə həmin torpaq sahəsi ona satılmalıdır. O, özü vergi ödəyicisidir, vətəndaşlara öz şəxsi avtobusu ilə sərnişindaşıma xidməti göstərir. Yaşadığı evin ilk giriş qapısı dalana açıldığından avtobusunu orada saxlaya bilmirdi. Yol bağlandığına görə qonşuların ciddi narazılığı olmuşdu. O, səbəbdən də hamı kimi o da giriş qapısını mərkəzi küçəyə açdı və indi abtobusunu rahat saxlaya bilir. Heç kimə də mane olmur, o cümlədən bələdiyyəyə. Məhkəmə kollegiyasının iclasında İddiaçı Siyəzən Bələdiyyəsinin nümayəndəsi X4 şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. Əlavə etdi ki, cavabdehin artıq istifadə etdiyi torpaq sahəsini bələdiyyə başqa şəxsə yox, ona satmaq istəyir. Çünki, qanuna görə həmin torpaq sahəsini geri qaytarmaq mümkün deyilsə torpağı tutmuş şəxsə satılmalıdır. Lakin cavabdehin rəsmi müraciəti olmamışdır. Rəsmi müraciət etdiyi vaxt bələdiyyə üzvləri tərəfindən bu məsələ müzakirə oluna bilər. Lakin nə qədər ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətindədir, oradan yola giriş qapısı açmaq qanunsuzdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən xx xxx 2014-cü il tarixdə verilmiş RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, H.Əliyev küçəsindəki 122 nömrəli ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi, eləcə də onun üzərindəki fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Cavabdeh Abdulhəsən oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yenə işdə olan Siyəzən Bələdiyyəsinin xx xxxxxxx 2019-cu il tarixli, 374 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Daşınmaz Əmlakın Reyestri Xidmətində olan baza məlumatlarına əsasən giriş qapısı həyətyanı sahənin şimal tərəfə olan yan divarında göstərilmişdir. Belə bir dəyişikliyi aparmaq üçün rayon İcra Hakimiyyətinin MTB-nin müvafiq razılığı olmalıdır. Bundan əlavə, cavabdehə məxsus həyətyanı sahənin aşağı tərəfində qanunsuz olaraq istifadə etdiyi bələdiyyə mülkiyyətinə aid 200 kv.metr torpaq sahəsi vardır ki, bu ərazidə heç bir tikinti-quraşdırma işləri aparmağa ixtiyarı yoxdur. Lakin, qeyri-iş günü olmasından istifadə edilərək yük maşınlarını hasarın bələdiyyə mülkiyyətinə aid olan hissəsinin qarşısında saxlayıb gizli şəkildə 30-40 il bundan qabaqkı həyətyanı sahənin giriş qapısını heç bir əsas olmadan əvvəlki yerindən çıxarıb bələdiyyə mülkiyyətinə aid hissədə quraşdırılmışdır. Bu ciddi qanun pozuntusudur. Odur ki, qısa müddət ərzində darvazanın əvvəlki yerinə qaytarılması tələb edilmişdir. İşə əlavə edilmiş Siyəzən Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsinin, MTB-nin müdirinin, eləcə də Siyəzən bələdiyyəsinin mühəndisinin iştirakı ilə xx xxxxxxx 2019-cu il tarixdə tərtib edilmiş aktdan görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə H. Əliyev küçəsi, 122 saylı evin qarşısındakı əraziyə baxış keçirilərkən həmin evin sakini Cavabdeh həyətyanı sahəsinə giriş üçün nəzərdə tutulan dəmir darvazanı əvvəlki yerindən çıxararaq H.Əliyev küçəsinə tərəf olan hasarı sökməklə onun tərəfindən orada quraşdırdığı, həmçinin, qeyd olunan dəyişikliyi etmək üçün onun heç bir hüquqi sənədinin olmadığı müəyyən edilmişdir. Belə ki, həyətə giriş qapısı həyətyanı sahənin şimal tərəfindəki yan divarından nəzərdə tutulmuş və onun yerinin özbaşına dəyişdirilməsi qanun pozuntusu hesab olunmuşdur. Bundan əlavə, həyətyanı sahənin 200 kv.metrə yaxın hissəsi bələdiyyə mülkiyyətinə aid olduğu və cavabdeh tərəfindən zəbt olunaraq qanunsuz istifadə edildiyi aşkar edilmişdir. Yenə işə əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı X5 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş **********24 nömrəli məktuba əlavə edilmiş rəydən görünür ki, göstərilən torpaq sahəsinə dair ləğv edilmiş keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Kod 30501004, JN-1222 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Həmin şəhadətnamə əsasında 0,05 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Mülkiyyət hüququnun qeydiyyata alınma prosesində əraziyə baxış keçirilən zaman cavabdehin ümumi istifadəsində 0,07047 ha torpaq sahəsinin olduğu müəyyən olunmuşdur. Bunun 0,05 ha hissəsi vətəndaşın mülkiyyətində 0,02047 ha istifadəsində olmuşdur. Fərdi yaşayış evinə dair texniki pasportda bununla bağlı məlumat öz əksini tapmışdır. xx xxxxxx 2019-cu il tarixində əraziyə təşkil olunmuş birgə müayinə zamanı hazırda qoyulmuş giriş qapısının (həyət darvazası) cavabdehin mülkiyyətindən kənarda istifadəsində olan 0,02047 ha torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. İşdəki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxx 2020-ci il tarixli, **********34 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 4090 saylı rəyindən görünür ki, Siyəzən şəhəri, H. Əliyev küçəsindəki 122 saylı evin qarşısında yerləşən və mübahisə predmetini təşkil edən 0,02047 ha torpaq sahəsi DƏDRX tərəfindən Cavabdeh Abdulhəsən oğlunun mülkiyyətinə verilmiş **********00-10301 reyestr nömrəli texniki pasportda zəbt kimi göstərilmişdir və cavabdehin faktiki istifadəsindədir. Mübahisənin predmetini təşkil edən 0,02047 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə məxsusdur. Həmçinin, rəydən görünür ki, Siyəzən şəhəri, H.Əliyev küçəsindəki 122 saylı evin qarşısında yerləşən və Cavabdeh Abdulhəsən oğlunun mülkiyyətindən kənar istifadəsində olan mübahisənin predmetini təşkil edən 0,02047 ha torpaq sahəsi təyinatı üzrə yaşayış məntəqəsi torpaqlarına aiddir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddianın təmin edilməmiş hissəsindən şikayət verilmədiyi üçün o hissədə araşdırma aprmır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, iş üzrə tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli və iddia həmin hissədə də təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Siyəzən şəhəri, H. Əliyev küçəsində yerləşən 122 nömrəli fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi 1970-ci ildən etibarən əvvəlcə Cavabdeh atasının, sonra onun istifadəsində olmuşdur. Həmin torpaq sahəsi sənəd üzrə 0,05 ha göstərilsə də faktik olaraq 0,07047 ha-dır. xx xxx 2014-cü il tarixdə Siyəzən şəhəri, H.Əliyev küçəsindəki 122 nömrəli ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi, eləcə də onun üzərindəki fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Cavabdeh Abdulhəsən oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehin izahatına əsasən hazırda iddiaçı tərəfindən sökülməsi tələb olunan hasar mərhum atası Abdulhəsən Səmədov tərəfindən 1980-ci ildə inşa etdirilsə də, giriş qapısı onun tərəfindən 2019-cu ilin sentyabr ayında qoyulmuşdur. Cavabdeh bu hərəkətini vergi ödəyicisi olduğu, vətəndaşlara öz şəxsi avtobusu ilə sərnişindaşıma xidməti göstərdiyi, yaşadığı evin ilk giriş qapısı dalana açıldığından qonşuların sərbəst gediş-gəlişinə mane olduğundan avtobusunu orada saxlaya bilməməsi ilə əsaslandırır. İddiaçı isə cavabdehin icazə almadan özbaşına giriş qapısının yerinin dəyişdirdiyi üçün sökülməli olduğunu iddia edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinə istinad edərək iddianı cavabdehin Siyəzən şəhəri, H. Əliyev küçəsi, 122 ünvanında yerləşən evinin qarşısındakı bələdiyyə mülkiyyətinə aid qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahəsinin geri qaytarılması hissəsində təmin etməmişdir. İddiaçı məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmış və ondan apelyasiya şikayəti verməmişdir. Başqa sözlə, cavabdehin qeyd edilən torpaq sahəsinə faktiki istifadə hüququ tanınmaqla daha öncə istinad olunan maddi hüquq normasına əsasən həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməli olması müəyyən edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.4-cü maddəsinin tələblərinə görə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən xx xxx 2014-cü il tarixdə Siyəzən şəhəri, H.Əliyev küçəsindəki 122 nömrəli ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh Abdulhəsən oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi həmin torpaq sahəsi əvvəlcə cavabdehin atasının, sonra isə özünün istifadəsində olmuşdur. İşdə olan yaşayış evinin texniki pasportundan məlum olur ki, cavabdehə məxsus yaşayış evi, o cümlədən hazırda giriş qapısının yeri dəyişdirilmiş hasar 1986-cı ildə inşa olunmuşdur. Daha öncə istinad olunan maddənin əsas dispozitiv şərtindən göründüyü kimi cavabdehin mülkiyyətində olan 0,05 ha torpaq sahəsindən artıq istifadə etdiyi 0,02047 ha torpaq sahəsi də həmin hüquq əsasında onun adına rəsmiləşdirilməlidir. Başqa sözlə. cavabdehin mülkiyyətində olan torpaq sahəsindən artıq istifadə etdiyi torpaq sahəsinin onun mülkiyyətinə verilməli olması qanunla müəyyən edilmişdir. Onun bu hüququnu bu və ya digər səbəbdən (hüququnu bilməməsi, səlahiyyətli orqanların maneçiliyi və s.) vaxtında gerçəkləşdirməməsi onu bu hüquqdan mərhum etmir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi cavabdehin Siyəzən şəhəri, H. Əliyev küçəsi, 122 ünvanında yerləşən evinin qarşısındakı bələdiyyə mülkiyyətinə aid qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahəsinin geri qaytarılması hissəsində iddianı təmin etməməkdə haqlı olsa da, yeri dəyişdirilərək yeni açılmış həyətə giriş qapısının bağlanmaqla, köhnə qapı yerinin əvvəlki vəziyyətdə bərpa edilməsi hissəsində haqlı olmamışdır. Belə ki, daha öncə qeyd olunduğu kimi qanun cavabdehin mülkiyyətində olan torpaq sahəsindən artıq istifadə etdiyi torpaq sahəsinin də mülkiyyətinə keçirmək hüququnu tanımışdır. Cavabdeh həmin torpaq sahəsinin faktiki istifadəçisidir. İşə baxan məhkəmə iddianı qeyd edilən hissədə təmin edərkən aşağıdakı maddi hüquq normalarına istinad etsə də onları səhv təfsir etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin İ hissəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Bu Məcəllənin 82-ci maddəsinə əsasən torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək; torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək; torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etmək; torpaq vergisini və ya icarə haqqını vaxtında ödəmək; başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq; torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziya-istinadməntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq; torpağın istifadəsi vəziyyətinə dair müəyyən edilmiş məlumatları müvafiq orqanlara vaxtında vermək; qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin borcudur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; təhlükəsizliyin təmin edilməsi; ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi; şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi; tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması; ictimaiyyətin məlumatlandırılması prinsipləri əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Əvvəla, giriş qapısı daşınmaz əmlak deyildir. Onun tamlığına xələl gətirmədən sökülməsi mümkün olan əmlakdır. Cavabdehin mülkiyyətində olan yaşadığı fərdi yaşayış evinin həyətinə giriş qapısı qoyması kimi hərəkəti hazırki halda Mülki Məcəllənin özbaşına tikinti və onun nəticələrini tənzimləyən normalarının təsiri altına düşmür. Digər tərəfdən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinə əsasən cavabdehin özünə məxsus hasarı sökməsi, tikməsi, ora giriş qapısı yerləşdirməsi üçün icazə tələb olunmur. İddiaçı cavabdehə məxsus giriş qapısının sökülməsini tələb etməkdə sübyektiv hüquqa malik olmadığı kimi, onun hansı zərurətdən yarandığını da əsaslandıra bilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən, o cümlədən izahatlardan göründüyü kimi cavabdehlə qonşu evlərin də giriş qapıları cərgə ilə eyni küçəyə açılır. Belə olan halda cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquq və maraqlarının, eləcə də kənar kiminsə hüquqlarını pozması halı təsdiq olunmur. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallar barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Halbuk, AR MPM-nin 77-ci maddəsinə əsasən hazırki halda sübutetmə yükü onun üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlara əsasən apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi dövlət rüsumu özünə aid edilməli, cavabdehin apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 10,40 manat dövlət rüsumu iddiaçıdan alınaraq ona verilməli, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 67,20 manat tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(059)-47/2020 saylı qətnaməsi, Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, 122 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Cavabdeh Abdulhəsən oğlu tərəfindən yeri dəyişdirilərək yeni açılmış həyətə giriş qapısının onun hesabına bağlanmaqla, köhnə qapı yerinin əvvəlki vəziyyətdə bərpa edilməsi, hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia təmin olunmasın. Qətnamə, iddianın Siyəzən şəhəri, H. Əliyev küçəsi, 122 ünvanında yerləşən evin qarşısındakı bələdiyyə mülkiyyətinə aid qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahəsinin geri qaytarılmasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi dövlət rüsumu özünə aid edilsin. Cavabdehin apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 10,40 manat dövlət rüsumu iddiaçıdan alınıb ona verilsin. Keçirilmiş məhkəmə tikinti-texniki və torpaq sahəsinin inventarlaşdılması ekspertizalarının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul iddiaçı Siyəzən Bələdiyyəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına, 67,20 manat tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına köçürülsün. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-411/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-411/2021
05.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver