Məhkəmə qərarları › İş №2(105)-411/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-411/2022

31.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-411/2022 31.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X6 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdehlərin nümayəndəsi və vəkili: Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı torpaq sahəsində payların naturada ayrılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli 08 iyun 2020-ci il tarixli çıxarışına əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 0,0537 ha torpaq sahəsinə 1/3 hissədə payı müəyyən edilməsi və 1/3 hissədə pay «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/536 saylı 08 may 2021-ci il tarixli ekspert rəyinə əlavə edilmiş sxem əsasında naturada ayrılması, iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərclərinin X1 Kəmalə Bəhram qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, HesabAZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli 08 iyun 2020-ci il tarixli çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 0,0537 ha torpaq sahəsindən ona düşən payın ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli 08 iyun 2020-ci il tarixli çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 0,0537 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 72.9 kv.m ev paylan ümumibirgə olmaqla ona və qohumlarının, M.B.İsmayılov və Cavabdeh2 adına qeydə alınmışdır. Həmin torpaq sahəsi və evdə paylar müəyyən olunsa da o, cavabdehlərin yaratdığı manelərə görə nə fərdi yaşayış evində yaşaya, nə də torpaq sahəsindən istifadə edə bilir. O, dəfələrlə cavabdehlərə ona düşən payının naturada ayrılıb verilməsini xahiş etsə də, cavabdehlər ona torpaq sahəsi düşmədiyini, ona görə torpaq sahəsi verilmədiyini bildirmişlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh M.B.İsmayılov və qeyrisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Qətnamədə göstərilir ki, məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Aynurə İsmayılova iddia tələbini qəbul etmişdir. Əslində isə belə deyil. Göstərilən torpaq sahəsinin naturada ayrılması həmin hissəyə giriş-çıxışın təmin olunmasının mümkün olmaması səbəbindən mümkün deyil. Ekspert rəyində göstərilən qaydada torpaq naturada ayrılarsa, həmin hissəyə giriş-çıxışın təmin olunması qeyrimümkündür. Torpaq sahəsi bu qaydada naturada ayrılarsa, bu halda İddiaçı öz torpaq sahəsinə onlara düşən torpaq sahəsindən keçib getməli olacaq ki, bu da onların mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxaracaq. Təkrar ekspertiza təyin edilsə, bu halda sübut olunacaq ki, İddiaçı məxsus torpaq sahəsinin naturada ayrılması həmin hissəyə ayrı girişin təmin olunmasının mümkün olmaması səbəbindən mümkün deyil. İddiaçı guya onların ona torpaq sahəsindən istifadə etməyinə maneə olmaqlarına göstərməsi həqiqətə uygun deyil. İddiaçı onların əmisidir, 2005-ci ildə ataları uşaq olarkən vəfat etmişdir. İddiaçı müxtəlif yollarla əllərindən almaga çalışır. Onun ünvan 2 ünvanında 4 otaqlı ümumi sahəsi 147 kv.metr olan, 2 mərtəbəli, 4 sot torpaq sahəsində yerləşən evi vardır. Məhkəmədə İsmayılov Məmmədəlinin iştirakı təmin olunmamışdır. Məhkəmə tərəfindən bir çox maddi və prosessual hüquq normalarını pozmuşdur. Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(027)-229/2021 saylı qətnaməsini ləğv edib, iddiaçının iddiasının rədd olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, mübahisə olunan torpağın ekspert rəyi ilə sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh M.B.İsmayılov və qeyrisinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 08 iyun 2020-ci il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin 1\4 hissə torpaq sahəsi ümumi birgə X2, ¼ hissə torpaq sahəsi ümumi birgə Cavabdeh2 və ½ hissə torpaq sahəsi ümumi birgə olmaqla hüquqi sahibləri arasında payları müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/536 saylı 08 may 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0537 ha torpaq sahəsinin yerləşmə vəziyyətinin tecniki pasport sənədə uygun olmasını, mülkiyyətdə olan torpaq sahəsi şimal tərəfdən (yaşayış evinin arxa hissəsi) və cənub tərəfindən yol ilə sərhəd olmasını, üzərində olan tikilərin yerləşmə vəziyyətini nəzərə alaraq həmin torpaq sahəsindən 1/3 hissənin naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün torpaq sahəsinin yol ilə sərhəddinin cənub-şərq tərəfindəki küncündən yol ilə sərhəd boyu 13,8 metr məsafədən sonra şimal istiqamətə 12,6 metr uzunlugunda, torpaq sahəsinin cənub-şərq tərəfindəki küncündən şimal istiqamətinə 14 metr məsafədən sonra qərb istiqamətinə 13,55 metr uzunluqda sərhəd hasarı çəkilməlidir. Qeyd olunanları nəzərə alaraq, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 08 iyun 2020-ci il tarixli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0,0537 ha torpaq sahəsindən İddiaçı payına düşən 1/3 hissənin naturada ayrılması texniki cəhətdən mümkündür. Torpaq sahəsinin ayrılması variantı rəyə əlavə edilmiş sxemdə ətraflı göstərilmişdir. İddianın əsaslı olub-olmaması ilk növbədə iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar əsasında iddia tələbinin özlüyündə əsaslılıgının yoxlanılmasını zəruri edir. Bunun üçün ilk növbədə tələbin qanuni əsası tapılmalıdır. İddianın qanuni əsası dedikdə, qanunun elə bir müddəası dispozisiya şərtləri olduqda bir tərəfə, qarşı tərəfdən icranı, müəyyən hərəkətin edilməsini və ya həmin hərəkətdən çəkinməyi tələb etmək imkanı verir. Yəni qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün. İddia tələbinin qanuni əsası tapıldıqdan sonra iddiaçının dəlilləri ilə iddianın qanuni əsasını təşkil edən hüquq normasının dispozisiya şərtlərin uyğunluğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir nesə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyətinin mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllıgının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadıgı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Mülki Məcəlləsinin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddi ilə bağlı mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki məhrələlərin qeyri-mümkün oldugu müəyyən edilməlidir. Odur ki, məhkəmə kollegiyası cavabdehlərin iş üzrə düzgün qərar qəbul edilməməsi barədə dəlili qəbul etmir. Azərbaysan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Həmin Məsəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh X4 və qeyrisinin apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə 17 iyun 2021-ci il tarixli 2(027)-229/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar