Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-412/2025 19.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-503/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları-xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 ilə birlikdə mülkiyyətində olan ünvan 1 evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-503/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraatın Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iddiaçı X6 oğlunun Cavabdeh qarşı “nikahın pozulması tələbi”nə dair 2(060)-6652/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər dayandırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı gəlini olmaqla, iddiaçının razılığı ilə sözügedən ünvana köçmüşdür. Eyni zamanda, iddiaçının oğlu ilə cavabdeh arasında bağlanılmış nikah pozulmamış və iki yetkinlik yaşına çatmayan övladları vardır. İddiaçının mənzildən çıxarılmasını tələb etdiyi xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 iddiaçının nəvələridir. Onlardan xx.xx.2015-ci il təvəllüdlü X3 atasının yaşayış yeri üzrə ünvan 1 ünvanda qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)6652/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X6 oğlunun Cavabdeh qarşı “nikahın pozulması tələbi”nə dair mülki iş üzrə tərəflərin barışması üçün 3 ay müddət müəyyən edilməklə işə baxılması xx.xx.2025-ci il tarixə, saat 10:00-a təxirə salınması qərara alınmışdır. Boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığı müəyyən edilməli olduğundan, bu hal nəzərə alınaraq digər iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər icraatın dayandırılması məqsədəmüvafiqdir. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-503/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə icraatın dayandırılması-məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İddiaçının oğlu ilə gəlini arasında nikahın pozulmasına dair mübahisənin olması hazırkı iş üzrə icraatın dayandırılması üçün əsas ola bilməz. Məhkəmə iş üzrə icraatı dayandırmaqda o halda haqlı ola bilərdi ki, həmin nikahın pozulmasına dair iş üzrə qərarın qəbul edilməsi iddiaçının öz gəlinini və nəvələrini mənzildən çıxarması üçün hər hansısa bir əhəmiyyət kəsb etsin. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir. Onun hüququ vardır ki, ailə üzvləri olmayan şəxsləri öz mənzilindən çıxarsın. Digər iş hər nə cür yekunlaşsa belə onun bu hüquqlarını həyata keçirməsinə maneə olmayacaqdır. Mənzildən çıxarılma tələbinə dair işin iddiaçıya heç bir aidiyyəti olmayan nikahın pozulması tələbinə dair işlə əlaqələndirilməsi, iddiaçının yetkinlik yaşına çatmayan nəvəsinin kimin yanında qalmasının müəyyən edilməsinin bu işlə bağlılığının heç bir hüquqi əsası yoxdur. İş üzrə icraatın dayandırılması o halda əsaslı ola bilərdi ki, hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Hazırkı işə baxılmasının mümkünsüzlüyünü müəyyən edən hal kimi məhkəmənin istinad etdiyi hal əsas ola bilməz. Gəlinin iddiaçının oğlu ilə nikahda olub-olmamasının onun iddiaçının tələbi ilə evdən çıxarılmasına heç bir təsiri yoxdur. Ola bilərdi ki, iddiaçının oğlu nikahın pozulmasına dair iddia qaldırmamış olsun. Belə olan halda da iddiaçının bu hüququ istisna olunmayacaqdı. Nikahın pozulmasına dair qərarla iş üzrə preyudisial əhəmiyyət kəsb edən heç bir fakt müəyyən edilməyəcəkdir. Uşağın kimin himayəsində qalmasının hazırkı iş üzrə iddianın təmin olunub-olunmamasına beç bir aidiyyəti yoxdur. 2009-cu ilin oktyabr ayının 1-dən sonra yaranan hüquq münasibətlərinə şamil edilən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Göründüyü kimi yetkinlik yaşına çatıb-çatmamasından asılı olmayaraq nəvələrin heç bir halda mənzilə istifadə hüququ yoxdur və iddiaçıya tam əsas verir ki, onların evdən çıxarılmasına dair tələb irəli sürsün. Belə olduğu təqdirdə nikahın pozulması və uşaqların himayədə qalması tələbinin hansı nəticə ilə təmin olunması hazırkı işlə tamamilə əlaqəsizdir. Odur ki, iş üzrə icraatın dayandırılması işin süni formada uzadılması, süründürməçiliklə nəticələnəcəyi üçün qərardad ləğv edilməlidir. Məhkəmə iki hazırlıq iclasından sonrakı baxış iclası keçirilərkən iş üzrə icraatın dayandırılması qənaətinə gəlmişdir. Halbuki nikahın pozulması ilə bağlı başqa hakimin icraatında işin olması faktı məhkəməyə hazırlıq iclasında da bəlli idi. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-503/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-503/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı 2(060)-503/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin tələbinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Göründüyü kimi iş üzrə icraatın dayandırılması o halda həyata keçirilir ki, başqa iş həll edilməyincə işə baxılması mümkün olmasın. Hazırkı iş üzrə isə qeyd olunan halın mövcudluğu istisna olunmaqdadır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. İşin hallarından göründüyü kimi iddiaçı xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 valideynlərindən yalnız ana Cavabdeh qarşı evdən çıxarma tələbinə dair iddia qaldırılmışdır ki, uşaqların atası da mübahisəli evdə yaşamaqdadır. İddia tələbinin cavabdeh anaya münasibətdə təmin edilib-edilməməsindən asılı olmayaraq isə qanunvericiliyin tələbinə əsasən uşaqların həm analarının, həm də atalarının yanında qalmaq hüquqları vardır ki, anaya münasibətdə iddianın təmin ediləcəyi və məhkəmə aktı qanuni qüvvəsini alaraq icra ediləcəyi təqdirdə onun uşaqlarını özü ilə aparması və ya atanın yanında qoyması valideynlərin iradəsində asılı olan bir hal olacaqdır. Belə olduğu təqdirdə iddiaçının cavabdeh olan gəlini ilə oğlu arasındakı nikahın pozulması tələbinə dair mülki iş üzrə həll ediləcək hər hansı bir məsələnin hazırkı iş üzrə əhəmiyyəti mövcud olmur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən əsasa görə iş üzrə icraatın dayandırılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız və qanunsuz olmuşdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-503/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı 2(060)-503/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-503/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı 2(060)-503/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-412/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-412/2025
19.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver