Məhkəmə qərarları › İş №2(105)-413/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-413/2024

18.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-413/2024 18.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasına qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının nümayəndəsi Vəkil2 (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2277/2022 nömrəli qətnaməsindən cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçası tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı xx.xx.2003-cü ildən Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evində sanitar-dayə vəzifəsində işləyir.

2. Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının Həmkarlar ittifaqı komitəsinin 23 nömrəli xx.xx.2021- ci il tarixli iclas protokolundan görünür ki, 63 saylı körpələr evi- uşaq bağçasının sanitar dayəsi İddiaçı heş bir üzürlü səbəb bildirmədənişə gəlmədiyinə və onunla istifadəsində olan mobil nömrəsi ilə əlaqə saxlamağa cəhd olunsa da, zənglər cavabsız qaldığına görə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir.

3. Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2021ci il tarixli əmrinə əsasən, 63 saylı körpələr evi- uşaq bağçasının sanitar dayəsi İddiaçı xx.xx.2021-ci il tarixindən AR ƏMnin 70-ci maddəsinin “ç” bəndinə, yaxud bu Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmiş, istifadə etmədiyi əmək məzuniyyəti dövrü üçün ( 5 noyabr 2021-ci il tarixindən – 20 dekabr 2021-ci il tarixinədək olan müddətdə) iki təqvim günü son haqq hesablanmasının və ödənilməsinin təmin edilməsi əmr edilmişdir.

4. “Sumqayıt Tibb Mərkəzi” X13 2 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən İddiaçı müraciəti əsasında xx.xx.2021 ci il tarixindən ******* nömrəli X4sı vərəqəsi açılmış və xx.xx.2022 ci il tarixində bağlanaraq ona təqdim olunmuşdur.

5. “Sumqayıt Tibb Mərkəzi” X13 2 nömrəli xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli 147 saylı məktubundan görünür ki, xəstə İddiaçı xx.xx.2021-ci il tarixdə poliklinikanın nevroloji kabinetinə müraciət etmiş, həkim müayinəsindən keçmiş və heç bir xəstəlik aşkar olmadığı üçün X4sı vərəqəsi açılmamışdır

6. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X3 Günay Valeh qızına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, onun İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlandığı şikayət xarakterli müraciəti əsasında “Sumqayıt Tibb Mərkəzi” X13 rəhbərliyi öz səlahiyyəti daxilində araşdırma aparmış və nəticəsi barədə məlumatda göstərilmişdir ki, Sumqayıt şəhər 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinə İddiaçı xəstəliyi ilə əlaqəli müraciəti olmuş və ona “Boyun Osteoxondrozu”diaqnozu qoyulmuşdur, onun xəstəliyinin gedişatına uyğun olaraq xx.xx.2021 ci il tarixindən ******* nömrəli X4sı vərəqəsi açılmış və xx.xx.2022 ci il tarixində bağlanaraq ona təqdim olunmuşdur.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, onun X4sı haqqında SN 0007 seriyalı, ******* nömrəli vərəqə olduğundan əmək müqaviləsinə Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri pozularaq xitam verildiyindən və son haqq hesabı ödənilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən 63 saylı körpələr evi uşaq bağçasınin rəhbərliyi barəsində İnzibatı Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə müvafiq olaraq xx.xx.2022-ci il tarixli MN ******* nömrəli İnzibatı Xəta haqqında protokol tərtib edilmişdir.

8. Sumqayit Şəhər Məhkəməsinin 3(060)-471/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının müdiri X8 tərəfindən verilmiş şikayət təmin olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-217/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli MN № ******* №li inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə Barəsində inzibati xəta haqqında icraat aparılan X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının xx.xx.2021-ci il tarixli, 151 №-li əmrinin ləğv edilərək onun işə bərpa olunması və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Vəkil1 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin əsl cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi - uşaq bağçası ilə əvəz olunmasını xahiş etmişdir.

11. İddiaçı tələbi belə əsaslandırılmışdır ki, o, xx.xx.2003-cü il tarixdən Sumqayıt şəhər Təhsil Şöbəsi 63 saylı körpələr evi uşaq bağçasında sanitar dayə kimə işə qəbul olunmuşdur. Həmin tarixdən də həmin bağçada 1 stavka sanitar dayə kimi işləmişdir. xx.xx.2018-ci il tarixdə analıq məzuniyyətə çıxmışdır. Belə ki, xx.xx.2018-ci il tarixdə qızı X11 anadan olmuşdur. Bağçanın keçmiş rəhbərliyinin təkidi ilə yazdığı ərizə əsasında xx.xx.2020-ci il tarixdə yenidən analıq məzuniyyətindən işə geri qayıtmışdır. Sonradan rəhbərlik ilə aralarında olan anlaşılmazlıq nəticəsində yenidən xx.xx.2020-ci il tarixdən analıq məzuniyyətinə geri dönmüşdür. Artıq xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin müvafiq əmri ilə X8 63 saylı körpələr evinə yeni müdir təyin olunmuşdur. O, da xx.xx.2021-ci il tarixdən analıq məzuniyyətindən işinə geri dönərək 0.5 stavka sanitar dayə kimi işə başlamışdır. Lakin yeni rəhbərliyə 1 stavka ilə bərpa olunmağını xahiş etmişdir. Rəhbərlik əlavə ştat olmadığını bəhanə gətirərək müraciətini nəzərə almamışdır. Lakin o, 19 il stajına əsaslanaraq sadəcə 1 stavka ilə işləmək istədiyini, yəni stavkasının bərpa olunmasını xahiş etmişdir. Müdiriyyət tərəfindən təhqirlərə məruz qalmışdır. Daha sonra AR ƏƏSMNnin 142 qaynar xəttinə bu şikayəti ilə bağlı müraciət etmişdir. Nazirlik tərəfindən AR ƏƏSMN yanında X6 xidməti Sumqayıt Regional Ərazi Şöbəsinə yönləndirilmişdir. İlk müraciətini xx.xx.2021-ci il tarixdə yazmışdır. Lakin müraciət etdikdən 30 gün sonra cavab veriləcəyi bildirilmişdir. O, xx.xx.2022-ci il tarixdə yeindən ərizə ilə müraciət etmişdir. X6 xidmətinin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubu ilə ona cavab verilmişdir. Həmin cavab məktubunda 63 saylı körpələr evi uşaq bağçasının X6 xidmətinə cavab vermişdir ki, vakant ştat olmadığından 1 stavka ilə sanitar dayə vəzifəsinə keçirilə bilmədiyi, vakant sanitar dayə ştatı olduğu zaman 1 stavka ilə təmin olunacağı bildirilmişdir. Həmçinin bağçanın rəhbərliyi tərəfindən X6 Xidmətinə AR Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə əsasən qeyri-qanuni şəkildə töhmət olunduğu barədə məlumat da verilmişdir. Belə ki, həmin töhmət rəhbərlik və bağçanın metodisti tərəfindən ona qarşı qərəzli şəkildə qeyri-qanunu yazılmış töhmət olmuşdur. Həmin töhmət onun uşaqlarla və işçilərlə kobud rəftarı nəticəsində edilmişdir. Lakin bütün bunlar rəhbərlik tərəfindən ona olunan təzyiqlərin əyani sübutudur. Əksinə o, dəfələrlə bağça daxilində keçirilən iclaslarda belə rəhbərlik tərəfindən kobud ifadələrə məruz qalmış, “biri bu tupoyu başa salsın” kimi təhqiredici ifadələr eşitmişdir. Bundan əlavə olaraq 63 saylı körpələr evi uşaq bağçasının xx.xx.2021- ci il tarixli, 151 saylı əmrinə əsasən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Halbuki o, xx.xx.2021-ci il tarixdə X4sı haqqında SN 0007 saylı, ******* nömrəli vərəqəyə əsasən bülleten açdırmışdır. Həmçinin həmin vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdə o, yenidən işə başlamalı idi. Bundan əlavə müdirin köməkçisinə, metodistə, bağçanın tibb bacısına səhhəti ilə əlaqədar işə gələ bilməyəcəyini və hətta xəstəliyi ilə əlaqədar bülleten açdırdığını onlara telefon vasitəsilə, həmçinin sms yazaraq da məlumat vermişdir. Buradan da aydın görünür ki, 63 saylı körpələr evi uşaq bağçası qanuna zidd hərəkətlər etmiş, onun hüquqlarını kobud şəkildə pozmuş, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə zidd addım ataraq qanun pozuntusuna yol vermişdir. Bunun nəticəsi olaraq 63 saylı körpələr evi uşaq bağçası AR İXM-nin 192.4 və 192.6-cı maddələrinə müvafiq olaraq xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokola əsasən cərimə edilmişdir. Rəhbərlik bütün bu qanunsuzluqları qərəzli şəkildə etmişdir. Belə ki, bağça tərəfindən ona ünvanlanan məktubun məzmununda qeyd edilmişdir ki, o, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə işə gəlməməyinin üzrlü səbəbini müdiriyyətə məlumat verməmiş, həmçinin lazımi təsdiqedici sənədi təqdim etməmişdir. Halbuki o, işə gəlməməyi ilə bağlı qanunvericiliyə uyğun olaraq lazimi tədbirləri görmüşdür.

12. Məhkəmə iclasında şahid X2 ifadə verərək bildirmişdir ki, o, həmkarlar təşkilatının sədridir. İddiaçı müdiriyyətdən tamştata keçməsini tələb edirdi. İddiaçı xx.xx.2021-ci ildən işə gəlməmiş, onunla 21.12.-xx.xx.2021-ci il tarixlərdə telefon əlaqəsi saxlanılsa da, iddiaçı zənglərə cavab verməmiş, hətta razılıq əldə etmək üçün evinə getsələr də, o, qapını açmamışdır. Lakin, 22 dekabrda telefon danışığı zamanı iclas keçiriləcəyi barədə iddiaçıya məlumat verilmişdir.

13. Məhkəmə iclasında şahid X5 ifadə verərək bildirdi ki, xx.xx.2021-ci ildə keçirilmiş iclasda bütün işçilər iştirak etmişdir. İddiaçı yarımştatla işləmişdir. Müdirə ona bildirmişdir ki, hələlik yarımştat işləsin qalan pulu o özü verəcəkdir. Ancaq Günay razılaşmamışdır. Günay hətta sonra müdirənin otağına gəlib qışqıraraq yarımştatla işləmək istəmədiyini, israrla tam ştata keçirilməsini tələb etmişdir. Əks halda işləməyəcəyini bildirmişdir.

14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2277/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının xx.xx.2021-ci il tarixli, 151 №-li əmrinin ləğv edilməsi, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi – uşaq bağçasına işinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir (hakim Əfqan Ələkbərov)

15. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə, onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış müvafiq yazılı qərarı təqdim olunmadan bağlanmış əmək müqaviləsinə xitam verildiyindən iddia əsaslıdır. Belə ki, sözügedən əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozulması ilə xitam verilməsi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təsbit olunmaqla yanaşı işin faktiki halları və sübutlarla da təsdiqini tapır. Həmçinin cavabdehin təqdim etdiyi həmkarlar təşkilatının protokolundan çıxarış Əmək Məcəlləsində nəzərdə tutulan əsaslandırmış yazılı qərar hesab oluna bilməz. Həmin qərar, eləcə də sözügedən müvəqqəti əmək qabiliyyətinin itirilməsinə dair xəstəlik vərəqəsinin (ƏQOV) ləğv olunması, yaxud qeyrilegitimliyi barədə hər hansı sübut məhkəməyə təqdim edilmədi.

16. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının xx.xx.2021-ci il tarixli, 151 №-li əmri ləğv edilməli, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi – uşaq bağçasına işə bərpa edilməli və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.

17. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 70, 70(ç), 71(2), 72(a), 76(2), 79(1), 80(1), 80(2), 300, 79.1Mülki Məcəllənin 425, 431.1, 442, 448, 777, 778, 779, 782, 1091, 1092.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2(105)-405/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər-Səyyad Qafari (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Almaz Süleymanova). Kassasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2(105)-405/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3484/2023 nömrəli qərarı ilə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Cavabdeh nümayəndəsi X8 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-405/2023 saylı iş üzrə, 5 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (hakimlər Elşanə Vəliyeva (məruzəçi), Elşad Şamayev və Əhliman Xıdırov).

22. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmələr iddiaçının xx.xx.2021-ci il tarixdən X4 vərəqəsinin olmasına və inzibati tənbeh vermə barədə məhkəmə qərarına istinad edərək onun işdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli əmri qanunsuz və əsassız hesab etmişdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin X6 Xidmətinin Sumqayıt Regional ərazi şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İXM-nin 192.4 və 192.6-cı maddələrinə əsasən cavabdeh barəsində tərtib edilmiş protokola və inzibati tənbeh vermə qərarına və həmin qərardan verilən şikayətin təmin edilməməsi barədə məhkəmə qərarlarına istinad edərək, iddiaçının X4sı haqqında SN 0007 seriyalı, ******* nömrəli vərəqəsi olduğu halda, onunla əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinin pozulması barədə mövqeyi əsassız olmuşdur. Belə ki, inzibati xəta haqqında işlər üzrə məhkəmənin qərarı ilə müəyyən edilən hallar mülki işə baxılarkən preyudisial qüvvəyə malik deyildir. Buna görə də, həmin məhkəmə qərarları işdə olan digər sübutlarla birgə qiymətləndirilməli olan sübutdur. Həmçinin məhkəmələrin iddiaçının əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış müvafiq yazılı qərarının təqdim olunmamasına əsaslanmaları barədə mövqeyini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, işdə Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının Həmkarlar ittifaqı komitəsinin 23 nömrəli xx.xx.2021- ci il tarixli iclas protokolu mövcuddur. Həmin protokoldan görünür ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilməsi məsələsi müzakirə edilmiş və qərara alınmışdır ki, İddiaçı əmək müqaviləsi üzrə öz vəzifələrini yerinə yetirməməsi və heç bir üzürlü səbəb bildirmədən işə gəlməməsi qınanılsın və Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilsin. Məhkəmə kollegiyası hesab edir ki, Həmkarlar ittifaqı komitəsinin iclas protokolu və onun qərar hissəsi Əmək Məcəlləsinin 80.2-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış yazılı qərar tələbinə cavab verdiyindən məhkəmələrin bu mövqeyi də əsassızdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar, həmçinin məhkəmə sorğusuna verilmiş cavablarda göstərilənlər, yəni iddiaçının xx.xx.2021-ci il tarixdə müraciət etdiyi 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin nevroloji kabinetində onda hər hansı xəstəliyin müəyyən edilməməsi, həmin gün isə 2 nömrəli Ailə Sağlamlıq Mərkəzində ona “Boyun Osteoxondrozu”diaqnozu ilə X4 vərəqəsinin açılması və həmin mərkəzin qeydiyyat kitablarına əsasən iddiaçının həmin mərkəzə xx.xx.2021-ci il tarixdə deyil, xx.xx.2021-ci il tarixdə müraciət etməsi, bu Mərkəzdə qeyd edilən diaqnozun qoyulması üçün müvafiq müayinələrin aparılmasına imkan olub-olmaması və s. barədə faktlar iddiaçının istinad etdiyi sübutun, yəni X4sı haqqında SN 0007 seriyalı, ******* nömrəli vərəqəsinin mötəbərliyini şübhə altına almağa kifayət qədər əsas versə də, apellyasiya məhkəməsi cavabdehin bu barədə apellyasiya şikayətinin dəlillərini ətraflı araşdırmamış, həmin dəlilləri hansı səbəbdən əsassız hesab etdiyini qətnamədə əsaslandırmamışdır. Cavabdehin vəsatəti əsasında hər iki tibb müəssisəsindən qeydiyyat kitablarını tələb edən məhkəmə həmin sorğuların cavablarını gözləmədən və qeydiyyat kitablarına baxış keçirmədən iş üzrə məhkəmə baxışını yekunlaşdırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

23. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarında olan sənədləri sadalamaqla yekunlaşmış, cavabdeh tərəf olaraq məhkəməyə təqqdim edilmiş heç bir sənədə hüquqi qiymət verilməmiş hətta münasibət belə bildirməmişdir. Səsləndirdiyi arqumentlər belə məhkəmə qətnaməsində öz əksini tapmamışdır. X4sı haqqında SN 0007 saylı, ******* nömrəli vərəqənin saxta və qeyri-legitimliyi ilə bağlı dəlilləri aşağıdakılardır. İddiaçı xx.xx.2021-ci il tarixində aidiyyatı üzrə poliklinikanın nevroloji kabinetinə müraciət etmişdir. O, həkim müayinəsindən keçmiş və heç bir xəstəlik aşkar olunmamışdır. Heç bir tibbi sənəd təqdim etmədiyi üçün ona xəstəlik vərəqəsi açılmamışdır. Digər müəssisə olan Ailə sağlamlıq müəssisəsi İddiaçı xəstə olması ilə bağlı bülleten açılsa da həmin tibb müəssisəsində müayinələrdə olub olmaması barədə heç bir sənəd yoxdur. Halbuki qeyd olunan xəstəliyin müəyyən olunması yalnız müəyyən müayinələrin (MRT, Rentgenologiya və s.) aparılmasından sonra mükün ola bilərdi. İddiaçı verilmiş bülletenin tarixi xx.xx.2021-ci il olsa da, həkim Məsləhət Komissiyasının xəstələrin qeydiyyatı kitabında aparılmış rəsmi qeydlərdən görünür ki, İddiaçı 2 nömrəli Ailə sağlamlıq Mərkəzinə 28 dekabr 2021-ci il tarixdə müraciət etmiş və bu barədə müvafiq qeydlər aparılmışdır. Əgər xəstə 28 dekabr 2021-ci il tarixdə xəstəliyi ilə bağlı ilkin olaraq tibb müəssisəsinə müraciət edirsə necə ola bilər ki, onun barəsində xx.xx.2021-ci il tarixdən xəstəlik vərəqəsi açılır. İddiaçı aidiyyatı üzrə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X16 2 nömrəli xəstəxananın poliklinika şöbəsinə müraciət etməli olduğu halda məqsədyönlü şəkildə (qabaqcadan saxta sənəd barədə razılıq əldə olunduğu üçün) 2 nömrəli ASM-ə müraciət etmişdir. Bu hadisədən sonra “Sumqayıt Tibb Mərkəzi” X13 Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli, 339 №- li məktubundan görünür ki, İddiaçı X4sı vərəqəsini verən həkim X1 hazırda 2 nömrəli ASMdə işləmir, işinə xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Bundan başqa Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X16 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022- ci il tarixli, 147 №-li məktubundan görünür ki, xəstə İddiaçı xx.xx.2021-ci il tarixində poliklinikanın nevroloji kabinetinə müraciət etmişdir. O, həkim müayinəsindən keçmiş və heç bir xəstəlik aşkar olunmadığı X4sı haqqında bülleten açılmamışdır. Göründüyü kimi şəxsin xəstə olmaması, aidiyyatı üzrə dövlət Tibb Müəssisəsinə müraciət etsə də onda hər hansı bir xəstəlik əlamətlərinin müəyyən olunmaması və bu səbəbdən də bülletenin açılmasının mümkünsüz olması mübahisəsiz haldır.

24. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 10 mart 2023-cü il tarixli cavab məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı 12 yanvar 2022-ci il tarixli müraciəti araşdırılmış, vətəndaşla telefon əlaqəsi saxlanılmış, yaranmış sualların cavabı izah olunmuş və 26 yanvar 2022-ci il tarixli PHŞ/1-2-2022-1987 nömrəli məktubla rəsmi cavab verilmişdir. ünvan 4 ünvanında yaşayan İddiaçı xx.xx.2021-ci il tarixində Sumqayıt şəhər 2 nömrəli xəstəxananın poliklinika şöbəsinə X4 Vərəqəsi (ƏQOV) almaq üçün müraciət etmiş, obyektiv müayinə olunmuş, vizual olaraq ciddi patologiyası olmadığı səbəbindən instrumental müayinələrə göndərilmişdir. Xəstə müayinələrdən imtina etdiyi üçün ƏQOV-i açılmamışdır. İddiaçı Sumqayıt şəhər 2 nömrəli ASM-ə müraciət etmiş, “N.S.V.D qarışıq tip: Boyun osteoxondrozu” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən, xx.xx.2022-ci tarixədək ******* nömrəli ƏQOV açılmış, yaxşılaşma olmadığı üçün stasionar müalicə məsləhət görülüb, ailə vəziyyəti ilə əlaqədar stasionar müalicədən imtina etmişdir. xx.xx.2021-ci il tarixdə açılmış olan ƏQOV-i xx.xx.2022-ci il tarixdə bağlanıb və İddiaçı təqdim edilmişdir. ƏQOV-ni vermiş həkim Xürrəm Bəhlulov xx.xx.2022-ci il tarixdən öz ərizəsi ilə işdən azad edilmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

26. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə kollegiyasının iştirak etdiyi iclasında apellyasiya şikayətini müdafiə edib təmin olunmasını xahiş etmişdir.

27. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

28. Maddə 35. (İ, İİ və Vİİ hissələri) Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

Azərbaycan Respublikası Əmək Məcəlləsi

29. Maddə 3. Bənd 5. Əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

30. Maddə 12. Bənd 1. Əmək müqaviləsinin əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin vəzifələridir.

31. Maddə 68. Bənd 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

32. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... Bənd ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda

33. Maddə 72 “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

34. Maddə 80.1 bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir

35. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

45. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(060)-2277/2022 nömrəli qətnaməsi tam həcmdə mübahisələndirilmişdir.

46. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.

49. Qanunvericiliyin tələbini, eləcə də kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair 28 fevral 2012-ci il tarixli qərarında qeyd edilir ki, “Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.”

51. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqe ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri yoxlamaq məqsədi ilə “Sumqayıt Tibb Mərkəzi” X13 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinə və 2 saylı Sumqayıt şəhər xəstəxanasına müvafiq sorğularla müraciət etmişdir.

52. Belə ki, 2 saylı Sumqayıt şəhər xəstəxanası tərəfindən əldə olunmuş cavabdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində həkim-nevroloq Lina İkonnikovanın qəbulunda olmuş və ona “Vegetativ nevroz (G90.8)” diaqnozu qoyulmuşdur. Eyni zamanda cavabda qeyd olunmuşdur ki, İddiaçı Ambulator pasiyentlərin qeydiyyat kitabında sıra sayı 462 nömrə ilə qeyd olunmuşdur (Qeydiyyat kitabının həmin vərəqəsinin təsdiq olunmş surəti məhkəməyə təqdim edilmişdir).

53. Digər tərəfdən İddiaçı adına açılmış “Sumqayıt Tibb Mərkəzi” X13 2 nömrəli Ailə Sağlamlıq Mərkəzində ambulator xəstənin tibbi kitabçasından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixində “Boyun Osteoxondrozu” diaqnozu qoyulmuşdur (Qeydiyyat kitabının həmin vərəqəsinin təsdiq olunmş surəti məhkəməyə təqdim edilmişdir). İddiaçı həmçinin məhkəmə araşdırması zamanı həmin müayinəyə aid olan rentgen müayinənin xx.xx.2021-ci il tarixli şəklini də təqdim etmişdir.

54. Beləliklə, iddiaçının xx.xx.2021-ci il tarixdə hər iki müalicə müəssisəyə müraciət etməsi işin faktiki halları ilə və sübutlarla öz təsdiqinin tapır. Araşdırma zamanı əldə edildiyi pasiyentlərin qeydiyyat kitablarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə həm “Sumqayıt Tibb Mərkəzi” X13 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinə, həm 2 saylı Sumqayıt şəhər xəstəxanasının poliklinikasına müraciət etmiş, pasiyentə onun xəstəliyi barəsində hər iki müalicə müəssisələrdə diaqnozlar qoyulmuşdur.

55. Göründüyü kimi mübahisəli əmr verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulduğundan iddianın təmin edilməsi barədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsə də, cavabdeh apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

57. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

58. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçası tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2277/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar