Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-415/2021 05.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı şəhadətnamənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Xızı Rayon Məhkəməsinin 2(068)-85/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xızı Rayon Məhkəməsinin 2(068)-85/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim B.Ələkbərov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Xızı Rayon Məhkəməsinin 2(068)- 85/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İbrahimov X1 Rasim Məhərrəm oğluna və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xızı rayon X3 xx xxxx 1998-ci il tarixli, 14 saylı qərarı ilə 0,12 ha torpaq sahəsinin X6 mülkiyyətinə verilməsinə dair JN 022A nömrəli, 30607018 kodlu şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, kənd təsərrüfatı üzrə ixtisaslı aqronom olmaqla, daimi torpağa bağlı olduğundan Bakı şəhəri, Ramana kəndində yerləşən evini satıb Xızı rayonunda məskunlaşmaq və təsərrüfatla məşğul olmaq istəmişdir. Bu məqsədlə hər dəfə Xızı rayonuna gəlib-gedərkən ev alqı-satqısı ilə maraqlanmışdır. Növbəti dəfə Xızı rayonunda olarkən rayon ərazisində hərbi xidmətdə olan və işləyən Cavabdeh1 ilə tanış olmuşdur. Elmirə münasib yerdən ev almaq istədiyini danışarkən, sonuncu onun Xızı rayonunun Qarabulaq kəndində evi olmasını və hərbi xidməti başa çatdığından həmin evi razılıq əsasında müvafiq qiymətə ona sata bilməsini demişdir. Bundan sonra, onlar Qarabulaq kəndinə gedərək Elmirin satmaq istədiyi evə baxmış və evin alqı-satqısı ilə şifahi razılaşdıqdan sonar, növbəti gün hər ikisi Sumqayıt şəhərində yerləşən “ASAN” xidmət mərkəzinə gedərək orada notariat kontorunda evin alqı-satqısını rəsmiləşdirmişlər. Daha sonra, notariat kontorunda onların arasında daşınmaz əmlakın alqı-satqısına dair xx xxxxx 2016-cı il tarixli, AN-İ ******* nömrəli müqavilə bağlanmışdır. Həmin tarixdən sonra adı çəkilən ev onun istifadəsinə verilmiş və mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı barədə xx xxx 2016-cı il tarixli, ******* saylı çıxarış verilmişdir. Aldığı ev daimi yaşayış üçün bir o qədər də yararlı olmadığından o, həmin evdə tikinti-bərpa işləri aparmış, bundan sonra arvadı ilə birlikdə həmin evə köçmüşdür və bu günə kimi də orada yaşayırlar. Hazırda qanuni əsaslarla aldığı və tikintisini başa çatdırdığı həmin ev yaşayış üçün tam yararlı vəziyyətdə olmaqla, onun mülkiyyətindədir və həyətyanı torpaq sahəsi ilə birlikdə ümumi yaşayış sahəsi 82,6 kv.metrdir. Bir müddət həmin evdə yaşadıqdan sonra isə bilmişdir ki, aldığı ev xüsusi mülkiyyətçi kimi onun ixtiyarında olsa da, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzərində də mülkiyyət hüququ qeydiyyata alınmalı və tanınmalıdır. Belə ki, o, fərdi yaşayış evini Cavabdeh1 həyətyanı torpaq sahəsi ilə birlikdə aldığından və notariat kontorunda evə dair alqı-satqı müqaviləsi bağlanarkən elə bilmişdir ki, həyətyanı torpaq sahəsi də onun adına rəsmiləşdirilmişdir. Bu məqsədlə də, evi satın aldığı Cavabdeh1 ilə görüşüb məsələyə aydınlıq gətirərkən məlum olmuşdur ki, aldığı fərdi yaşayış evinin ilk mülkiyyətçisi Qarabulaq kənd sakini X9 olmuş, həmin ev sonuncu tərəfindən Cavabdeh1 satılmışdır. X10 vəfat etdiyindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də sonuncunun adında qalmışdır. Bundan sonra, həmin həyətyanı torpaq sahəsinə hər hansı bir şəxsin iddialı olmadığını nəzərə alaraq, 0,12 ha torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X8 müraciət etmiş, lakin müsbət cavab ala bilməmişdir. Belə ki, həmin İdarənin xx xxxxxxx 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, kadastr məlumat bazasına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi vətəndaş X7 məxsus JN-022A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün ərizəsinin icrası mümkün deyildir. Daha sonra, fərdi yaşayış evinin ilk mülkiyyətçisi olmuş mərhum Bəsti Rəfıyevanın hüquqi varisi olan Cavabdeh2 yaşadığı ünvanı müəyyən etmiş, lakin sonuncu vaxtının olmadığını bildirərək, notariusa getməkdən imtina etmişdir. Bu səbəbdən də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, iş üzrə çıxarılmış qətnamə qanunsuz və əsassızdır. Məhkəmə işin faktiki hallarını araşdırmamış, cavabdehlər tərəfindən verilmiş teleqramlar məhkəmə iclasında elan edilməmiş, bu teleqramlarla onların iddianı müdafiə etmələrini nəzərə almamış, onun mübahisə ilə bağlı verdiyi vəsatətləri təmin etməmiş, bununla da səhv nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia isə təmin olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. İş üzrə hər iki cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən xx xxxxxx 2001-ci il tarixdə verilmiş JN 022A nömrəli, 30607018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Xızı rayon X3 xx xxxx 1998-ci il tarixli, 14 nömrəli qərarı ilə 0,12 ha torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. İşdə olan Xızı rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2004-cü il tarixdə verilmiş ölüm haqqında akt qeydinin surətindən görünür ki, X9 xx xxxxxx 2004-cü il tarixdə ağ ciyər çatmamazlığından ölmüşdür. Yenə işdə olan daşınmaz əmlakın xx xxxxx 2016-cı il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 (nümayəndəsi X2 vasitəsilə) Xızı rayonu, Qarabulaq kəndində yerləşən ümumi sahəsi 82,6 kv.metr olan 4 otaqlı fərdi yaşayış evini 5400 manata İddiaçı satmış, həmin müqavilə Sumqayıt «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxx 2016-cı il tarixli, RX ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xızı rayonu, Qarabulaq kəndində yerləşən ümumi sahəsi 82,6 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı göndərilmiş xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının Xızı rayonu, Qarabulaq kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış, kadastr məlumat bazasına əsasən ona məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin X7 məxsus JN-022A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün ərizənin icrası mümkün olmamışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Xızı Rayon Məhkəməsinin 2(068)-85/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Xızı rayonunun Qarabulaq kəndində yerləşən fərdi yaşayış evini xx xxxxx 2016-cı il tarixdə cavabdehlərdən Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında almış və həmin fərdi yaşayış evi xx xxx 2016-cı il tarixdə mülkiyyət hüququ əsasında onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu evin yerləşdiyi 0,12 ha həyətyanı torpaq sahəsi isə Xızı rayon X3 xx xxxx 1998-ci il tarixli, 14 nömrəli qərarı ilə X6 mülkiyyətinə verilmiş, xx xxxxxx 2001ci il tarixdə onun adına bu barədə JN 022A nömrəli, 30607018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həyətyanı torpaq sahəsinin mülkiyyətçisi Bəsti Rəfıyeva xx xxxxxx 2004-cü il tarixdə vəfat etmişdir. Bundan sonra, İddiaçı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X8 müraciət etməsinə baxmayaraq, kadastr məlumat bazasına əsasən iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin X7 məxsus JN-022A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün ərizənin icrası mümkün olmamışdır. Xızı rayon X3 xx xxxx 1998-ci il tarixli, 14 nömrəli qərarının iddiaçı tərəfindən mübahisələndirilməsinə dair məhkəməyə hər hansı bir sübut və ya sənəd təqdim edilməmişdir. Mübahisələndirilən şəhadətnamə Xızı rayon X3 xx xxxx 1998ci il tarixli, 14 nömrəli qərarına əsasən verildiyindən və həmin qərar hazırda ləğv edilmədiyindən qüvvədə olan qanunvericiliyə əsasən X7 məxsus JN-022A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ləğv oluna bilməz. Bundan başqa, mübahisəli daşınmaz əmlaka münasibətdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 daşınmaz əmlaka hüquqların qeydiyyatını həyata keçirən və ya ləğv edən şəxs olmadıqlarından onlar iddiaçı qarşısında hər hansı öhdəlik daşımırlar və hazırkı iş üzrə əsl cavabdeh ola bilməzlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələblə iddiaya cavab verməli olmayan şəxslərə qarşı məhkəməyə müraciət etmək üçün İddiaçı subyektiv hüququ olmamışdır və onun hazırki formada tələbi məhkəmə müdafiəsi altına düşmür. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda, İddiaçı məhkəmə iclasında cavabdehlərin onun hansı hüquqlarını pozmalarını sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, ləğv edilməsi tələb edilən şəhadətnamənin verilməsində cavabdehlərin heç bir rolu olmadığından həmin sənədin ləğv edilməsində də onların məsuliyyəti yoxdur. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hazırki mübahisə üzrə cavabdehlər tərəfindən hüququ pozulmadığından onun tələb etdiyi qaydada müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməyən iddiaçının hazırkı tələbini rədd edərkən məhkəmə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi 15,40 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xızı Rayon Məhkəməsinin 2(068)-85/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi 15,40 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-415/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-415/2021
05.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver