Məhkəmə qərarları › İş №2(105)-417/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-417/2022

22.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-417/2022 22.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alğı-satqı əqdinin bağlanmış hesab edilməsi və torpağa mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 22 sentyabr 2014-cü il tarixli, 2(027)-1601/2014 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 22 sentyabr 2014-cü il tarixli, 2(027)-1601/2014 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,07 ha torpaq sahəsini 25 dekabr 1999-cu il tarixdə İddiaçı satmasına dair aralarında bağlanmış əqdin etibarlı hesab edilməsi, qətnamənin qeyd olunan torpaq sahəsinin İddiaçı adına dövlət qeydiyyatına alınması üçün əsas olması qət edilmişdir (hakim Füzuli Pənahov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 22 sentyabr 2014-cü il tarixli, 2(027)-1601/2014 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,07 ha torpaq sahəsini 25 dekabr 1999-cu il tarixdə ona satmasına dair aralarında bağlanmış alğı-satqı müqaviləsinin etibarlı hesab edilməsi və həmin torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasnı xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: . Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onunla əsaslandırdı ki, məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmişdir. Belə ki, cavabdeh torpaq sahəsinin satılmasına dair tərəflər arasında olan razılığı etiraf etmiş, həmin akta ümumi dəyər 2900 ABŞ dolları müəyyən edilmiş, ona 1150 ABŞ dolları ödənilmiş, 1750 ABŞ dolları borcun qalmasını məhkəmənin diqqətinə çatdırıb. Lakin məhkəmə onun izahatını torpaq sahəsinin tam satılmasının etirafı kimi qeyd edərək onun hüquqlarını pozmuşdur. Çünki aralarında tərtib edilmiş akta əsasən 2900 ABŞ dollarından 1150 ABŞ dolları ödənilmişdir. Buna baxmayaraq məhkəmə qanunsuz qətnamə qəbul etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 22 sentyabr 2014-cü il tarixli, 2(027)- 1601/2014 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməlsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin vəkili və nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. İşə əlavə olunmuş X2 Qusar RİHB-nin Mucuq kənd İƏD üzrə nümayəndəsinin təsdiq etdiyi ərizəsindən görünür ki, həyat yoldaşı Cavabdeh adına olan Quba rayonunun Alekseyevka kəndində yerləşən 0,10 ha torpaq sahəsindən 0,07 ha hissəsini 1999-cu il tarixdə İddiaçı satdığını və həmin alğı-satqıya heç bir etirazı olmadığını bildirmişdir. İşə əlavə olunmuş X3 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, anası Cavabdeh adına olan Quba rayonunun Alekseyevka kəndində yerləşən 0,10 ha torpaq sahəsindən 0,07 ha torpaq sahəsinin 1999-cu il tarixdə İddiaçı Həşir qızına satılmasının məhkəmə tərəfindən tanınmasına heç bir etirazı olmadığını bildirmişdir. İşə əlavə olunmuş X5 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, anası Cavabdeh adına olan Quba rayonunun Alekseyevka kəndində yerləşən 0,10 ha torpaq sahəsindən 0,07 ha torpaq sahəsinin 1999-cu il tarixdə İddiaçı satılmasının məhkəmə tərəfindən tanınmasına heç bir etirazı olmadığını bildirmişdir. İşə əlavə olunmuş X10 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, anası Cavabdeh adına olan Quba rayonunun Alekseyevka kəndində yerləşən 0,10 ha torpaq sahəsindən 0,07 ha torpaq sahəsinin 1999-cu il tarixdə İddiaçı satılmasının məhkəmə tərəfindən tanınmasına heç bir etirazı olmadığını bildirmişdir. İş materiallarında olan 29.12.2013-cü il tarixli, 2645 saylı arxiv çıxarışından görünür ki, 05 mart 1990-cı il tarixi, 42 saylı əmrlə Azərbaycan SSR Nazirlər Sovetinin 09 fevral 1990-cı il tarixli, 55 saylı qərarına və Quba rayon XDS İK-nin 02 mart 1990-cı il tarixli, 184 saylı məktubuna əsasən Cavabdeh yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab etmişdir ki, Cavabdeh məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,10 ha torpaq sahəsinin 0,07 ha torpaq sahəsini 15 dekabr 1999-cu tarixdə İddiaçı satılması barədə əqd etibarlı hesab edilməlidir. Məhkəmə cavabdehin iddianı etiraf etməsinə iş üzrə müəyyən edilmiş faktiki halları yuxarıda qeyd olunan qanun normalarına uyğun qiymət verərək hesab etmişdir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və ona görə də cavabdehin iddianı etiraf etməsi qəbul olunmalı və iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarından görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,07 ha torpaq sahəsini 25 dekabr 1999-cu il tarixdə ona satmasına dair aralarında bağlanmış alğı-satqı müqaviləsinin etibarlı hesab edilməsi və həmin torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasnı xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh 05 mart 1990-cı il tarixli, 42 nömrəli əmrlə Azərbaycan SSR Nazirlər Sovetinin 09 fevral 1990-cı il tarixli, 55 nömrəli qərarına və Quba rayon XDS İK-nin 02 mart 1990-cı il tarixli, 184 nömrəli məktubuna əsasən ayrılmış, özünə məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,10 ha torpaq sahəsinin 0,07 ha hissəsini 15 dekabr 1999-cu il tarixdə ona satmışdır. Bu barədə öz aralarında alğı-satqı müqaviləsi yazaraq imzalamışlar. Torpaq sahəsinin razılaşdırılmış dəyərini ödədiyindən, cavabdeh aldığı torpaq sahəsini ona təhvil vermişdir. Aldığı torpaq sahəsi həmin vaxtdan onun sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsini alarkən cavabdeh istənilən vaxt notariat kontoruna gedib alğı-satqı müqaviləsini təsdiq etdirəcəklərini bildirmiş və o sonuncuya inanmışdır. Lakin artıq neçə ildir ki, cavabdeh alğısatqı müqaviləsini notariat qaydada təsdiq etdirməkdən boyun qaçırır. Cavabdeh notariat kontoruna gəlmədiyindən həmin alğı-satqı müqaviləsi bu günə kimi təsdiq olunmamış qalmışdır. İş materiallarında olan 29.12.2013-cü il tarixli, 2645 saylı arxiv çıxarışından görünür ki, 05 mart 1990-cı il tarixi, 42 saylı əmrlə Azərbaycan SSR Nazirlər Sovetinin 09 fevral 1990-cı il tarixli, 55 saylı qərarına və Quba rayon XDS İK-nin 02 mart 1990-cı il tarixli, 184 saylı məktubuna əsasən Cavabdeh yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 15 dekabr 1999-cu il tarixli aktın təsdiq olunmamış kserosurətindən görünür ki, Cavabdeh özünə məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən yaşayış evini X6 2900 ABŞ dollarına satdı, həmin pulun 700 ABŞ dolları 15.12.1999-cu il tarixdə Cavabdeh verildi. Qalan 2200 ABŞ dolları 6 ay müddətinə X13 tərəfindən Cavabdeh veriləcək. Sonra qeyd olunub ki, 29 mart 2000-ci il tarixdə Cavabdeh 200 ABŞ dolları alıb. Puldan 80 şirvan borclu qalıb, yanvar ayına qədər ödəyəcək. Bundan başqa iş materiallarında olan 17 dekabr 1999-cu il tarixli müqavilənamənin təsdiq olunmamış kserosurətindən görünür ki, Cavabdeh Quba rayon İnventarlaşdırma Bürosunun 15 dekabr 1999-cu il tarixli, 220 saylı arayışına əsasən Quba rayonu, Alekseyvka kəndində yarımçıq tikilini X6 dörd milyon manata satdı. İş materiallarında olan X4, X7, X11, X8 tərəfindən məhkəməyə təqdim olunmuş ərizələrdən isə görünür ki, Cavabdeh Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,10 ha torpaq sahəsindən 0,07 ha torpağın və qalan 0,03 ha torpaq sahəsində yerləşən yaşayış evinin sökülüb tikinti materiallarının X1 məhkəmə tərəfindən tanınmasna heç bir etirazları yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bağlanmış hesab edilməsini tələb etdiyi 25 dekabr 1999-cu il tarixli hər hansı bir müqavilə iş materiallarında ümumiyyətlə yoxdur, belə bir müqavilə mövcud deyildir. Bundan başqa iddiaçının ona satıldığını iddia etdiyi torpaq sahəsinin üzərində cavabdehin mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd yoxdur. Həmin torpaq sahəsi cavabdehə ev tikintisi üçün ayrılmışdır. Belə olduqda isə həmin torpaq sahəsi ümumiyyətlə alğı-satqı predmeti ola bilməzdi. Məhkəmə kollegiyası eləcə də qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və bağlanmış hesab edilməsini tələb etdiyi 15 dekabr 1999-cu il tarixli akt və 17 dekabr 1999cu il tarixli müqavilənamədən isə görünür ki, iddiaçı ilə cavabdeh arasındakı alğı-satqı kimi qeyd etdikləri münasibət ümumiyyətlə torpaq sahəsi ilə deyil, yarımçıq tikili ilə əlaqədar olmuşdur. Həmin akt və müqavilənamədə ümumiyyətlə torpaq sahəsi barədə heç bir qeyd yoxdur. İddiaçı isə məhkəməyə iddia ilə müraciət edərək cavabdehlə aralarında 0,07 ha torpaq sahəsinə dair müqavilə bağladıqlarını bildirərək həmin müqavilənin bağlanmış hesab edilməsini tələb edir. Məhkəmə eləcə də iddianı təmin edərkən “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarına istinad etmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə görə Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Hazırki iş üzrə bu hallardan ikisi, yəni əqdin özünün qanuna zidd olmaması və cavabdehlərin əqdin notariat qaydasında təsdiqindən yayınması mövcud deyil. Belə ki, iddiaçı cavabdehin əqdi notariat orqanında rəsmiləşdirilməsindən yayınmasını sübut edə bilməmişdir. Bundan başqa eləcə də müəyyən olunur ki, tərəflərin razılaşdıqları məbləğ tam şəkildə cavabdehə ödənilməmişdir. Daha sonra məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və ona görə də cavabdehin iddianı etiraf etməsi qəbul olunmalı və iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə də razılaşmır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin etirafı qanuna zidd olduğu üçün qəbul edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsində cavabdeh iddianı etiraf etdiyini qeyd etsə də onların arasında torpaq alğı-satqısına dair hər hansı bir müqavilə olmamışdır. Yəni yalnız cavabdehin etirafına görə mövcud olmayan müqavilə və ya alğısatqının bağlanmış hesab edilməsinin məhkəmə tərəfindən qəbul edilməsi əsassızdır. Hazırda isə cavabdeh apellyasiya şikayətində alğı-satqının bağlanmış hesab edilməsinə etiraz edir. Məhkəmə kollegiyası eləcə də qeyd edir ki, əgər tərəflər arasında hər hansı bir alğısatqıya dair razılaşma varsa bunu məhkəmə qaydasında deyil, notarial qaydada həll edə bilərlər. Bundan başqa iş materiallarından görünür ki, işdə olan və məhkəmənin əsas sübut kimi istinad etdiyi sənədlərin kserosurətləri işə əlavə olunmuşdur. Halbuki qanunvericiliyin tələblərinə görə məhkəməyə sübutların əsli və ya notarial qaydada təsdiq olunmuş surətləri təqdim olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mlki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. İş materiallarından isə görünür ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir torpaq alğı-satqı müqaviləsi mövcud deyildir. Bundan başqa cavabdehin, iddiaçının ona satdığını iddia etdiyi torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sübut yoxdur. Eləcə də məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətindən müəyyən olunur ki, iddiaçı ona satıldığını iddia etdiyi torpaq sahəsinə dair (halbuki belə bir əqd yoxdur) pulu cavabdehə tam ödəməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş və əsassız bir nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyindən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 22 sentyabr 2014-cü il tarixli, 2(027)-1601/2014 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı alğı-satqı əqdinin bağlanmış hesab edilməsi və torpağa mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar