Məhkəmə qərarları › İş №2(105)-424/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-424/2024

30.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-424/2024 30.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-2381/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Xudat Mənzil İstismar Sahəsinin xx.xx.2011-ci il tarixli 25 nömrəli əmrinə əsasən Xudat Mənzil İstismar Sahəsinin balansında olan, əvvəllər 5 saylı məktəbin müvəqqəti istifadə etdiyi “Qırmızı guşə” kimi istifadə olunan 6x4=24 kv.metr sahəsi olan otaq boşaldığı üçün Xaçmaz şəhər sakini Xudat ATS-nin sahə rəisi İddiaçı verilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xudat Mənzil İstismar Sahəsinin balansında olan, əvvəllər 5 saylı məktəbin müvəqqəti istifadə etdiyi “Qırmızı guşə” kimi istifadə olunan 6x4=24 kv.metr olan otağa mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının sərəncamına əsasən Xudat Mənzil İstismar Sahəsinin xx.xx.2011-ci il tarixli 25 nömrəli əmrinə əsasən Xudat Mənzil İstismar Sahəsinin balansında olan, əvvəllər 5 saylı məktəbin müvəqqəti istifadə etdiyi “Qırmızı guşə” kimi istifadə olunan 6x4=24 kv.metr mənzil boşaldığı üçün istifadə və yaşamaq üçün ona verilmişdir. Həmin vaxt o Xudat şəhər X1 sahə rəisi vəzifəsində işləmişdir. xx.xx.2011-ci il tarixdən hal-hazıra kimi həmin mənzildə yaşayır. Lakin mülkiyyət hüququ qeydiyyata alınmır.

4. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-2381/2023 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia rədd edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçinin məhkəməyə təqdim etdiyi Xudat MİS rəisinin xx.xx.2011-ci il tarixli 25 saylı əmrindən çıxarışın surəti mülkiyyət hüququnun tanınması üçün heç bir əsas vermir. Ərizəçi ərizəsinin əsaslılığını təsdiq edən başqa heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 152.5,157.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

11. Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə (...)

12. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)

14. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (...)

15. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

16. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.122023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.

19. Belə ki, iş materiallarından görünür ki, Xudat Mənzil İstismar Sahəsinin xx.xx.2011-ci il tarixli 25 nömrəli əmrinə əsasən Xudat Mənzil İstismar Sahəsinin balansında olan, əvvəllər 5 saylı məktəbin müvəqqəti istifadə etdiyi “Qırmızı guşə” kimi istifadə olunan 6x4=24 kv.metr sahəsi olan otaq boşaldığı üçün Xaçmaz şəhər sakini Xudat ATS-nin sahə rəisi İddiaçı verilmişdir.

20. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xudat Mənzil İstismar Sahəsinin balansında olan, əvvəllər 5 saylı məktəbin müvəqqəti istifadə etdiyi “Qırmızı guşə” kimi istifadə olunan 6x4=24 kv.metr olan otağa mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Göründüyü kimi mövcud iddia üzrə iddiaçının hüquqi marağı mübahisəli otaq üzərində mülkiyyət hüququnun qeydə alınmasıdır.

22. Məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması hüquqları qeydə alan inzibati orqanın hərəkətləri ilə əlaqədar mübahisə olmaqla, həmin qeydiyyatı aparan orqana qarşı yönəlməli olan inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələbdir.

23. Hazırkı mübahisə cavabdehin ona həvalə edilmiş inzibati funksiyanın yerinə yetirilməsi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsinin nəticəsində yaranmış, irəli sürülən tələb xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimlənir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.3-ci maddələrinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməli olduğu halda, Xaçmaz Rayon Məhkəməsinə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan halını nəzərə almadan işə mahiyyəti üzrə baxmışdır. Halbuki, birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etməli olduğu halda, iddia ərizəsini məhkəmənin icraatına qəbul edərək mahiyyəti üzrə baxmış, bununla da prosessual hüquq pozuntusuna yol vermişdir.

26. Sadalanan xüsusatlara və qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, irəli sürülən tələb xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimləndiyindən mövcud iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir.

27. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-2381/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar