Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-425/2024 30.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X20 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)- 115/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh X2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh X6 26 iyul 2004-cü il tarixdə nikaha girərək ailə qurmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2004-cü il təvəllüdlü X12, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X8 doğulmuşdur.
2. Şamaxı Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2(074)-84/2022 saylı qətnaməsi ilə İddiaçı ilə cavabdeh X6 arasındakı 26 iyul 2004-cü il tarixdə Şamaxı rayon VVADQ şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 iyul 2004-cü il tarixdə 251 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X12, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X8 anası İddiaçı yanında qalması, cavabdeh X1 30 sentyabr 2021-ci il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X12, xx.xx.2007ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat olmaqla cəmi 330 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olan ünvan 1 ünvanına köçürülməyi və orada mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2002-ci ildə cavabdeh X6 ilə rəsmi nikaha daxil olaraq onun daimi qeydiyyatda olmaqla yaşadığı ünvan 2 ünvanına gəlin köçmüş, təxminən 20 ilə yaxın müddətdə cavadehə məxsus sözügedən mənzildə yaşayıb onunla birgə ümumi təsərrüfat aparmışdır. Cehiz əmlakı da hazırda həmin mübahisəli evdədir. Cavabdehlə birgə nikahdan xx.xx.2004-cü il təvəllüdlü X13, xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X10 adında üç övladı vardır. 2021-ci ildən başlayaraq cavabdeh X6 ilə onun təqsiri ucbatından münasibətləri pisləşmiş və nəhayət Şamaxı Rayon Məhkəməsinin 2(074)-84/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, o 17 iyun 2004-cü il tarixdən Şamaxı şəhəri, X24 ev 2 ünvanına qeydiyyatdadır.
5. Şamaxı Rayon Məhkəməsinin 2(074)-115/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia təmin edilərək, İddiaçı cavabdeh X4 məxsus olan Şamaxı şəhəri, N.Nərimanov küçəsində yerləşən 50 saylı evə köçürülməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.5-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev miras əmlakdır və xüsusi mülkiyyətdədir. 2062 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, mübahisəli ev vəsiyyətnamə əsasında vərəsəlik hüququ haqqında şəhadətnamə ilə cavabdeh X3 adınadır. Ona görə də iddiaçının həmin mənzilə köçürülmə hüququ yoxdur. Mülkiyyətçinin notarial qaydada yazılı razılığı yoxdursa, kimsə onun mülkiyyətində olan daşınmaz əmlakdan istifadə edə və ya həmin evə köçürülə bilməz. Əks halda mülkiyyətçinin mülkiyyət hüququ pozulmuş olur. İddiaçı G.Mirzalıyevanın yaşamağa evi vardır. Şamaxı rayonunda onun atasına məxsus ev kimi imarətə oxşayan ev bəlkə də yoxdur. Digər tərəfdən məlum məsələdir ki, bu cür münasibətdən sonra iddiaçı G.Mirzalıyeva heç vaxt gəlib mübahisəli evdə yaşamayacaq və bu evdən istifadə etməyəcəkdir. Belə halda iddiaçının formal qaydada mübahisəli evə köçürülməsinə dair qətnamə qəbul edilməsi gələcəkdə yeni mübahisələrin başlanmasına rəvac verir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, MPM-in 385.1.2-385.1.4-cü maddələrində göstərilmiş əsaslara riayət etməyərək tam əsassız və ədalətsiz qətnamə qət etmişdir. Bu qətnamədə qanunun və hüququn aliliyi təmin edilməmiş, işin mahiyyəti və faktiki halları, o cümlədən MPM-in 217.2-ci, Mülki Məcəllənin 228.1-ci, 228.5-ci maddələrini və “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarı”nı səhv təfsir edərək düzgün olmayan ədalətsiz qətnamə qət edilmişdir. Nəticə etibarı ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci və 30.4-cü, Mülki Məcəllənin 152.1-ci və 157.1-ci maddələrinin tələblərində göstərilən hüquqları kobud şəkildə pozulmuşdur
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı:
2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (...)
16. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
17. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
18. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
20. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı apellyasiya şikayəti həddində yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, iş materiallarından görünür ki, mübahisə predmeti olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi X2 xüsusi mülkiyyətindədir və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2003-cü il tarixdə qeydə alınmışdır.
24. İddiaçı X6 ilə 26 iyul 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçərək orada yaşamışdır. Göründüyü kimi tərəflər arasında hüquq münasibətləri 2004-cü ilin iyul ayında yaranmışdır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən isə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
27. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarlarına əsasən hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibəti 2004-cü ilin iyul ayında yarandığından mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir.
28. Mülki Məcəllənin 228-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
29. Sadalanan normalardan görünür ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri, hazırkı halda cavabdehin keçmiş arvadı olan iddiaçı yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna və yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdir.
30. Belə olan halda, iddiaçı yaşayış sahəsindən cavabdehlə bərabər istifadə etmək hüququna malik olduğundan iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
31. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün qanunda konkret şərtlər nəzərdə tutulmuşdur və qeyd edilən şərtlər iddiaçıya münasibətdə yerinə yetirildiyindən, onun yaşayış sahəsinə köçürülmək hüququ vardır.
32. Bundan başqa, MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamasından asılıdır.
33. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Göründüyü kimi qanunvericilik bu müddəada qeyd olunan şəxslərin yaşayış binasının tərkib hissəsinə köçürülməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Lakin bunun üçün mülkiyyətçinin razılığının xüsusi olaraq mütləq şərt kimi müəyyən edilməsi qeyd olunan şəxslər tərəfindən yaşayış binasının tərkib hissəsindən əldə edilən istifadə hüququnun mülki hüquq sahəsi baxımından əşya hüququ kimi qiymətləndirilməli olmasına dəlalət edir.
34. Göründüyü kimi, qanunvericilik digər ailə üzvlərinin yaşayış binasına köçürülməsi üçün mülkiyyətçinin notarial qaydada təsdiq edilmiş yazılı razılığının olmasını nəzərdə tutmuşdur. İddiaçı isə cavabdehin (mülkiyyətçinin) ailə üzvü olmaqla 20 ilə yaxın müddətdə mübahisəli mənzildə yaşayaraq onunla birgə təsərrüfat apardığından həmin müddəa ona münasibətdə tətbiq edilməməlidir.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
36. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 2(074)-115/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-115/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.