Məhkəmə qərarları › İş №2(105)-428/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-428/2023

24.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-428/2023 24.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: nikahın etibarsız hesab edilməsi tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(060)-5948/2022 nömrəli qətnaməsindən iddiaçı cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli niahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 09 sentyabr 2020-ci il tarixdə 561 № ilə rəsmi nikaha daxil olmuşlar. Onun heç bir razılığı olmamış, nikah bağlandıqdan sonra bu nikahın formal və etibarsız olması ona məlum olmuşdur. O, cavabdehlə ailə həyatı qurmaq istəməmiş, valideynləri ona güc tətbiq etdikdən sonra məcbur qalaraq nikah münasibətlərinə daxil olmuşdur. Valideynlərinə dəfələrlə xəbərdarlıq etsə də ona heç bir məhəl qoymamışlar. Formal nikaha daxil olduqdan bir müddət sonra qarşı tərəfin də bu evliliyə razı olmadığını və onu da valideynlərinin məcbur etdiyini başa düşmüşdür. Cavabdeh onunla birlikdə yaşamaq istəmir. Nikaha daxil olandan sonra valideynləri ilə birlikdə qalmışdır. Onlar bir ailə olaraq bir gün belə birlikdə yaşamamış, birgə təsərrüfat idarə etməmişlər. Bütün baş verənlərdən sonra o, ağır depressiya keçirmiş, səhhətində ciddi problemlər yaranmışdır. Valideynlərinə bu evliliyin formal olduğunu və heç vaxt birlikdə ailə ola bilməyəcəklərini dedikdən sonra onlar da razılaşmışlar. Onların toyları da olmamışdır. Bütün bunları qarşı tərəf də təsdiq edə bilər. Ona görə də hesab edir ki, onların nikahı etibarsız sayılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(060)-5948/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir (hakim A.M.Behbudova). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 3.0.2, 25.1, 25.4-ci maddələrinə istinad edərək iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(060)-5948/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, formal bağlanmış nikahın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Sumqayıt Şəhər Məhkəməsi tərəfindən iddia üzrə obyektiv nəticəyə gəlmək üçün maddi və prosessual qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılarkən və qətnamə qəbul edilərkən qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, tərəflərin evlənmək fikri olmamış, iddiaçı valideynlərinin ona güc tətbiq etməsi nəticəsində nikaha daxil olmuşdur. Müəyyən olunmuşdur ki, cavabdehin də onunla evlənmək fikri olmamışdır. Yəni nikah formal olaraq bağlanmışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmənin qətnaməsi əsassızdır. Tərəflər nikaha məcburi şəkildə daxil olublar. Nə toy, nə də birgə təsərrüfat idarəsi olmayıb. Heç kimin nikaha daxil olanda ailə qurmaq niyyəti olmayıb. Cavabdeh iddianı qəbul edir. Hər iki tərəf nikaha daxil olanda bunun fərqində olublar ki, bu nikah etibarsızdır. 1 ay sonra cavabdeh əmin olub ki, bu formada nikah etibarlı ola bilməz.Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5948/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 3.0.2-ci maddəsinə görə ailə münasibətləri qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulmasıdır. 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Mülki Prosessual Məcəllə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cy maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 396847 nömrəli nikah haqqında şəhadətnamənin əslindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı nikah evi Səadət Sarayında 09 sentyabr 2020-ci il tarixdə 561 nömrəsi ilə qeyd edilmişdir. Müəyyən edilmişdir ki, tərəflər 09 sentyabr 2020-ci il tarixdə 561 nömrəli akt qeydi ilə rəsmi nikah bağlamışlar. Tərəflər bu nikahın formal xarakter daşıdığını, əvvəldən bu nikaha razı olmadıqlarını, pandemiya vaxtı ailələri qohum olduğu üçün onların təkidi ilə nikah qeydiyyatından keçdiklərini, nişan və toy mərasimlərinin keçirilmədiyini, birlikdə yaşamadıqlarını və bu əsasla nikahın etibarsız hesab edilməli olmasını iddia edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. 10.2-ci maddəsinə əsasən üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. 11.1-ci maddəsinə əsasən nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. 11.2-ci maddəsinə əsasən bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. 12.0-cı maddəsinə əsasən aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1-ci maddəsinə əsasən yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2-ci maddəsinə əsasən övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.3-cü maddəsinə əsasən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1-ci maddəsinə əsasən tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; 12.0.4-cü maddəsinə əsasən ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. 13.7-ci maddəsinə əsasən nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Qanunvericilik nikahın etibarsızlığını o cümlədən tərəflərin niyyəti ilə əlaqələndirərək belə bir niyyətin olmamasından asılı etmişdir. İşin hallarından müəyyən edildi ki, tərəflərin nikah bağlayarkən niyyəti ailə qurmağa yönəlmişdir. Belə ki, müəyyən edilmişdir ki, tərəflər könüllü olaraq müvafiq orqana müraciət edərək nikaha daxil olmaq barədə iradə ifadələrini bildirmiş, nikaha daxil olmuşlar. Odur ki, məhkəmə kollegiyası iddia tələbini əsassız hesab edir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən cavabdeh tərəfindnə iddianın etiraf edilməsini qanunazidd hesab edərək qəbul etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı öz iddia tələbini əsaslandıra və sübuta yetirə bilmədiyindən iddia təmin edilə bilməz, belə ki, iddiaçı nikahın ailə qurmaq məqsədilə deyil, görünüş üçün bağlanması faktını məhkəmədə sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(060)-5948/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(060)-5948/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar