Məhkəmə qərarları › İş №2(105)-428/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-428/2025

04.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-428/2025 04.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X10 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürürlmə tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-2157/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-175F 30321018 saylı şəhadətnamədən görünür ki, Quba rayonu X5 01 noyabr 1997-ci il tarixli 14 saylı qərarı ilə 0,26 hektar torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir.

2. 03 iyul 1989-cu il tarixli, 365 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, Quba rayonu, X8-xacə kəndində yerləşən, iki mərtəbəli, üç yaşayış otaqlı yaşayış evi mülkiyyət hüququ əsasında Quba rayonu, X2 adına 03 iyul 1989-cu il tarixdə 264 reyestr nömrə ilə qeydə alınmışdır.

3. AZ-İ seriyalı 394069 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir

4. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X6 ilə Cavabdeh1 arasında 20 noyabr 2014-cü il tarixdə Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyində bağlanmış 76 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahından 30 iyun 2017-ci il tarixdə anadan olmuş X11 anası X3 yanında, 24 may 2015-ci il tarixdə anadan olmuş X12 isə atası Cavabdeh1 yanında saxlanılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, o və azyaşlı övladı X11 ilə birlikdə cavadehlərin yaşadığı və sahiblik etdiyi, gəlin köçdüyü Quba rayon Rustov kəndində yerləşən 2 mərtəbədən ibarət birinci mərtəbəsi 1 zal iki otaq, ikinci mərtəbə 3 otaq bir zal və bir mətbəx olmaqla mənzilə köçürülməsi və ya köçürülməsi mümkün olmadıqda 7000 (yeddi min) manat məbləğində konpensasiya əvəz olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikah dövründə iki övladı dünyaya gəlib. 2014-cü ilin avqust ayında cavabdehlərə məxsus Quba rayon Rustov kəndində yerləşən 2 mərtəbədən ibarət birinci mərtəbəsi 1 zal iki otaq, ikinci mərtəbə 3 otaq bir zal və bir mətbəx olmaqla mənzilə gəlin köçmüşdür. Gəlin köcdüyü vaxt özü ilə cehiz-əmlakları aparmişdır. Cavabdeh1 Xalədddin oğlu ilə aralarında ailə mübahisələri olduğu üçün birgə nikahı davam eletdirə bilmədilər. Quba Rayon Məhkəməsinin 2(027)-76/2023 saylı xx.xx.2023-cü il qətnaməsinə əsasən nikahları ləğv edilmişdir. Hal-hazırda o və himayəsində olan azyaşlı övladı ilə birgə valideyini ilə birlikdə Timiryazev qəsəbəsində yaşayırlar. Bugünədək cavabdehlər onun və himayəsində olan azyaşlı övladına maddi və mənəvi köməklik göstərməmişlər əksinə tez-tez müdaxilə etmişlər. O, gəlin köçdüyü vaxt cavabdehlərə məxsus Quba rayonu Rustov kəndindəki mənzildə birgə yaşamaqlarına baxmayaraq onun və valideynlərinin köməyi ilə həmin evə təmir işlərinə müəyyən qədər xərc çəkmiş, köməklik etmişdir. Birgə nikah dövründə keçmiş yoldaşı Cavabdeh1 ilə birgə nikah dövründə müəyyən qədər gəlirləri olsada gəlirlərə sahiblik cavabdehlik etmişdir. Halhazırda o azyaşlı övladı ilə valideyininin yanında yaşayır, maddı vəziyyətləri çətin durumdadır. Cavabdehlərə məxsus Quba rayon Rustov kəndində yerləşən mənzilə sənədlərin kimə aid olduğunu bilmir lakin evə sahiblik cavabdehlər edirlər.

7. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının köçüb yaşamaq istədiyi Quba rayon Rustov kəndində yerləşən ev nənəsinin olub. Həmin evi özü təmir etmişdir. Hazırda ev onlardan heç kimin adına deyil. İddiaçı ilə birgə yaşadıqları müddətdə ev tikməmişlər. İddiaçının həmin evdən heç bir istifadə hüquqları yaranmamışdır.

8. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının köçüb yaşamaq istədiyi Quba rayonu, Rustov kəndində yerləşən ev anasına məxsus olub. Həmin ev 1890-cı illərdə tikilmiş, ev 3 otaqlı olmuşdur. Həmin evi təmir etmişlər. İddiaçı həmin evə gəlin gələrkən ev hazır vəziyyətdə olmuşdur. Ev 5 nəfər vərəsəyə aiddir yəni anasının 5 vərəsəsi vardır. İddiaçının həmin evə dair heç bir haqqı yoxdur.

9. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək göstərmişdir ki, Quba rayonu, Rustov kəndində yerləşən ev qaynanasına məxsus olub. O, özü də həmin evə gəlin köçmüşdür. 42 ildir ki, həmin evdə yaşayır. İddiaçının həmin evə dair haqqı yoxdur.

10. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının uşağı ilə birlikdə köçüb yaşamasını tələb etdiyi iddia predmetini təşkil edən Quba rayonu, Rustov kəndində yerləşən fərdi yaşayış evi mərhum X2 mülkiyyətində olmuşdur. İddiaçı xx.xx.2014-cü ildə Cavabdeh1 ilə ailə qurub, mübahisəli evə gəlin köçmüşdür. Cavabdeh1 ilə İddiaçınən birgə nikahlarından 24 may 2015-ci il tarixdə Ziya və 30 iyun 2017-ci il tarixdə Anar adlı uşaqları doğulmuşlar. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında 20 noyabr 2014-cü il tarixdə bağlanmış nikah pozulmuş, iddiaçı yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə həmin evdən çıxıb valideynlərinə məxsus yaşayış evinə getmişdir və hazırda da uşağı ilə birlikdə həmin evdə yaşayır. Quba rayonu, Rustov kəndində yerləşən həmin fərdi yaşayış evindən istifadə hüququ ilə bağlı evin mülkiyyətçiləri ilə İddiaçı, həmçinin İddiaçı uşağı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmamış və İddiaçı və uşağının həmin yaşayış evindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

11. Quba Rayon Məhkəməsinin 2(027)-2157/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Vüqar Seyidov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürürlmə barədə iddiası təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı fərdi yaşayış evinin mülkiyyətçiləri ilə fərdi yaşayış evindən istifadəsilə bağlı notarial qaydada təsdiq olunmuş yazılı razılaşmanın bağlanması və mübahisəli evə istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bu iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Beləliklə, hazırki işdə evə köçürmə ilə bağlı qanunda göstərilən şərtlər mövcud deyildir.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının 13, 29, Mülki Məcəllənin 111, 112, 139.1, 152.1, 225, 228, Mənzil Məcəlləsinin 30.4, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Pespublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarının tələbləri ilə əsaslandırmışdır.

14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

19. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

20. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

22. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

23. Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. (...)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (...)

25. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

26. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

27. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

29. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. İşin mübahisəsiz halına görə iddiaçı X6 xx.xx.2014-cü il tarixdə Cavabdeh1 ilə nikaha daxil olmuş və Quba rayon Rustov kəndində yerləşən mübahisəli evə gəlin köçmüşdür. X6 ilə Cavabdeh1 arasında 20 noyabr 2014-cü il tarixdə Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyində bağlanmış 76 nömrə ilə qeydə alınmış nikah Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, 30 iyun 2017-ci il tarixdə anadan olmuş X11 anası X3 yanında, 24 may 2015-ci il tarixdə anadan olmuş X12 isə atası Cavabdeh1 yanında saxlanılmışdır.

33. MPM-in 217.2-ci maddəsinə görə hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında mübahisəli evlə bağlı hüquq münasibəti 2014-cü il tarixdən yarandığından, həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun baxılaraq hüquqi qiymət verilməlidir.

35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

36. Mənzil Məcəlləsinin 30.4. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

37. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (Mənzil Məcəlləsinin 30.1. maddəsi).

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

39. Konstitusiya Məhkəməsi qeyd olunan qərarında qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir.

40. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

41. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzrə digər cavabdehlər Cavabdeh1 valideynləridir, iddiaçının köçmək istədiyi mübahisəli yaşayış evi mülkiyyət hüququ əsasında Cavabdeh1 nənəsi X2 adına 03 iyul 1989-cu il tarixdə qeydə alınmışdır. X4 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində tərəflərdən heç birinin adına qeydiyyata alınmamışdır.

42. İddiaçı ilə Cavabdeh1 arasındakı nikah məhkəmə qaydasında pozulduqdan sonra 30 iyun 2017-ci il tarixdə anadan olmuş X11 anası X3 yanında, 24 may 2015-ci il tarixdə anadan olmuş X12 isə atası Cavabdeh1 yanında saxlanılmışdır.

43. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

44. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisəli evin əvvəlki mülkiyyətçisinin, o cümlədədn cavabdehlərin ailə üzvü hesab edilmədiyindən, tərəflər arasında yaşayış sahəsinin istifadəsilə bağlı notarial qaydada təsdiq olunmuş yazılı razılaşma olmadığından və iddiaçının həmin evin yaşayış sahəsindən istifadə hüququ yaranmadığından, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

45. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün MPM-in 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

47. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)- 2157/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Quba Rayon Məhkəməsinin 2(027)-2157/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar