Məhkəmə qərarları › İş №2(105)-429/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-429/2021

08.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-429/2021 08.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı tərəfin nümayəndəsi: X3 iştirakları ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən maraqlı şəxsin nümayəndəsi V.M.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) ərizənin təmin edilməsi, Ərizəçi 1979-cu ilin 01 yanvar tarixindən 2003-cü ilin oktyabr ayınadək Quba Profdizinfeksiya şöbəsində dezinfektor vəzifəsində işləməsi faktının müəyyən edilməsi və həmin müddətin sığorta stajı kimi nəzərə alınması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, 1979-cu ilin 01 yanvar tarixindən 2003-cü ilin oktyabr ayınadək Quba Profdizinfeksiya şöbəsində dezinfektor vəzifəsində işləməsi faktının müəyyən edilməsi və həmin müddətin sığorta stajına aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1979-cu ilin 01 yanvar tarixindən 2003-cü ilin oktyabr ayınadək Quba Profidizinfeksiya şöbəsində dezinfektor vəzifəsində işləmişdir. Lakin o, pensiya fonduna təqdim edilməsi üçün 1979-cu ilin 01 yanvar tarixindən 2003-cü ilin oktyabr ayınadək Quba Profidizinfeksiya şöbəsində dizienfektor vəzifəsində işləməsi ilə bağlı oradan heç bir sənəd ala bilməmişdir. Müraciəti ilə bağlı Quba Profidizinfeksiya şöbəsindən ona 1979-cu ilin 01 yanvar tarixindən 2003-cü ilin oktyabar ayınadək qeyd edilən vəzifədə işləməsi və lazımi sənədin verilməməsinin səbəbinin idarənin sənədlərinin arxivə verilməməsi ilə bağlı arayış verilmişdir. O, yaşa görə DSMF-nin Quba rayon şöbəsinə pensiya təyin edilməsinə görə müraciət etmiş və onda olan bütün sənədləri təqdim etmiş, lakin 12 il sığorta stajı olmadığına görə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığı bildirilmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, 1979-cu ilin 01 yanvar tarixindən 2003-cü ilin oktyabr ayınadək Quba Profdizinfeksia şöbəsində dezinfektor vəzifəsində işləməsi faktının müəyyən edilməsi və həmin müddətin sığorta stajına aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Maraqlı şəxsin nümayəndəsi V.M.Hüseynov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, «Əmək pensiyalan haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyalan haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən Qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarekterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontrakt) əsasında işləyənlərin, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş və ya digər fəaliyyət müddətləri sığorta stajlarına daxil edilir. «Əmək pensiyalan haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalannın təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalannın 3.1.1-ci bəndinə əsəsən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlannın nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsəsən müəyyən edilir. Mövcud qanunvericiliyə əsasən hər hansı bir müəssisə fəaliyyətini dayandırdıqda müəssisəyə dair müvafiq sənədlər ya Dövlət arxivinə və yaxud həmin müəssisənin baş idarəsinə təhvil verilməlidir.iddiaçının sığorta stajı o halda təsdiq oluna bilər ki, iddiaçı işlədiyi müəssisədən və ya həmin müəssisənin sənədlərinin təhvil verildiyi arxivdən iş stajı barədə arayış təqdim etsin. Bundan əlavə 2010-cu il 08 oktyabr tarixdə 4027 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş «Əmək pensiyalan haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalannın rəsmiləşdirilməsi, baxılması Qaydalarının 3.4 bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməlliyat və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə, sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. X4 idarəsində heç bir fövqəladə hadisə baş verməmiş, hər hansı bir fövqəladə hadisənin baş verməsi barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sənəd təqdim edilməmiş və belə olan halda yalnız şahid ifadəsinə əsasən sığorta stajının müəyyən edilməsi pensiya qanunvericiliyə ziddir. Bundan əlavə, müəssisənin əmr kitablarının, əmək haqqı cədvəllərinin harada olması, müəssisənin məcburi dövlət sosial sığorta haqqlarının ödəyib-ödəməməsi faktının araşdırılması mümkün olmamışdır. İddiaçının xx xxxx 2017-ci ilədək qüvvədə olan pensiya qanunvericiliyinə əsasən tələb olunan 12 il sığorta stajı olmadığı üçün yaşa görə əmək pensiyası hüququ yoxdur. Quba Rayon Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi V.H.İsmayılova apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Ərizəçi apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ərizəni təmin edərkən, hüquqi faktın şahid ifadələri ilə sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin nümayəndəsinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon İHB-nın 1-ci Nügədi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 184 nömrəli arayışından görünür ki, Ərizəçi Quba rayonu, 1-ci Nügədi kəndində yaşayır. Quba Profdizinfeksiya şöbəsinin müdiri X5 İnzibati İqtisad Məhkəməsinə ünvanladığı ərizəsindən görünür ki, Profilaktik dezinfeksiya şöbəsi 1989-cu il tarixdən 1990-cı il tarixədək Quba rayon Gigiyena və Epidemiologiya Mərkəzinin tərkibində fəaliyyət göstərmişdir. 1990-cı ildən isə Mərkəzdən ayrılaraq Quba Mərkəzi Rayon Xəstəxanasının tabeçiliyində olan binalarda fəaliyyət göstərmişdir, 2006-cı ilin sonunda 3 saylı Vergilər İdarəsinə vergi borcu olması səbəbindən Profilaktik dezinfeksiya şöbəsinin fəaliyyəti tam dayandırılmışdır. Mərkəzi Xəstəxanın köhnə binası tam sökülərkən səhlənkarlıq nəticəsində müəssisənin əmr kitabları, əmək haqqı cədvəlləri və sair sənədlərin arxivə verilməsi mümkün olmamışdır. Ərizəçi Profdizinfeksiya şöbəsində xx xxxxxx 1979-cu il tarixindən oktybar 2003-cü il tarixinədək dezinfektor vəzifəsində işləmiş, qanunla müəyyən edilən vergi, sığorta haqları tutulduqdan sonra əmək haqqı almışdır. Dövlət Arxivinin Quba filialının xx.xx.2019-cu il tarixli, 163 nömrəli arxiv arayışından görünür ki, Ərizəçi Jdanov adına meyvəçilik sovxozu üzrə xx.xx.1973-cü il tarixli, 25 nömrəli əmrə əsasən 4 nömrəli briqadaya fəhlə, xx.xx.1973-cü il tarixli, 68 nömrəli əmrə əsasən Quba sovxozlararası tikinti idarəsinə müvəqqəti olaraq fəhlə qəbul edilmiş, xx.xx.1973-cü il tarixli, 143 nömrəli əmrə əsasən sovxoz fəhləliyindən azad edilmiş, xx.xx.1976-cı il tarixli, 3 nömrəli əmrə əsasən 6 nömrəli briqadaya fəhlə, xx.xx.1977-ci il tarixli, 25 nömrəli əmrə əsasən 4 nömrəli briqadaya müvəqqəti olaraq məhsul gözətçisi, xx.xx.1977-ci il tarixli, 1 nömrəli əmrə əsasən müvəqqəti gözətçilikdən azad edilərək, həmin briqadaya fəhlə təyin edilmiş və xx.xx.1977-ci il tarixli, 6 nömrəli, xx.xx.1977-ci il tarixli, 26 nömrəli əmrlərə əsasən məzuniyyətə buraxılmışdır. Quba rayon Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2019-cu il tarixli 01/78 nömrəli məktubundan görünür ki, Quba Profilaktik dezinfeksiya şöbəsi Quba Gigiyena və Epidemiologiya Mərkəzinin tərkibinə daxil edilsə də, həmin təşkilatın sənədləri onlara təhvil verilməmişdir. Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-833/2019 saylı qərardadı ilə A.O.Əmirovun 1979-cu ilin 01 yanvar tarixindən 2003-cü ilin oktyabr ayınadək Quba Profdizinfeksia şöbəsində dizienfektor vəzifəsində işləməsi faktının müəyyən edilməsi və həmin müddətin sığorta stajına aid edilməsi ilə bağlı iddiası mümkün sayılmamış və həmin iddia ilə müvafiq ümumi məhkəməyə müracət etməsi bildirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Ərizəçi 1979-cu ilin 01 yanvar tarixindən 2003-cü ilin oktyabr ayınadək Quba Profdizinfeksiya şöbəsində dezinfektor vəzifəsində işləmiş, lakin işlədiyi illər əmək kitabçasına qeyd olunmamışdır. Bu məlumat ona həmin dövr üçün sosial sığorta stajının əmək kitabçasına lazımi qeydin aparılması üçün lazımdır. Ərizəçinin işləməsi şahid ifadələri və işdə olan sənədlərlə təstiq olunur ki, həmin şahidlərin ifadələri bir-birilərini inkar etməməklə, birinin ifadəsi digərinin ifadəsinin tamamlayır. Bu da həmin şahidlərin ifadələrinin mötəbərliyi üçün əsas yaradır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, ərizəçi ərizəsində bu faktın tanınmasının ona pensiya təyin edilməsi üçün lazım olduğunu qeyd etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı ilin yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Ərizəçinin tələbini əsaslandırmaq üçün istinad etdiyi yeganə sübut iki şahid ifadəsidir, həmin şahidlər qeyd edilən müəssisədə 1981-1998, 1983-1993-cü illərdə işlədikləri halda, Ərizəçi xx xxxxxx 1979-cu ildən 2003-cü ilin oktyabr ayınadək Quba Profdizinfeksiya şöbəsində dezinfektor vəzifəsində işləməsi faktına şahidlik edə bilməmələrinə birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Əmək kitabçalarının surətlərindən görünür ki, X6 və X2 Profdizinfeksia şöbəsində müəyyən vəzifələrdə işləmişlər. Təqdim edilmiş sübutlarla yanaşı birinci instansiya məhkəməsinin araşdırması zamanı şahid qismində dindirilmiş X9 və X7 ifadələrində bildirmişlər ki, onlar Ərizəçi ilə birlikdə Quba Profidizinfeksiya şöbəsində işləmişlər. Ərizəçi 1979-cu ilin 01 yanvar tarixindən 2003-cü ilin oktyabr ayınadək faktiki orada fəaliyyət göstərmişdir. Sonradan, Quba Profidizinfeksiya şöbəsi öz fəaliyyətini dayandırmış və şöbənin sənədlərinin hara verilməsi bilinmir. Məhkəmə kollegiyası nəzərə alır ki, Ərizəçi 1979-cu ilin 01 yanvar tarixindən 2003-cü ilin oktyabr ayınadək Quba Profdizinfeksia şöbəsində dezinfektor vəzifəsində işləməsi faktının təsdiq edilməsinə dair sənədləri başqa qaydada əldə edə bilmir. Bu məlumat ona həmin dövr üçün sosial sığorta stağının əmək kitabçasına lazımi qeydin aparılması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilir ki, Ərizəçi 1979-cu ilin 01 yanvar tarixindən 2003-cü ilin oktyabr ayınadək Quba Profdizinfeksia şöbəsində dezinfektor vəzifəsində işləmiş, lakin işlədiyi illər əmək kitabçasına qeyd olunmamışdır. Buna görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquq faktların varlıgını və ya yoxlugunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» xx xxxxx 2019-cu il tarixli 03 saylı Qərarının 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təstiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsinin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Maraqlı şəxsin nümayəndəsi X1 apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2019-cu il tarixli 2(027)-1751/2019 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Elman Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar