Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-43/2025 19.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 cəlb edilməklə) qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, vindikasiya iddiası) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X21 (sədrlik edən və məruzəçi), X6 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X20, üçüncü şəxs X8 iştirakı ilə İddiaçı X4 cavabdeh X13 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-241/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Torpağa mülkiyyət hüququna dair JN-368 kod 30219018 kodlu Dövlət Aktından müəyyən olunur ki, iddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarına uyğun olaraq Xaçmaz rayon Müşkür kəndi ərazisində 0.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
2. Müşkür İƏD üzrə nümayəndəliyinin 29 iyun 2023-cü il tarixli 35 saylı sorğuya cavabından müəyyən olunur ki, Cavabdeh ünvan 1ində daimi pasport qeydiyyatında olmaqla həmin kənddə yaşayır. Cavabdeh özünə və ailəsinə məxsus 0,93 ha Müşkür kəndi ərazisində pay torpağı var.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizas Mərkəzinin 04 oktyabr 2023-cü il tarixli, 10/5234 saylı rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi S.Abbasovun tərtib etdiyi 17 may 2023-cü il tarixli, 3-21-3-34/2-6313/2023 nömrəli mütəxəssis rəyinə əsasən JN-368 kod 30219018 saylı Dövlət aktına əsasən iddiaçıya məxsus Xaçmaz rayonunda (Müşkür kəndində) yerləşən 0.72 ha torpaq sahəsinin sərhədləri müəyyən edildi. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan JN-368 Dövlət aktına əsasən 0.72 ha torpaq sahəsindən, iddiaçının torpaq sahəsinin 0.20 ha konturunda olan hissəsinin istifadəsinə maneçilik törədilməsini müəyyən etmək tikinti-texniki ekspertinin səlahiyyətləri daxilində deyildir. İddiaçının mülkiyyətində olan JN-368 Dövlət aktının 368 nömrəli planşetində göstərilən 0.20 ha torpaq sahəsinin bütövlükdə cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunur.
4. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-259 kod 30219018 nömrəli Dövlət Aktından müəyyən olunur ki, X15 və ailə üzvlərinin xüsusi mülkiyyətinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarına uyğun olaraq Xaçmaz rayon Müşkür kəndi ərazisində 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/10207 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-16277/2024 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir:
6. JN-0368 kod 30219018 saylı dövlət aktına əsasən İddiaçı məxsus Xaçmaz rayonu (Müşkür kəndində) yerləşən 0.72 ha torpaq sahəsindən JN-368 nömrəli planşetdə (konturda) mübahisəli olan 0.20 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir.
7. JN-0259 kod 30219018 saylı dövlət aktına əsasən üçüncü şəxs X11 və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu (Müşkür kəndində) yerləşən 1.40 ha torpaq sahəsindən JN-259 nömrəli planşetdə (konturda) mübahisəli olan 0.50 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir.
8. İddiaçının mülkiyyətində olan JN-0368 kod 30219018 saylı dövlət aktına əsasən 0.72 ha torpaq sahəsindən JN-368 nömrəli planşetdə (konturda) mübahisəli olan 0.20 ha torpaq sahəsi ilə, üçüncü şəxsin mülkiyyətində olan JN-259 kod 30219018 saylı Dövlət aktına əsaəsn 1.40 ha torpaq sahəsindən JN-259 nömrəli planşetdə (konturda) mübahisəli olan 0.50 ha torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir.
9. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli qərarı ilə onun və ailə üzvlərinin istifadəsinə verilmiş 0,72 hektar torpaq sahəsinin 2000,16 kv. metrindən çıxarılması, torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinə 0,72 hektar torpaq sahəsi verilmişdir, həmin torpaq sahəsinin 0,10 hektarını satmışdır. 2006-cı ildə torpaq sahəsinin sərhədləri və cizgiləri ətrafında mübahisə yarandığından Xaçmaz rayon Məhkəməsinin 05 iyul 2006-cı il tarixli qətnaməsi ilə istifadəsində olan torpaq sahəsinin sərhədləri müəyyən edilmiş və 0,61 hektar olması dəqiqləşdirilmişdir. Bu ölçüdə torpaq sahəsinin ona təhvil verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinə həvalə edilmiş və ona təhvil verilmişdir. Ancaq indi ona məlum olmuşdur ki, Xaçmaz rayon Müşkür kənd sakini Cavabdeh onun istifadəsində olan torpaq sahəsinin 2000,16 kv mertrindən qanunsuz olaraq istifadə edir. O, bundan əvvəl Xaçmaz rayon Məhkəməsində onun istifadəsində olan torpaq sahəsinin cavabdehlər X7 və qeyriləri tərəfindən zəbt edilməsi torpaq sahəsinin boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz rayon Məhkəməsi ona verilmiş dövlət aktında göstərilmiş ata adının bir hərfi şəxsiyyət vəsiqəsində yazılan ata adının bir hərfi ilə uyğun gəlmədiyi üçün onun iddiası subyektiv hüququ olmadığına görə rədd etmişdir. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Apellyasiya şikayətinə baxılarkən iş hərtərəfli və obyektiv araşdırılmış, iş üzrə ekspertiza təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2041 nömrəli rəyi ilə təsdiq edilmişdir ki, onun iddiası üzrə cavabdeh X1 yerləşən torpaq sahəsinin 1883 kv metrindən qanunsuz olaraq istifadə edir. Digər Cavabdeh isə onun torpaq sahəsinin 2000,16 kv metrindən qanusnuz olaraq istifadə edir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X5 torpağın mülkiyyət hüququna dair JN-368 kod 30219018 saylı Dövlət aktına əsasən ona və ailə üzvlərinə məxsus ünvan 1ində torpaq sahəsinin 368D nömrəli konturunun 1563 kv metrindən çıxarılması qət edilmişdir. Hal-hazırda Cavabdeh tərəfindən ona məxsus 2000.16 kv metr torpaq sahəsi qanusnuz olaraq istifadə edilir. Həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsi zəruridir.
12. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-241/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 1ində yerləşən İddiaçı və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində olan) 0.72 ha torpaq sahəsinin 2000.16 kv metr hissəsinin Cavabdeh istifadəsindən geri alınaraq İddiaçı istifadəsinə qaytarılması, aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pulun Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim Vüsalə Qasımova). 13 Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.3, 152.5, 157.2, 157.4, 170.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18, 20, 47, 49, 84, 111.1, 111.2 və 111.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri
14. Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-241/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, qətnamə qəbul edilərkən mülki və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmə işi hərtərəfli, tam və obyektiv şəkildə araşdırmadan işin faktiki hallarını tərəflərin izahatlarına düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəlmişdir. İşin faktiki halları ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı guya o İddiaçı Tamerlan qızına məxsus 0.72 ha torpaq sahəsinin 2000.16 kv. metr sahəsini qanunsuz olaraq zəbt edib istifadə edir. Lakin adı çəkilən həmin torpaq sahəsi ona yox, Müşkür kəndində yaşayan və şəhid ailəsi olan X11 və onun ailə üzvlərinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə və torpağı mülkiyyət hüququna dair JN-259 kod30219018 saylı Dövlət Aktına əsasən verilmiş 1.40 ha torpaq sahəsinə aiddir. Həmin torpaq sahəsinin sahibi şəhid yoldaşı X16 3 azyaşlı övladını tək baxdığına görə həmin torpaq sahəsini əkib becərə bilmədiyi üçün illər öncə müvəqqəti olaraq həmin torpaq sahəsinə baxıb, nəzarət etmək üçün onun istifadəsinə vermişdir. İddiaçı isə bunu bildiyi halda ona qarşı əsassız iddia qaldırmışdır. Məhkəmə Mülki Məcəllənin 57.2-ci maddəsinə əsaslanmış və bildirmişdir ki, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin məhkəmə həqiqətən də həmin torpaq sahəsinin Cavabdeh məxsus olmasını müəyyən etmədən iddiaçının iddia tələbini təmin etmişdir və nəticədə əsassız olaraq iddiaçının mülkiyyət hüququnu bərpa edərək kobudcasına şəhid yoldaşı olan X10 mülkiyyət hüququnun pozulmasına səbəb olacaq qətnamə qəbul etmişdir. Beləliklə, hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-241/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Azərbaycan Respublikası MPM-nin 217 və 218-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu qətnamə qanunsuz, əsassızdır. Məhkəmə prosesində çıxış edən zaman istifadəsində olan torpaq sahəsinin əslində şəhid ailəsi olan X10 mülkiyyətində olması faktını bildirsə də, məhkəmə buna əhəmiyyət belə verməmiş və lazımi araşdırma həyata keçirilməmişdir. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə və torpağı mülkiyyət hüququna dair JN-259 kod 30219018 saylı Dövlət Aktına əsasən X11 və ailə üzvlərinə verilmiş 1.40 ha torpaq sahəsinin istifadəsində olan torpaq sahəsi olduğu məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bu məsələ ilə bağlı heç bir fakt əsaslı və hərtərəfli araşdırılmamışdır. İddiaçı tərəfindən onun birbaşa mülkiyyətində olmayan torpaq sahəsi ilə bağlı iddianın torpağın əsl sahibi nəzərə alınmadan qanunsuz olaraq ona qarşı irəli sürülməsi halına məhkəmə araşdırması davam edən müddətdə diqqət yetirilməmişdir. İddiaçının mülkiyyət hüququnun bərpa olunması məqsədilə şəhid ailəsinə dövlət tərəfindən verilmiş və qanuni olaraq onların mülkiyyətində olan torpaq sahəsinin tamlığı pozulması halına diqqət belə yetirilməmişdir. İddiaçının mülkiyyət hüququnun bərpa olunması məqsədilə şəhid ailəsinə dövlət tərəfindən verilmiş və qanuni olaraq onların mülkiyyətində olan torpaq sahəsinin tamlığı pozulması halına diqqət belə yetirilməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X22, üçüncü şəxs X14 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
18. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
19. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
21. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
26. Maddə 49.1 Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.
27. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
28. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
33. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının
38. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
39. Bənd 2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
40. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
41. Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
Apellyasiya baxışının hədləri
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
44. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-241/2023 nömrəli qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
45. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Beləliklə, iş üzrə məhkəmə araşdırmaları ilə müəyyən edilən cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin 2000.16 kv metr hissəsindən istifadə etməsi halı iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə kimi qiymətləndirilməlidir.
48. İşin hallarından görünür ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh də iddiaçının mülkiyyətində olan 0.72 ha torpaq sahəsinin 2000.16 kv metrindən istifadə edir. Bu fakt işdə olan birinci instansiya məhkəməsində qərardad əsasında əldə edilmiş mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur.
49. Cavabdeh apellyasiya şikayətinin dəlillərində sözügedən torpaq sahəsinin üçüncü şəxs X8 mülkiyyətində olmasını bildirsə də, həmin hal apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza ilə öz təsdiqini tapmamışdır.
50. Belə ki, apellyasiya şikayətinin dəlillərini yoxlamaq məqsədi ilə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində məhkəmə kollegiyası tərəfindən əldə edilmiş ekspert rəyi ilə iddiaçının mülkiyyətində olan 0.72 ha torpaq sahəsindən mübahisəli olan 0.20 ha torpaq sahəsi ilə, üçüncü şəxsin mülkiyyətində olan 1.40 ha torpaq sahəsindən mübahisəli olan 0.50 ha torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya düzgün olaraq iddianı təmin edərək, ünvan 1i ünvanında yerləşən İddiaçı və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində (0.72 ha torpaq sahəsinin) olan torpaq sahəsinin 2000.16 kv. metr hissəsinin Cavabdeh istifadəsindən geri alınaraq İddiaçı istifadəsinə qaytarılması barədə nəticəyə gəlmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
53. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir.
54. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
55. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.
56. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli daşınmaz əmlakın (torpağın) cavabdehin qeyriqanuni sahibliyində olmasını sübuta yetirə bilmişdir. Cavabdeh isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
57. Belə ki, Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
58. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
59. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ekspertiza tədqiqatının xərci olan 100 manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-241/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X9, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.