Məhkəmə qərarları › İş №2(105)-430/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-430/2025

06.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-430/2025 06.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İ̇sax oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X9, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, X5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh7 qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, e-2(027)-1703/2024 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X9, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, X5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh7 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabehlər X4, Cavabdeh4, Cavabdeh1 qıznın, Cavabdeh3, Cavabdeh8, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh7 Quba rayonu, Mirzəbala Tahirov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 139,4 kv.m yaşayış, 163,3 köməkçi sahədən ibarət 24 saylı fərdi yaşayış evinə dair istifadə hüquqlarının itirilmiş hesab edilmələrinə, fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarına, mənzilin boşaldılmasına, Banka təhvil verilməsinə və 100 (yüz) manat dövlət rüsümunun cavabehlərdən tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında 12 avqust 2008-ci il tarixli 205 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh4 20.322, 58 (iyirmi min üç yüz iyirmi iki, 58) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh4 özünə məxsus Quba rayonu, M.Tahirov küçəsində 0,06ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 139,4 kv.m yaşayış, 163,3 kv.m köməkçi sahədən ibarət 24 saylı fərdi yaşayış evini xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bank tərəfindən kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Quba Rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(027)-619/2010 saylı qətnaməsi ilə iddia təmin olunmuş, 23.697,98 manat borcun Cavabdeh4 tutulması və Quba rayonu, M.Tahirov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 139,4 kv.m yaşayış, 163,3 kv.m köməkçi sahədən ibarət 24 saylı fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Bank qarşısında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsinə dair qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş, həmin əmlak barəsində məcburi icra hərəkətləri həyata keçirilmiş, əmlak qiymətləndirilmiş və satılması üçün açıq hərraca çıxarılmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Y- 964 saylı hərracın yekunlarına dair protokola əsasən harracın qalibi İddiaçı ASC olmuşdur. Əmlaka dair mülkiyyət hüququ DƏDRX-da ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-ci il tarixdə qeydə alınmış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən İddiaçı ASC-nin adına RX Seriyalı ******* nömrəli çıxarış alınmışdır. Daşınmaz əmlak hal-hazırda Bankın mülkiyyətində olduğuna görə cavabdehlərin qeyd olunan yaşayış sahəsini 1 (bir) ay müddətində boşaltmaq vəzifəsi yaranmışdır.

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Quba rayon Məhkəməsinin 2(02)-619/2010 saylı 10 iyun 2010-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ASC-nin Quba filialı ilə Cavabdeh4 arasında bağlanmış 205№li 12 avqust 2008-ci il tarixli Təminatlı Kredit müqaviləsinə vaxtından əvvəl xitam verilmiş, 23.697,98 manat borcun Cavabdeh4 tutulması və Quba rayonu, M.Tahirov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 139,4 kv.m yaşayış, 163,3kv.m köməkçi sahədən ibarət 24 saylı fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir.

5. Hərracın yekunları barədə 22 avqust 2012-ci il tarixli Y-964 №li protokoldan görünür ki, Cavabdeh4 məxsus Quba şəhəri, Mirzəbala Tahirov küçəsində yerləşən 24 saylı fərdi yaşayış evi hərracda ipoteka saxlayan İddiaçı ASC tərəfindən 63750 manata alınmışdır.

6. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, qeydiyyat nömrəsi ********** olan Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yerləşən fərdi yaşayaş evi tam mülkiyyət hüququ əsasında xx.xx.2014-cü il tarixdə İddiaçı ASC-nin adına dövlət qeydiyyatına alınmışdır.

7. 13.06.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hazırki iddianın qaldırılması ilə əlaqədar 100 manat dövlət rüsumu ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

8. Quba Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, e-2(027)-1703/2024 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddianın təmin edilməsi, cavabdehlər X9, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh8, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7 Quba şəhəri, Mirzəbala Tahirov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 139,4 kv.m yaşayış, 163,3 kv.m köməkçi sahədən ibarət 24 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər X9, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh8, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh7 ünvan 1 fərdi yaşayış evindən çıxarılması, hazırkı iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 100 manatın cavabdehlərdən tutularaq iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.2, 152.1 və 157.2-cü maddələri, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyat haqqında» Azərbaycan Respublikası Qanununun 2 və 9-cu maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. Quba Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, e-2(027)-1703/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin qismən, Cavabdeh4 dair hissədə ləğv edilməsi, yeni qətnamə çıxarılaraq iddia tələbinin Cavabdeh4 dair hissəsində təmin olunmamasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, e-2(027)-1703/2024 saylı qətnamə qeyri-qanunidir, bu səbəbdən ləğv edilməlidir. Belə ki, Cavabdeh4 2024-cü ilin avqust ayının əvvəlindən X3 mədə xorasınan stasionar (reanimasiyada) müalicədə olmuş və müalicə alan zaman daxili qanaxma baş verdiyindən 21 avqust 2024-cü il tarixində saat 2:30-dan 5:30-a kimi açıq əməliyyat keçirmiş, ona beş litrə yaxın qan köçürülmüşdür. Daha sonra müayinə və müalicədə olmuşdur. Bununla yanaşı məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər lazımi qaydada xəbərdar edilməmişdir. Məhkəmə bildirişi onlara şəxsən təqdim edilməmiş, bildirişlər olsa belə bildirişlərə cavabdehlər imza atmamışlar və bu hal məhkəmə tərəfindən ətraflı araşdırılımamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, Cavabdeh4 dair hissədə ləğv edilməsi, yeni qətnamə çıxarılaraq iddia tələbinin Cavabdeh4 aid hissəsində təmin olunmamasına dair qətnamə qəbul olunmasını xahiş etdiyi üçün kollegiya qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13, İ və İİ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29, İ, İİ və İV hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmanın əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

20. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Quba şəhəri, M.Tahirov küçəsində yerləşən 24 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir və cavabdehlər X9, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, X5, Cavabdeh6, X6, Cavabdeh7 mülkiyyətçi olmadan, mülkiyyətçi ilə icarə və kirayə müqaviləsi bağlamadan, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslar olmadan həmin evdə yaşamaqla, evdən istifadə edirlər.

22. Birinci instansiya məhkəməsinin mübahisəli qətnaməsi ilə iddia təmin edilmişdir.

23. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ipoteka predmeti olmuş Quba şəhəri, M.Tahirov küçəsində yerləşən 24 saylı fərdi yaşayış evinə İddiaçı ASC-nin mülkiyyət hüququ olduğundan və cavabdehlər hazırda heç bir hüquqi əsas olmadan həmin evə qanunsuz sahiblik edib, evdən istifadə etdiklərindən və bununla da iddiaçının mülkiyyət hüquqlarını pozduqlarından, cavabdehlərin həmin evə istifadə hüquqlarına xitam verilərək, iddiaçının sözügedən evə pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır.

24. Quba Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, e-2(027)-1703/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin qismən, Cavabdeh4 dair hissədə ləğv edilməsi, yeni qətnamə çıxarılaraq iddia tələbinin Cavabdeh4 dair hissəsində təmin olunmamasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşır və hesab edir ki, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinmiş və tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

26. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğvi və şikayətin təmin olunması üçün əsaslı sayıla bilməz. Kollegiya şikayətin dəlilləri ilə bağlı aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

27. Şikayətin dəlilindən göründüyü kimi apellyator birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin lazımi qaydada xəbərdar edilməməsini mübahisələndirmişdir. Kollegiya şikayətin dəlilini əsassız hesab edir.

28. Belə ki, iş materiallarında olan məhkəmə bildirişlərindən görünür ki, cavabdehlərin yaşayış yerləri üzrə məhkəmə bildirişləri göndərilmiş və iş materialının 69(a) vərəqində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Cavabdeh4 xx.xx.2024-cü il tarixində xəbərnaməyə imza etməklə məhkəmə bildirişini qəbu etmişdir.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, e-2(027)-1703/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar