Məhkəmə qərarları › İş №2(105)-432/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-432/2023

03.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-432/2023 03.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, e-2(012)-3491/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 saylı evin 42 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 saylı evin 42 saylı mənzilinin mülkiyyətçisidir. Bu barədə xx.xx.2005-ci il tarixdə verilmiş 4Ə8-994 reyestr nömrəli çıxarışa əsasən mənzil 76.1 kv.m. yaşayış sahəsi, 18.7 kv.m. köməkçi sahədən ibarətdir. O, həmin mənzili xx.xx.2005-ci il tarixdə alqı-satqı müqaviləsi ilə X2 almış və özü bu evi idarə etmişdir. Onun oğlu etmiş olduğu cinayət əməli ilə əlaqədar Bakı şəhərində cəza çəkdiyindən o, oğlunun həyat yoldaşını və uşaqlarını müvəqqəti olaraq həmin mənzilə yerləşdirmişdir. Burada məqsəd onun oğlu ilə ailəsinin mütəmadi görüşünü saxlamaq, müəyyən olunan vaxtlarda ailəsi tərəfindən yemək və digər sovqatların verilməsini təmin etmək olmuşdur. Bu gün həmin mənzildə hazırki cavabdeh yaşayaraq mənzil üzərində onun hüquqlarını məhdudlaşdırmışdır. O, mülkiyyətində olan mənzili satmaq istəsə də, cavabdehin qanunsuz hərəkətləri ucbatından gələn alıcılar evə daxil ola bilmir. Cavabdehin onun mülkiyyətində olan mənzilindən çıxmaması nəticə etibarı ilə, onun mənzil üzərində konstitusiya ilə nəzərdə tutulan hüquqlarının pozulması ilə nəticələnmişdir. Onun etdiyi tədbirlər heç bir nəticə verməmişdir. Cavabdeh onun mənzilindən çıxmadığından o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, e-2(012)-3491/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 saylı evin 42 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, e-2(012)-3491/2022 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi işə onun iştirakı olmadan baxmışdır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən cavabdeh kimi iştirakı təmin edilməməsi səbəbindən o, məhkəmədə öz dəlillərini və etirazlarını təqdim edə bilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, o, xx.xx.2022-ci il tarixdə teleqram ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında vəkili ilə iştirak edəcəyini bildirib məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə qətnaməsində yazmışdır ki, “məhkəmə hər hansı bir mötəbər sübut olmadan məhkəmə iclaslarının təxirə salınması barədə eyni məzmunlu 2 (iki) teleqram ilə məhkəməyə müraciət etmiş cavabdehin göstərilən teleqramlarını əsassız hesab edib, mülki iş üzrə prosessual müddətləri nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir”. Məhkəmə qətnaməsində yazmışdır ki, “xx.xx.2022-ci il tarixinə təyin olunmuş hazırlıq məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, İddiaçı çıxarılmasını tələb etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 saylı evin 42 saylı mənzilin iddiaçıya məxsus olmasını inkar etmir. O, iddiaçının oğlu ilə rəsmi nikah münasibətində olmuş, iddiaçının oğlu 7 il müddətinə azadlıqdan məhrum edilmiş, sonradan nikahlarına xitam verilmişdir. İddiaçının mülkiyyətində olan mənzilə gəlin köçmüşdür. Onun bir oğlu və bir qızı olmaqla, oğlu hazırda, hərbi xidmətdədir, qızı isə nikaha daxil olmuşdur. O, iddiaçının mülkiyyətində olan mənzildə 9 il müddətdir ki, yaşayır. İddiaçı həmin mənzildən ona pay versə, bu günki gündə mənzildən çıxmağa razıdır. Əks təqdirdə, onun yaşamağa başqa bir yeri yoxdur”. Lakin buna baxmayaraq məhkəmə iddianı tamamilə rədd etmək əvəzinə iddianı təmin etmişdir, formal mülahizələrlə qətnaməsini əsaslandırmağa calışmışdır. Məhkəmə iddianı tamamilə rədd etmək əvəzinə iddianı təmin etmişdir. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi faktiki halların məhkəmə tərəfindən araşdırılmaması ondan ibarətdir ki, məhkəmə nəzərə almamışdır ki, o, mənzildə uzun müddətdir yaşayır və onun həmin mənzildən istifadə hüququ yaranmışdır. Lakin Abşeron Rayon Məhkəməsi tərəfindən bu hallar ümumiyyətlə araşdırılmamışdır, məhkəmə həmin hallara göz yummuşdur, sanki görməmişdir, onlara lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə tərəfindən qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 152.5, 157.1, 157.2, 157.4-cü maddələrinə istinad edilmişdir, lakin nəzərə almamışdır ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 saylı evin 42 saylı mənzildə 9 ildir fasiləsiz yaşayır, onun bu mənzildən istifadə hüququ yaranmışdır və yaşamağa başqa bir yeri yoxdur. Məhkəmə əsassız olaraq onun mənzildən çıxarılması barədə qətnamə çıxarmışdır. Məhkəmə nəzərə almamışdır ki, o, iddiaçının mülkiyyətində olan mənzilə gəlin köçmüşdür. Onun bir oğlu və bir qızı olmaqla, oğlu hazırda, hərbi xidmətdədir, qızı isə nikaha daxil olmuşdur. O, iddiaçının mülkiyyətində olan mənzildə 9 il müddətdir ki, yaşayır. Lakin buna baxmayaraq məhkəmə iddianı təmin etmiş, formal mülahizələrlə qətnaməsini əsaslandırmağa calışmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan satıcı X7 ilə alıcı İddiaçı arasında Abşeron rayon 2-ci Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli, № 250907 saylı müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 saylı evin 42 saylı mənzilini alıcıya satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, mülkiyyət hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 4654 nömrə ilə reyestr kitabında yazılmış qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 saylı evin 42 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında Abşeron rayon 2-ci Dövlət Notariat Kontorunun xx.xx.2005-ci il tarixli 4Ə8-994 reyestr nömrəli müqaviləsinə əsasən qeydə alınmışdır. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)- 1412/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X8 arasında Yevlax rayon Qeydiyyat şöbəsində xx.xx.2002-ci il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X6 adlı uşağın iddiaçı Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan Yevlax RPŞ tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, AZE № 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Yevlax şəhəri, M.B.Qasımov küçəsi 15 saylı mənzildə qeydiyyatda olmuşdur. İş materiallarında olan Asan-Bərdə tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Yevlax şəhəri, Xoyski küçəsi 27 saylı mənzildə qeydiyyatdadır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı oğlu X8 ilə Cavabdeh xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 saylı evin 42 saylı mənzilinə təxminən 2012-2013-cü illərdə köçərək yaşamış, həmin ünvanda iddiaçının oğlu ilə birlikdə yaşamış, birgə təsərrüfat aparmışlar. Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-1412/2021 saylı qətnaməsinə əsasən iddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından olan azyaşlı uşağı cavabdehin yanında saxlanılmışdır. Nikahın pozulmasına baxmayaraq, cavabdeh uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildə yaşamağa davam etmiş və bu hal iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmış, bu səbəbdən də iddiaçı cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.7-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, 28ci məhəllə, 1 saylı evin 42 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına reyestrdə qeydə alındığı üçün, o, mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 saylı evin 42 saylı mənzildə 9 ildir fasiləsiz yaşayır, onun bu mənzildən istifadə hüququ yaranmışdır və yaşamağa başqa bir yeri yoxdur. Məhkəmə əsassız olaraq onun mənzildən çıxarılması barədə qətnamə çıxarmışdır. Məhkəmə nəzərə almamışdır ki, o, iddiaçının mülkiyyətində olan mənzilə gəlin köçmüşdür. Onun bir oğlu və bir qızı olmaqla, oğlu hazırda hərbi xidmətdədir, qızı isə nikaha daxil olmuşdur. O, 9 il olar ki, iddiaçının mülkiyyətində olan mənzildə yaşayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Cavabdeh qızı ilə iddiaçının oğlu X8 17 dekabr 2002-ci il tarixdə rəsmi nikaha daxil olsalar da, cavabdehin məhkəmə kollegiyasının iclasında verdiyi izahatında təxminən 2012-2013-cü illərdə mübahisəli mənzilə köçərək orada yaşadığını bildirdiyindən tərəflər arasında yaranmış münasibətlərə 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarı ilə belə nəticəyə gəlmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.” Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. (30.2) Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə cavabdeh mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü olmamaqla, yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına daxil deyildir. Cavabdeh iddiaçının gəlini olmaqla, oğlu ilə 17 dekabr 2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş, təxminən 2012-2013-cü illərdə mübahisəli mənzilə köçərək orada yaşamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli mənzilə nə Mülki Məcəllənin müddəaları, nə də ki Mənzil Məcəlləsinin müddəaları baxımından hər hansı bir hüququ yaranmamışdır. Odur ki, iddiaçının mülkiyyətində hər hansı hüquqları mövcud olmayan cavabdehin və onun əşyalarının həmin mənzildə qalması, iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır, buna görə də, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, e-2(012)-3491/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar