Məhkəmə qərarları › İş №2(105)-435/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-435/2025

09.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq sahəsinin boşaldılması - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-435/2025 09.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 və onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-45/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 06 noyabr 2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən 0,034 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılması, ona məxsus torpaq sahəsi üzərində cavabdehlər tərəfindən tikilmiş tikililərin cavabdehlər Cavabdeh1 oğunun və Cavabdeh2 öz hesablarına sökülməsi və ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli,********** qeydiyyat nömrəli, 06 noyabr 2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,034 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 36,4 kv.m. qeyri-yaşayış binası ona ona məxsusdur. 0,034 ha torpaq sahəsi üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 anbar binası tikmişlər. Dəfələrlə cavabdehlərdən həmin tikilinin sökülməsini tələb etsə də onlar buna məhəl qoymamışlar. Bununla bağlı o, Xaçmaz rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdikdən sonra araşdrma aparılmış və nəticəsi olaraq cinayət işinin başlanması rədd edilərək ona məhkəməyə mülki qaydada iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Məhkəmədənkənar qaydada cavabdehlər Kənan və Cavabdeh2lərə ona məxsus torpaq sahəsini zəbt edərək tikdikləri tikilinin sökülməsini və torpaq sahəsinin boşaldılmasını dəfələrlə bildirsə də cavabdehlər tələblərinə məhəl qoymamışlar. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdehlər iddia ərizəsinə qarşı yazılı etirazını onunla əsaslandırmışlar ki, mübahisə edilən mağazinin tikintisi və genişləndirilməsi qanunidir. Həmin mağaza qanuni əsaslarla Məmmədbəyli X2 mülkiyyətində, başqa sözlə istifadəsində, sərəncamında və sahibliyindədir. Belə ki, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının “Fərdi mağazanın genişləndirilməsi üçün tikintiyə icazə verilməsi baradə” xx.xx.2006-ci il tarixli 128 saylı sərəncamı var. Həmin səracamda göstərilir ki, Cavabdeh2 ərizəsi və mütəxəssis aktı nəzərə alınaraq qərara aldım: Xaçmaz şəhəri, Atatürk küçəsi 8, dalan 1-də yaşayan Cavabdeh2 Nərimanov küçəsində dövlət ehtiyat torpaq sahəsində ona məxsus 40 m2 mağazanın genişləndirilməsi üçün əlavə 12,5 m2 torpaq sahəsi ayrılaraq tikintiyə icazə verilsin. Aparılacaq tikinti RİH-nin tikinti-memarlıq şöbəsinin verdiyi lahiyyəyə uyğun aparılsın.” Bundan əlavə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına (qeydiyyat nömrəsi **********), ünvan 2A-da yerləşən, qeyri-yaşayış binası (mağaza) ilə bağlı Cavabdeh1 mülkiyyət hüququnu əks etdirən, ******* nömrəli RX seriyalı “Çıxarış” verilmişdir. Həmin “Çixarış”da ümumi sahənin 41,7 m2, torpaq sahəsinin (ölçüsünün) 0,00519 ha, tikinti altında olan sahənin 51,9 m2, torpaq sahəsinin xüsusi mülkiyyətdə olması və s. kimi məlumatlar da qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına verilmiş 606397 nömrəli RX seriyalı “Çıxarış”da göstərilən torpaq sahəsi, tikinti obyekti daşınmaz əmlak kimi mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilmişdir. Cavabdeh1 birmənalı olaraq mübahisə edilən torpaq sahəsinin mülkiyyətçisidir. O, özünə mənsub sahədə ucaldılmış binaya, quğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə etmişdir. Xaçmaz rayon polis şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Xaçmaz rayon polis şöbəsinə yazılı ərizə ilə müraciət edərək mübahisə edilən torpaq sahəsini Cavabdeh1 zəbt edərək qanunsuz obyekt tikməsini göstərmişdir. NK-1/1532 nömrəli material üzrə aparılmış təhqiqat nəticəsində cinayət işinin başlanması “cinayət tərkibinin olmaması” əsası ilə rədd edilmişdir. Mağazaya bitişik olan 12 m2-lik torpaq sahəsi isə ümumi istifadədə olan torpaqdır. Həmin torpaq sahəsi üzərində 2006-cı ildən onun istifadə hüququ yaranmışdır. Torpaq Məcəlləsinin 50-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. O, da mağazaya görə vergi vermişdir. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. X3 bilərəkdən onlardan məhkəməyə iddia ərizəsi ilə müraicət etmiş, onun əsəblərə toxunan bu hərəkətləri ailə üzvləri arasında əsəbilik, gərginlik yaratmış, normal iş və yaşayış rejimini pozmuşdur. Torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir. Rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Rayon (şəhər) daxilində yaşayış məntəqələrinin hüdudlarının müəyyən edilməsinə dair mübahisələrə müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə tərəfindən baxılır. Tərəflər onların qərarı ilə razı olmadıqda, yuxarı dövlət orqanlarına və ya məhkəməyə müraciət edə bilərlər.

4. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-45/2024 nömrəli qətnaməsi ilə (hakim Samir Bayramov) iddia təmin olunmuş, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 06 noyabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,034 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsi üzərində cavabdehlər tərəfindən tikilmiş tikililərin cavabdehlər Cavabdeh1 oğunun və Cavabdeh2 öz hesablarına sökülməsi, iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 oğu və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 oğundan və Cavabdeh2 oğlundan müştərək qaydada alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 2 ünvanında yerləşən 0.034 ha olan torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Torpaq sahəsinin sxemdə öz əksini tapmış 7.11 kv.metr hissəsində cavabdehlər tərəfindən tikili tikilməklə istifadə olunur. Hazırkı mübahisə ilə bağlı aparılmış araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. Cavabdehlər tərəfindən inşa edilmiş 7.11 kv.m tikilinin İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə kimi qiymətləndirilməlidir ki, bu da qanunla qadağandır.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Kostitusiyasının 13,29, Mülki Məcəllənin 152.1, 152.2,152.3, 140, 158.1, 158.2, 170.2, 180.1, 180.4, 560.2, Torpaq Məcəlləsinin 82, 84, 111-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh2 apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-45/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Sahin Əliyevin iddiası və məhkəmənin qətnaməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli “Çıxarışa”, həmçinin həmin idarənin verdiyi xx.xx.2022-ci il tarixli, 5/6-160-1532 nömrəli rəyinə əsaslanmışdir. Dəfələrlə yazılı səkildə həmin “Çixarış”ın və rəyin əsassız olmasını, mübahisə edilən 6 kv.m. sahə ilə bağlı uzunmüddətli istifadə hüququnun olmasını, məhz bu səbəbdən həmin hissədə 1-ci alıcılıq hüququnun ona məxsus olmasını, ona üstünlük verilməli olmasına, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin işə cəlb olunmasını, qərar qəbul edilərkən Mülki Məcəllənin 241 və 243-cü, Torpaq Məcəlləsinin 50-ci maddələrinə istinad edilməsini xahiş etmələrinə baxmayaraq bu maddələrə istinad edilməmiş, vəsatətlərə isə məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmisdir. Halbuki, Mülki Məcəlləyə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir (maddə 241.2). Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir (maddə 243.1). Torpaq Məcəlləsinin 50-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. Torpaq Məcəlləsinin 56-ci maddəsinə əsasən isə Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: -bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; -müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına və sair. Mübahisənin sülhməramlı, barışıq sazişi ilə həlli ücün “mediasiya”nın, ədalətli həlli üçün heç olmasa “Servitut”un və ya “Usufrukt”un tətbiqinə dair yazılı və şifahi müraciətləri (vəsatətləri) də məhkəmədə laqeyd münasibətlər ilə qarşılandı. Təklifə baxmayaraq tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi də tətbiq edilmədi. 5 saylı Xaçmaz Ərazi İdarəsinin verdiyi rəydən narazı olmalarına və vəsatətlərinə baxmayaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri nə üçüncü şəxs, nə də maraqlı şəxs qismində işə cəlb olunmamışdır. İddiaçı Sahin Əliyev tərəfindən “Çixarış”da və digər sənədlərdə göstərilənlərdən artıq torpaq zəbt edilmişdir. Bununla bağlı əraziyə yerli baxış keçirilməsi, ekspertiza rəyi alınması və s. barədə yazılı vəsatətlər təmin olunmamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 9.İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı verilmiş etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində Xaçmaz Rayon Məhkəməsinin hansı maddi və prosessual hüquq normalarının pozulması qeyd edilməmişdir. İddiaçının iddiası ondan ibarətdir ki, ona məxsus torpaq sahəsinin 7,11 kv.m hissəsini cavabdeh zəbt etməklə qanunsuz tikili tikmişdir. Mütəxəssis və ekspert rəyləri ilə bu fakt öz təsdiqini tapmışdır. Bu tip iddiallarda iki hal vardır. Ya zəbt var, ya da yoxdur. Cavabdehin apellyasiya şikayəti boş və mənasız söz yığınından ibarət olmaqla iddiaya qarşı heç bir halı qeyd etmir. Cavabdehin apellyasiya şikayəti bundan əvvəl Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(067)-1820/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətində və ona əlavədə göstərilən halların birəbir təkrar olunmasıdır. Hansı ki, hazırkı apellyasiya şikayətində göstərilən hallar Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-598/2024 saylı işində müzakirə olunmuş, xx.xx.2024-cü il tarixli qətnaməsində öz əksini tapmış, həmin apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamədən verilmiş kassasiya şikayəti də təmin olunmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3116/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh apellyasiya şikayətində 3,5 kv.m zəbt hissə olduğunu, həmin hissəni almaqda üstünlük hüququ olduğunu, qarşı tərəfə yəni iddiaçıya texniki pasport verilməməli olduğunu qeyd edir. Bildirmək istəyir ki, cavabdehin texniki pasportla bağlı qeyd etdiyi halda texniki pasportda mülkiyyətçi Cavabdeh1 İsmayıl oğlu, apellyasiya şikayəti verən şəxs isə Cavabdeh2dur. Həmin texniki pasportla bağlı məsələni Cavabdeh2 yox, Cavabdeh1 mübahisələndirə bilərdi. O da 2-ci bənddə qeyd etdiyi kimi mübahisələndirmiş və məhkəmə bu hala qiymət vermişdir. Əlavə olaraq bildirir ki, cavabdehin 3,5 kv.m torpaq sahəsi texniki pasportda göstərilən şəxs, yəni Cavabdeh1 mülkiyyətindədir. İddiaçının iddia tələbi ona məxsus çıxarışda göstərilən torpaq sahəsinin zəbt edilməsi ilə bağlıdır. Əgər iddiaçının zəbt olunmasını tələb etdiyi yer 3,5 kv.m torpaq sahəsinə düşərdirsə ondan mütəxəssis və ekspert bu halı qeyd edərdi və deyərdi ki, iddiaçının zəbt olunmasını qeyd etdiyi yerin bir hissəsi cavabdehin öz mülkiyyətidir. Göründüyü kimi cavabdehin qeyd etdiyi 3,5 kv.m sahənin bu işə heç bir aidiyyatı yoxdur. İddiaçı mülkiyyət hüququ ilə özünə məxsus torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehlərin çıxarılması ilə 2022-ci ildən məhkəməyə müraciət etmişdir. Artıq 3 ildir ki, iddiaçının Konstitusiya ilə qorunan mülkiyyət hüququ pozulur. Cavabdehlər torpaq sahəsinin bosaldılmamasına maneə olmaq üçün, işin süni surətdə uzadılması məqsədilə əsassız olaraq məhkəmələrdə iddia qaldırmış, həmin iddiaları rədd edilmişdir. Cavabdehin hazırkı apellyasiya şikayəti hüquqdan sui-istifadə etməsidir və bu isə yolverilməz olmaqla isin məhkəmələrdə süni surətdə uzadılmasına xidmət edir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, öz adına olan çıxarışı 2006-cı ildə almış, texniki pasport da çıxarış da mövcud olmuş, sərəncam isə çıxarış əldə olunduqdan sonra verilmişdir. Mübahisəli torpaq sahəsinə yaxın bir ərazidə başqa obyekti olmuş, oranı söküb, hazırki torpaq sahəsini ona vermişlər ki, o da orada obyektini tikmişdir. Sanitar qovşaq 2014-cü ildə tikilmişdir. Apellyasiya şikayətini Kənan oğlu olduğu üçün özü vermişdir, birinci instansiya məhkəməsinin qərarından oğlu da narazıdır. Sanitar qovşaqla birgə tikilinin ümumi sahəsi 12,5 kv.m-dir.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, 2015-ci ildə iddiaçıya və onlara texniki pasport verilmiş, onların 3.5 kv.m sahə barədə zəbti tanınmışdır. Birinci instansiya məhkəməsində ekspertiza təyin edilmiş, ekspert situasiya planı olmadığından ekspertizanın keçirilməsindən imtina etmiş, icra hakimiyyəti situasiya planını onlara təqdim etməmiş, yalnız məhkəmə sorğusu əsasında müvafiq planın təqdim olunacağını bildirmişdir. Situasiya planının əldə oluması üçün məhkəmədə dəfələrlə vəsatət qaldırsalar da məhkəmə vəsatətləri təmin etməmiş, məhkəmə öz qərarında iki dəfə fərqli rəy vermiş mütəxəssisin rəyinə istinad etmişdir. Mütəxəssis rəylərinin birində obyektin sahəsi 6 kv.m, digərində isə 7 kv.m göstərilmişdir. 3.5 kv.m təsdiqlənmiş zəbt həmin 7 kv.m-ə daxildir. Əmlak Məsələləri Dövlət Xidmətindən koordinatların səhv qeyd edildiyi barədə məlumat almışlar. Buna görə də Əmlak Məsələləri Dövlət Xidmətinin işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməsini, nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin olunmasını xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, təqdim etdiyi etirazda mövqeyini geniş şəkildə bildirmişdir. Cavabdehin apellyasiya şikayəti bundan əvvəl Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətində və ona əlavədə göstərilən halların birəbir təkrar olunmasıdır. Hazırki apellyasiya şikayətində göstərilən hallar apellyasiya instansiyası məhkəməsində müzakirə olunmuş, qəbul edilən qətnamədə öz əksini tapmış, şikayət təmin edilməmiş, kassasiya şikayəti də təmin olunmamışdır. Cavabdeh iddiaçının adına olan çıxarışın ləğvi ilə bağlı iddia qaldırmış, iddia tələbi təmin edilməmiş, qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 oğli məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxsiniştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

14. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 3 ünvanda 0,034 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. 15.. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 07606397 nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 4 ünvanda 0,00519 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 41,7 kv.m tikili Cavabdeh1 mülkiyyətindədir.

16. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 38 saylı sərəncamından görünür ki, Xaçmaz şəhəri, Atatürk küçəsi 8, dalan 1-də yaşayan Cavabdeh2 N.Nərimanov küçəsində dövlət ehtiyyat torpaq sahəsində ona məxsus 40 kv.m torpaq sahəsində fərdi mağaza tikintisinə icazə verilmişdir.

17. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 128 saylı sərəncamından görünür ki, Xaçmaz şəhəri, Atatürk küçəsi 8, dalan 1-də yaşayan Cavabdeh2 N.Nərimanov küçəsində dövlət ehtiyyat torpaq sahəsində ona məxsus 40 kv.m mağazanın genişləndirilməsi üçün əlavə 12,5 kv.m torpaq sahəsi ayrılaraq tikintiyə icazə verilmişdir.

18. Fiziki və ya qeyri dövlət hüquqi şəxslərinin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi toprpaq sahəsinin alqı-satqısına dair xx.xx.2014-cü il tarixli, 5058 nömrəli müqavilədən görünür ki, xx.xx.2006-cı il tarixli, ********* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 adına qeydiyyata alınmış ünvan 5 ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 51,9 kv.m torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 50 manata satılmışdır.

19. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinin 02 may 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 adına verilmiş xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarış üzrə istifadəsinə 51.9 kv.m torpaq sahəsinin verilməsinə əsas Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 38 saylı və xx.xx.2006-cı il tarixli, 128 saylı sərəncamları olmuşdur.

20. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinin mütəxəssis rəyindən müəyyən olunur ki, ********** qeydiyyat nömrəli, **********2-06301 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 0.034 ha olan torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir (sxem əlavə olunur). İddiaçıya məxsus torpaq sahəsinin mülkiyyət sənədinə əsasən Xaçmaz şəhəri, N.Nərimanov küçəsi,1 C ünvanında olan 0.034 ha torpaq sahəsinin 7.11 kv.m. hissəsi cavabdehlər tərəfindən istifadə olunur. Hansı ölçüdə və hansı istiqamətdə istifadə olunması sxemdə öz əksini tapmışdır. Torpaq sahəsinin hududları daxilində cavabdehlər tərəfindən 7.11 kv.m tikili tikilmişdir və həmin tikilinin cizgiləri və ölçüləri sxemdə öz əksini tapmışdır.

21. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8048 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-21- 334/27574/2023 nörmrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, ********** qeydiyyat nömrəli, **********2-06301 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 0.034 ha olan torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir (sxem əlavə olunur). Həmin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçıya məxsus torpaq-sahəsinin mülkiyyət sənədinə əsasən Nəriman ünvan 8 ünvanında olan 0.034 ha torpaq sahəsinin 7.11 kv.metr hissəsi cavabdehlər tərəfindən istifadə olunur. Hansı ölçüdə və hansı istiqamətdə istifadə olunması sxemdə öz əksini tapmışdır, torpaq sahəsinin hüdudları daxilində cavabdehlər tərəfindən 7.11 kv.metr tikili tikilmiş və həmin tikilinin cizgiləri və ölçüləri sxemdə öz əksini tapmışdır. xx.xx.2023-cü il tarixli 3-21-3-34/27574/2023 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, torpaq sahəsinin hüdudları daxilində cavabdehlər tərəfindən 7.11 kv.metr tikili tikilmişdir və həmin tikilinin cizgiləri və ölçüləri sxemdə öz əksini tapmışdır. xx.xx.2022-ci il tarixli **********30 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı, Texniki inventarlaşdırma və qiymətləndirilməsi sektorunun müdiri Salman Abbasov tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin nəticə hissəsi aşağıdakı kimidir: ünvan 9 ünvanında yerləşən İddiaçı məxsus reyestr nömrəsi **********52-06301 olan çıxarışa əsasən 340 kv.metr torpaq sahəsinə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, İddiaçı texniki pasportunda əks olunmuş cizgilərinə və baza məlumatlarına əsasən 340 kv.metr sənəd üzrə olduğu ilə, faktiki naturada istifadə vəziyyətində olan ölçülərində qismən fərq var. Lakin İddiaçı texniki pasportunda əks olunmuş 340 kv.metr torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarından kənarda 10 kv.metr neytral torpaq sahəsi vardır. Bundan başqa İddiaçı texniki pasportunda əks olunmuş sənəd üzrə cizgilər daxilində digər şəxs tərəfindən tikilmiş tikilinin tikintialtı sahəsinin 6.0 kv.metr hissəsi yerləşir. Ekspert tərəfindən qeyd olunur ki, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəylərində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Eyni zamanda qeyd olunur ki, mütəxəssis rəylərinin nəticələrinə və mütəxəssis rəyləri arasında yaranmış ziddiyyətə məhkəmə tərəfindən aradan qaldırılaraq qiymət verilə bilər.

22. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1820/2023 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Nümayəndə1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı icarə və alqı-satqı müqavilələrinin və qeydiyyatın qismən etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamışdır.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-598/2024 saylı qətnaməsindən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1820/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)3116/2024 saylı qətnaməsindən müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-598/2024 saylı qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.

25. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-532/2023 nömrəli qərardadından görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər Xaçmaz Bələdiyyəsi, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti , Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti və Nümayəndə1 qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, mübahisəli torpaq sahəsinin Nümayəndə1 satılması barədə qərarın surətinin ona göndərilməsi, qərarın qanunazidd bəndlərinin ləğv olunması, vurulmuş ziyanın ödənilməsi, torpaq sahəsi üzərində onun istifadə hüququnun təsdiq edilməsi və reyestr məlumatlarında dəyişilik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, iddia tələbi mümkün sayılmamışdır.

26. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(105)-661/2023 nömrəli qərardadından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-532/2023nömrəli qərardadından verilmiş şikayət təmin edilməmişdir.

Tətbiq edilən hüquq

27.Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

29. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

82. Başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur.

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

30. Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

31. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-45/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)- 45/2024 nömrəli qətnaməsi dəyişdirilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

33. İşin müəyyən edilmiş hallarına əsasən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli,********** qeydiyyat nömrəli, 06 noyabr 2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,034 ha torpaq sahəsinin 7.11 kv.m. hissəsi cavabdehlər tərəfindən zəbt olunaraq, həmin hissədə kiçik anbar kimi istifadə olunan tikili inşa olunmuşdur. Qeyd edilən hal birinci instansiya tərəfindən əldə edilmiş mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunmuşdur. Həmçinin, məhkəməyə təqdim edilmiş fotoşəkillərlə və hər iki tərəfin mülkiyyətində olan torpaq sahəsinin planı və cavabdehdə məxsus texniki pasportun qarşılıqlı təhlili də cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsində, öz mülkiyyətində olan tikiliyə bitişik şəkildə əlavə tikili inşa etməsi müəyyən edilməkdədir.

34. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus zəbt olunmuş torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş tikilinin sahəsi müəyyən olduğu halda birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsi üzərində cavabdehlər tərəfindən tikilmiş tikililərin cavabdehlərin öz hesabına sökülməsini qət etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,034 ha torpaq sahəsində inşa etdikləri 7.11 kv.m. sahədən ibarət tikilinin sökülməsi və onların həmin torpaq sahəsindən çıxarılması qət edilməlidir.

35. Məhkəmə kollegiyası cavabdeh tərəfin inşa edilmiş anbar tikilisinin mülkiyyətində olan torpaq sahəsindən əlavə olaraq, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-ci il tarixli 128 saylı sərəncamı ilə ayrılmış 12,5 kv.m torpaq sahəsində yerləşməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh2, sonradan isə 07606397 nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 0,00519 ha torpaq sahəsi Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 38 saylı və xx.xx.2006-cı il tarixli, 128 saylı sərəncamları əsasında verilmişdir ki, həmin torpaq sahələri də tam olaraq cavabdehlərin faktiki istifadəsində olmaqla, 7,11 kv.m sahədən ibarət tikili həmin torpaq sahəsində deyil, iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir.

36. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-45/2024 nömrəli qətnaməsi dəyişdirilməli, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 06 noyabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,034 ha torpaq sahəsinin 7.11 kv.m. hissəsində cavabdehlər tərəfindən inşa edilmiş tikili sökülməklə, cavabdehlər həmin torpaq sahəsindən çıxarılmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-45/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 06 noyabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,034 ha torpaq sahəsinin 7.11 kvadratmetr hissəsində inşa edilmiş tikili cavabdehlər Cavabdeh1 oğunun və Cavabdeh2 öz hesablarına sökülsün və onlar həmin torpaq sahəsindən çıxarılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar