Məhkəmə qərarları › İş №2(105)-436/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-436/2022

24.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-436/2022 24.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(012)-93/2020 saylı qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(012)-93/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli cəmiyyətinə qarşı mənzilin sahəsinin alqı-satqı müqaviləsində göstərildiyindən az olması səbəbindən ödənilmiş artıq pul məbləğinin qaytarılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş 12 nömrəli binanın 3 otaqdan ibarət 60 saylı mənzilinin satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 6708 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı verilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.03.2021-ci il tarixli, 2(105)-194/2021 saylı qətnaməsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-93/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli cəmiyyətinə qarşı mənzilin sahəsinin alqı-satqı müqaviləsində göstərildiyindən az olması səbəbindən ödənilmiş artıq pul məbləğinin qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21.10.2021-ci il tarixli, 2(102)-4655/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-194/2021 nömrəli iş üzrə 30.03.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında 04.10.2011-ci ildə bağlanmış C-036 nömrəli müqavilə üzrə ona satılmış mənzilin sahəsinin düzgün göstərilməməsi və buna görə artıq ödədiyi 6880 manat pul məbləğinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, 04 oktyabr 2011-ci ildə cavabdeh "xxxx" MMC ilə onun arasında mənzilin alqı-satqısına dair bağlanmış C-036 nömrəli müqaviləyə əsasən cavabdehin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa etdiyi 12 nömrəli binanın 3 otaqdan ibarət, ümumi sahəsi 93 kv.metr göstərilən 60 saylı mənzilini 39990 manata, yəni mənzilin hər kv.metrini 430 manata almış və "xxxx" MMC-yə mənzilin müqavilə ilə şərtləndirilmiş dəyərini tam olaraq ödəmişdir. Lakin mənzilin təmiri zamanı müəyyən etmişdir ki, mənzilin faktiki sahəsi 93 kv.metr yox, 77 kv.metrdir, yəni müqavilədə razılaşdırılmış sahədən 16 kv.metr azdır. Bununla əlaqədar "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC-də mənzilin sahəsinin təxminən 9 kv.metr az olduğunu təsdiqləyərək, bunu mənzilin sahəsi ölçülərkən divarların tutduğu sahənin nəzərə alınmaması ilə əlaqələndirmişlər. Mənzilin alqı-satqı müqaviləsində qeyd edilmiş 93 kv.metr ümumi sahədən 77 kv.metr faktiki sahə çıxılmaqla, artıq ödəmiş olduğu 6880 manat ona qaytarılmalıdır. Cavabdehə dəfələrlə şifahi müraciət etsə də, qeyd etdiyi problem həllini tapmamışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cəmiyyətlə İddiaçı arasında bağlanmış 04 oktyabr 2011-ci il tarixli, C-036 saylı müqavilə əsasında Abşeron rayon, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilmiş 12 saylı yaşayış binasının, ümumi sahəsi 93 kv.m olan, 3 otaqlı, 60 saylı mənzil vahid əmlak dəyərini təşkil edən 39990 manat ödənilmək şərti ilə satılmışdır. Tərəflər arasında münasibətlər 04 oktyabr 2011-ci il tarixli, C-036 saylı müqavilə əsasında yaranmışdır. Həmin müqavilə qüvvədədir və ləğv edilməmişdir. Tərəflər arasında 24 avqust 2016-cı il tarixdə mənzilin təhvil verilməsi və digər münasibətlərlə bağlı razılaşma protokolu imzalanmış, bunun əsasında mənzil alıcıya təhvil verilmişdir. Həmin razılaşma protokolunun ümumi müddəasına görə Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilmiş 12 saylı yaşayış binasının 3 otaqlı 60 saylı mənzilini eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla 93 kv.metr ümumi sahə yoxlanılıb təhvil alanın istifadəsinə verilir. Təşkilatın nümayəndəsi tərəfindən təkrar ekspertizanın keçirilməsi barədə vəsatət təqdim edilsə də, vəsatətə hüquqi münasibət bildirilməmişdir. Ekspert rəyinin tədqiqat prosesinin təsvirində tədqiqat obyekti olan 60 saylı mənzilin ayrı-ayrılıqda tikinti sahələrinin ölçüləri göstərilməklə kifayətlənmişdir. Halbuki Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndində göstərilmiş qaydada hesablama aparılmamışdır. Həmin bəndə görə mənzillərin ümumi sahəsi-yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri – 0,3, şüşəbənd və lociyalar - 0,5, eyvanlar (verandalar) – 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Ekspert 7 saylı və 9 saylı tikilinin sahələrini 0.3 əmsalı ilə hesablayarkən həmin sahələrin nədən ibarət olmasını və sahənin eskiz layihəsini göstərməmişdir. Oxşar mübahisələr üzrə ekspert tədqiqat obyektinə dair müvafiq eskiz sxemi rəyə əlavə etməlidir. Həmçinin ekspert tikili sahələrinin kvadrat metrini müəyyən etdiyi halda, otaqların ölçülərini göstərməmişdir. “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.2-ci bəndinə görə yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Həmin Qaydaların 3 5c bəndinə görə dayaqlar üstündə yerləşmiş binanın altındakı sahə, həmçinin bınanın altındakı keçidlər tikinti sahəsinə daxil edilir. Vəsatətə əlavə edilmiş 10604 saylı ekspert rəyində hazırki mübahisə predmeti ilə eynilik təşkil edən Abşeron rayonu, Xırdalan şəhəri. M.Hüseynzadə küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş 12 saylı binanın 3 otaqdan ibarət, 20 saylı mənzilin ümumi sahəsini müəyyən edən ekspert 9 adda otaqların sahəsini, eyni zamanda tam aydın şəkildə açıqlamasını göstərmişdir. Hazırki ekspert rəyində isə arakəsmələrin nəzərə alınıb-alınmaması göstərilməmişdir. Həmin ekspert rəyi ilə razı deyildir. Belə ki, hazırki işlə eynilik təşkil edən başqa işlərdə də məhkəmə qərarları əsasında ekspertiza təyin edilən zaman tikinti altı ümumi sahənin müəyyən edilməsi göstərilmişdir. Yaşayış binaları üzrə satış zamanı ümumi sahənin hesablanması binanın çöl divarlarından başlanaraq aparılır. Bu barədə mənzil satışı zamanı alıcıya bildirilir. Ekspert tədqiqat zamanı mənzilin faktiki ölçülərinin eksiz layihə ilə müqayisəli tədqiqatını aparmamışdır. Bu da obyektivliyə şübhə yaradır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 04 oktyabr 2011-ci il tarixdə “Satıcı” adlanan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Alıcı” kimi İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa etdiyi 12 nömrəli binanın 3 otaqdan ibarət, ümumi sahəsi 93 kv.metr göstərilən 60 saylı mənzilini alıcıya verməyi öz öhdəsinə götürmüş, mənzilin ümumi dəyəri 39990 manat müəyyən olunmuşdur. İş üzrə keçirilmiş ekspertizanın 30 dekabr 2019-cu il tarixli, 15640 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın tələbləri nəzərə alınmaqla Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş 12 nömrəli binanın 60 saylı mənzilininin ümumi sahəsi 77,4 kv.metr müəyyən edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 30 dekabr 2020-ci il tarixli, 10/2170 saylı rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa etdiyi 12 nömrəli binanın 3 otaqdan ibarət, ümumi sahəsi 93 kv.metr göstərilən 60 saylı mənzilin ölçülərinin tikinti altı ümumi sahəsi 92,9 m2 (11,45 x 8,55) – 5,0) təşkil etdiyi müəyyən edilir. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş üzrə araşdırılmış sübutlardan görünür ki, 04 oktyabr 2011-ci il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa etdiyi 12 nömrəli binanın 3 otaqdan ibarət, ümumi sahəsi 93 kv.metr göstərilən 60 saylı mənzilini alıcıya verməyi öz öhdəsinə götürmüş, mənzilin ümumi dəyəri 39990 manat müəyyən olunmuşdur. İddia ərizəsindən görünür ki, İddiaçı iddia tələbi Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsindəki 12 nömrəli binanın 60 saylı mənzilinin faktiki sahəsinin alqısatqı müqaviləsində nəzərdə tutulmuş sahədən az olması əsasına görə artıq ödənilmiş pulun qaytarılması barədədir və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 04 oktyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsində nəzərdə tutulan mənzili tam sahəsi ilə, yəni 93 kv.m-dən ibarət olmaqla ona təhvil verməmişdir, mənzilin faktiki sahəsi 77 kv.mdir, ona görə də 16 kv.metrə görə artıq ödənilmiş 6880 manat cavabdehdən tutulmalıdır. Göründüyü kimi, hazırki mübahisə mənzilin faktiki sahəsinin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş sahəsindən az olması ilə bağlı olduğundan və bu sahədə hüquqi tənzimləmə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin müddəaları, o cümlədən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04.12.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları” ilə tənzimlənir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə görə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndinə görə mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar- 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. İş üzrə keçirilmiş ekspertizanın 30 dekabr 2019-cu il tarixli, 15640 saylı rəyi ilə müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş 12 nömrəli binanın 60 saylı mənzilinin ümumi sahəsi 77,4 kv.metrdir. Göründüyü kimi, tərəflər erasında bağlanmış C-036 saylı, 04 oktyabr 2011-ci il tarixli müqavilədə "xxxx" Məhdud Məsuliyyətli cəmiyyəti tərəfindən İddiaçı satılmış Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində 12 nömrəli binanın 3 otaqdan ibarət 60 saylı mənzilinin ümumi sahəsi 93 kv.metr olduğu göstərilsə də, iş üzrə keçirilmiş ekspertizanın 30 dekabr 2019-cu il tarixli, 15640 saylı rəyi ilə mənzilin ümumi sahəsinin 77,4 kv.metr olduğu müəyyən edilmişdir. Belə olan halda, mənzilin 1 kvadrat metr sahəsinin qiyməti 430 manat (39990 manat : 93 m2) olduğu nəzərə alınaraq İddiaçı tərəfindən artıq ödənilmiş məbləğ 6708 manat (39990-(77,4 m2 × 430 manat) təşkil edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstədiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(012)-93/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar