Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-439/2023 06.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, Ərizəçi Sumqayıt Şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə iddia ərizəsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, e-2(060)-7521/2022 nömrəli qərardadından ərizəçinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Sumqayıt Şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək onunla X1 adına verilmiş 10 avqust 1990-cı il tarixli “nikahın bağlanması haqqında şəhadətnamə”də onun soyadının “Məmmədova” olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, e-2(060)-7521/2022 nömrəli qərardadı ilə Ərizəçi Sumqayıt Şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin geri qaytarılması qərara alınmışdır (hakim Almaz Süleymanova). Ərizəçinin nümayəndəsi və vəkili Vəkil şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, e-2(060)-7521/2022 nömrəli qərardadının ləğv edilməsini, ərizənin icraata götürülməsini, əks halda şikayətə baxılması üçün işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onunla X1 adına verilmiş 10 avqust 1990-cı il tarixli “nikahın bağlanması haqqında şəhadətnamə”də onun soyadının “Məmmədova” olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1972-ci il tarixdə Xocavənd rayonu Salakətin kəndində (keçmiş X10 Vilayəti Hadrut rayonu Salakətin kəndində) doğulmuşdur. 10 avqust 1998-ci ildə həmkəndlisi X2 ilə ailə quraraq nikaha daxil olmuşdur. Birgə nikahdan qızları X3 xx.xx.1990-cı ildə, X4 xx.xx.1991-ci ildə, oğlu X5 isə xx.xx.1996-cı ildə doğulmuşlar. 10 avqust 1990-cı ildə keçmiş X10 Vilayəti Hadrut rayonu Salakətin kənd sovetliyindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamədə naməlum şəraitdə onun əvvəlki soyadı olan “Məmmədova” sozündə “M” hərfi pozulmuşdur. Bu da onun hüquqlarının həyata keçirilməsi ilə bağlı dövlət orqanlarına müraciət etdikdə problemlər yaradır. Odur ki, təkrar nikah şəhadətnaməsinin verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir. Sumqayıt Şəhər Qeydiyyat şöbəsi 09 avqust 2022-ci il tarixli 05/Q2879/15 saylı məktubu ilə ərizəni təmin etməkdən imtina etmiş və imtina məktubunda göstərmişdir: “bildiririk ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Qeydiyyat şöbəsində saxlanılmadığından, xahişinizin təmin edilməsi mümkün deyildir”. Nikah haqqında şəhadətnamədə soyadında düzəlişin məhkəmədən kənar yolla əldə etməyi mümkün deyildir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, onunla X1 adına verilmiş 10 avqust 1990-cı il tarixli “nikahın bağlanması haqqında şəhadətnamə”də onun soyadının “Məmmədova” olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməlidir. Bununla bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli saylı tarixli qərardadı ilə sənədlər geri qaytarılmışdır. Belə ki, qərardadda onun iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi göstərilmişdir. Əslində o, məhz ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa “nikahın bağlanması haqqında şəhadətnamədə” onun soyadının “Məmmədova” olması faktına ümumi icraat qaydasında baxıla bilməz.” Məhkəmə qərardaddan hazırki ərizəyə iddia icraatı qaydasında baxılmasını göstərsə də, onun hüquqi əsaslarını göstərməmişdir. Ümumi iddia icraatı qaydasında işə baxılarkən tərəflər iddiaçı və cavabdeh iddia icraatının tərəfləri kimi çıxış edirlər. Qərardadda hazırki ərizədə kimin cavabdeh olmasını təsdiqləyən hər hansı bir fakta istinad edilməmişdir. Mahiyyət etibarı ilə nikahın bağlanması haqqında şəhadətnamədə soyadının Məmmədova olması faktının müəyyən edilməsi xüsusi icraat qaydasında baxılan işlər kateqoriyasına aiddir. Qeyd edilən halın hüquqi əsası MPM-nin 307-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən, şikayətin təmin edilməsi xahiş olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2(060)-7521/2022 nömrəli qərardadı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, e-2(060)-7521/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, ərizəçinin nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Almaz Süleymanova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır (MPM 306.2). Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.1-ci bəndinə əsasən həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında ərizəçi tərəfindən qaldırılmaqla maraqlı şəxsin iştirakı ilə ərizə formasında məhkəməyə müraciət olunmaqla baxılması nəzərə tutulsa da, ərizəçi ərizəsini iddia ərizəsi şəklində tərtib etməklə məhkəməyə təqdim etmişdir. Bundan əlavə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bununla əlaqədar ərizəçi öz ərizəsini onunla əsaslandırmışdır ki, “...10 avqust 1990cı il tarixli “nikahın bağlanması haqqında şəhadətnamə”də onun soyadının “Məmmədova” olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməlidir...” Lakin yuxarıda qeyd olunan imtina məktubu tamam başqa məzmunda olmaqla,həmin imtina məktubunun ərizədə göstərilən «Məmmədova» sözündəki «M» hərfinin pozulması ilə heç bir bağlılığı yoxdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, e-2(060)-7521/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-439/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-439/2023
06.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver