Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-440/2023 13.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «mənzilin boşaldılması» tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7526/2022 saylı 21 noyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus 1 ədəd qorka, divan və kreslo, stol və stullar, qonaq otağı pərdəsi, yataq dəsti, 1 dəst taxt, 2 ədəd döşək, 4 ədəd yastıq və qabqacaqların onun mülkiyyətində olan ünvan 2, ev 7 saylı evdən çıxarılması, cavabdehin təqsiri üzündən çəkmiş olduğu 200 manat məhkəmə xərcinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7526/2022 saylı 21 noyabr 2022-ci il tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır (hakim Almaz Süleymanova). Qərardaddan İddiaçı şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-7526/2022 saylı qərardadının ləğv edilməsi, iddia tələbinin icraata qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7526/2022 saylı 09 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 2, ev 7 saylı ev onun mülkiyyətindədir. Cavabdeh keçmiş gəlinidir. Onun cehiz əmlakı əsasız olaraq onun mülkiyyətində olan evdə qalmışdır. Tərəfindən Cavabdeh qarşı Sumqayıt Şəhər Məhkəməsində mənzilin boşaldılması tələbinə dair iddia tələbi qaldırılmış, lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, saylı 2(060)-7526/2022-ci il saylı qərardadı ilə əsasız olaraq iddia tələbi geri qaytarılmışdır. Qeyd edir ki, cavabdeh şəxsin həm qeydiyyat ünvanı, həm də yaşayış ünvanı Sumqayıt şəhərindədir. Azərbaycan Respublikasının MPM-nin 35-ci maddəsinə əsasən iddianın cavabdehin olduğu yerə görə verilir. MPM-nin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, saylı 2(060)-7526/2022- ci il saylı qərardadında qeyd edilən Azərbaycan Respublikasının MPM-nin 39-cu maddəsində qeyd edilən hal daşınmaz əmlaka dairdir. Hazırda onun mülkiyyətində olan ünvan 2, ev 7 saylı evdən Sumqayıt şəhərində qeydiyyatda olan və yaşayan Cavabdeh məxsus daşınar əşyaların çıxardılmasına dair iddia tələbi qaldırmışdır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-7526/2022 saylı qərardadının ləğv edilməsi, iddia tələbinin icraata qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-7526/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi iddia tələbinin əşyaların mənzildən çıxarılması ilə bağlı olmaqla mübahisəli ərazinin Abşeron rayonunun inzibati ərazisində yerləşməsini müəyyən edərək iddia ərizəsini geri qaytarmış, gəldiyi nəticəni də AR Mülki Prosessual Məcəlləsinin 39.1,152-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, iş materiallarından müəyyən edilir ki, mübahisələndirilən əmlaklar ünvan 2 ünvanında yerləşən 7 saylı evdə yerləşir və iddiaçı əmlakların həmin evdən çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə görə də qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36-cı maddəsinə görə iddianın iddiaçının seçiminə görə aidiyyətini müəyyən etmişdir. 36.3, 36.4-cü maddəsinə əsasən nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə də verilə bilər. 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Qanunvericilik normasının məzmunundan göründüyü kimi mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə müvafiq məhkəməyə verilməsi nəzərdə tutulmuşdur. İddia ərizəsindən göründüyü kimi iddia tələbi əşyaların mənzildən çıxarılması ilə bağlıdır və əşyaların çıxarılması qeyd edilən ev Abşeron rayonunun inzibati ərazisində yerləşir. Odur ki, hazırki tələbə Azərbaycan Respublikası MPM-in 39-cu maddəsində göstərilmiş məhkəmələrdə baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3 maddəsinin tələbinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin geri qaytarılması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7526/2022 saylı 21 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7526/2022 saylı 21 noyabr 2022-ci il tarixli dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-440/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-440/2023
13.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver