Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-442/2023 24.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əmrin etibarsız hesab edilməsi, işə bərpa, əmək haqqı tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və X6 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı Cavabdeh nümayəndə və vəkili X3 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6215/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Sumqayıt şəhəri M.Füzuli adına 15 saylı tam orta məktəb tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli 55 nömrəli Əmrin etibarsız hesab edilməsi, onun həmin məktəbə hərbi rəhbər, Çağırışaqədərki hazırlıq və bədən tərbiyəsiidman müəllimi vəzifəsində öz əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2002-2022-ci illərdə Sumqayıt şəhər M.Füzuli adına 15 saylı tam orta məktəbdə hərbi rəhbər işləmiş və Çağırışaqədərki hazırlıq və bədən tərbiyəsi idman fənnini tədris etmişdir. O, bu illər ərzində heç bir nöqsana yol verməmiş və öz işinin öhdəsindən bacarıqla gəlmişdir. Şəhər səviyyəsində keçirilən bir çox yarışlarda iştirak etməklə dəfələrlə l-ci, 2-ci yerlərə layiq görülmüş və «Fəxri Fərman»larla mükafatlandırılmışdır. Onun yetirmələrinin bir çoxu Vətən Müharibəsində qəhrəmanlıqlar göstərmiş və o, bir müəllim kimi gənc nəslin vətənpərvərlik ruhunda böyümələri üçün öz bacarığını əsirgəməmişdir. Onun ümumi pedaqoji fəvliyyəti 42 ildir. Onun dərs dediyi 11-ci sinfin rus bölməsində təhsil alan şagird X4 (hazırda məzundur) dəfələrlə dərsdə özünü pis aparmış, nizam-intizam qaydalarını pozmuş və Kamal adlı şagirdlə arxa partada oturaraq nalayiq hərəkətlərə yol vermiş, uşaqların diqqətini dərsdən yayındırmış və o, da bir müəllim kimi bu hərəkətləri ona irad tutaraq danlamış və Kamalı da dəfələrlə dərsdən xaric etmişdir. Onun bu hərəkətinə görə ondan qisas almaq fikrinə düşən Alyona ona şər-böhtan ataraq guya ona qarşı əxlaqsız, müəllim etikasına yaraşmayan hərəkətlər etməyi barədə valideynlərinə bildirmiş, ata-anası direktorun yanında onu nalayiq sözlərlə təhqir edərək xx.xx.2022-ci ildə AR DİN-nin 102 xidmətinə zəng vurmuşlar. Bundan sonra Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılmış və onun bu işdə günahsız olduğu və əməlində cinayət tərkibinin olmaması sübuta yetdiyi üçün Sumqayıt şəhər Polis İdarəsi İstintaq şöbəsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə barəsində olan material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Lakin, cavabdeh olan məktəbin direktoru və Sumqayıt şəhər Təhsil şöbəsinin müdir müavini onu rahat buraxmamış və ona bildirmişlər ki, «öz xoşunla ərizə yaz işdən çıx, yoxsa səni AR ƏM-nin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxaracağıq, onda səni heç yerdə işə götürməyəcəklər». O, da artıq bütün bu hədələrdən və təhdidlərdən bezərək direktorun diqtəsi altında xx.xx.2022-ci il tarixdə öz xahişi ilə işdən çıxmağı barədə ərizəni yazaraq təqdim etmiş və elə həmin gün də başa düşmüşdür ki, bu ərizəni yazmaqda səhv etmiş, psixoloji təsir altında olmuş, bu səbəbdən də məktəb direktoruna müraciət edərək həmin ərizəni ləğv etməsini və onun öz işində işləməyinə icazə verməsini xahiş etmişdir. Lakin direktor bildirmişdir ki, artıq əmr verilib və onun işə qaytarılması mümkünsüzdür. Bundan sonra o, bir sıra orqanlara, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Sumqayıt şəhər Təhsil şöbəsinə müraciət etmiş, bütün müraciətlərində ona böhtan atıldığını və hədə-qorxu təsiri altında həmin ərizəni yazdığını və bu səbəbdən də yenidən öz işinə qaytarılmağını xahiş etmişdir. Lakin, həmin ərizəni əlində əsas tutan bu orqanlar onun şikayətini təmin etməmişlər. Bu haqsızlıq nəticəsində o, 22 il işlədiyi bir məktəbdən kənarlaşdırılmış, onun əmək hüquqları kobud surətdə pozulmuşdur. Hətta məktəb rəhbərliyinin ərizə üzrə dərhal, elə həmin gün işdən çıxma əmrini verməsi də ona dəlalət edir ki, direktor onun işdən kənarlaşdırılmasında maraqlı olmuş və bu niyyətinə də çatmışdır. Belə hesab edir ki, işdən çıxma barədə ərizə hədəqorxu, psixoloji təsir altında yazıldığından onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli 55 nömrəli Əmr etibarsız hesab edilməli, o, Sumqayıt şəhər M.Füzuli adına 15 saylı tam orta məktəbə öz işinə bərpa edilməli və məcburi işburaxmaya görə əmək haqq cavabdeh təşkilatdan alınaraq ona ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6215/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əmək müqaviləsinə xitam verilmə barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir (hakim Almaz Süleymanova). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 292, 296-cı maddələrinə istinad edərək iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6215/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Sumqayıt Şəhər Məhkəməsi tərəfindən iddia üzrə obyektiv nəticəyə gəlmək üçün maddi və prosessual qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Belə ki, burada mübahisə əmrin məzmunu ilə bağlı deyil, həmin əmrin verilməsinə səbəb olan ərizənin ondan psixoloji təsir və təzyiq altında alınmasından gedir ki, buna dair onun yetərincə sübutu vardır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmənin qətnaməsi əsassızdır. Belə ki, onu şikayətə görə Sumqayıt şəhər Təhsil Şöbəsinə çağırıb ərizə yazmalı olduğunu, əks təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi əsasında işdən azad olunacağını bildirdilər. Məktəbdən də ona bu barədə təkid olundu və o, güclü ruhi həyəcan vəziyyətində ərizəni yazdı. Ərizədən bir ay müddət keçməmiş işə bərpa edilməyi barədə ərizə ilə də məktəbə müraciət etdi, lakin işə bərpa olunmadı. O, müəllimdir, iddia olunan formada hərəkətlər etməyib. Barəsində qeyd olunanlar hamısı yalandır. Onu düşünülmüş şəkildə işdən çıxarıblar. Artıq yerinə müəllim də tapmışdılar. Güclü ruhi həyəcan vəziyyətində, əsəbi halda ərizəni yazıb. Ərizədə tarix göstərməmişdi, sonra çağırdılar və tarixi qoyulmaqla ərizə yazdırdılar. Daha sonra qeyd etdi ki, onun arvadı hal-hazırda həmin məktəbdə müəllim işləyir. Direktorla heç bir ədavəti olmayıb. Hətta direktor tərəfindən onun barəsində müsbət xasiyyətnamə verilib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6215/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddiasının təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili X7 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddiaçı özü könüllü şəkildə ərizə yazıb ki, başqa məktəbdə işə düzəlmək istəyir. Hətta bunun üçün cavabdeh məktəbdən xasiyyətnamə də istəyib və ona müsbət xasiyyətnamə verilib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6215/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü Əmək müqaviləsinə xitam verilməsi həmin əsaslardan biri kimi nəzərdə tutulmuşdur. 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 292-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mediasiya haqqında Qanunun 34.4.2, 35.1, 35.2-ci maddələri. Mülki Prosessual Məcəllə 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi xx.xx.2022-ci il tarixli, №MŞB/6-5350 ilkin X2 Edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 6 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, ilkin X2 etməmişdir. İddiaçı ilkin X2 etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Sumqayıt şəhəri, Məhəmməd Füzuli adına 15 saylı tam orta məktəbin direktoru səlahiyyətlərini müvəqqəti icra edən İlham Surxayevə yazılmış xx.xx.2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, o, xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən və müəllimlikdən azad edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Əmrdən görünür ki, İddiaçıməktəbin GÇH rəhbəri və müəllimi ilə bağlanmış əmək müqaviləsi ərizəsi nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən 05 iyul 2022-ci il tarixindən ləğv edilmişdir. İddiaçı tərəfindən Cavabdeh direktoru səlahiyyətlərini müvəqqəti icra edən İlham Surxayevə yazılmış xx.xx.2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə AR ƏM-nin 69.7-ci maddəsinə uyğun olaraq (işəgötürən tərəfdən zor işlədilərək, hədə qorxu gələrək, yaxud hər hansı xoşəgəlməz üsulla, işçinin iradəsinin əleyhinə ƏMnin ləğv etməyə onu məcbur etmək qadağandır) basqı altında yazdığı ərizənin etibarsız olması barəsində Elm və Təhsil Nazirliyi qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona işdən azad olunması barədə ərizənin məcburiyyət qarşısında, təzyiq altında yazdığını qeyd etsə də buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 35.1-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Müəyyən edilmişdir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini 06 iyul 2022-ci il tarixdə (iddiaçı öz bu barədə izahat verdi) qəbul etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-5553/2022 saylı qərardadı ilə iddiaçının eyni məzmunlu iddia tələbi mediasiya prosesindən keçmədiyi üçün iddia ərizəsi geri qaytarılmış, bundan sonra 15 avqust 2022-ci il tarixdə (əmrin ləğvindən 1 aydan artıq vaxt keçdikdə sonra) mediasiya prosesinin tətbiqi ilə əlaqədar müraciət etmiş, 02 sentyabr 2022-ci il tarixdə ona mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmiş, xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək müddəti ötürülmüşdür. Bununla da iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. İşin müəyyən edilmiş mübahisəsiz faktiki hallarından göründüyü kimi, İddiaçı cavabdeh təşkilatın 05 iyul 2022-ci il tarixli əmrilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü bəndinə əsasən işdən azad edilmişdir. İş materiallarından görünür ki, iddiaçı işdən azad olunması barədə əmrin verilməsinə əsas olan ərizəni işəgötürənin təzyiqi ilə yazdığını, ərizənin etibarsız hesab edilməsi ilə bağlı təkrarən ərizə verdiyini iddia edir və əmrin etibarsız hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü Əmək müqaviləsinə xitam verilməsi həmin əsaslardan biri kimi nəzərdə tutulmuşdur. 69-cu maddəyə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Müəyyən edilmişdir ki, qanunvericiliyin tələblərinə görə ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər və bu halda əmək müqaviləsinin ləğv edilməsi üçün işəgötürən tərəfindən xəbərdarlıq müddətinin gözlənilməsi tələb olunmur. Eyni zamanda qanunvericiliyin göstərişinə əsasən əmək müqaviləsi qanunla müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İş materiallarından görünür ki, cavabdeh (işəgötürən) tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, onun işdən azad olunmasına dair ərizəsi ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə məlumat verilmişdir. Onunla bağlanmış əmək müqaviləsi ərizəsinə əsasən ləğv edilmişdir. Məktəbin GÇH rəhbəri vəzifəsi vakant çıxarılmışdır. Bundan başqa iş materiallarında olan Sumqayıt şəhər M.Füzuli adına 15 nömrəli tam orta məktəbüxrə xx.xx.2022-ci il tarixli 86 nömrəli əmrinin surətindən görünür ki, hərbi üzrə ali peşə ixtisaslı bakalavr X1 ilə xx.xx.2022-ci il tarixdən müddətsiz əmək müqaviləsi bağlanılmış və o, məktəbə hərbi rəhbər və çağırışaqədərki hazırlıq müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. Bununla yanaşı iddiaçı ərizənin onun tərəfindən işəgötürənin təziyiqi altında yazdığını bildirsə də bununla bağlı heç bir mötəbər və əsaslı sübut məhkəmə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əmək qanunvericiliyində əmrin etibarsız hesab edilməsi ilə bağlı konkret əsaslar nəzərədə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən əmrin məzmunundan görünür ki, işəgötürən tərəfindən qanunvericiliyin sadalanan normalarına əməl edilmiş, tələb olunan məlumatlar göstərilməklə əmr qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmrin etibarsız hesab edilməsi barədə iddiaçının tələbi əsassızdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin «işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi» hissəsində tələb törəmə tələblər olmaqla və «əmrin etibarsız hesab edilməsi» əsas tələb olmaqla və həmin hissədə iddia təmin edilmədiyndən, törəmə tələb hissədə iddia təmin oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı öz iddia tələbini əsaslandıra və sübuta yetirə bilmədiyindən iddia təmin edilə bilməz, belə ki, iddiaçı ərizənin hədə-qorxu və təzyiq altında yazılması faktını məhkəmədə sübuta yetirə bilməmişdir. İddiaçı apellyasiya şikayətində onun ərizəni təzyiq, təkid altında yazdığını qeyd etsə də məhkəmə kollegiyasının iclasında buna dair dəlilini əsaslandıra, sübuta yetirə bilməmişdir. Halbuki qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarını əsaslandırmalı, sübuta yetirməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6215/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6215/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-442/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-442/2023
24.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver