Məhkəmə qərarları › İş №2(105)-442/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-442/2024

28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-442/2024 28.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı pul, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, iddia müddəti) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4142/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh2 və X1 Cavabdeh1 MMC-nin təsisçiləri kimi 2 saylı Ərazi Vergi İdarəsində qeydiyyat alınmışdılar.

2. Cavabdeh2 fiziki şəxs olaraq möhürü və imzası ilə təsdiqlənmiş arayışın surətindən görünür ki, Sədərək Ticarət Mərkəzində Elit 2, Bina 2, korpus 9, 5 nömrəli Fantastic adlı mağazada fəaliyyət göstərən İddiaçı 2016-cı ilin aprel ayında Sədərək Ticarət Mərkəzindəki fəaliyyətini dayandırdığı üçün özünə məxsus 30 ədəd xəz-dəri mallarının alınmasını xahiş etmişdir. Onun xahişi əsasında 30 ədəd mal alınmışdır.

3. Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 14 yanvar 2023-cü il tarixli arayışın fotoşəklində (kserosurət) “Mirzalıyev S” soyadı qarşısındakı imza-Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 MMC-dən şubalarının dəyəri olan 300000 manatın, 200000 manat maddi zərərin, 300000 manatlıq dövriyyədəki əşyalarını əsassız olaraq əlində saxlaması nəticəsində əldə edəcəyi 168000 manat faydanın, mənəvi zərərə görə isə 2000 manatın alınaraq iddiaçıya ödənməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1995-ci ildən 2016-cı ilə qədər Sədərək Ticarət Mərkəzində şuba və dəri geyimləri satışı ilə məşğul olmuşdur. Lakin 2015ci ilin fevral ayında devalvasiya ilə əlaqədar icarə haqqında gecikmələr olduğundan Sədərək Ticarət Mərkəzindən ayrılmalı olmuşdur. Bu səbəbdən 2016-cı ilin aprelində 30 ədəd ümumi dəyəri 300000 manatlıq şubalarını Cavabdeh1 MMC-yə Cavabdeh2 satmışdır. İddiaçı dəfələrlə müraciət edib şubalarının pulunu və ya özlərini geri qaytarmaqlarını istəsə də heç bir nəticəsi olmamışdır. Beləliklə cavabdehin qanunsuz əməli nəticəsində iddiaçının maddi durumu çox acınacaqlı vəziyyətə düşmüşdür. Belə ki, iddiaçı yaşadığı evi "xxxx" ASC-yə girov qoyaraq 100000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin cavabdehlərin qanunsuz əməlləri nəticəsində 300000 manatlıq şubalarının əsassız qaytarılmaması və ya pulunun ödənilməməsi səbəbindən və işsiz qaldığından banka ödəniş edə bilməmişdir. Şuşa Rayon Məhkəməsində bankın iddia tələbi ilə bağlı çıxmış qətnaməyə əsasən iddiaçıdan 78000 ABŞ dollarında pul tutulması qət edilmişdir və iddiaçı sözügedən məbləği ödəyə bilmək durumunda olmadığından halhazırda yaşadığı ev hərracda satılmışdır. Bildirmək istəyir ki, həmin ev iddiaçının və ailəsinin yeganə yaşadığı yerdir və məhz cavabdehlərin qanunsuz əməlləri nəticəsində iddiaçının əlindən çıxır. Belə ki, iddiaçı mağazadan istifadə etməklə ticarətlə məşğul olur, həm qazanc əldə edir, həm də dövriyyədəki mallarının sayını artırırdı. Lakin cavabdehlərin iddiaçının 300000 manatlıq şubalarını satın almaq adı ilə aldatması və illərdir ki, qaytarmaması səbəbindən həm biznesi məhv olmuş, həm 300000 manatlıq əmlakından (şubalar) məhrum olmuş, həm də biznesinin çökməsi və krediti ödəyə bilməmə səbəbindən yeganə yaşayış yeri əlindən çıxmışdır. Beləliklə, cavabdehlərin qanunsuz əməlləri nəticəsində iddiaçıya xeyli maddi zərər dəymiş, həm 300000 manatlıq dövriyyədəki şubalarından, həm 200000 manatlıq evindən, həm də 300000 manatlıq dövriyyədəki əşyalarını əsassız olaraq əlində saxlaması nəticəsində əldə edəcəyi faydadan məhrum olmuşdur.

7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4142/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı pul, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 105 (bir yüz beş) manatın İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə).

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz hüquqlarının pozulmasını 2016-cı ilin aprel ayından başlandığından iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən, 2016-cı ilin aprel ayından sonrakı tarixdən başlamışdır. Müqavilə tələbləri üzrə yaranan mübahisələr üzrə iddia müddəti şamil edildiyindən hazırkı mübahisə üzrə iddia müddətinin axımı 2019-cu ilin aprel ayında bitmişdir. İddiaçı öz hüququnun pozulduğunu 2016-cı ildən bildiyi halda, yalnız 2023-cü ilin iyun ayının 5-ci günündə, yəni hüququnun pozulduğunu bildiyi andan 7 il, 3 ay sonra hazırki iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu səbəbdən məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məqsədəmüvafiq hesab etmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 373.2, 375.2, 739, 1091.1, 1092.1 və 1093.1-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 106.1 və 124.2-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4142/2023 nömrəli qətnaməsini tamamilə ləğv edərək, iş üzrə yeni qətnamə qət etməklə iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır və ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi pul tələbi ilə bağlı iddia müddəti tətbiq etməklə iddianı rədd etməkdə tamamilə yanlış nəticəyə gəlmişdir. Tələb pul tələbidir ki, burda da müqavilə üzrə (borc müqaviləsi) iddia müddəti tətbiq edilməsi tamamilə qanunsuz və əsassızdır. Bununla yanaşı məhkəmə tərəflər arasında baş vermiş pulun ödənməli olduğu münasibətin hansı tarixdən hesablandığını belə əsaslandırmamışdır. Halbuki təqdim edilmiş arayış xx.xx.2023-cü ilə məxsus arayışdır və nə həmin arayışda, nə cavabdehin etiraz və izahatında pul tələbinin hansı tarixdən yarandığı barədə mötəbər sübut olmamışdır. İddia müddətinin tətbiqi əsası ilə iddianı rədd edən məhkəmə bunu əsaslandıran heç bir sübuta və fakta istinad etməmiş, borc müqaviləsinə əsasən iddia müddəti tətbiq edərək qətnaməni düzgün əsaslandırmadan qanunvericiliyin müddəalarını köçürməklə iddianı rədd etmişdir. Halbuki Konistitusiya məhkəməsinin qərarında belə qeyd edilir ki, iddia müddətini tətbiq edərkən belə məhkəmə sübutlara qiymət verməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişlər.

15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

17. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.

18. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

26. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

“E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarınauyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı

27. İddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı

28. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

37. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4142/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

38. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. İşin hallarından görünür ki, iddiaçı 30 ədəd xəz-dəri mallarının Cavabdeh2 tərəfindən ondan alınmasına istinad edərək, həmin şubalarının dəyəri olan 300000 manatın, 200000 manat maddi zərərin, 300000 manatlıq dövriyyədəki əşyalarını əsassız olaraq əlində saxlaması nəticəsində əldə edəcəyi 168000 manat faydanın, mənəvi zərərə görə isə 2000 manatın cavabdehlərdən alınmasını tələb edir.

41. Kollegiya ilk öncə qeyd edir ki, məhkəmə araşdırması zamanı yazılı arayışda göstərilmiş mübahisəli malların cavabdehlər tərəfindən alınması öz təsdiqini tapmadığından, iddiaçının tələbi təmin oluna bilməz.

42. İş üzrə alınmış xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 14 yanvar 2023-cü il tarixli arayışın fotoşəklində (kserosurət) “Mirzalıyev S” soyadı qarşısındakı imza- Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

43. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

44. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

45. Digər tərəfdən işin hallarından görünür ki, iddiaçı öz hüququnun pozulduğunu 2016-cı ildə bilməsinə baxmayaraq, hazırkı iddia ilə məhkəməyə 2023-cü ilin iyun ayında müraciət etmişdir.

46. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sözügedən mallara görə pul vəsaitini geri tələb etmək üçün nəzərdə tutulan iddia müddətini keçirmişdir.

47. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

48. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

49. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).

50. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4142/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar