Məhkəmə qərarları › İş №2(105)-444/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-444/2023

09.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-444/2023 09.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxsna qarşı qohumluq faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(060)-6652/2022 nömrəli qərardadından ərizəçinin nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakim A.Behbudova) Ərizəçi maraqlı şəxs Ucar Rayon Notariat Kontoruna qarşı qohumluq faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılması, Ərizəçi xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi qaytarılması, qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Ərizəçinin nümayəndəsi Vəkil qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(060)-6652/2022 nömrəli qərardadından Ərizəçi nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Ərizəçinin nümayəndəsi Vəkil 04 oktyabr 2022-ci il tarixli qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(060)-6652/2022 nömrəli qərardadından Ərizəçi nümayəndəsi Vəkil tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli şikayətin ona əlavə edilmiş sənədlərlə birlikdə onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. Ərizəçinin nümayəndəsi Vəkil həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayətin rədd edilməsi, Ərizəçi nümayəndəsi Vəkil Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6652/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qərardadından verdiyi şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Ərizəçi maraqlı şəxs Ucar Rayon Notariat Kontoruna qarşı qohumluq faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1956-cı ildə anadan olmuş, xx.xx.2020-ci ildə vəfat etmiş mərhum həyat yoldaşı X6 ilə xx.xx.2011-ci ildə rəhmətə getmiş X3 bacı-qardaş olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçinin nümayəndəsi Vəkil Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və Ərizəçi xx.xx.1956-cı ildə anadan olmuş, xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X6 ilə 1938ci ildə anadan olmuş, xx.xx.2011-ci ildə rəhmətə getmiş X4 bacı-qardaş olması qohumluq faktının müəyyən olunması barədə ərizəsinin mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, tərəfindən qərardad xx.xx.2022-ci il tarixdə rəsmi qaydada alınmışdır. xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti elektron qaydada deyil, rəsmi şəkildə şəxsən məhkəməyə verilmiş və həmin tarixdə məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan şikayət elektron verilmədiyinə görə Sumqayit Şəhər Məhkəməsi şikayətin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Həmin qərardad xx.xx.2022-ci il tarixdə vəkilin elektron kabinetinə yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə yenidən elektron kabinet vasitəsilə şikayət verilmişdir. Buna baxmayaraq qərardadla belə hesab edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından şikayətin verilmə müddəti ötürülmüşdür. Hansı ki, birinci verilən elektron qaydada olmayan şikayətlə müddətin axımı dayandırılmış, tərəfindən nöqsan aradan qaldırılaraq şikayət yenidən elektron qaydada verilmişdir. xx.xx.2022-ci il tarixli qərardadı qəbul edilərkən müddətin ötürülməməsi nəzərə alınmamışdır. Məhkəmə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli qərardadından (hakim A.Behbudova) tərəfindən şikayətin iki dəfə verilməsini nəzərə almamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayətin rədd edilməsini sözügedən qərardaddan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin ötürülməsi və məhkəməyə müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair vəsatətin daxil olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qərardadı Ərizəçi nümayəndəsi Vəkil tərəfindən 18 oktyabr 2022-ci il tarixdə qəbul edilmişdir. Bununla da qərardaddan şikayət vermə müddətinin axımı başlamış, 10 günlük müddət 28 oktyabr 2022-ci il tarixədək davam etmişdir. Ərizəçinin şikayəti isə xx.xx.2022ci il tarixdə elektron kabinet vasitəsilə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1. maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur (Mülki Prosessual Məcəllənin 129.1., 129.3. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin nümayəndəsi vəkil məhkəmə aktını 18 oktyabr 2022-ci il tarixdə almış, bununla da həmin məhkəmə aktından şikayət vermək üçün prosessual müddətin axımı başlamışdır. Qərardaddan şikayət isə 17 noyabr 2022-ci il tarixdə məhkəməyə verilmişdir. Mülki Prosessual Məcəllənin 133.1. maddəsi maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (K.N.Qəribovanın şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi plenumunun xx.xx.2008-ci il tarixli qərarı). “X2 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir ("xxxx" ASC-nin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2006-cı il tarixli qərarı). Bu mənada məhkəmə kollegiyası ərizəçinin nümayəndəsi vəkilin prosessual müddətin üzrsüz səbəbdən ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, sonuncu tərəfindən 04 oktyabr 2022-ci il tarixli məhkəmə qərardadından şikayət prosessual müddəti üzrlü səbəb olmadan buraxdığından, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Ərizəçinin nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli və onunla bağlı 02 dekabr 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar