Məhkəmə qərarları › İş №2(105)-445/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-445/2024

17.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-445/2024 17.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hacıyev Vahid Məcid oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı yüksək gərginlikli transformatorun torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-149/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı yüksək gərginlikli transformatorun torpaq sahəsindən çıxarılması tələbi barədə iddiasının təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməsi, İddiaçı 50 manat məbləğində ekspert xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Göylər kəndində yerləşən ona məxsus 0,18 ha torpaq sahəsində cavabdeh tərəfindən qoyulmuş yüksək gərginlikli transformatorun həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göylər Bələdiyyəsinin 05 iyul 2004-cü il tarixli, 05 saylı protokolundan çıxarışa əsasən 0,8 hektar həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsinin yanında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 0,3 hektar dövlət qeydiyyatından keçmiş və fəaliyyətinə icazə verilmiş digər torpaq sahəsi olmuşdur. Daimi yaşayış və fəaliyyət yeri Bakı şəhəri olduğundan Göylər kəndinə vaxtaşırı gəlir. Həmin torpaq sahəsinə çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciəti ilə bağlı ərazidə koordinatlar müəyyən olunarkən orada yüksək gərginlikli transformatorun olması səbəbindən ona çıxarış verilməsindən imtina olunub. O, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə rəsmi müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Həmin transformatorun orada qalması ona öz əmlaklarını, torpaq sahəsi üzərində sərbəst sərəncam verməyinə dair hüquqlarını həyata keçirməyə mane olur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Şamaxı Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin qətnaməsi tamamilə qanunsuz və sübutlara qiymət verilmədən əsassız çıxarılmışdır. Belə ki, məhkəmə tərəfindən sübutlara qiymət verilməmişdir. Göylər Bələdiyyəsinin 05 iyul 2004-cü il tarixli, 05 saylı protokolundan çıxarışa əsasən 0,8 hektar həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsinin yanında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 0,3 hektar dövlət qeydiyyatından keçmiş və fəaliyyətinə icazə verilmiş digər torpaq sahəsi vardır. Daimi yaşayış və fəaliyyət yeri Bakı şəhəri olduğundan Göylər kəndinə vaxtaşırı gəlir. Həmin torpaq sahəsinə çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciəti ilə bağlı ərazidə koordinatlar müəyyən olunarkən orada yüksək gərginlikli transformatorun olması səbəbindən ona çıxarış verilməsindən imtina olunmuşdur. O, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə rəsmi müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Həmin transformatorun orada qalması ona öz əmlaklarını, torpaq sahəsi üzərində sərbəst sərəncam verməyinə dair hüquqlarını həyata keçirməyə mane olur. İşə əlavə olunmuş sübutlardan da görünür ki, onun sübutlarına qiymət verilməmişdir. Məhkəmə qeydiyyat vəsiqəsinə əsasən yanacaqdoldurma məntəqəsinin onun mülkiyyətində olması ilə bağlı xeyli sübutlara qiymət verməmişdir. xx.xx.2023-cü il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şamaxı Rayon Məhkəməsinə ünvanlanmış ərizəsindən görünür ki, İddiaçı iddiasında qeyd etdiyi Şamaxı rayonu Göylər kəndində yerləşən torpaq sahəsinə və transformator məntəqəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin; balansında olan və həmin kəndi elektrik enerjisi ilə təmin edən transformator məntəqəsinin 1 metr hissəsi qeyd olunan torpaq sahəsinin hasarından içəri digər yarısı isə torpaq sahəsinin hasarından kənara düşdüyü bildirilərsə bu 1 metr ərazinin onun mülkiyyətində olan torpaq sahəsinə düşməsi qeyd olunmuş və birbaşa göstərilmişdir. Lakin məhkəmə tərəfindən bu hala qiymət verilməmişdir. Həmçinin həmin ərazidə olan yanacaqdoldurma məntəqəsi qeydiyyat vəsiqəsi olan rəsmi sənəd əsasında ona məxsusdur və 14 saylı Şamaxı Ərazi İdarəsinin 03 may 2023-cü il tarixli, **********08 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı naturada faktiki istifadəsində olan torpaq sahəsi ilə mülki işə əlavə edilmiş A 223046 nömrəli plan ölçü sənədində qeyd olunmuş koordinatlar daxilində olan torpaq sahəsinin coğrafi yerləşməsində fərq vardır. Belə ki, Şamaxı rayonu Göylər kəndində vətəndaşların həyətyanı torpaq sahələrinə verilmiş plan ölçü sənədlərində qeyd olunmuş koordinatlar daxilində olan torpaq sahələri ilə faktiki istifadələrində olan torpaq sahələri arasında uyğunsuzluq vardır. Bu səbəbdən "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə məxsus yüksək gərginlikli transformatorun İddiaçı məxsus Şamaxı rayonu Göylər kəndində yerləşən 1799.01 kv.m həyətyanı torpaq sahəsində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, İddiaçı məxsus 0.18 ha torpaq sahəsi əvəllər onun özünə məxsus yanacaq doldurma məntəqəsinə aid olan torpaq sahəsidir. Mülki işə əlavə olunmuş yanacaq doldurma məntəqəsinə aid baş planda göstərilən cizgilərə əsasən yanacaq doldurulma məntəqəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Aparılmış çöl ölçmə işləri nəticəsində məlum olmuşdur ki, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə məxsus yüksək gərginlikli transformator, mülki işə əlavə olunmuş yanacaq doldurma məntəqəsinin baş planına əsasən yanacaq doldurma məntəqəsinə əvəllər gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin üzərində qoyulması göstərilmişdir. O, sənədləri təqdim etmişdir ki, həmin yanacaqdoldurma məntəqəsi onun mülkiyyətindədir. Lakin hakim bu hallara qiymət vermədən əsassız qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 10/3877 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 03 may 2023-cü il tarixli, **********08 nömrəli mütəxəssis rəyinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus yüksək gərginlikli transformatorun, mülki işə əlavə olunmuş yanacaq doldurma məntəqəsinə əvəllər gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin üzərində qoyulduğu müəyyən olunmuşdur. Hüquqların qeydiyyatı və Şəhərsalma Kdastr İdarəsinin 165 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Şamaxı rayon İHB-nın 02 iyun 2005-ci il tarixli 86 saylı sərəncamı ilə həmin yanacaqdoldurma məntəqəsi ona məxsusdur. Məhkəmə bu hallar niyə qiymət verməyib bu sual doğurur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddianın təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iş üzrə olan sübutlarla "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış transformatorun iddiaçıya məxsus Şamaxı rayonu, Göylər kəndində yerləşən 0,18 ha torpaq sahəsində yerləşməsi halının təsdiq edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, İddiaçı Şamaxı rayon Göylər kəndində ona məxsus torpaq sahəsindən yüksək gərginlikli transformatorun olması səbəbindən ona çıxarış verilməsindən imtina olunmasını əsas gətirərək, torpaq sahəsindən transformatorun çıxarılmasını xahiş etmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Şamaxı rayon Aqrar İslahatı Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı Şamaxı rayon Göylər kəndində 1799,01 kv.m həyətyanı torpaq sahəsinin verilməsi işin mübahisəsiz halıdır. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Həmin maddənin dizpozisiya şərtlərinə görə bu cür iddianın təmin olunması üçün üç dizpozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehdən tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu, ikinci iddiaçı tələb edilən andan əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Birinci instansiya məhkəməsi cavabdehə məxsus transformatorun iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi halının təsdiq edilməməsinə əsaslansa da, nəzərə almamışdır ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspert rəyi ilə transformatorun iddiaçıya məxsus yanacaq doldurma məntəqəsinə əvvəllər gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunan hal apellyasiya baxışı zamanı təyin edilmiş 11 oktyabr 2024-cü il tarixli rəydə də öz təsdiqini tapmışdır. Həmçinin həmin rəydə qeyd olunmuşdur ki, transformatorun gedişgəliş yolunun üzərində qoyulması, bundan sonra yanacaq doldurma məntəqəsinə əvvəllər mövcud olmuş gediş-gəliş yolunu kəsmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsi məhz cavabdeh tərəfindən transformatorun iddiaçıya məxsus yanacaq doldurma məntəqəsinin mövcud olmuş gediş-gəliş yolununun üzərində yerləşdirilməsi səbəb olduğundan və bu işin araşdırılmış halları ilə öz təsdiqini tapdığından, cavabdehin bu hərəkətləri iddiaçının mülkiyyət hüququna müdaxiləni qaçılmaz etdiyindən, iddiaçıya məxsus yanacaq doldurma məntəqəsinə əvvəllər gedişgəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində cavabdeh "xxxx" ASC tərəfindən quraşdırılmış transformator çıxarılmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat, həmçinin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat, ümumilikdə 100 (bir yüz) manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı məxsus Şamaxı rayonu, Göylər kəndində yerləşən 0,18 ha torpaq sahəsinin yanacaq doldurma məntəqəsinə əvvəllər gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində cavabdeh "xxxx" ASC tərəfindən quraşdırılmış transformator çıxarılsın. Cavabdeh "xxxx" ASC-dən ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar