Məhkəmə qərarları › İş №2(105)-446/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-446/2021

18.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-446/2021 18.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, iddiaçı və İddiaçı2 nümayəndəsi İddiaçı1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1286/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1286/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlkin Xəlilov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızına qarşı mənzilə istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Xaçmaz şəhəri, H.Əliyev küçəsi 74 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilmələri, qətnamənin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların ailə üzvləri olan cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızının Xaçmaz şəhəri, H.Əliyev küçəsi 74 saylı evdən pasport qeydiyyatından çıxarılmaları üçün əsas olması qət edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh2, Cavabdeh1 Xaçmaz şəhəri, H.Əliyev küçəsi 74 saylı evdən istifadə hüququna xitam verilməsi və cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızının həmin yaşayış evindən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışlar ki, Xaçmaz şəhəri, keçmiş 28 May, indiki H.Əliyev küçəsində yerləşən 75,7 kv.m yaşayış sahəsi olan 74 saylı fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin 5/6 hissəsi xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən onların xüsusi mülkiyyətlərinə verilmişdir. Həmin çıxarışa və 2(067)-1318/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixdə qəbul olunmuş qətnaməyə əsasən Xaçmaz şəhəri, H.Əliyev küçəsindəki 74 saylı fərdi yaşayış evi üzərində X2 hüquqlarına xitam verilmiş və həmin fərdi yaşayış evi tam onların mülkiyyətinə keçmişdir. Buna baxmayaraq cavabdehlərin günahı üzündən mənzilə sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını həyata keçirə bilmirlər. Belə ki, Cavabdeh1 onların əmisi X1 həyat yoldaşıdır. Əmisi ilə olan nikahını rəsmi qaydada pozduqdan sonra 2005-ci ildə Cavabdeh1 mərhum ataları X6 və əmisi X2 şərikli mülkiyyəti olan evdə yaşayış hüququ almaq üçün iddia ilə məhkəməyə müraciət etmiş, Xaçmaz Rayon Məhkəməsinin 2-28 saylı, xx xxxx 2005-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin məhkəmə prosesində mərhum atası əmlakın təxminən 90%-nin mülkiyyətçisi qismində iştirak edərək hakimin qərarı ilə razılaşmadığını bildirmişdir. 2-28 saylı iş üzrə xx xxxx 2005-ci il tarixli qətnamə ilə Azərbaycan Respublikasının qüvvədən düşmüş Mənzil Məcəlləsinin 118-ci və 123-cü maddələri əsas gətirilərək Cavabdeh2 və X7 X8 və X3 birgə mülkiyyətində olan Xaçmaz şəhəri, H.Əliyev küçəsi 74 saylı evə yaşayış hüququnun müəyyən olunması, X9 həmin evə köçürülməsi qət olunmuşdur. Qətnamə icra olunmuşdur və cavabdehlər həmin evdə 2005-ci ildən 2010-cu ilə qədər davamlı surətdə yaşamışdılar. Həmin vaxtdan cavabdehlər evlə təsərrüfatsızcasına rəftar edərək korlanmasına, dağılmasına və sökülməsinə yol verməklə yararsız hala salmışlar. Evi yararsız hala saldıqdan sonra Cavabdeh1 mülkiyyətin ona məxsus olmadığını və əmisi ilə düşmən münasibətində olduqlarından birgə yaşayışları qeyri-mümkün olduğunu nəzərə alaraq eyni ünvanda 3 otaqlı fərdi yaşayış evi tikmişdir. Evin tikintisi başa çatandan hazırki günə kimi Cavabdeh1 onlara məxsus mülkiyyət ilə eyni ünvanda fərdi yaşayış evində oğlu Osman və Osmanın ailəsi ilə yaşayırlar. İddiaçılar Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1174 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Xaçmaz şəhəri, H.Əliyev küçəsi, 74 saylı fərdi yaşayış evinə xx xxxxx 2017-ci ildə köçürülərkən də həmin evdə yalnız X8 yaşayırdı. Bunu həmin dövr üçün “Azərsu” və “xxxx” ASC-dən alınan abonent kartlarında əks olunan ailə tərkibi bölməsindəki məlumatda ailə tərkibinin 1 nəfər olaraq göstərilməsi də sübut edir. Cavabdeh isə yalnız mülkiyyətçilərin öz evinə köçürülməsi müəyyən olunduqdan sonra iddia tələbi ilə Xaçmaz şəhəri, H.Əliyev küçəsi, 74 saylı evdən istifadə hüququnu bərpa olunaraq həmin evə təkrar köçürülməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdehlər həmin evdə yaşamadıqları üçün iddiaçıların həmin evə köçürülməsini görərək və ehtiyacları olmadığı halda, hüququnun təkrar bərpa olunmasını və həmin evə köçürülməsini istəmişdir. Cavabdehlərə məxsus yeni tikilmiş fərdi ev onların evi ilə eyni ünvanda, eyni həyətdə tikilmişdir. İddiaçıya məxsus evə istifadə hüququnun tanınmasına baxmayaraq, cavabdehlərin həmin hüquqdan istifadə etməməsi onların mübahisəli evdən istifadə hüququna marağının olmamasını, özlərinin başqa yaşayış yeri ilə təmin olunmasını göstərir. Cavabdehlər istifadə hüququ tanınmış evdən 9 il (2010- 2019-cu illər) müddətdə real olaraq istifadə etməmiş, bu müddət ərzində həmin hüququnun reallaşması üçün hər hansı cəhd göstərməmiş, yalnız mülkiyyətçi evinə köçürüldükdə evdə yaşamaq istədiyinin və istifadə hüququna bərpa olunmasını tələb etmişdir. Bütün bunlar isə onların mülkiyyət hüquqlarını pozur. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1286/2020 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızına qarşı mənzilə istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma tələbinə dair iddiaları İddiaçı3 münasibətdə baxılmamış saxlanılmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1286/2020 saylı qərardadı ilə iddia tələbinin cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızının həmin yaşayış evinin pasport qeydiyyatından çıxarılmasına dair hissədə xitam verilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnaməni qanunsuz və əsassız hesab edirlər. Belə ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(067)-358 saylı icra sənədinə əsasən onların Xaçmaz şəhəri, H.Əliyev prospekti 74 saylı evdən istifadə hüquqları bərpa olunmuş və onlar yenidən həmin evə köçürülməlidirlər. Belə ki, Cavabdeh1 1982-ci ildə Tahir Mustafayevlə ailə qurmuş, həmin evə gəlin köçmüş, birgə nikahlarından xx xxxxxx 1983-cü ildə Cavabdeh3, xx xxxxxx 1984-cü ildə Cavabdeh2 anadan olmuş və gəlin köçdüyü vaxtdan ailəsi ilə 2017-ci ilə kimi həmin evdə fasiləsiz yaşamışlar. 2017-ci ilin avqust ayının ortalarından başlayaraq iddiaçılar ona və övladlarına həmin evdə yaşamağa maneələr törətməyə başlamış, evin qıfıllarını dəyişərək onları küçəyə atmışlar. Xaçmaz rayon İcra və probasiya şöbəsi tərəfindən dəfələrlə onların evə köçürülmələri üçün cəhd olunsa da, iddiaçılar buna imkan verməmişlər. Məhkəmə prosesinə dəvət olunan icra məmuru Zamiq İsayev bu halı təsdiq etmiş və bildirmişdir ki, iddiaçılar evə köçürülmə prosesinə maneçilik törətmiş və məhkəmə qərarı icra edilməmiş qalmışdır. Bu barədə aktları və zəruri sənədləri icra məmuru məhkəməyə təqdim etmişdir. Lakin qətnamədə guya onların evə köçürülməyə dair məhkəmə qətnaməsini icra edilməsi üçün aktiv icra hərəkətləri etmədikləri, bu barədə mötəbər sübutlar olmadığı qeyd edilmişdir. Həmçinin onlar Daxili İşlər Nazirliyinə xx.xx.2017-ci il tarixli müraciətlərini, xx xxxxxxxx 2017-ci il tarixli cavabları məhkəməyə təqdim etsələr də, bu barədə qətnamədə fikir bildirilməmişdir. 2007-ci ildə iddiaçıların atası Şakir Mustafayev məhkəməyə müraciət etmiş, sonradan razılaşma olduğuna görə məhkəməyə gəlməmişdir. Onlar 2017-ci ildən Xaçmaz şəhəri, H.Əliyev küçəsi, 74 saylı evdən qanunsuz müdaxilələr üzündən istifadə edə bilmirlər, hər gün bir qohum-əqrəbanın evində yaşayırlar. Onlar həmin evdə yaşadıqları müddətdə evə baxmış və təmir etmişlər. İddiaçıların onların guya həmin evi yararsız hala salmaları barədə göstərdikləri həqiqətə uyğun deyildir, heç bir hüquqi əsası yoxdur. İddiaçılar 2017-ci ilin avqust ayında zorla onların evdən istifadə hüquqlarına maneçilik edərək əmlaklarını məhv etmiş və zədələmişlər. Onlar iddiaçıların qanunsuz hərəkətlərindən DİN-nin 102 xidmətinə telefonla məlumat vermiş, bundan sonra hadisə yerinə polis şöbəsinin əməkdaşları gələrək hadisə yerini müayinə etmiş, yandırılmış və zədələnmiş əmlaklarının şəkillərini çəkmişlər. Həmin fotoşəkilləri məhkəməyə təqdim etmişdilər. Həmçinin Xaçmaz Rayon Məhkəməsi qeyd etmişdir ki, onların yaşayış sahəsinə ehtiyacları Cavabdeh2 fərdi yaşayış evinin hesabına ödənilir. Cavabdeh2 adına torpaq sahəsi vardır. Lakin həmin torpaq sahəsində fərdi yaşayış evinin olması sübut edilmir. Həmçinin məhkəmə qətnamədə onların izahatlarını təhrif etmişdir. Cavabdeh1 Tahir Mustafayevlə rəsmi bosansa da, birgə yaşadıqları 2015-ci ilə qədər Tahir Mustafayevin adından işıq pulu və qaz pulu onun tərəfindən ödənilmişdir. 2015-ci ildə Tahir Mustafayev qanunvericiliyi pozduğundan ölkədən deport edilmişdir. Məhkəməyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti idarəsinin xx.xx.2019-cu il tarixli, R/M- 1560 saylı məktubunu təqdim etsələr də, buna qiymət verilməmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Xaçmaz İƏD-nin arayışı ilə də təsdiq olunur ki, onlar 1982-ci ildən həmin evdə yaşamışlar. İddiaçılar 2/067/-1174 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməyə əsasən Xaçmaz şəhəri, H.Əliyev küçəsi 74 saylı fərdi yaşayış evinə xx xxxxx 2017-ci ildə köçürülərkən də həmin evdə yalnız guya əmisi X2 yaşadığını sübut etməyə çalışmışdılar. X21 2015-ci ildən Azərbaycan Respublikasından deport olmuşdur. Hazırda Xaçmaz Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2(067)-358/2018 saylı icra sənədi üzrə icraat Xaçmaz rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə dayandırılmışdır. İddiaçılar tələblərinin əsasını təşkil edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə sübutları düzgün qiymətləndirməmiş, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırma aparmaq əvəzinə, iddiaçıların mövqeyini müdafiə edərək qanunsuz qətnamə çıxarmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Xaçmaz Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona Xaçmaz şəhəri, Heydər Əliyev küçəsində 400 kv.metr torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi mübahisəli evin həyətyanı torpaq sahəsi ilə qonşuluqda yerləşir, iddiaçılara məxsus evin həyətyanı torpaq sahəsindən hasarla ayrılmışdır, ayrıca girişi vardır. O, bu torpaq sahəsində fərdi yaşayış evi tikmiş və 2017-ci ildən həyat yoldaşı və 2 uşağı ilə orada yaşayır. Torpaq sahəsi mülkiyyət hüququ əsasında onun adına qeydə alınsa da, inşa etdiyi fərdi yaşayış evinə mülkiyyət hüququ qeydə alınmamışdır. Anası Cavabdeh1 bəzən onlarla, bəzən də bacısının evində yaşayır. Cavabdeh1 da məhkəmə iclasında oxşar izahat verdi. Məhkəmə iclasında İddiaçı1 həm öz adından, həm də nümayəndəsi olduğunu İddiaçı2 adından apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçılar İddiaçı2 və İddiaçı3, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz şəhəri, Heydər Əliyev küçəsi, 74 saylı fərdi yaşayış evinin 5/18 hissəsi, həmin evin yerləşdiyi torpaq sahəsinin 10/36 hissəsi X10, fərdi yaşayış evinin 5/18 hissəsi, həmin evin yerləşdiyi torpaq sahəsinin 10/36 hissəsi İddiaçı1, fərdi yaşayış evinin 5/18 hissəsi, həmin evin yerləşdiyi torpaq sahəsinin 10/36 hissəsi, fərdi yaşayış evinin 5/18 hissəsi, həmin evin yerləşdiyi torpaq sahəsinin 10/36 hissəsi İddiaçı3, fərdi yaşayış evinin 1/6 hissəsi X2 adlarına xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 66 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2(067)-28 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Xaçmaz şəhəri, H.Əliyev küçəsi, 74 saylı mübahisəli evə yaşayış hüququları müəyyən olunmuş və həmin evə köçürülmələri təmin olunmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(067)-358/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər X11, İddiaçı2 və İddiaçı1 qarşı evə köçürülmə və ziyan tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 Xaçmaz şəhəri, H.Əliyev küçəsi, 74 saylı evə istifadə hüququnun bərpa edilərək həmin evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)- 1318/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 X4 qarşı ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evində payın naturada ayrılması tələbinə dair iddiası İddiaçı2 və İddiaçı1 münasibətdə qismən təmin edilərək, cavabdeh X4 1166,67 manat məbləğində kompensasiya ödənilməklə onun ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 75,7 kv.m fərdi yaşayış evinin 1/6 hissəsinə olan mülkiyyət hüququna xitam verilmişdir. İş materiallarında olan Xaçmaz rayon, Xaçmaz Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 14 saylı qərarının surətindən görünür ki, fərdi yaşayış evinin tikintisi məqsədi ilə Cavabdeh2 Xaçmaz şəhəri, Heydər Əliyev küçəsində 400 kv.metr torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarında olan xx xxxxxx 2005-ci il tarixli, 228 saylı kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, Cavabdeh2 torpaq satışı ilə əlaqədar Xaçmaz Bələdiyyəsinin hesabına ******* AZM ödəmişdir. İş materiallarında olan kodu 30201004 olan JN-114A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayon, Xaçmaz Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 14 saylı qərarı ilə Xaçmaz şəhəri ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə Cavabdeh2 mülkiyyətinə 0,04 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxxx 2020-ci il tarixli, 4132 saylı arayışından görünür ki, Cavabdeh1 1982-ci il ildən oğlu Cavabdeh2 və qızı X12 ilə birlikdə Xaçmaz şəhəri, Heydər Əliyev küçəsindəki 74 saylı evdə yaşayır. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2021-ci il tarixli, 10 saylı məktubundan görünür ki, Cavabdeh2 JN-114A saylı, kodu ********* olan şəhadətnamə əsasında verilmiş 0,04 ha torpaq sahəsində 1 mərtəbəli yaşayış evi vardır, həmin yaşayış evində Cavabdeh2 2017-ci il tarixdən hal-hazıra kimi həyat yoldaşı X14, qızı Mustafayeva Nərgiz Osman qızı və oğlu Cavabdeh4 ilə birlikdə yaşayır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 Xaçmaz rayon, Xaçmaz Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 14 saylı qərarı ilə Xaçmaz şəhəri, Heydər Əliyev küçəsində 400 kv.metr torpaq sahəsi satılmış, kodu 30201004 olan JN-114A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh2 həmin torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. Həmin torpaq sahəsi mübahisəli evin həyətyanı torpaq sahəsi ilə qonşuluqda yerləşir, iddiaçılara məxsus evin həyətyanı torpaq sahəsindən hasarla ayrılmışdır, ayrıca girişi vardır. Cavabdeh2 həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş və 2017-ci ildən həyat yoldaşı və 2 uşağı ilə orada yaşayır. Cavabdeh2 anası-Cavabdeh1 da həmin evdə yaşayır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hazırki mənzil hüquq münasibətləri xx xxxxxxx 2009-cu il tarixədək əmələ gəldiyindən hazırki mübahisəli mənzil hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən, nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və ya daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 1982-ci il 08 iyul tarixli qanunla təsdiq edilmiş və xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddənin 2-ci hissəsində göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut etmək üçün ilk növbədə həmin şəxsin qeydiyyatda olduğu mənzili tərk edərkən məhz hansı yaşayış sahəsinə köçməsini və həmin yaşayış sahəsində hansı hüquqla, yəni mülkiyyətçi kimi, icarədar kimi və yaxud mülkiyyətçi və ya icarədarın ailə üzvü kimi yaşamasının müəyyən edilməsi zəruridir. Məhkəmə kollegiyası hazırki mübahisə ilə bağlı onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx xxxx 2016-cı il qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeydiyyatda olduqları evdə yaşamadıqlarından, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüklərindən, Xaçmaz şəhəri, Heydər Əliyev küçəsindəki 74 saylı evdə yaşamadıqlarından, bu evlə bağlılıqlarını itirdiklərindən və bununla da 1982-ci il 08 iyul tarixli qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulan əsaslar olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ilə düzgün olaraq iddia qismən təmin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 Xaçmaz şəhəri, H.Əliyev küçəsi, 74 saylı evə istifadə hüququnun bərpa edilərək həmin evə köçürülməsi barədə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsinin olması hazırki iddianın rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin faktiki hallarına uyğundur. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdikləri dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1286/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar