Məhkəmə qərarları › İş №2(105)-449/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-449/2025

27.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-449/2025 27.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbul edilməsindən imtina) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi" tələbinə dair iş üzrə Zəngilan Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(034)-836/2024 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindən olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililına qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Zəngilan rayonu, Şəfibəyli kənd orta məktəbində fizika müəllimi vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Zəngilan rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli 49(01)-01-81/13 nömrəli arayışından görünür ki, Ərizəçi həqiqətəndən xx.xx.19981-ci il tarixdən 29 oktyabr 1993-cü il tarixədək (Zəngilan rayonu işğal edilənədək) Zəngilan rayonu Şəfibəyli kənd orta məktəbində müəllim vəzifəsində işləmişdir.

3. Ərizəçi məxsus Əmək Kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.19981-ci il tarixdə Zəngilan rayonu Şəfibəyli kənd orta məktəbində müəllim vəzifəsinə təyin edilmişdir.

4. Zəngilan Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(034)-836/2024 nömrəli qərardadı ilə (hakim Gülsarə Kərimovna) Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindən olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililına qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

5. Hüseynov X3 Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(034)- 836/2024 nömrəli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(034)-836/2024 nömrəli qərardadın ləğv edilməsini, şikayət təmin olunmadıqda şikayətin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Zəngilan Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(034)-836/2024 nömrəli qərardadı ilə (hakim Gülsarə Kərimovna) Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindən olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililına qarşı “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Zəngilan Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(034)-836/2024 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin 7 gün müddətində mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

8. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Zəngilan rayonu, Şəfibəyli kəndində anadan olmuş,1977-ci il tarixdə V.İ.Lenin adına X8 Ordenli Azərbaycan Dövlət Pedoqoji İnstitutuna daxil olmuş və 1981-ci il tarixdə fizika ixtisası üzrə tam kursu bitirmişdir. O, xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləmişdir. Təqaüd almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin X2 üzrə Mərkəzi Filialına müraciət etsə də, bununla bağlı ona imtina məktubu verilmiş, imtina məktubunda qeyd edilmişdir ki, əmək kitabçasının surətindən məlum olur ki, xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü ilə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində əmək fəaliyyəti dövrlərinin araşdırılması zəruriyyəti yaranması bildirilmiş və buna görə də ona əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Heç yerdə işləmir, pensiya yaşına çatan insandır və o, hazırda ancaq pensiya ilə tələbatlarını ödəyə bilər. Onun yetərincə, yəni 40 il stajı var. xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləmiş, arxiv sənədləri Cahangirbəyli kənd inzibati ərazi dairəsinə təhvil verilmədiyindən həmin illərin sığorta stajına qəbul edilməməsi onu təqaüd hüququndan mərhum etmişdir. Ona əmək kitabçası verən orqan dövlət orqanıdır, həmin əmək kitabçasını o, yazmamış, nə də saxta möhürü yoxdur. Əgər lazım gəlsə bu barədə ekspertiza da təyin edilə bilər. Həmin işlədiyi illər onun əmək kitabçasında möhürlənərək təsdiq olunmuşdur. Həmin dövrdə arxiv sənədlərinin harasa verilib-verilməməsi isə onun günahı deyildir. Bu da onu göstərir ki, onun təqaüdə çıxması üçün yetərli əmək stajı var. O, xx.xx.1981-ci ildən xx.xx.1994-cü iıə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləməyinin əmək stajına daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddası təmin edilməmişdir. İddianın təmin edilməməsinə səbəb isə Zəngilan rayonu Şəfibəyli kənd orta məktəbində nə vaxtdan işləməsini və ya azad edilməsini təsdiq edən hər-hansı bir sənəd və ya həmin faktı təsdiq edən məhkəmə qətnaməsinin təqdim olunmaması olmuşdur. Hazırda onun həqiqətən də xx.xx.19981-ci il tarxdən xx.xx.1993-cü ilə kimi, yəni Zəngilan rayonu işğal edilənədək Zəngilan rayonu Şəfibəyli kənd orta məktəbində müəllim işləməyini təsdiq edən Zəngilan rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli 49(01)-01- 81/13 nömrəli arayışı var. Ona görə də maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindən olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililına qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Zəngilan rayonu, Şəfibəyli kənd orta məktəbində fizika müəllimi vəzifəsində işləməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəsini geri qaytarmışdır.

Şikayətə qarşı etirazın dəlilləri

9. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən şikayətə qarşı yazılı etiraz daxil olmuşdur.

10. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən Ərizəçi əmək pensiyasının yenidən hesablanması uçun Mərkəzi Filiala müraciət etmiş, Mərkəzi Filialın 20 sentyabr 2023-cü il tarixli məktubu ilə ona xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrlər üzrə əmək haqqı alıb-almadığı müəyyən edilmədiyindən həmin dövrlər iş stajına daxil edilmədiyi bildirilmişdir. Həmçinin ərizəçinin xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində işlədiyini iddia etdiyi və həmin dövrlərdə işləməsi faktının təsdiq edilməsində məqsədinin əmək pensiyasının yenidən hesablanması olduğu müəyyən olunmuşdur. Belə ki, xx.xx.1956-cı ıi təvəllüdlü Ərizəçi ərizəsində xx.xx.1981-cı il tarixdən xx.xx.1993-cü il tarıxədək Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləməsi faktının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid ış stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2. 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ış stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.3-cü bəndinə əsasən, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə vo yaxud xitamına səbəb olan faktları müəyyən edir. Həmin qərarın 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan sərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. MPMin 308-ci maddəsinin tələblərinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Lakin iş materiallarından göründüyü kimi, ərizəçinin əmək kitabçasında xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləməsi faktına dair qeydlər mövcuddur. Həmçinin ərizəçi məhkəməyə xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Təhsil Nazirliyi Zəngilan Rayon Təhsil şöbəsinin arayışını təqdim etmişdir. Məhz həmin dövrə dair əmək kitabçasında qeydlər və arayışın mövcud olması həmin faktın hüquqi əhəmiyyətini və nəticədə məhkəmə qaydasında müəyyən edilməsini istisna edir. Həmçinin qeyd etməyi zəruri hesab edirik ki, 1981-1993-cü illər üzrə iddiaçıya aid sənədlərin təqdim edilməməsi, əmək haqqlarının tam qeyd edilməməsi, həmin dövrlərdə ərizəçinin işləməsi faktına dair şübhələrin mövcud olması, həmin mötəbərliyə hüquqi qiymət verilməsi inzibati məhkəmənin yurisdiksiyasına aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sğorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə müvafiq olaraq əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəblərdən təqdim edilə bilmədikdən və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqdan sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sığorta stajı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi Səykişi oğlunun maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindən olan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair 2(105)-449/2025 nömrəli iş üzrə şikayətin təmin olunmaması və Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024cu il tarixli 2(034)-836/2024 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsi xahiş olunur.

Apellyasiya baxışının hədləri

11. Şikayətdən görünür ki, apellyator Zəngilan Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(034)-836/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Zəngilan Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(034)- 836/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır; Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

13. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(034)-836/2024 nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş Zəngilan Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsi və əlavə edilmiş sənədlərin qaytarılmasına dair mövqeyini onunla əsaslandırmışdır ki, ərizənin Azərbaycan Respublkası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla verilibverilməməsi məsələsi araşdırılarkən müəyyən edilmişdir ki, hüquqi faktın müəyyən edilməsi barədə məhkəməyə müraciət edən ərizəçi əslində ərizəyə əlavə olunmuş sənədlər ilə təsdiq olunmuş faktın yenidən müəyyən edilməsini xahiş etmişdir. Məsələ araşdırılarkən məlum olmuşdur ki, hazırkı iş üzrə ərizəçi eyni tələblə, yəni maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyintı üzrə Mərkəzi Filialına qarşı "əmək sitajının (sosial sığota stajının) mövcud olması faktının müəyyən edilməsi" tələbi ilə bir dəfə məhkəməyə müraciət etmiş, mübahisənin həlli inzibati icraat qaydasında həll olunduğundan Zəngilan Rayon Məhkəməsinin 2(034)-617/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmış, qərardaddan ərizəçi tərəfindən şikayət verilməmişdir. Hüseynov X3 Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(034)-836/2024 nömrəli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(034)-836/2024 nömrəli qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilmişdir. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi" tələbi ilə məhkəməyə müraciət etmişdir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçinin məhkəməyə qaydasında müəyyən olunmasını tələb etdiyi fakt qeyd edilən sənədlərlə müəyyəndir. Bu halda həmin faktın təkrar müəyyn olunması yol verilməzdir və məhkəməyə qaydasında baxıla bilməz. 12 aprel 2019-cu il tarixli «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı»nın 1.3-cü bəndinə qeyd olunmuşdur ki, Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin yol verilməzliyinə görə icraata qəbul etməkdən imtina etməli olduğu halda, MPM-nin 152.1.3-cü maddəsinə istinad edərək ərizənin geri qaytarılması barədə əsassız qərardad qəbul etmiş, bununla da prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual normaların tətbiqində pozuntuya yol verdiyindən şikayət qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(034)- 836/2024 nömrəli qərardadı ləğv edilməli, qərardadda göstərilən xüsusatlar araşdırılmaqla ərizənin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(034)-836/2024 nömrəli qərardadı ləğv edilsin. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi" tələbinə dair ərizənin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş Zəngilan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar