Məhkəmə qərarları › İş №2(105)-450/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-450/2021

29.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-450/2021 29.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs1 nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-2681/2019 saylı qətnaməsindən Maraqlı şəxs1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-2681/2019 saylı qətnaməsi ilə ərizə təmin olunmuş, Ərizəçi xx xxxx 1990-cı il tarixdən xx xxxxxxx 1996-cı il tarixinədək X5 Kooperasiyasında çörəkbişirmə ustası işləməsi faktı müəyyən edilmişdir. (hakim R.Həsənov) Qətnamədən cavabdeh Maraqlı şəxs1 apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-2681/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1990-cı il tarixdən xx xxxxxxx 1996-cı il tarixinədək X5 Kooperasiyasında çörəkbişirmə ustası işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1960-ci ildə Quba rayonu, Zərdabi kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1982-ci ildə başlamış və müxtəlif vəzifələrdə işləmişdir. Hazırda pensiya alır. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, onun xx xxxx 1990-cı ildən xx xxxxxx 1996-cı ilədək işlədiyi dövr əmək stajına daxil edilməmiş və ona pensiya hesablanmasında qeyd edilən illər nəzərə alınmamışdır. Bunun səbəbi ilə maraqlandıqda ona bildirilmişdir ki, xx xxxxxx 1996-cı ildə işdən çıxma əmri öz təsdiqini tapmamış, həmin dövrdə əmək haqqı kitabları X4 filialına təhvil verilməmişdir. Pensiya təminatı ilə bağlı Maraqlı şəxs1 tərəfindən aparılmış yoxlama zamanı, X5 Kooperasiyasından həmin müəssisə ləğv edildiyi üçün onun xx.xx.1996-cı il tarixli işdən çıxma əmri müəyyən edilməmiş və xx xxxx 1990-cı il tarixdən xx xxxxxx 1996-cı il tarixədək olan dövr üzrə əmək haqqı kitabları Quba rayon İstehsalat-İstehlak Kooperativində saxlanılmadığından və ya Dövlət Arxivinin Quba filialına təhvil verilmədiyindən həmin dövr üzrə işləməsi və əmək haqqı alması faktını aşkar etmək mümkün olmamışdır. O isə bu faktı başqa qaydada təsdiq etdirə bilməmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Maraqlı şəxs1 apelyasiya şikayəti verərək göstərmişdir ki, işə baxarkən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödənilmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bu Qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirilir. Həmin Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2.2-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə sosial sığorta stajına daxil edilir. X5 Kooperasiyasında heç bir fövqəladə hadisə baş verməmiş, hər hansı bir fövqəladə hadisənin baş verməsi barədə ərizəçi tərəfindən məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Belə olan halda isə şahid ifadəsinə əsasən sığorta stajının müəyyən edilməsi qüvvədə olan pensiya qanunvericiliyinə ziddir. Ərizəçi xx.xx.1990-cı ildən xx.xx.1996-cı ilədək X5 Kooperasiyasında işləməsi ilə bağlı əmək kitabçasındakı qeydləri qarşılıqlı yoxlama zamanı işdən çıxması və əmək haqqı alması faktı öz əksini tapmadığından həmin dövrü onun sosial sığorta stajına daxil etmək mümkün deyildir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməlidir. Apelyasiya baxışı zamanı Maraqlı şəxs1 nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə etdiyini bildirərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apelyasiya şikayətini qəbul etmədiyini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Digər maraqlı şəxs Quba Rayon İstehsal-İstehlak Koopertaivi apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1960-cı ildə anadan olmuşdur. Yenə iş materiallarında olan ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxx 1990-cı ildən xx xxxxxxx 1996-cı ilə kimi X5 Kooperasiyasında çörəkbişirmə ustası işləmişdir. Yenə də iş matriallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, ərizəçinin xx xxxx 1990-cı ildən xx xxxxxx 1996-cı ilədək X5 Kooperasiyasında işləməsi ilə bağlı əmək kitabçasındakı qeydlər qarşılıqlı yoxlanılarkən xx xxxxxx 1996-cı il tarixli işdən çıxma əmri öz təsdiqini tapmamışdır. xx xxxx 1990-cı ildən xx xxxxxx 1996-cı ilədək olan dövr üçün X5 Kooperasiyasının əmək haqqı kitabları Quba rayon İstehsal-İstehlak Kooperativində saxlanmadığından və ya Dövlət Arxivinin Quba filialına təhvil verilmədiyindən əmək haqqı alınması faktını müəyyən etmək mümkün olmamışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iş üzrə apelyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-2681/2019 saylı qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 -ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Dövlət Sosial Müdafiə Fondu, onun yerli bölmələri inzibati orqanlar hesab edilir. İş materiallarından görünür ki, ərizəçinin əmək kitabçasında onun hazırda hüquqi fakt kimi müəyyən edilməsini tələb etdiyi dövr, yəni xx xxxx 1990-cı ildən xx xxxxxxx 1996-cı ilə kimi X5 Kooperasiyasında çörəkbişirmə ustası işləməsi qeyd edilmişdir. Hazırda maraqlı şəxs, inzibati orqan olan Maraqlı şəxs1 ərizəçinin mübahisəli dövrdə işlədiyi müəssisədən işdən çıxması və əmək haqqı alması faktının təsdiq edilməməsi səbəbilə həmin dövrü onun əmək stajına daxil etmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün tələb olunan sənədlərdən biri də əmək kitabçası hesab olunur. Həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə sosial sığorta stajına daxil edilir. Qeyd edildiyi kimi, ərizəçinin əmək kitabçası mövcuddur, əmək kitabçasında onun mübahisəli dövr ərzində müvafiq qurumda işləməsi qeydi aparılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən dövrün ərizəçinin iş satjına daxil edilməsi və pensiyanın buna əsasən yenidən hesablanması barədə Ərizəçi Maraqlı şəxs1nə müraciət etməli və rədd cavabı aldıqdan sonra mübahisəyə inzibati icraat qaydasında baxılmalı üçün aidiyyatı məhkəməyə müraciət etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli, 4 saylı qərarının (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” fevral 2020-ci il tarixli qərarı nəzərə alınmaqla) 2-ci və 3.2-ci bəndlərində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Qeyd edildiyi kimi AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixdə təsdiq etdiyi “İnzibati orqanların Təsnifatı”na əsasən DSMF-nin yerli şöbələri inzibati orqanlardır. İşdən görünür ki, Ərizəçi əmək kitabçasında qeyd edilmiş xx xxxx 1990-cı ildən xx xxxxxxx 1996-cı ilə kimi X5 Kooperasiyasında çörəkbişirmə ustası işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Buna səbəb isə onun həmin müəssisədən işdən çıxma barədə əmri qarşılıqlı yoxlama zamanı təsdiqini tapmadığından Maraqlı şəxs1 həmin dövrü onun əmək stajına daxil etməməsi olmuşdur. Başqa sözlə, tərəflər arasındakı münasibətlər inzibati hüquq münasibətlərinə aid olduğundan və tərəflərdən biri inzibati orqan hesab edildiyindən mübahisəyə inzibati məhkəmədə baxılmalı idi. Buna baxmayaraq, Quba Rayon Məhkəməsi Ərizəçi ərizəsini icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli, 4 saylı qərarının 15.4-cü bəndində qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. AR MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 357, 384.0.4, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-2681/2019 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi onun xx xxxx 1990-cı il tarixdən xx xxxxxxx 1996-cı il tarixinədək X5 Kooperasiyasında çörəkbişirmə ustası işləməsi dövrünün əmək stajına daxil edilməsilə bağlı müvafiq qurumdan rədd cavabı aldıqdan sonra, Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar