Məhkəmə qərarları › İş №2(105)-450/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-450/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-450/2022 26.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(074)-716/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şamaxı Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(074)-716/2021 saylı qətnaməsi ilə (hakim E.Z.Hümbətov) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə X4 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası, Cavabdeh2 qarşı hərrac nəticələrinin etibarsızlığı haqqında tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(074)-716/2021 saylı qətnaməsininin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə X4 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası, Cavabdeh2 qarşı “hərrac nəticələrinin etibarsızlığı haqqında” iddia qaldıraraq, ƏMDK-i yanında Hərracların təşkili üzrə X6 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının 28.08.2019-cu il tarixli qərarı verildiyi andan etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağsu rayonu, Nəmirli kəndi ərazisində Nəmirli bələdiyyəsinin mülkiyyətində olan 10 ha torpaq sahəsi 2010-cu ildən 2017-ci ilə qədər müqavilə əsasında ona icarəyə verilmiş və tərəfindən torpaq sahəsi təyinatına uyğun olaraq istifadə edilmişdir. Nəmirli bələdiyyəsinin sədri ilə torpaq sahəsinin müqavilə müddətinin uzadılması haqqında söhbətləri nəticə verməmiş, 2018-ci ildə adı çəkilən torpaq sahəsini müqaviləsiz əkmiş və sonradan ona məlum olmuşdur ki, icarəsinə verilmiş torpaq sahəsi ikinci cavabdehə 46 il ərzində icarəyə verilmiş, sonradan qısa zaman daxilində adı çəkilən torpaq sahəsi hərrac vasitəsi ilə satılmış və hərracın qalibi ikinci cavabdeh olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə təqdim olunmuş Ağsu rayon Nəmirli bələdiyyəsinin 04.09.2020- ci il tarixli, 06 saylı məktubunda qeyd olunur ki, a) Adı çəkilən torpaq sahəsi tərəfindən zəbt olunmuş və uzun illər torpaq sahəsini qanunsuz istifadə edir. b) Adı çəkilən torpaq sahəsinin hərrac vasitəsilə satılması dəfələrlə ona təklif olunmuşdur. v) Adı çəkilən torpaq sahəsi Nəmirli kənd sakinlərinə məlumat verməklə, həmçinin qəzet səhifələrində elan yerləşdirməklə hərrac vasitəsi ilə satılması kimi hallar heç bir mötəbər sübutla təsdiq edilmir. Nəmirli kənd bələdiyyəsinin sədri adı çəkilən torpaq sahəsinin ikinci cavabdehə satılmasında maraqlı olmuş və bunu təsdiq edən çoxsaylı faktlar mövcuddur. 2010 və 2017-ci illər ərzində Nəmirli bələdiyyəsi ilə bağlanan müqavilələr. - Ağsu Rayon Prokurorluğuna yazdığı çox saylı ərizələr və alınan cavablar və sair. Strateji məhsul sayılan barama sapının istehsalında aktiv iştirak edir, hər il dövlətə kifayət qədər barama qurusu təhvil verir. Adı çəkilən torpaq sahəsinin alınmasında uzun müddət icarəsində olması əsas verir ki, onun adı çəkilən torpaq sahəsinin hərraca qədər almaqda üstünlük hüququ olsun, əlbətdə real bazar qiymətin satıcıya ödəmək şərtilə lakin qanunla müəyyən edilmiş qiymətin Nəmirli bələdiyyəsini büdcəsinə ödənilməsi Nəmirli bələdiyyəsinin sədrini qane etmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi 02 avqust 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin ediməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə X4 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə X4 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, Ağsu rayon Nəmirli bələdiyyəsinə məxsus, Ağsu rayonu Nəmirli kəndində yerləşən 28,26 ha kənd təssərüfatı təyinatlı torpaq sahəsi 02.09.2019-cu il tarixli 3M-131 saylı icarə müqaviləsi əsasında 49 il müddətinə Cavabdeh2 istifadəsindədir. 12 oktyabr 2016-cı il tarixli № 03 saylı icarə müqaviləsinə əsasən Ağsu rayon Nəmirli bələdiyyəsi balansında olan 10 ha torpaq sahəsini 12 oktyabr 2016-cı il tarixdən 12 sentyabr 2017-ci il tarixinədək İddiaçı icarəyə vermişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12.03.2019-cu il tarixli qeydiyyat tarixi, ********** qeydiyyat nömrəli, (**********86 nömrəli reyestr nömrəli) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışının surətindən görünür ki, Ağsu rayonu, Nəmirli kəndində yerləşən 28.26 ha torpaq sahəsi tam olaraq Ağsu rayon Nəmirli bələdiyyəsinin mülkiyyətindədir. Ağsu rayon Nəmərli bələdiyyəsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinə ünvanladığı 15.05.2019-cu il tarixli, 10 saylı məktunbunun surətindən görünür ki, Nəmirli bələdiyyəsinin mülkiyyətində olan 28,26 ha torpaq sahəsinin kənd təsərrüfatı (əkin) məqsədi ilə müsabiqəyə və ya hərraca çıxarılaraq mülkiyyətə və ya icarəyə verilməsi üçün qəbul etdiyi 15.05.2019-cu il tarixli, 09 saylı iclas protokolundan çıxarışı göndərilmişdir. Azərbaycan Respublikası Ağsu rayonu, Nəmirli bələdiyyəsinin 15.05.2019-cu il tarixli iclas protokolun 09 nömrəli çıxarışından görünür ki, Ağsu rayon Nəmirli bələdiyyəsinin icarə predmeti olan 282600 kv. və ya 28,26 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə icarəyə verilməsi üçün torpağın hərraca çıxarılması qərara alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə X5 AM № 008980 saylı şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh2 Ağsu rayon Nəmirli bələdiyyəsinin mülkiyyətində olan 282600 kv. və ya 28,26 ha olan torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 22.08.2019-cu il tarixdə keçirdiyi hərracın qalibi olmuş və 68 nömrə altında bu barədə qeydiyyata alınmışdır. X2 15 avqust 2019-cu il tarixli müsabiqədə hərracda iştirak etmək barədə ərizəsindən görünür ki, o, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 22 avqust 2019-cu il tarixdə keçiriləcək torpaq hərracında iştirakını təmin edilməsini xahiş etmişdir. 20 iyul 2015-ci il tarixli Torpaq Müsabiqə, Hərrac Müqaviləsinin surətindən görünür ki, X7 ilə Yolçiyev Mənzim arasında Ağsu rayonu Nəmirli kəndində yerləşən 28.26 ha torpaq sahəsinin hərraca çıxarılması nəzərdə tutulmuşdur. Mülkiyyət qəzetində verilmiş Elanın surətindən görünür ki, Ağsu rayonu, Nəmirli kəndində yerləşən 28.26 ha torpaq sahəsinin hərraca çıxarılması barədə elan verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının 22 avqust 2019-cu il tarixli, 73 saylı prtokolunun surətindən görünür ki, Ağsu rayonu, Nəmirli kəndində yerləşən 28.26 ha torpaq sahəsinin hərraca çıxarılması qərara alınmışdır. Hərracda 2 şəxsin adı göstərilmiş, bunlar Cavabdeh2 və X3r. Göyçay Regional Ədliyyə İdarəsinin İddiaçı ünvanlanmış 09.10.2020-ci il tarixli məktubu ilə ona izah olunmuşdur ki, 02.09.2019-cu il tarixdə 28.26 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsinin 49 il müddətinə icarəyə verilməsi ilə bağlı notariat qaydasında icarə müqaviləsinin bağlanıldığı və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 çıxarışın verildiyi müəyyən olunmuşdur. O cümlədən araşdırma zamanı Nəmirli bələdiyyəsinin təqdim etdiyi 04.09.2020-ci il tarixli, 06 nömrəli arayışda Sizin Nəmirli bələdiyyəsinin mülkiyyətində olan 10.0 ha torpaq sahəsini uzun müddət zəbt edərək istifadə etdiyiniz, həmin ərazinin yalnız hərrac vasitəsi ilə icarəyə verilməsi barədə dəfələrlə qanunvericiliyin tələblərinin Sizə izah olunduğu, 2017-ci ildə həmin əkin sahəsindən özünüzün istifadə etməyərək sahəni digər şəxsin istifadəsinə verdiyiniz, 2018-ci ildə mübahisəli torpaq sahəsinin Sizdən geri alındığı və 2019-cu idə torpaq sahəsinin hərraca çıxarıldığı, bu barədə kənd sakinlərinə ümumi məlumat verilməklə yanaşı qəzet vasitəsi ilə elanın verildiyi, 22.08.2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının qərarı ilə Cavabdeh2 hərracın qalibi olduğu və bu səbəbdən də onunla bələdiyyə arasında icarə müqaviləsinin bağlandığı, hazırda həmin torpaq sahəsinin təyinatı üzrə istifadə edildiyi və vergisinin ödənildiyi göstərilmişdir. Bildiririk ki, Azərbaycan Respubiikasmin Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi iiə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın aynlması, habelə Azərbaycan Respubiikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyən edilir ki, Ağsu rayon Nəmirli bələdiyyəsinin mülkiyyətində olan 10 ha torpaq sahəsi ümumilikdə 2010-cu ildən 2017-ci ilədək olmaqla, sonuncu dəfə 12 oktyabr 2016-cı il tarixdən 12 sentyabr 2017-ci il tarixinədək iddiaçının icarəsində olmuşdur. İddiaçı bələdiyyəyə torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb etdiyi barədə yazılı bildiriş verməmiş və torpaq icarəsi müqaviləsinin müddəti uzadılmamışdır. 2019-cu ildə həmin torpaq sahəsinin də daxil olduğu 28,26 ha kənd təssərüfatı təyinatlı torpaq sahəsi hərraca çıxarılmış, bu barədə kənd sakinlərinə ümumi məlumat verilməklə yanaşı qəzet elanı edilmiş və 22.08.2019-cu il tarixdə keçirilmiş açıq torpaq hərracının qalibi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının qərarı ilə Cavabdeh2 sayılmış və onunla bələdiyyə arasında 49 il müddətinə 02.09.2019-cu il tarixli, 3M- 131 saylı torpaq icarəsi müqaviləsi bağlanmış, bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan Çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 720.2-ci maddəsinə əsasən bu Məcəllənin 720.1-ci maddəsində nəzərdə tutulan hallarda icarəçi tələb edə bilər ki, icarə müqaviləsi bütün halları nəzərə almaqla ağlabatan olan vaxtadək uzadılsın. Əgər icarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin əvvəlki şərtlərlə davam etdirilməsinə razılıq verə bilmirsə, icarəçi yalnız bunu tələb edə bilər ki, hüquq münasibətləri ağlabatan şəkildə dəyişdirilmiş şərtlərlə davam etdirilsin. Bu cür davametdirilmə dəfələrlə tələb oluna bilər. Həmin Məcəllənin 720.4-cü maddəsinə əsasən icarəçinin torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb etdiyi bildirişi yazılı formada tərtib edilməlidir. İcarəyə verənin xahişi ilə icarəçi müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi tələbi üçün əsasları dərhal ona bildirməlidir. Həmin Məcəllənin 720.6-cı maddəsinə əsasən əgər razılıq əldə edilməzsə, iddiaya əsasən məhkəmə müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi, icarə müddəti və bu münasibətlərin davam etdirilməsi şərtləri haqqında qərar qəbul edir. Lakin məhkəmə cari hüquq münasibətlərinin başlanğıcından hesablanmaqla, bu Məcəllənin 720.3.3-cü maddəsində göstərilmiş müddətlərdən kənara çıxmayan anadək müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi haqqında qərar qəbul edə bilər. Müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi icarəyə götürülmüş torpağın bir hissəsi ilə də məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticəinin əsası kimi göstərmişdir ki, ƏMDK yanında Hərracların təşkili üzrə X6 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının 28.08.2019-cu il tarixli qərarının etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia tələbi təmin edilə bilməz. Tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasız olub, iddia ərizəsində göstərilən xüsusuatları özündə əks etdirib, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən və apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(074)-716/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar