Məhkəmə qərarları › İş №2(105)-457/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-457/2022

31.01.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-457/2022 31.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, İddiaçının vəkili: Vəkil, Cavabdehin nümayəndəsi: Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı işə bərpa, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) İddiaçı cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı işə bərpa, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sumqayıt Dövlət Universitetinin rektoru E.Hüseynovun onun Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad olunmağı barədə 01 oktyabr 2020-ci il tarixli k-43/2 saylı əmrin ləğv olunması, onun Sumqayıt Dövlət Universitetinin «Tarix və onun tədrisi metodikası» kafedrasına dosent vəzifəsinə bərpa olunan, 2020-ci ilin sentyabr ayından işə bərpa olunana kimi məcburi iş buraxmaya görə əmək haqqının tam ödənilməsi və ona vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində cavabdehdən onun xeyrinə pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2015-2016-ci tədris ilindən 02 oktyabr 2020-ci ilə kimi Sumqayıt Dövlət Universitetində dosent vəzifəsində işləmişdir. İşlədiyi müddətdə Universitetin nüfuzunun qaldırılması üçün əməyini əsirgəməmiş, əmək intizamına, o cümlədən etik davranış qaydalarına daim əməl etməklə kollektivdə nüfuz sahibi olmuşdur. Sumqayıt Dövlət Universitetinin rektoru E.Hüseynov heç bir əsaslı səbəb olmadan, onunla ədavətdə olan bəzi əməkdaşların sübyektiv və qərəzli mövqeyini əsas götürərək 01 oktyabr 2020-ci il tarixdə onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad etmişdir. Əmrdə göstərilir: «Rəhbərlik tərəfindən dəfələrlə şifahi, yazılı (Əmr № K-102/3. 30.05.2018- ci il) xəbərdarlıqlara baxmayaraq, əmək funksiyasını və vəzifə borcunu yerinə yetirmədiyinə, qeyri-etik davranışları nəticəsində iş yoldaşlarının əmək hüquqlarım pozduğuna, qanunla qorunan mənafelərinə zidd hərəkət etdiyinə, universitetin Daxili intizam qaydalarına, kollektiv müqavilənin şərtlərinə, onunla bağlanmış fərdi əmək müqaviləsinin 3.2. maddəsinə əməl etmədiyinə və işlədiyi kollektivdə mütəmadi gərginlik yaratdığına görə Tarix və coğrafiya fakültəsinin Tarix və onun tədrisi metodikası kafedrasının dosenti İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) 01.10.2020-ci il tarixindən xitam verilsin. İstifadə etmədiyi məzuniyyət günləri yoxdur. Əsas: Rektor prof. E.B.Hüseynovun dərkənarı ilə Humanitar məsələlər üzrə prorektor dos. R.A.Hüseynovun 25.09.2020-ci il tarixli 08-440/20 nömrəli təqdimatı, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dos. S.S.Məhərrəmovanın 18.09.2020-ci il tarixli 08-420/20 nömrəli təqdimatı, Tarix və onun tədrisi metodikası kafedrasının 14.02.2019-cu il tarixli 10 saylı protokolundan çıxarış, həmin kafedranın dosenti R.V.Əhmədovun və baş müəllim N.M.Abdullayevin izahatları, müəllim B.M.Cəlalzadənin 18.09.2020-ci il tarixli C-25/20 nömrəli ərizəsi və ona aid 6 səhifədən ibarət materiallar, dos.İddiaçı izahatları, HİK-in 25.09.2020-ci il tarixli 83 saylı protokolundan çıxarış, fakültə dekanı, kafedra müdiri və bir qrup kafedra əməkdaşları tərəfindən tərtib olunmuş İddiaçı şifahi xəbərdar olunduğunu təsdiqləyən iki ədəd akt». Rektor onu Əmək Məcəlləsinin 70-ci maddəsi c bəndinin «İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə» hissəsi ilə işdən azad etmişdir. Halbuki Əmək Məcəlləsinin maddəsində göstərilir ki, işəgötürən işçini 70-ci maddənini ç bəndində göstərilən bir əsas üzrə işdən azad edə bilər. Əmrdən göründüyü kimi, həmin maddənin tələbi pozularaq o, işdən həmin bənddə göstərilən iki əsas üzrə - əmək funksiyasını yerinə yetirməməyə və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyimə görə işdən azad edilmişdir. Əmr ümumi xarakter daşımaqla yalnız və yalnız hər hansı bir vasitə ilə onun arzuolunmaz şəxs kimi işdən azad olunmağının əsaslandırılmasma yönəlmişdir. Belə ki, o, Sumqayıt Dövlət Universitetində işlədiyi müddətdə əmək intizamına həmişə riayət etmiş, yalnız bir dəfə 2018- ci ilin mart ayında Universitetin Tələbə Elmi Cəmiyyətinin bölmə üzrə iclasında universitetin müəllimi Sarvan Bədəlovun məqsədli surətdə onu əsəbləşdirməsi nəticəsində əsəb sarsıntısı keçirərək Tibbi Klinikalara müraciət etmiş, həkimlərin tövsiyyəsi ilə ev şəraitində müalicə almışdır. Yaşadığı qəsəbədə qeydiyyatda olmadığına, habelə həkimlərin tövsiyyəsi ilə yataq rejimində olmalı olduğu üçün həyat yoldaşı qeydiyyatda olduğu ünvan üzrə poliklinikaya vaxtında müraciət edib bülleten açdıra bilmədiyi üçün, bülletendən kənar iki gün üzürsüz səbəbə görə iş buraxma vəziyyəti yaranmışdı. O, vəziyyəti olduğu kimi rəhbərliyə sənədlər əsasında izah etsə də, xəstəliyi ilə bağlı ona maddi-mənəvi kömək etmək əvəzinə Universitet rektoru tərəfindən 30.05.2018-ci il tarixli K-102/3 saylı əmrlə ona xəbərdarlıq edilmişdi. Əvvəla Əmək Məcəlləsinin 186-cı maddənin 3-cü bəndinə əsasən xəbərdarlıq intizam tənbehi sayılmır, bundan başqa, 190-cı maddənin 1-bəndinə əsasən intizam tənbehi törədildiyi gündən altı ay müddətində qüvvədə olur. Verilən qərəzli əmrdə artıq qüvvəsini itirmiş olan, habelə intizam tənbehi sayılmayan xəbərdarlığa istinad olunması onu təsdiq edir ki, rektorun onu işdən azad etməyə heç bir qanuni əsası olmamışdır. Lakin bütün bunlara baxmayaraq o heç bir qüvvəsi olmayan xəbərdarlığa istinad etməklə onu əsassız və qanunsuz olaraq işdən azad etmişdir. Sonrakı işlədiyi müddətdə tərəfindən heç vaxt əmək intizamı pozulmamışdır. Bunu ona rəhbərlik tərəfindən bu müddət ərzində hər hansı bir intizam tənbehinin verilməməsi də təsdiq edir. Halbuki onun əmək fəaliyyəti əmrdə göstərilənlərin əksinə olaraq rektorluq tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Belə ki, 05 oktyabr 2017-ci il tarixdə rektor E.Hüseynovun tərəfindən «Səmərəli elmi-pedoqoji fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsindəki uğurlarına görə və 5 oktyabr - X3 münasibəti ilə Fəxri Fərmanla təltif olunmuşdur. 2017-ci ildə yüksək elmi-pedoqoji fəaliyyətinə görə 5 illik dosent vəzifəsinə seçilmişdir. 2018-ci ilin fevral ayında isə Universitetin Elmi Şurasının yekdil qərarı ilə sənədləri «Atestatlı dosent” adının verilməsi üçün Ali Atestasiya komissiyasına göndərilmiş, Ali Atestasiya Komissiyası 2018-ci ilin may ayında «Atestatlı dosent» adını təsdiq etmişdir. 2017-2018-ci tədris ilindən 2019-2020-ci tədris ilinin sentyabr ayına qədər “Tarix və Coğrafiya” fakültəsinin «Dövlət İmtahan Komissiyasının 5 üzvündən biri kimi fəaliyyət göstərmişdir. Hər tədris ili rektorun əmri ilə iki magistr dissertasiyasının elmi rəhbəri olmuşdur. Habelə nümunəvi işçi kimi onlarla namizədin arasından Rektor tərəfindən Universitetin 4 əməkdaşından biri kimi Türkiyə Respublikasına ezamiyyətə göndərilərək «Mövlana» proqramı üzrə müəllim mübadiləsi ilə əlaqədar olaraq 2019-cu ilin oktyabr ayının 10-dan 24-nə kimi «X10» Universitetində 14 gün müddətində mühazirələr oxumuş, yüksək təcrübə əldə etmişdir. Sonradan «X10» Universitetinin rektorluğu tərəfindən Sumqayıt Dövlət Universitetinin rektorunun adına onun oradakı nümunəvi fəaliyyəti barədə sertifikat göndərilərək təşəkkür bildirilmişdir. Bundan sonra 2020-ci ilin fevral ayında onun fəaliyyətini yüksək qiymətləndirərək Universitetin rəsmi yığıncağında «Tarix və Coğrafiya» fakültəsi üzrə elmi işlərlə bağlı dekan müavini vəzifəsinə namizədliyi irəli sürülsə də, hansı səbəbdənsə Rektor həmin vəzifəyə onu deyil, dörd vəzifə daşıyan «Tarix və onun tərisi kafedras»nın müdiri, onunla qərəzli olan, ona qarşı təşkil edilən qarayaxma kompaniyasının başında duran Sona Məhərrəmovanı təyin etmişdir. Belə ki, S.Məhərrəmova onun artan nüfuzundan qorxurdu ki, onu onun yerinə kafedra müdiri seçə bilərlər. Onun «Şimali Azərbaycanda Milli Oyanış Hərakatı» (19-cu əsrin sonu 20-ci əsrin əvvələri) adlı kitabı X7 xanım Əliyevanın sponsoru olduğu «Məktəb Pres» qəzetində silsilə şəklində dərc edilmişdir ki, buna görə də ona «Qızıl qələm» medlia lauretı mükafatı da verilmiş və fakt Universitetin saytında da yayımlanmışdır. 2020-ci ilin mart ayının 3-dən etibarən pandemiya ilə bağlı universitetdə canlı dərslər dayandırılaraq onlayn tədrisinə keçilmişdir. 2020-ci ilin may ayının 7-si 10.47-də zarafatla bir tanışına göndərmək istədiyi mesaj səhvən 822-ci qrupun nümayəndəsi olan, (qrup rəhbərlərinin telefon nömrələri müəllimlərdə də olur) Samirə İbrahimliyə getmişdir. Təxminən bir dəqiqə sonra o, mesajın səhv göndərilməsini başa düşüb həmin tələbəyə zəng edərək, mesajın ona səhf getməsini bildirərək silməsini xahiş etmiş, tələbə də mesajı oxumadan sildiyini ona bildirmişdi. Sonradan məlum oldu ki, həmin tələbə mesajı silməyərək onunla qərəzli münasibətdə olan kafedranın əməkdaşı Samir Kərimliyə göndərmiş, o, da həmin mesajı onunla olduqca pis münasibətdə olan kafedra müdiri Sona Məhərrəmovaya göndərmişdir. S.Məhərrəmova isə onu Universitet rəhbərliyinin gözündən salmaq, gələcək karyeraasına zərbə vurmaq üçün qanunsuz olaraq həmin mesajı ictimailəşdirərək hər vəchlə çalışırdı ki, onu ləkələsin, nüfuzdan salsın. S.Məhərrəmova ilə münasibətlərinin korlanmasının, onun ona qarşı qərəzli olmasının digər səbələrini zərurət yamarsa məhkəmədə bildirər. Rektorun ona qarşı qərəzli olmasını, onunla bağlanmış X8 verəcəyini qabaqcadan planlaşdırmasını onun 2020-2021-ci tədris ili üçün ona dərs yükünün ayrılmaması barədə göstərişi ilə də təsdiq olunur. Ona dərs yükü ayrılmamasma baxmayaraq o, 02 oktyabr da daxil olmaqla dərs günləri Universitetdə, işlədiyi dekanlıqda olmaqla ona dərslərin ayrılmasını tələb etmişdir. Sonra onun məsələsi əsassız olaraq Universitetin Həmkarlar İttifaqının iclasına çıxarılmış, yuxarıda qeyd etdiyi, tələbəyə göndərdiyi mesaj əsas gətirilməklə Rektorun təzyiqi ilə əsassız olaraq işdən azad olunmağına Həmkarlar İttifaqının razılığı alınmışdır. Cavabdeh onu işdən azad edərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinin tələblərini də pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində göstərilir: «Bu Məcəllənin 70- ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Onun tərəfindən həmin bənddə göstərilən pozuntuya səbəb olan hər hansı bir hərəkət edilməmişdir. Bu barədə tərtib edilən aktlar, yazılan təqdimatlar saxta olmaqla həqiqətə uyğun deyil, qərəzli olaraq tərtib edilmişdir. Belə ki, göstərdiyi kimi, 2020ci ilin mart ayının 3-dən Universitetdə dərslər onlayn qaydada keçirildiyi üçün onlar müəllimlər həmin gündən sentyabr ayının 11-nə kimi iş yerlərində olmamışlar, evlərindən, 07 iyuldan 11 sentyabra kimi məzuniyyətləri istisna olmaqla) onlayn qaydada dərslər vermişlər, bəzi hallarda fərdi qaydada çağrılaraq Universitetdə imtahanları götürmüşlər. Bu vaxtlar isə kollektivin üzvlərindən kiminlə isə hər hansı bir münaqişəsi olmamışdır. Belə bir fakt da mövcud deyil. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-ci hissəsində göstərilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmrdə isə belə bir əsaslandırma yoxdur. Belə çıxır ki, onun tərəfindən intizam xətası 03 mart 2020-ci il tarixə kimi törədilməli idi. Bu halda isə 6 aylıq müddət ötürüldüyünə görə Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən onun barəsində intizam tənbehi verilə bilməzdi. Beləliklə, onun işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən azad olunmağı barədə verilən əmr əsassız və qanunsuz olduğu üçün ləğv edilməli və ona vurulmuş maddi və mənəvi zərərin əvəzi ödənilməlidir. Əmr ləğv olunduğu halda ona 2020-ci ilin sentyabr ayından işə bərpa olmaya dair əmr verilən müddətə qədərki əmək haqqı tam ödənilməli, həmin əmrlə ona vurulmuş mənəvi zərərin əvəzi kimi 40.000 manat məbləğində cavabdehdən onun xeyrinə pul tutulmalıdır. Belə ki, cavabdehin rəhbərliyində olan vəzifəli şəxslərin ona qarşı törətdikləri mənəvi terror nətitcəsində Universitetin kollektivi arasında olan nüfuzuna böyük zərbə vurulmuş, onun mənəvi sarsıntılar keçirməyinə səbəb olmuş, karyerada yüksəlişinə maneçilik törədilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə şahidlərin ifadələrini saxtakarlıq etməklə onun zərərinə dəyişmişdir, məhkəmə iclas protokollarının onun zərərinə natamam və qərəzli şəkildə tərtibinə yol verməzdi. Məhkəmə nəzərə almamışdır ki, ona qarşı SDU-da aparılan qərəzli kompaniyanın başında kafedra müdiri S.Məhərrəmova durur. SDU-da dosent olaraq çalışdıgı beş il müddətində öz nümünəvi davranışla və yüksək səviyyədə dərsləri tədris etməyi ilə tələbə və müəllim kontigentinin, eləcə də rəhbərliyin rəgbətini qazanmışdır. Bunu ona rəhbərlik tərəfindən məlum yazılı xəbərdarlıq istisna olmaqla bu müddət ərzində hər hansı bir intizam tənbehinin verilməməsi faktı da təstiq edir. Lakin məhkəmə baxışı zamanı məlum oldu ki, cavabdeh tərəf ona işdə yol verdiyi nöqsanlara görə guya 24 oktyabr 2019-cu il tarixdə 75/3 saylı şiddətli töhmət verilməsi barədə saxta bir əmr hazırlamışdır. Əmrin saxladıgını və sonradan cinayətkarcasına tərtib edilməsini cavabdehin onun işdən çıxarmagı haqqında orjinal əmrdə öz əksini tapmaması faktı qabarıq formada sübuta yetirir. Cavabdeh onu işdən azad edərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinin tələblərini də pozmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(060)-6355/2020 saylı qətnaməsini ləğv edilməsini “Sumqayıt Dövlət Universitetinin rektoru E.Hüseynovun onun Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad olunmağı barədə 01 oktyabr 2020-ci il tarixli k-43/2 saylı əmrin ləğv olunması, onun Sumqayıt Dövlət Universitetinin «Tarix və onun tədrisi metodikası» kafedrasına dosent vəzifəsinə bərpa olunan, 2020-ci ilin sentyabr ayından işə bərpa olunana kimi məcburi iş buraxmaya görə əmək haqqının tam ödənilməsi, hamı üçün bayramlarda nəzərdə tutulmuş pul hədiyyəsinin və ona vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində cavabdehdən onun xeyrinə pul tutulması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdeh tərəfindən iddiaçını işdən azad olunmasının qanuna müvafiq olduğuna istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan X8 Verilməsi ilə 01.10.2020-ci il tarixli, № K-43/2 saylı əmrin surətindən görünür ki, İddiaçı rəhbərlik tərəfindən dəfələrlə şifahi, yazılı (Əmr № K-102/3, 30.05.2018ci il) xəbərdarlıqlara baxmayaraq, əmək funksiyasını və vəzifə borcunu yerinə yetirmədiyinə, qeyri-etik davranışları nəticəsində iş yoldaşlarının əmək hüquqlarını pozduğuna, qanunla qorunan mənafelərinə zidd hərəkət etdiyinə, universitetin Daxili intizam qaydalarına Kollektiv müqavilənin şərtlərinə, onunla bağlanmış fərdi əmək müqaviləsinin 3.2-ci maddəsinə əməl etmədiyinə və işlədiyi kollektivdə mütəmadi gərginlik yaratdığına görə Tarix və coğrafiya fakultəsinin Tarix və onun tədrisi metodikası kafedrasının dosenti İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) 01.10.2020-ci il tarixindən xitam verilmişdir. İşdə olan İddiaçı 25.06.1983-cü il tarixli, İT-İ № ******* saylı “Əmək kitabçası”nın surətindən görünür ki, İddiaçı 14.09.2015-ci il tarixdə Sumqayıt Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına əmək müqaviləsi ilə 2015/16-cı tədris ilinin sonunadək dosent (attestatsız) vəzifəsinə qəbul edilmiş, 01.10.2020-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən X8 verilmişdir. İşə əlavə olan Sumqayıt Dövlət Universitetinin Tarix və onun tədrisi metodikası kafedrasının Tarix və Coğrafiya fakültəsinin Həmkarlar Təşkilatı ilə birgə keçirdiyi 14.02.2019-cu il tarixli genişləndirilmiş iclasının protokolundan “Çıxarış”ın surətindən görünür ki, Tarix və onun tədrisi metodikası kafedrasının dosenti İddiaçı kafedranın əməkdaşlarına olan münasibətləri pislənilsin, onun haqqında deyilən nöqsanlardan nəticə çıxarmaq və 2018-2019-cu tədris ilinin yaz semestrindən etibarən kafedra əməkdaşları ilə münasibətlərini nizama salmaq tövsiyyə olunmuş, müzakirə olunan məsələ barədə rektorluğa məlumat verilməsi bildirilmişdir. İş materiallarında olan Sumqayıt Dövlət Universiteti Həmkarlar Komitəsinin 83 saylı iclasının protokolundan 25.09.2020-ci il tarixli “Çıxarış”ın surətindən görünür ki, Tarix və coğrafiya fakultəsinin Tarix və onun tədrisi metodikası kafedrasının dosenti İddiaçı ziyalı, müəllim adına yaraşmayan qeyri-etik davranışı, qızı yaşında olan kafedranın müəllimi Cəlalzadə Bənövşəyə qarşı olan çirkin hərəkətləri pislənmiş və Tarix və coğrafiya fakültəsinin Tarix və onun tədrisi metodikası kafedrasının dosenti İddiaçı universitet rəhbərliyi tərəfindən hər hansı inzibati qaydada tətbiq olunan cəzaya, hətta, işdən azad olunmasına Sumqayıt Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi etiraz etmir. İşdə olan 25.06.2018-ci il tarixli, “Akt”ın surətindən görünür ki, tarix və onun tədrisi metodikası kafedrasının müdiri S.S.Məhərrəmova, həmin kafedranın dosenti R.V.Əhmədov, baş müəllim N.M.Abdullayev, müəllimlər S.B.Bədəlov və Ş.M.Əhmədova kafedranın dosenti İddiaçı əməkdaşlarla qeyri-etik davranışlarına və iş mühitinə pozduğuna görə şifahi xəbərdarlıq edildiyini öz imzaları təsdiq edilmişdir. İş materiallarında olan 30.10.2019-cu il tarixli, “Akt”ın surətindən görünür ki, tarix və coğrafiya fakultəsinin dekanı prof. A.B.Baxşəliyev və Tarix və onun tədrisi metodikası kafedrasının dosenti R.V.Əhmədov, baş müəllim N.M.Abdullayev kafedranın dosenti İddiaçı dəfələrlə edilən şifahi xəbərdarlıqlara baxmayaraq yenə də, kafedranın əməkdaşları ilə münasibətlərini və davranışlarını düzəltməmiş, əlavə gərginlik yaradaraq sağlam iş mühitini pozmağa davam etmiş, fakültə dekanı tərəfindən sonuncu dəfə şifahi xəbərdarlıq edildiyini öz imzaları təsdiq edilmişdir. İşdə olan Sumqayıt Dövlət Universiteti “Əmək və icra intizamı” barədə 24.06.2019-cu il tarixli № K-75/3 saylı əmrinin surətindən görünür ki, Əmək və icra intizamını diqqətsiz, məsuliyyətsiz, sənədlərlə iş zamanı öhdəliklərini keyfiyyətsiz, səhlənkarlıqla yerinə yetirdiyinə, sənədlərlə işin təşkili zamanı baş vermiş nöqsanlara, öz qeyri-etik davranışı ilə kafedra əməkdaşları arasında mütəmadi gərginlik yaratdığına və onunla bağlanmış fərdi Əmək müqaviləsinin 3.2-ci bəndini kobud şəkildə pozduğuna görə universitetin Tarix və coğrafiya fakültəsi Tarix və onun tədrisi metodikası kafedrasının dosenti İddiaçı Azərbaycan Respublikası ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarında olan Sumqayıt Dövlət Universiteti “ödənilməyən əmək haqqı” barədə 30.05.2018-ci il tarixli № K-102/3 saylı əmrinin surətindən görünür ki, Tarix və coğrafiya fakültəsi Tarix və onun tədrisi metodikası kafedrasının dosenti (attestatsız) üzürsüz səbəbdən 01.05.2018 və 02.05.2018-ci il tarixlərində işdə olmadığına görə həmin günlərin əmək haqqısı ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda X8 verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi X8 verilməsinə əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin maddənin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən, X8 verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əmək münasibətlərinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarda və qaydada xitam verilə bilər. Məhkəmə sadalanan normaların tələbinə istinadən belə qənaətə gəlir ki, Sumqayıt Dövlət Universitetinin rektoru professor E.B.Hüseynovun K-43/2 №li, 01.10.2020-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, İddiaçı ilə bağlanmış X8 verilməsi tam qanuni əsaslarla həyata keçirilmişdir və həmin əmrin ləğv edilməsinin hüquqi əsasları yoxdur. Odur ki, Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələbləri baxımından Sumqayıt Dövlət Universitetinin rektoru professor E.B.Hüseynovun K-43/2 №li, 01.10.2020-ci il tarixli əmri qanuni və əsaslı hesab edilməlidir. Məhkəmə, hazırkı işə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxaraq, belə hesab edir ki, artıq İddiaçı əvvəlki işinə, vəzifəsinə bərpa edilməsinə heç bir əsas yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin birinci bəndinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və c) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi, qanunvericilik həmkarlar ittifaqının üzvü olan işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi zamanı bunu müəssisə həmkarlar ittifaqı təşkilatının razılığı ilə həyata kecirilməsini əsas şərt kimi müəyyən edir. İş materiallarında olan Sumqayıt Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin 25.09.2020-cu il tarixli, “83” saylı protokolundan görünür ki, Sumqayıt Dövlət Universitetinin rektoru professor X2 Tarix və onun tədrisi metodikası kafedrasının dosenti İddiaçılə bağlı SDU-nun HİK-nə yönədilmiş təqdimatının müzakirəsinə əsasən, İddiaçı universitet rəhbərliyi tərəfindən hər hansı inzibati qaydada tətbiq olunan cəzaya, hətta, işdən azad olunmasına Sumqayıt Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi etiraz etməmişdir. Həmkarlar ittifaqı komitəsinin həmin iclasında ittifaqın üzvləri iştirak etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsində göstərilir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsində göstərilir ki, məhkəmə bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə iş materiallarına əlavə edilmiş digər sənədləri iddiaçının və cavabdehin tələb və etirazını müəyyən edən hallar və faktlarla bağlı olmadığı üçün sübut kimi nəzərə almır. Belə ki, Mülki-Prosessual Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası iclası zamanı müəyyən oduldu ki, iddiaçıya Universitetin əməkdaşına qarşı qeyri-etik davranışına görə xəbərdarlıq edilmiş, bu barədə sənədləşmə aparılmış, iddiaçı bir daha bu hərəkətlərə yol verməyəcəyinə söz vermiş, lakin yenə də həmin hərəkətlərini davam etdirmişdir. Halbu ki, iddiaçı bu hərəkətlərə 2018-ci ildə yol verdikdən sonra təkrarlanmayacagına söz versə də, hərəkətlərini davam etdirdiyi üçün 2019-cu ildə də etik davranışını pozmasına görə yenidən sənədləşmə aparılmışdır. Həmçinin işdən görünür ki, iddiaçının kollektivə və tələbə heyətinə olan münasibəti ilə bağlı da müxtəlif tarixlərdə sənədləşmələr aparılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyin 16 may 2014-cü il tarixli 600 nömrəli əmri ilə təstiq edilmiş «X4 Qaydaları»nın 1.5-ci bəndində göstərilmişdir ki, bu qaydaların tətbiqində əsas məqsəd təhsil müəssisələrində sağlam işgüzar durumun bərqərar olunmasına, vətəndaşların təhsil müəsissəsinə və müəllimə etinadının artırılmasına, … və həmkarları ilə davranışında nəzarəkətli, xeyirxah, diqqətli və təmkinli davanmalıdır. Yenə həmin bəndə əsasən, müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmaga borcludur. Müəllim etik davranış qaydalarını pozdugu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etinadan bərpasına çalışmalıdır. Qaydaların 3.9-cu bəndinə əsasən müəllim pedaqoji, etika və əxlaqq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir. Qaydaların 6.1 bəndinə əsasən, hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur. Apellyasiya kollegiyası qeyd edir ki, iddiaçının iş yeri təhsil müəssisəsidir və etik davranış qaydalarına əmək etmək xüsusilə əhəmiyyətlidir. Lakin işdən görünür ki, iddiaçı işlədiyi müəssisədə təhsil vermək, ziyalılıq nümunəsi göstərmək, yüksək və şərəfli müəllim adını uca tutmaq əvəzinə, müəllim etikasından kənar işlərlə məşgul olmuşdur. Bu hal isə hətta iş materiallarında olan iddiaçı tərəfindən Universitetin müəllim əməkdaşına yazılmış sms çıxarışlarının mətnləri və «Elman M» adlı şəxs yazdıgı smsin mətni ilə öz təstiqini tapmaqdadır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 26 noyabr 2020-ci il tarixli 2(060)-6355/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar