Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-457/2024 14.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əsassız varlanma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(034)-330/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli BBUM4602364A121 nömrəli Birkart, Umicodebet (kredit) müqaviləsi bağlanmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı əsassız varlanmaya dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 1453,73 manat pul vəsaitinin və ona illik 5%-lə hesablanmış 90,86 manat əldən çıxamış faydanın, həmçinin, 35,45 manat dövlət rüsumunun Cavabdeh tutulub "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən və iş üzrə əlavə araşdırma aparılması zəruriəti yarandığından 2(034)- 330/2023 nömrəli mülki iş üzrə materiallar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) 28.1.2022 tarixində nağdsız ödəniş əməliyyatları icra etmişdir (çıxarış əlavə edilir). Nəticədə Cavabdeh banka cəmi 1453,73 ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
5. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(034)-330/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Gülsarə İmanova).
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həm məhkəmə hazırlıq iclaslarında, həm də məhkəmə baxışı iclaslarında işin mahiyyəti üzrə baxılması və həll olunması üçün zəruri olan sənədlər bank tərəfindən dəfələrlə tələb olunsa da, sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh məhkəməyə təqdim etmiş ərizəsində qeyd etdiklərinə əsasən, iddiaçı "xxxx" ASC-nin iddia ərizəsində tələb etdiyi məbləğin banka heç bir adiyyətinin olmamamasını, həmin məbləğin anasının əməliyyat olunması üçün "xxxx" Şirkəti tətəfindən ona məxsus olan və "xxxx" ASC-də açılmış plastik kart hesabına köçürülmüş pul vəsaiti olmasını bildirmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri
8. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin e-2(034)-330/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsassız varlanma nəticəsində əldə etdiyi 1453,73 manat borca illik 5% hesablanmış 90,86 manat əldən çıxmış faydanı və 35,45 manat dövlət rüsumunun tutulması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın rədd olunmasının səbəbini tələb etdiyi sənədlərin bank tərəfindən təqdim olunmaması kimi əsaslandırmışdır. Halbuki sənəd tələbi ilə bağlı məhkəmə nə rəsmi qaydada məktubla müraciət etmiş, nə də ki, təqdim edilmiş sənədlərdən əlavə digər sənədi şifahi qaydada da belə tələb etməmişdir. Bundan əlavə, hansısa sənədin təqdim edilməməsi iddianın rədd edilməsi deyil, yalnız baxılmamış saxlanılması üçün əsas ola bilər. Vətəndaşın kartına bank tərəfindən mexaniki olaraq texniki səhf nəticəsində formalaşmış pul vəsaitinin tələbinə dair işlər üzrə bütün məhkəmələrə yalnız 2 sənəd təqdim oluna bilir ki, bunlar da tərəflər arasında bağlanmış kart müqaviləsi və kart hesabı üzrə çıxarışdır. Qeyd olunan iş üzrə də hər iki sənəd məhkəmə qətnaməsi qəbul edilmədən iddiaçı tərəfindən elektron məhkəmə portalına yerləşdirilmişdir. Bundan başqa işə iştirak olmadan baxılmasına dair bir neçə dəfə və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə yüklənilmiş ərizədə bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyi bildirilmişdir. Məhkəmə hər hansı bir əlavə sənəd, heç bir sübut istəməmişdir. Buradan da görünür ki, məhkəmə bankın təqdim etdiyi sübutlara deyil, öz mülahizələrinə əsaslanmışdır. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etmədiyini, bankın tələb etdiyi məbləğin banka heç bir adiyyətinin olmamasını həmin məbləğin anasının əməliyyat olunması üçün "xxxx" Şirkəti tətəfindən ona məxsus olan və "xxxx" tərəfindən verilmiş plastik karta köçürülmüş pul olmasını, iş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilənin isə onun müraciəti əsasında bank tərfindən verilmiş plastik kartla bağlı müqavilə olmasını, plastik kart bank tərəfindən ona veriləndən kartın içərisində heç bir məbləğin olmamasını, verilən kartı bir ay işlətdikdən sonra bank tərəfindən bloklanmasını, iki ilə yaxındır ki, həmin plastik kartdan istifadə etməməsini, özünün şəhid ailəsi olmasını, himayəsində iki azyaşlı uşaqlarının və xəstə anasının olmasını, heç bir yerdə işləməməsini bildirərək, məhkəmədən bankın iddiasının əsassız hesab edilməsini və rədd edilməsini xahiş etmişdir. Cavadehin bildirdikləri sübut kimi qəbul edilə bilməz. Belə ki, cavabdeh həmin pulun ona aid olmasını təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir. Cavabdeh şəhid ailəsi olması ilə bağlı banka heç bir sənəd təqdim etməmiş, borcun silinməsini də xahiş etməmişdir. Bundan başqa bildirir ki, təqdim edilmiş kart hesabından çıxarışın aşağı hissəsinə nəzər yetirilsə xüsusi bilik tələb olunmadan aydın olur ki, cavabdehin kartına 1500 manat mədaxil edilmiş, 2953,73 manat isə məxaric edilmişdir. Buradan da görünür ki, cavabdeh öz vəsaitindən əlavə olaraq 1453,73 manat əlavə istifadə etmişdir. Belə ki, bankla cavabdeh arasında X2 kartına dair xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən hesaba yalnış daxil olma olduqda, müştəri bu barədə 3 iş günü ərzində Banka məlumat verməli və Bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği Banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər Bank tərəfindən aksepsiz qaydada Müştərinin Bankda (mümkün olduqda habelə digər banklarda) mövcud olan hər hansı hesabından silinə bilər. Bundan başqa həmin müqavilənin 7.2-ci bəndində müştərinin hüquq və vəzifələri qeyd edilib, 7.2.4-cü bəndinə əsasən müştəri kart hesabına artıq və ya səhvən mədaxil olmuş pul vəsaitlərini istifadə etmir, dərhal banka geri qaytarır. Buradan da sübut olunur ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, qanunsuz istifadə etdiyi məbləği geri qaytarmamışdır. Bank tərəfindən hər hansı bir pozuntuya yol verilməmişdir. Bundan başqa məhkəməyə təqdim edilmiş kart hesabından çıxarışdan görünür ki, həmin kart Cavabdeh məxsusdur, kartın istifadəsi və s. ilə bağlı bütün məsuliyyət onun üzərinə düşür. Bu əməliyyatlardan sonra müştərinin kartında 1453,73 manat mənfi yaranmışdır. xx.xx.2023-cü il tarixdə borcla bağlı müştəriyə bildiriş göndərilmişdir. Əgər borcu olmamışdırsa bu günə kimi niyə yazılı və ya şifahi qaydada etirazını bildirməmiş, kartında olan mənfinin aradan qaldırılmasını tələb etməmişdir. Qəbul edilmiş qətnamə prosessual hüquqlar pozularaq qəbul edilmiş, işin faktiki halları araşdırlmamış, sübtulara düzgün qiymət verilməmiş, müqavilə məhkəmə üçün əhəmiyətli olduğunu hesab etdiyi halda müqavilənin şərtləri məhkəmə tərəfindən araşdırılmamışdır. Demək olar ki, məhkəmə yalnız cavabdehin ərizədə bildirdiklərinə əsaslanmış, kart hesabından çıxarışda qeyd edilənləri borc kimi qəbul etməmiş, iddia ilə bağlı əlavə hər hansı bir məqamın araşdırılması, hansı öhdəlikləri olub-olmaması ilə bağlı əlavə heç bir sənəd tələb etməmişdir. Məhkəmə tərəflər arasında olan müqavilə və ya hər hansı bir başqa sübutla bağlı tələb etməmiş, müqavilənin şərtlərini araşdırmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabedhin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
18. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
19. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
20. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
21. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
22. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
23. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
32. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(034)-330/2023 nömrəli qətnaməsinin tam ləğvini xahiş etmişdir.
37. Ona görə də kollegiya Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 1453,73 manat pul vəsaiti və ona illik 5%-lə hesablanmış 90,86 manat əldən çıxamış fayda və 35,45 manat dövlət rüsumunun tutulub "xxxx" ASC-yə ödənilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
39. İşin hallarından görünür ki, hazırkı iddia İddiaçı ASC-nin cavabdehin kartına mexaniki olaraq texniki səhf nəticəsində formalaşmış pul vəsaitinin tələbi ilə bağlıdır və cavabdeh tərəfə vermiş olduğu pulun qaytarılması barədədir.
40. Belə olan halda tərəflər arasındakı mülki mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması Mülki Məcəlləsinin əsassız varlanmaya dair normaları, tələbin hüquqi əsasını məhz həmin normalar təşkil edir.
41. Məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli,
2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
42. Mülki işin araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanma nəticəsində 1453,73 manat məbləğində pul vəsaitini əldə etmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh adına olan kart hesabından çıxarışdan görünür ki, 1453,73 manat mənfi yaranmışdır.
43. İşin hallarından görünür ki, cavabdeh əssassız əldə etmiş pul vəsaitini banka ağlabatan müddətdə icra etməməsinə görə, iddiaçı icranı gecikdirmiş borclu olan cavabdehdən gecikdirmə nəticəsində illik 5%-lə hesablanmış 90,86 manat əldən çıxamış faydanın tutulmasını məhkəmədən xahiş etmişdir.
44. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
45. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 1453,73 manat məbləğində pul vəsaiti və Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün hesablanmış 90,86 manat məbləğində pul vəsaiti ilə bağlı iddianın rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşmır.
46. Kollegiya hesab edir ki, Mülki Məcəllənin 1092-ci və 445.7-ci maddələrinə əsasən, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 1453,73 manat, illik 5% hesablanmış 90,86 manat əldən çıxmış fayda və 35,45 manat dövlət rüsumun əvəzi olan pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.
47. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini tam əks etdirmir.
48. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(034)-330/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh 1453,73 ( bir min dörd yüz əlli üç manat yetmiş üç qəpik) manat, Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün hesablanmış 90,86 (doxsan manat səksən altı qəpik) manat məbləğində pul vəsaiti və 35,45 (otuz beş manat qırx beş qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.