Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-46/2023 23.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mülkiyyətdən istifadəyə qəsd edəndən bu hərəkətlərə son qoyulması və torpaq sahəsinin cənub sərhədinin ilkin vəziyyətə qaytarılmasının cavabdehin hesabına yerinə yetirilməsinin məcbur edilməsi" tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(059)-20/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh qarşı "mülkiyyətdən istifadəyə qəsd edəndən bu hərəkətlərə son qoyulması və torpaq sahəsinin cənub sərhədinin ilkin vəziyyətə qaytarılmasının cavabdehin hesabına yerinə yetirilməsinin məcbur edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətdən (mal tövləsindən) təyinatı üzrə maneəsiz, iqtisadi baxımdan səmərəli istifadəsinə və əmlakın normal vəziyyətdə saxlanması üçün ona qulluq edilməsinə qəsd edən cavabdehdən bu hərəkətlərə son qoyulması, o cümlədən, qapının arxasında yığdığı beton dirəkləri götürməklə qapıdan istifadənin bərpa edilməsi və qanunsuz zəbt edilmiş torpaqdan özünün şimala doğru ilkin cənub sərhədinə qayıtmasının cavabdehin hesabına yerinə yetirilməsinə məcbur edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndində mülkiyyətində olan torpaq sahəsi, 1959-cu il tarixdən əvvəlcə atasına məxsus olmuş, sonradan Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli qərarı ilə 0,18 ha həyətyanı torpaq sahəsi JN-136 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş, bu torpaq sahəsi üzərində yaşayış evi, habelə müxtəlif təyinatlı təsərrüfat tikililəri inşa edilmişdir. Lakin, hazırda həyətyanı torpaq sahəsinin qonşuluğunda, 1964-cü ildən məskunlaşmış cavabdehin, onun tövləsinin arxasındakı təxminən 225 kv.m ölçüdə torpaq sahəsini özbaşına zəbt etməsi nəticəsində mal tövləsinin təyinatı üzrə yerli şəraitə və adətlərə uyğun olaraq istifadəsi, habelə cari və əsaslı təmir edilməsi və bu torpaq sahəsindən ailəsinin, həmçinin kənd sakinlərinin ümumi istifadə hüquqları məhdudlaşdırılmışdır. Belə ki, özbaşına zəbt edilmiş mübahisəli torpaq sahəsi, cavabdehin sahəsindən çox uzaqda yerləşməklə, bu sahəyə onun çıxışının olmaması səbəbindən, ərazi cavabdeh tərəfindən zəbt edilənədək, yəni 2017-ci ilin sonuna qədər, əvvəllər bilavasitə onun sahibliyində olmuş və onların bu əraziyə piyada yolu, həmçinin tövlələrinin kanalizasiya çıxışı olmuşdur. Mal tövləsi, 1995-ci ilin oktyabr ayında güclü sel fəlakəti zamanı dağıldıqdan sonra yenidən tikilsə də, həmin mübahisəli torpaq sahəsi əvvəlki kimi onun tərəfindən hasara alınmamışdır. Bundan sui-istifadə edən cavabdeh, 1959-cü ildən ailəsinə məxsus həyətyanı torpaq sahəsinin mövcud olmuş sərhədini, özbaşına cənub istiqamətinə 15 metr artıraraq bilavasitə onun sahibliyində olan ərazini, bir tərəfi onun tövləsinin arxa divarı olmaqla zəbt edərək, həmin əraziyə açılan dəmir qapının arxasına beton dirəklər yığaraq bağlamış və bununla da mal tövləsindən təyinatı üzrə yerli şəraitə və adətlərə uyğun olaraq istifadəsini, o cümlədən, zəruri hallarda təmir işlərini, yəni istismara yararlı vəziyyətdə saxlanılmasını məhdudlaşdırmışdır. Həmin ərazidən çəkilən fotoşəkillərdən torpaq sahəsinin əvvəlki cənub sərhədinin keçdiyi xətt, hazırda həmin ərazidə qalan, yəni sərhəd boyunca əkilmiş meyvə ağaclarının düzülüşündən, habelə basdırılmış dirəklərdən, cavabdehə məxsus həyətyanı torpaq sahəsinin, zəbtdən əvvəlki, cənub tərəfinin mövcud olmuş ilkin sərhədi açıq-aydın görünür. Beləliklə, hazırda həmin ərazidə cavabdehin faktiki sahibliyində 0,41 hektar, bundan 0,09 ha hissəsi zəbt torpaq sahəsi olmasına baxmayaraq, 0,18 ha torpaq sahəsi, yəni 2 dəfədən də az torpaq sahəsi olan qonşusunun bilavasitə istifadəsində olmuş 225 kv.m ölçüdə torpaq sahəsini özbaşına zəbt etməsi nəticəsində onun mülkiyyətindən iqtisadi baxımdan səmərəli istifadəsinə maneçilik göstərmişdir. Onun tərəfindən mal tövləsinin təyinatı üzrə yerli şəraitə və adətlərə uyğun olaraq istifadəsi, habelə cari və əsaslı təmir edilməsi və bu torpaq sahəsindən ailənin, həmçinin kənd sakinlərinin ümumi istifadə hüquqları məhdudlaşdırılmışdır. Bundan başqa, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun öz mülkiyyəti üzərində istədiyi kimi sahiblik, təyinatı üzrə istifadə hüquqları, mülkiyyətindən iqtisadi baxımdan səmərəli istifadəsinə maneçilik törədilmiş və əmlakın normal vəziyyətdə saxlanması üçün ona qulluq edilməsi, bununla da mülkiyyətdən maneəsiz istifadə hüquqları məhdudlaşmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmiş 0,08 ha və mərhum atası Zahir Zeynalovdan ona miras qalmış 0,23 ha torpaq sahələri ilə iddiaçının torpaq sahəsi qonşuluqda yerləşir. Bununla belə, istifadəsində olan torpaq sahələrinin dəqiq sərhədləri ona məlum deyildir. Belə ki, 2014-cü ildə Siyəzən rayon Həmyə bələdiyyəsinin üzvləri istifadəsində olan həyətyanı torpaq sahəsini ölçdükdə faktiki istifadəsində olan torpaq sahəsinin rəsmi mülkiyyətdə olan sahədən qat-qat az olduğunu müəyyən etmişlər. Bundan sonra, o, mübahisəli torpaq sahəsindən istifadə etməyə başlamışdır. İddiaçı isə qeyd edilən mübahisəli ərazinin ona məxsus olmasını təsdiq edən hər hansı bir hüquqmüəyyənedici sənədə malik deyildir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(059)-20/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakim Bəylər Ələkbərov) Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: qətnamənin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların subut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Məhkəmə iddia predmeti üzrə tələbləri tam əhatə edən qətnamə çıxarmamışdır. Belə ki, tələb mülkiyyətdən (mal tövləsindən) təyinatı üzrə tam istifadə edilməsinə, yəni iqtisadi baxımdan səmərəli istifadəsinə və əmlakın normal (istismara tam yararlı) vəziyyətdə saxlanması üçün ona qulluq edilməsinə qəsd edən cavabdehə bu hərəkətlərə son qoyulmasının, o cümlədən qapının arxasına yığdığı beton dirəkləri götürməklə qapıdan istifadənin bərpa edilməsinin, qanunsuz özbaşınalıq yolu ilə zəbt etdiyi torpaqdan özünün ilkin cənub sərhəddinə şimala doğru qayıtmasının cavabdehin hesabına yerinə yetirilməsini məcbur edilməsi olmasına baxmayaraq, məhkəmə qapının arxasına yığdığı beton dirəkləri götürməklə qapıdan istifadənin bərpa edilməsi hissəsi istisna olmaqla, mülkiyyətdən istifadəyə qəsd edəndən bu hərəkətlərə son qoyulması və torpaq sahəsinin cənub sərhəddinin ilkin vəziyyətinə qaytarılmasının cavabdehin hesabına yerinə yetirilməsinə məcbur edilməsi tələbi üzrə qətnamə çıxarmışdır. Başqa sözlə məhkəmə iddia tələbi kimi qoyulmuş qapının arxasına yığdığı beton dirəkləri götürməklə qapıdan istifadənin bərpa edilməsinin, yəni qapının açılmasına toxunmamışdır, hansı ki bu qapı açılmasa, tövlənin arxasına keçərək, tövlənin kanalizasiya sisteminin təmizlənməsi və tövlənin cavabdeh tərəfindən zəbt edilmiş sahəyə düşən divarının zədələnmiş yerlərinin “şirələnməsi”-təmir edilməsi, heyvanların zooloji (təbii) ehtiyaclarının təmin olunması üçün heyvanların həmin sahəyə sürülməsi kimi hallar mümkün deyildir. Məhkəmə əmlakdan (mal tövləsindən) istifadə olunmasını tövləyə girib-çıxmaqla məhdudlaşdırmışdır. Halbuki əmlakdan istifadə edilməsi, daha geniş, o, cümlədən əmlakı daimi istismara yararlı vəziyyətdə saxlanması imkanlarının və s. halların maneəsiz həyata keçirilməsinin mümkünlüyünü də nəzərdə tutur. Məhkəmə xx.xx.2020-ci il tarixli ekspert rəyini mötəbər sübut hesab etsə də, ekspert qarşısına qoyulan suallara cavab verə bilməmiş və bunu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanına əsasən torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacağını bildirmişdir. Belə bir rəy isə mötəbər ola bilməz. Məhkəmə hesab etmişdir ki, faktiki istifadə etdiyi torpaq sahəsinə və üzərindəki tövləyə hüquqları dövlət reyestrində qeydiyyatdan keçmədiyinə və həmin tikintinin hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud olmadığına görə iddiaçı cavabdehə qarşı hazırki iddianı qaldırmaqda hüquqi səlahiyyətə malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyildir. Əvvəla, məhkəmə özünün xx.xx.2020-ci il tarixli yerində müayinə protokolu ilə əmlakın-tövlənin faktiki mövcud olmasını, ən azı 1995-ci ildən onun sahibliyində olmasını müəyyən etmişdir. Odur ki, məhkəmə mövcud mülkiyyəti hər cür qəsdlərdən qorumağa borcludur. Tövlə-“real mövcud olan əmlak” olduğundan, habelə bu tövlə azı 1995-ci il tarixdən onun həyətyanı torpaq sahəsində tikildiyindən və hal-hazıra kimi təyinatı üzrə (cavabdehin qeyd edilən maneləri nəzərə alınmasa) istifadə edildiyindən, bu tövləyə gələcəkdə qanuni gözlənti hüququ mülkiyyət hüququ kimi qiymətləndirilməlidir. Məhkəmə torpaq sahəsini 2017-ci ildə hər hansı qanuni sənəd olmadan cavabdeh tərəfindən zəbt edilərək, 1959-cu ildən 60 il müddətində onların istifadə etdiyi tövlədən istifadəsinə maneə yaratması faktını nəzərə almamışdır. Məhkəmə qətnaməsi ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi 2017-ci ildə hər hansı qanuni sənəd olmadan cavabdeh tərəfindən zəbt olunmuş və həmin əraziyə onun 1995-ci ildə qoyduğu qapıdan istifadəsi cavabdeh tərəfindən qapının arxasına yığdığı beton dirəklər vasitəsi ilə bağlanmışdır. Göründüyü kimi, cavabdeh özü də 2017-ci ildə hər hansı qanuni sənəd olmadan torpağı zəbt etdiyini etiraf etmiş və onun mal tövləsinə görə istifadə etdiyi qapını bağlamışdır. Məhkəmə ən azı mübahisəli ərazinin ilkin vəziyyətinə qaytarılması, yəni qanunsuz özbaşınalıq yolu ilə zəbt etdiyi torpaqdan özünün ilkin cənub sərhəddinə şimala doğru qayıtmasının cavabdehin hesabına yerinə yetirilməsinə məcbur edilməsi tələbini təmin etməli idi. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(059)-20/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-136F saylı, kodu 30502018 olan şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34/1 saylı qərarı ilə İddiaçı, X8, X11, X15, X9, X12 və X10 mülkiyyətlərinə Siyəzən rayonu Böyük Həmyə kəndi ərazisində 0,18 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-134F saylı, kodu 30502018 olan şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34/1 saylı qərarı ilə Cavabdeh, X1, X3, X4 və X2 mülkiyyətlərinə Siyəzən rayonu Böyük Həmyə kəndi ərazisində 0,08 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-135F saylı, kodu 30502018 olan şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34/1 saylı qərarı ilə X6, X5 və X7 mülkiyyətlərinə Siyəzən rayonu Böyük Həmyə kəndi ərazisində 0,23 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinin 02 dekabr 2020-ci il tarixli, C-97 saylı mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2020-ci il tarixli, 10/2464 nömrəli rəyindən görünür ki, iddiaçı və cavabdehin naturada faktiki istifadə etdikləri torpaq sahələri ilə onların mülkiyyətlərinə verilmiş torpaq sahələrinin, sənədləri arasında kəskin uyğunsuzlar olduğundan Siyəzən Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərardadında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Həmçinin rəylərdə, xəritələrdəki bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”-əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacağı göstərilmişdir. Siyəzən Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(059)-254/2020 saylı yerində müayinə protokolundan görünür ki, İddiaçı evinin giriş darvazasının qarşı tərəfindən sol istiqamətdə fərdi yaşayış evinin arxasında mal tövləsi yerləşir. Bu mal tövləsinin arxa, hissəsi hazırda faktiki olaraq cavabdehin istifadəsindədir. İddiaçıya məxsus mal tövləsinin arxa hissəsinə tövlə ilə üzbəüz duranda sağ tərəfdən sonuncu tərəfindən dəmir qapı qoyulmuşdur. Bu qapı tərəflərin deməsinə görə 1995-ci il tarixdə iddiaçı tərəfindən qoyulmuş, həmin qapı vasitəsilə o, mübahisəli əraziyə sərbəst gedibgəlmişdir. Cavabdehin sözlərinə görə, o, bu qapını 2-3 il bundan əvvəl bağlamışdır. Eyni zamanda, hazırda bu tövlənin arxa hissəsinə açılan qapının mübahisəli ərazi hissəsi cavabdeh tərəfindən beton yığıntısı ilə bağlanmışdır. Həmçinin ərazidə cavabdeh tərəfindən müxtəlif meyvə ağacları əkilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və hesab etmişdir ki, məhkəmə iclasında tədqiq edilən mötəbər sübutlarla, o cümlədən ekspert rəyi, mübahisə predmeti olan torpaq sahəsinin ölçü planı, yerində müayinə protokolu, eləcə də işin faktiki halları ilə müəyyən edildi ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinə və üzərindəki tövləyə onun gediş-gəlişinə cavabdeh tərəfindən hər hansı bir formada maneələr yoxdur. Cavabdeh tərəfindən iddiaçının gedişgəlişinə maneələrin yaradılması, o cümlədən sonuncunun qanunla qorunan hüquq və azadlıqlarına, eləcə də maraqlarına hər hansı bir formada müdaxilənin olması iş materiallarında olan mövcud sübutlarla öz təsdiqini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən, torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-1677/2021 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssis rəyi, baza məlumatları, mübahisəli torpaq sahəsinin faktiki naturada yerləşmə vəziyyətini göstərən sxemin mərkəzə təqdim olunması barədə vəsatətləri əsasında əlavə məhkəmə tikinti-texniki ekspertizası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsindən mütəxəssis rəyinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuş, 2 saylı Sumqayıt Ərazi İdarəsindən müxtəlif vaxtlarda daxil olmuş məktubların məzmunu ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanından irəli gələn məsələlər həllini tapdıqdan sonra müraciətə baxılmasının mümkün olacağı göstərilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinə və üzərindəki tövləyə hüquqları dövlət reyestrində qeydiyyatdan keçməmiş və həmin tiklinin hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir. Bundan başqa, yerində müayinə protokolu, eləcə də işin faktiki halları ilə müəyyən edilir ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinə və üzərindəki tövləyə onun gediş-gəlişinə cavabdeh tərəfindən hər hansı maneə yoxdur. Belə ki, iddiaçı, cavabdehin mübahisəli torpaq sahəsini özbaşına zəbt etməsi nəticəsində torpaq sahəsindən ailəsinin, həmçinin kənd sakinlərinin ümumi istifadə hüquqlarının məhdudlaşdırıldığını göstərsə də, istinad etdiyi halları əsaslandıra bilməmiş, habelə cavabdehin hərəkətlərinin onun hansı hüquqlarına nə kimi təsir göstərdiyini sübut edə bilməmişdir. Kollegiya qeyd edir ki, ekspert və mütəxəssis rəylərinə əsasən iddiaçı və cavabdehin naturada faktiki istifadə etdikləri torpaq sahələri ilə onların mülkiyyətlərinə verilmiş torpaq sahələrinin, sənədləri arasında kəskin uyğunsuzlar olduğundan mülkiyyətdə olan torpaq sahələrinin tutulub-tutulmamasının müəyyənləşdirilməsi mümkün olmamışdır. Eyni zamanda, tərəflərdən hər hansı biri mübahisəli əraziyə dair istifadə, sərəncam, sahibliklə bağlı qanunla müəyyən edilən hər hansı hüquq müəyyənedici sənədə malik deyildirlər. Beləliklə iddiaçı mülki qanunvericiliyin tələblərinə əsasən mübahisəli torpaq sahəsinə münasibətdə hər hansı bir formada əmlak hüquqları əldə etməmişdir. Tədqiqat obyektinin yerində müayinə olunması zamanı da müəyyən edilmişdir ki, tövlənin arxasındakı mübahisəli əraziyə açılan qapı cavabdeh tərəfindən orada meyvə ağacları əkilməklə bağlansa da, iddiaçının faktiki istifadəsində olan torpaqdakı tövləyə gediş-gəlişini təmin edən əsas yoldan sərbəst şəkildə istifadə etmək imkanı vardır, həmçinin bu imkan hər hansı bir formada cavabdeh tərəfindən məhdudlaşdırılmamışdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçının gediş-gəlişinə maneələrin yaradılması, o cümlədən sonuncunun qanunla qorunan hüquq və azadlıqlarına, eləcə də maraqlarına hər hansı bir formada müdaxilənin olması iş materiallarında olan mövcud sübutlarla öz təsdiqini tapmır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(059)-20/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(059)-20/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-46/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-46/2023
23.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver