Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-460/2025 04.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mülkiyyətə törədilən maneələrin aradan qaldırılması, zəbt olunmuş torpaq sahəsinin boşaldılması- ekspert rəyinin qiymətləndirilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, İddiaçı qanuni nümayəndəsi X1, vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə Hacıbala oğlunun (sonuncu iclasda iştirak etmir) iştirakı ilə Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-34/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi İşin halları
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, İddiaçı "ağır dərəcəli əqli gerilik, onurğa bel-oma şöbəsinin sinir kökünün travması" diaqnozu ilə müddətsiz 1-ci dərəcəli əlildir.
2. X-JQ seriyalı 450119 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 ilə Qanuni nümayəndə birgə nikahlarından xx.xx.1985-ci ildə Rəşad adlı uşaqları olmuşdur.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 2 saylı X5 tərəfindən verilmiş 04 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Qanuni nümayəndə həqiqətən filiallarından 1-ci qrup əlil olan İddiaçı qulluğa görə xx.xx.2022-ci il tarixdən müddətsiz olaran 100 manat Prezident təqaüdü alır.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********3, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışdan görünür ki, İddiaçı mülkiyyətinə Şabran şəhəri ərazisindən yaşayış məntəqələrinin torpaqlarından 0.02 ha torpaq sahəsi verilmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 15 noyabr 2024-cü il tarixli 3-21-3- 34/2-15854/2024 saylı mütəxəssis rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********3 Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.02 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmir. Apellyasiya icraatı zamanı əldə edilmiş
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyun 2025-ci il tarixli, 10/2619 nömrəli ekspert rəyində qeyd olunub ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 15 noyabr 2024-cü il tarixli 3-21-3- 34/2-15854/2024 saylı mütəxəssis rəyinə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********3 Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.02 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh tərəfindən Şabran şəhəri, Bakı- Samur avtomagistral yolunun kənarında yerləşən 0,02 ha torpaq sahəsinin zəbt edilmiş hissəsinin geri qaytarılması, inşa etdiyi hasarın və digər tikililərin cavabdehin hesabına sökülməsi və ödədiyi 100 manat dövlət rüsumunun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "ağır dərəcəli əqli gerilik, onurğa beloma şöbəsinin sinir kökünün travması" diaqnozu ilə 1-ci dərəcəli əlil olduğuna görə, anası Gülçöhrə Atamoğlanova ömürlük ona qulluq etdiyi üçün, Azərbaycan Respublikasınının Prezidentinin təqaüdünü alır. Dəvəçi Bələdiyyəsinin torpaq sahəsinin ayrılması barədə xx.xx.2004-cü il tarixli, 06 saylı Qərarı ilə ona ayrılmış Şabran şəhəri, Bakı-Samur avtomagistral yolunun kənarında yerləşən 0,02 ha torpaq sahəsi ayrılmışdır. xx.xx.2024-cü il tarixində hüquqlarını ƏM DK-nın yanında DƏDKR-nın publik huquqi şəxs tərəfindən **********33 daşınmaz əmlakın reyestr nömrə ilə və **********7 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Həmin çıxarışa uyğun olaraq, torpaq sahəsinin plan və ölçüsü hazıranmışdır, lakin torpaq sahəsinin koordinatları qeyd edilməmişdir, çıxarış verilən idarə işçiləri tərəfindən onun torpaq sahəsinin hüdudları ona göstərilməmişdir. Həmin torpaq sahəsinin böyük bir hissəsi (uzunluğu təxminən 20 metr eni 5-10 metr) Cavabdeh tərəfindən daş hasar çəkilərək zəbt edilmişdir, həmin yerdə onun restoranı yerləşir. Bu restoranın fəaliyyəti onun dinc yaşamağına imkan vermir. Cavabdeh onun barəsində əsassız olaraq Şabran Polis şöbəsinə şikayət etmişdir. Cavabdehə torpaq sahəsinin boşaldılmasını bildirsə də o, onun sözlərinə əhəmiyyət verməyərək, torpağın boşaldılması əvəzinə, həmin sahadə tikililər inşa edir. Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması, torpaq sahəsində tikilmiş daş hasarın və digər tikililərin sökülməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
9. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-34/2025 nömrəli qətnaməsi ilə (hakim A.Məmmədov) iddia təmin olunmamışdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, araşdırılması zamanı müəyyən edildi ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 15 noyabr 2024-cü il tarixli 3-21-3- 34/2-15854/2024 saylı mütəxəssis rəyinə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********3 Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-ci il olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.02 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edib ki, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 157.2, 239.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayətinin dəlilləri, iddia tələbinin dəlilləri ilə analoji məzmunda tərtib olunmuşdur. Şikayət onunla əsaslanıb ki, məhkəmənin iddia tələbinin rədd edilməsi barədə mövqeyi əsassızdır. Qətnamə maddi və prosessual normaların tələbləri pozularaq qəbul olunmuşdur. Məhkəmə iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 15 noyabr 2024-cü il tarixli, 3-21-3-34/2-15854/2024 saylı mütəxəssis rəyinə istinad etməklə iddia tələbinin rədd olunması qənaətinə gəlmişdir. Halbuki həmin mütəxəssis rəyində məhkəmə tərəfindən qəbul olunmuş qərardadda qoyulmuş sualların düzgün və dolğun cavablandırılmaması aşkar görsənir. Belə ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadında, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməsi, zəbt edilməsi ölçünün müəyyən edilməsi sualları qoyulsa da, mütəxəssis öz rəyində yalnız qeyd edib ki, “İddiaçı mülkiyyətinə verilmiş 0,02 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmir.” Göründüyü kimi mütəxəssis rəyi əsassızdır və qərardadda verilən sualları cavablandırmamışdır. Bu səbəbdən iddiaçı tərəf olaraq məhkəmə prosesində iş üzrə təkrar məhkəmə ekspertizasının keçirilməsi barədə məhkəməyə vəsatət təqdim etmişdir. Məhkəmə isə bu vəsatətə münasibət bildirilməsi barədə qərardad qəbul etməmişdir. Yalnız iş üzrə əsassız mütəxəssis rəyini sübut kimi qəbul edərək haqlı iddia tələbini təmin etməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, hazırkı iş üzrə iddiaçıya məxsus olan torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Həmin ərazidə cavabdehin istifadəsində olan tikililər mövcuddur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş mütəxəssis rəyini iddiaçı tərəf mübahisələndirdiyi üçün apellyasiya icraatı zamanı ekspertiza təyin edilmiş və ekspert qarşısında iş üçün əhəmiyyətli olan suallar qoyulmuşdur. Lakin ekspert öz verdiyi rəydə qərardaddakı sualları cavablandırmaqdan yayınmış, iş materiallarında olan mütəxəssis rəyini öz rəyinə köçürməklə kifayətlənmişdir. Faktiki olaraq iddiaçıya məxsus olan və onun mübahisələndirdiyi torpaq sahəsində cavabdeh tərəfindən tikililər inşa edilmiş və sonuncu tərəfindən bugün də istifadə edilir. Ekspert isə rəyində bu məsələyə qiymət verməkdən yayınmışdır. Göstərilənlərə əsasən vəkil sonda apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiaçıya məxsus torpaq sahəsinin boşaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, onlara məxsus torpaq sahəsinin bir hissəsini cavabdeh faktiki olaraq zət etmişdir. Həmin ərazidə cavabdehə məxsus iki tikili olmuşdur. Əraziyə polis baxış keçirdikdən sonra cavabdeh onlardan birini özü sökmüş, digər tikili isə qalmaqdadır. Həmin tikili cavabdeh tərəfindən faktiki istifadə olunur. Əgər torpaq sahəsi zəbt edilməyibsə, həmin tikili hansı torpaq sahəsinin hüdudlarındadır? Göstərilənlərə əsasən iddiaçının qanuni nümayəndəsi sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya məxsus hər hansı ölçüdə torpaq sahəsi zəbt edilməmişdir. Bu fakt iş üzrə mütəxəssis rəyində də öz təsdiqini tapmışdır. Ona görə də cavabdehin nümayəndəsi sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
18. İş üzrə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyası; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1.Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Maddə 152.5 və 152.6. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 164.1.Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 238.1 və 238.3.Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Maddə 239.2.Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
22. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə mübahisələndirmişdir.
26. Ona görə də kollegiya Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)- 34/2025 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, proses iştirakçılarının izahatları və iş materialları ilə birgə nəzərdən keçirib, hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İddiaçı tərəf mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini bildirir və onların zəbt olunan hissədən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunmasını tələb edir.
29. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
30. İddiaçının bu tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Həmin normaya əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
32. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********3, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışa əsasən Şabran şəhəri ərazisindən yaşayış məntəqələrinin torpaqlarından 0.02 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir.
33. Göründüyü kimi mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının adına çıxarış verilmişdir. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə həmin torpaq sahəsinin və ya onun bir hissəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsinin müəyyən olunmasından ibarətdir.
34. İddiaçı tərəf iddia edir ki, cavabdeh ona məxsus olan torpaq sahəsinin bir hissəsini zəbt etməklə, orada restoran fəaliyyəti ilə məşğul olur və torpaq sahəsindən hazırda da sonuncu tərəfindən istifadə davam edir.
35. İşə baxmış məhkəmə bu halın müəyyən olunması üçün xüsusi bilik tələb olunduğuna görə ekspertiza təyin etmiş, əldə edilmiş mütəxəssis və ekspert rəyində cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin zəbt olunması müəyyən edilməmişdir.
36. Konkret halda, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 15 noyabr 2024-cü il tarixli, 3-21-3- 34/2- 15854/2024 saylı mütəxəssis rəyində, həmçinin apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyun 2025ci il tarixli, 10/2619 nömrəli ekspert rəyində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********3 Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.02 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilməməsi qeyd olunmuşdur.
37. Kollegiya qeyd edir ki, hazırkı mülki iş üzrə mübahisənin obyektiv həlli yalnız yuxarıda qeyd edildiyi kimi mübahisəli torpaq sahəsinə dair iddiaçıya hüquqmüəyyənedici sənəd əsasında məxsus olan torpaq sahəsinin faktiki olaraq cavabdeh tərəfindən zəbt edilibedilməməsinin müəyyən edilməsindən aslıdır ki, bu hal yalnız iş üzrə mütəxəssislərin verdiyi rəyi əsasında müəyyən oluna bilər.
38. İstinad olunan mütəxəssis və ekspert rəyində iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin Cavabdeh tərəfindən hansısa formada istifadə olunmaması qeyd olunmuşdur.
39. Ekspert rəyinin əsassızlığı barədə iddiaçı tərəfin bildirdiyi fikirlərə tənqidi yanaşan kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
40. Nəzərə alınmalıdır ki, iş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə və ya müvafiq dövlət orqanlarından rəylər almışsa, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır.
41. Kollegiya sondə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
42. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə də, göründüyü kimi iddiaçı tərəf mübahisəli ərazinin məhz cavabdeh tərəfindən istifadə edilməsinə dair sübutu nə birinci, nə də ki, apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir.
43. Beləliklə araşdırma zamanı iddiaçıya məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmədiyi müəyyən edilmişdir.Hazırki iş üzrə, iddia tələblərinin bu hissəsinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
44. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
45. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı iş üzrə nəzərdə tutulmuş 100 manat ekspertiza xərci MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
46. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı (Qanuni nümayəndə) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-34/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul İddiaçı (qanuni nümayəndəsi Qanuni nümayəndə) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X4, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.