Məhkəmə qərarları › İş №2(105)-462/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-462/2021

25.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-462/2021 25.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: X2, Cavabdeh: Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə və yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və yaradılan maneələrin aradan qaldırılması tələbinə” dair iddia ərizəsinin təmin edilməsi, Cavabdeh2, xx.xx.2012-ci il təvəllüdlü oğlu Allahverdiyev Ömər Andrey oğlu ilə birlikdə Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 saylı mənzilinə köçürülməsi və onlara yaradılan maneələr İddiaçı qadağan edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 saylı mənzilinə dair istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 6-cı mkr., ev 27-də yerləşən 80 saylı mənzil xx.xx.1992-ci il tarixli, 52/283 saylı order əsasında onun adına verilmişdir. Cavabdehlər onun qızlarıdır. Cavabdeh1 2012-ci il tarixindən ailə quraraq köçmüş və yaşayış sahəsini daimi olaraq tərk etmişdir. Digər Cavabdeh2 da 2012-ci ildən qeyd olunan ünvanda yaşamır. Qızları əcnəbi vətəndaşla ailə quraraq ölkəni tərk etmiş və hazırda da xarici ölkədə yaşayırlar. 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinin 2-ci bəndinə görə vətəndaşlar daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə qeydiyyatdan çıxarılırlar. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Cavabdehlər uzun müddətdir ki, ailə qurub başqa evə gəlin köçüblər. Qanuna uyğun olaraq onların yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Qeyd olunan mənzili "Mənzil Fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən özəlləşdirmək istəsə də, qeydiyyatda olan, lakin burada yaşamayan qızlarının razılığı olmadan bu proseduru həyata keçirə bilmir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və yaradılan maneələrin aradan qaldırılması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun və xx.xx.2012-ci il təvəllüdlü oğlu Allahverdiyev Ömər Andrey oğlunun Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 saylı mənzilinə köçürülmələri və onlara yaradılan maneələrin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mkr., ev 27-də yerləşən 80 saylı mənzilində anadan olmuşdur. O, anadan olan gündən ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşayır. Həmin mənzil dövlət mənzil fonduna məxsus orderli evdir. O və azyaşlı övladı hal-hazırda həmin mənzildə rəsmi olaraq qeydiyyatdadırlar. Lakin xeyli müddətdir ki, atası onu həmin mənzilə buraxmır. Bu səbəbdən də, o, azyaşlı övladı ilə birlikdə küçələrdə qalmaq məcburiyyətindədir. Hesab edir ki, onun və azyaşlı övladının mübahisəli mənzildə yaşamaq hüququ vardır və bu hüquqları məhdudlaşdırıla bilməz. Lakin cavabdeh olan atası buna mane olur. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, dəfələrlə mübahisəli mənzilə köçüb yaşamaq istəsədə, atası buna imkan verməmişdir. Buna səbəb isə onun başqa millətdən olan oğlanla ailə qurmasıdır. Hesab edir ki, onun daimi yaşayış yeri olmadığına görə o, mübahisəli mənzilə köçürülməlidir. Bundan başqa atası, onun Almaniyada ailəsi ilə birlikdə yaşayan bacısını da qeydiyyatdan çıxarmaq istəyir. O, bu barədə bacısı Cavabdeh1 məlumat vermiş, bacısı Almaniyada vətəndaşlıqla bağlı məsələlərdə onun qeydiyyatının olmaması ona problem yarada biləcəyindən ehtiyyat edərək atasına müraciət edib onu qeydiyyatdan çıxarmamasını xahiş etsədə atası razı olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı mübahisə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası MM-nin 53, 54, 60, 87-ci mənzillərin tələblərini pozmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(060)-2355/2020 saylı qətnaməsinin təmin olunmayan hissəsində ləğv edərək, iddianın tam təmin olunması, iddiaçı Cavabdeh2 ona qarşı iddianın ləğv olunması və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi S.E.Qasımov apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, şikayətə uyğun izahat verdilər və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, Cavabdeh1in uzun müddət ərzində mübahisəli evdə yaşamamasına, digər Cavabdeh2 mənzilə köçürülməsinə iddiaçı tərəfindən manelərin törədilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh2 hissəsində gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan xx.xx.1992-ci il tarixli, 52/283 saylı orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 saylı mənzili order əsasında İddiaçı verilmişdir. Həmin orderdə cavabdehlər Cavabdeh1in və Cavabdeh2 da adı qeyd edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. İşə əlavə olan 13 saylı MKS tərəfindən təsdiq edilmiş aktlardan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2012-ci ildən Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 saylı mənzilində yaşamırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmişdir) normaları tətbiq olunmalı və qətnamə həmin hüquq normalarına uyğun çıxarılmalıdır. İşin məhkəmə iclasında müəyyən edilmiş halları və iş materiallarında olan sənədlərlə, həmçinin proses iştirakçılarının izahatları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 nömrəli mənzilində qeydiyyatda olmasına baxmayaraq, o, 2012-ci ildə ailə quraraq mübahisəli mənzildən köçmüş, sonra isə ailəsi ilə birlikdə Almanyaya gedərək, hazırda da orada yaşayır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyindən və bu müddət ərzində mübahisəli mənzilə qayıtmaq və yaşamaq yönündə iradəsi olmadığından, onun mənzilə istifadəhüququ itirilmiş hesab edilməlidir. Birinci instansiya məhkəməsi Cavabdeh2 Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsinə və onun cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və yaradılan maneələrin aradan qaldırılması tələbinə” dair ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası iclası zamanı Cavabdeh2 izahatından müəyyən olunur ki, o, 2012-ci ildə rus vətəndaşı ilə ailə qurdundan sonra, mübahisəli evi tərk etmiş və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Q.Qarayev küçəsində yataqxana alaraq, orada 2015-ci ilədək yaşamışlar. Sonradan, yəni 2015-ci il tarixdə boşanan zaman həmin yataqxananı keçmiş əri sataraq, ona uşağı ilə birlikdə 3000 manat kompensasiya ödəmişdir. Bundan sonra Cavabdeh2 türk vətəndaşı İlkər Akay ilə ailə həyatı qurub, Türkiyəyə yaşamaga köçmüş və bir neçə il orada yaşadıqdan sonra, yenidən boşanıb Azərbaycan Respublikasına qayıtmışdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə Cavabdeh2 arasında bağlanmış nikah xx.xx.2018-ci il tarixdə pozulmuş və akt qeydləri kitabında 60 nömrə ilə qeyd edilmişdir. Məhkəmə qətnaməsi ilə onların birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü Allahverdiyev Ömər Andrey oğlu anası - Cavabdeh2 himayəsinə verilmişdir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, cavabdeh bu müddət ərzində mübahisəli mənzildə formal olaraq qeydiyyatda olmuşdur və həmin mənzilə köçürülməsinə cəhd göstərməmişdir, hazırda qeydiyyatda olan mənzildə ona məxsus olan heç bir əşya yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiası Cavabdeh2 qarşı təmin, Cavabdeh2 İddiaçıa qarşı mənzilə köçürülməsi tələbinə dair iddiası təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 qarşı faktlar nöqteyi-nəzərindən əsassızdır, məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi qismən ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(060)- 2355/2020 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə və yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar