Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-464/2023 28.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürmə və sair tələbinə dair) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X12 və X7 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkili X1, Cavabdeh, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(067)-2371/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə iddia qaldıraraq, Xaçmaz rayonunun Ləcət kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsində tikilmiş cavabdehin mərhum valideynlərinə məxsus, ümumi sahəsi 226 kv.m və yaşayış sahəsi 125 kv.m. olan ikimərtəbəli yaşayış evinə köçürməklə həmin evdən və həyətyanı sahədən, həmçinin həyətdə tikilmiş köməkçi tikililərdən istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlə 12 dekabr 1994-cü il tarixdə nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə üç uşaqları anadan olmuşdur. Uşaqlardan qızları Albina vəfat etmiş və digər qızları Albina və Sabrina ailə quraraq başqa yerlərdə öz evlərində yaşayırlar. Oğlu Elşad isə atası ilə birlikdə yaşayır. Cavabdeh ilə ailə qurduğu zaman onun valideynlərinə məxsus Ləcət kəndində yerləşən 0,18 ha torpaq üzərində tikilmiş iki mərtəbəli, ümumi sahəsi 226 kv.m., yaşayış sahəsi 125 kv.m. olan evə köçmüşdür. Cehiz əmlakını da həmin evə gətirmişdir. Həmin evə köçən zaman heç bir qeyd şərt qoyulmadan ev sahiblərinin və bütün ailə üzvlərinin tam razılığı ilə evə köçmüş və hazıra kimi fasiləsiz həmin evdə tam mehribançılıqla ailə üzvü kimi yaşamışlar. Cavabdehin valideynləri vəfat edənə qədər yaşlı və xəstə qaynata və qaynanasına daim xidmət və qayğı göstərmiş və onlar ondan həmişə razı qalıblar. Cavabdehin bir qolu olmadığından İ qrup əlil kimi həmişə ona qayğı göstərmişdir. Birgə yaşadıqları evin təmir işlərini həyata keçirmişdir. Ona və qızı Albinaya hərəsinə məxsus iş 0.65 ha torpaq sahələrini satıb evin məsrəflərinə sərf etmişlər. Həmişə işləmiş və qazandığı vəsaiti evin saxlanılması üçün xərcləmişdir. Beləliklə, evin təmirində yenidən qurularaq əlavələrin edilməsində böyük zəhməti olmuşdur. O cümlədən həyət çəpərlərini daşla tikdirmiş, evi təmir etmiş, evin damına qırmızı dəmir kirəmid qurdurmaqla təzələmişdir. Həyətdə əlavə mətbəx, hamam, sair yardımçı tikililər inşa etdirmişdir. Son illər cavabdehlə münasibətləri soyumuş, onun ona qarşı əsassız ittihamları, qısqanclıqları yaranmış və bunun nəticəsində aralarında mübahisələr olduğundan onu 6 ay bundan əvvəl evdən çıxarmışdır. Hazırda o, valideynləri ilə yaşamağa məcbur olmuşdur. Lakin valideynlərin evi çox darısqal olduğundan və qolsuz əlil adama ərə getməyə valideynlərinin razılığını almadığından, onun valideyn evində yaşamağı mümkün deyildir. Cavabdeh tərəfindən verilmiş nikahın pozulmasına dair iddia ərizəsi Xaçmaz Rayon Məhkəməsinin icraatmdadır. 1994-cü ildən hazıra kimi Ləcət kəndində yerləşən, cavabdehin mərhum valideynlərinə məxsus evdə ailə üzvü kimi yaşadığından, həmişə işləyib qazandığı pulu həmin evin təmirinə və yenidən qurulmasına xərclədiyindən, əmlakının hamısının həmin evdə qaldığından və başqa yerdə evi olmadığından, ev almağa və ya kirayə ev tutmağa maddi imkanı olmadığından onun həmin evdə yaşayış hüququ yaranmışdır. İddia ərizəsinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Xaçmaz Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(067)-2371/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, İddiaçı Cavabdeh istifadəsində olan Xaçmaz rayonu Ləcət kəndində yerləşən 0.18 ha torpaq sahəsində tikilmiş ümumi sahəsi 226 kv.m və yaşayış sahəsi 125 kv.m olan ikimərtəbəli yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Vüsalə Qasımova). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehin valideynlərinin mülkiyyətində olan 0,18 ha torpaq üzərində tikilmiş iki mərtəbəli, ümumi sahəsi 226 kv.m., yaşayış sahəsi 125 kv.m. olan evə köçmüşdür. Həmin evdə iddiaçı uzun illər yaşamış və təsərrüfatı birgə idarə etmişlər. İddiaçının da cavabdehlərlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Məhkəmə AR Mülki Məcəllənin Azərbaycan Respublikası Konstitusiyasının 25, 43, Mülki Məcəllənin 6, 180-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmə işin faktiki hallarını araşdırmadan, mübahisəli yaşayış evinin faktiki olaraq onun mülkiyyəti olmasına baxmayaraq həmin evdə cavabdehin yaşayış sahəsindən istifadə hüququna dair aralarında notariatda təsdiq edilmiş müqavilənin olmamasını nəzərə almamış və nəticə etibarı ilə iddiaçının iddia tələbini əsassız olaraq təmin etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı ilə nikahı pozulub. Həmin evdə iddiaçının qeydiyyatı yoxdur. İddiaçı onun yaşlı valideynlərinə baxmayıb. Həmin evdə oğlu ilə yaşayır. Heç oğlu da anasının onlarla yaşamasına razı deyil. Nikaha 1994-cü ildə daxil olub, nikahadaxil olduqları gündən həmin evdə yaşamışlar. Evin çıxarışı yoxdur. Atası evi oğluna vəsiyyət edib. Atası 2012-ci ildə ölmüşdür. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(067)-2371/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, Cavabdeh ilə 1994-cü ildə nikaha daxil olub, 4 övladı var. Cavabdeh qısqanclıq zəminində onu evdən qovdu. Evdən çıxmırdı, işdən qayıdanda görüb ki, oğlu ondan küsüb və Bakıya getmək istəyir. Cavabdeh ona bildirdi ki, anasının evinə getsin, oğlunu razı salacaq və onu evə gətirəcək. Amma anasıgildən evə qayıdanda onu evə buraxmadılar. Nikaha daxil olduğu gündən işləyib, qazandığı pulu da yaşadığı evə sərf eləyib, həmin evdə özü, əri, iki qızı və oğlu yaşayıblar. Qızları nikaha daxil olmaqla evdən getmişlər. Son zamanlar evdə əri, özü və oğlu yaşayıb. Əmlakı hələ də həmin evdədir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(067)-2371/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili X4 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, qətnamə qanuni və əsaslıdır. Apellyasiya şikayəti əsaslandırılmayıb. Tərəflər arasında hüquq münasibəti 1994-cü ildən yaranmışdır, deməli bu məsələyə 2000-ci ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq olunmalıdır. Ev qanunsuz tikilidir. Cavabdehin iddiaçını özünün olmayan evdən çıxarması qanunsuz və əsassızdır. İddiaçı evin vəziyyətinin yaxşılaşdırılması üçün evdə yaşadığı 27 il ərzində çox xərc çəkib, özünə və qızına aid pay torpaq sahəsini sataraq evin təmirinə sərf edib. Apellyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(067)-2371/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 bildirdi ki, qətnamədən apellyasiya şikayəti verməsə də apellyasiya şikayətini müdafiə edir və iddiaçının həmin evə köçməsinə razı deyil. İndi o evdə yaşamasa da, bu yaxınlarda həmin evə köçəcək. Apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(067)-2371/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxsn iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 228.1-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıır. İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflər xx.xx.1994-cü il tarixdə evlənmişlər. İş materiallarında olan Ləcət İƏV-nin 30 iyun 2022-ci il tarixli, 13 saylı arayışından müəyyən olunur ki, İddiaçı yaşadığı fərdi yaşayış evi Atluxan və Pəri Atluxanovlara məxsusdur. Evin ümumi sahəsi 226 kvm, yaşayış sahəsi 125 kvmdir İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 497A KOD30215018 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayonu Ləcət kəndində X3 və ailə üzvlərinə 0.18 ha torpaq sahəsi verilmişdir. İddiaçı öz tələbində .0.18 ha torpaq sahəsində tikilmiş yaşayış evinə köçürülməsini xahiş etmişdir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı həmin evə gəlin köçmüş və uzun illər həmin evdə yaşamışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin valideynlərinin mülkiyyətində olan 0,18 ha torpaq üzərində tikilmiş iki mərtəbəli, ümumi sahəsi 226 kv.m., yaşayış sahəsi 125 kv.m. olan evə köçmüşdür. Həmin evdə iddiaçı uzun illər yaşamış və təsərrüfatı birgə idarə etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçının mübahisəli evə köçürülməsi hissəsinin təmin edilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı köçmək istədiyi evdə 1994-cü ildən 2021-ci ilədək cavabdeh və onun ailəsi ilə birgə yaşamışdr. Mübahisəli fərdi yaşayış evi torpağın mülkiyyətə verilməsinə dair JN 497A KOD30215018 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayonu Ləcət kəndində X3 və ailə üzvlərinə ayrılmış 0.18 ha torpaq sahəsində tikilmiş, fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamış, evə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına və tətbiq edilən qanunvericilik normalarına uyğun hesab edir. Belə ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçını köçmək istədiyi ev dövlət qeydiyyatına alınmayıb, özbaşına tikilidir. 1994-cü ildən həmin evdə yaşayır,ona məxsus əmlaklar hazırki gündə də həmin evdədir. Mülki Məcəllənin 11.1 və 11.2-ci maddələrinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Tərəflərin apelyasiya instansiyasında verdikləri izahata əsasən işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilən hallarından da görünür ki, iddiaçı mübahisəli evdə 1994-cü ilin ildən yaşamağa başlamışdır. Bu baxımdan tərəflər arasındakı münasibətlərin 2009-cu ilin 01 oktyabrınadək yaranmasına istinadən birinci instansiya məhkəməsi tərəfindən qanunun analogiyası kimi 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsini tətbiqini məhkəmə kollegiyası düzgün hesab edir. Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.2-ci maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qanunverciciliyin tələbinə görə özbaşına tikintiyə dair yalnız sərəncam vermək hüququ istisna olunur. Lakin qanunverici özbaşına tikintiyə sahiblik və ondan istifadə hüququnu istisna etmir. Mübahisəli ev hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmasa da, başqa sözlə faktiki özbaşına tikili sayılsa da bu iddiaçının həmin evdə yaşamasına maneə deyildir. Bundan başqa Mülki Məcəllənin özbaşına tikinti və onun nəticələrini müəyyən edən 180-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Lakin qeyd edilən normada şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma da yoxdur. Bu halda mübahisəli ev cavabdehlə bərabər iddiaçının da yaşayış yeri sayıldığından və cavabdehin iddiaçıya həmin evdə yaşamağa maneçilik törətməsi səbəbindən iddiaçı öz yaşayış yerini tərk etmiş, bununla da yaşayış yerindən məhrum olmuşdur. Halbiki Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Eyni zamanda iddiaçıya məxsus əmlaklar da hazırki gündə mübahisəli evdə qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia tələbinin evə köçürmə hissəsi ilə bağlı haqlı olaraq belə nəticəyə gəlmişdir ki, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlər oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bunda başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini evdən və həyətyanı sahədən, həmçinin həyətdə tikilmiş köməkçi tikililərdən istifadə hüququnun tanınması hissəsində təmin etməməkdə haqlı olmuşdur. Belə ki, mübahisəli ev hüquqi statusu etibarilə özbaşına tikili olduğuna görə həmin evə dair istifadə hüququnun (imkanları) tanınaması qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi evdən və həyətyanı sahədən, həmçinin həyətdə tikilmiş köməkçi tikililərdən istifadə hüququnun tanınması barədə tələbi təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək qeyd edir ki, məhkəmə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(067)-2371/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(067)-2371/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-464/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-464/2023
28.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver