Məhkəmə qərarları › İş №2(105)-466/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-466/2021

21.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-466/2021 21.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs H.K.Abbasovun nümayəndəsi və vəkili X4 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 27 may 2015-ci il tarixli, 2(060)-4917/2015 saylı qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs H.K.Abbasov tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 27 may 2015-ci il tarixli, 2(060)-4917/2015 saylı qətnaməsi ilə (hakim İ.M.Mahmudov) İddiaçı Cavabdeh və DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilib, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 170 kv.m torpaq sahəsindən çıxarılması və İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 170 kv\m torpaq sahəsinin mövcud vəziyyətinə uyğun olaraq həmin əmlaka yeni çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs H.K.Abbasov apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 27 may 2015-ci il tarixli, 2(060)-4917/2015 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ona torpaq sahəsi lazım olduğu üçün Sumqayıt şəhər, Coray bələdiyyəsinə müraciət etmiş və Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 170 kv.m torpaq sahəsi mövqe planı ilə təhvil verilmişdir. Təsdiq edilən tikilinin cizgi planına uyğun olaraq ayrılmış torpaq sahəsində ev tikintisinə başlamışdır. Müvafiq icazlər əsasında ona ayrılmış torpaq sahəsində inşa etdiyi ev 2006-cı ildən istismar olunmuşdur. Lakin səhlənkarlıq səbəbindən evə istismara qəbul edilməsi barədə aktın tərtib edilməsi üçün müvafiq orqanlara müraciət edilməmişdir. Bu səbəbdən tikililərin istismara qəbul edilməsi barədə akt verilməmiş və müvafiq olaraq həmin sənəd olmadan torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması mümkün olmamışdır. Tam şəkildə 2006-cı ildə istismar olan tikililərə dair yeni qəbul aktının verilməsi qanunvericiliklə nəzərdə tutulmadığından, onun alınması qeyri-mümkündür. Bundan əlavə, o, sözügedən torpaq sahəsini zəbt etmiş Cavabdeh həmin torpaq sahəsindən çıxması barədə dəfələrlə şifahi xəbərdarlıq etsə də cavabdeh buna məhəl qoymamış və bu günə kimi həmin torpaq sahəsindən pərakəndə istifadə etməklə onun mülkiyyət hüquqularını pozmuşdur. Ona görə də, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 170 kv.m torpaq sahəsindən çıxarılması və Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 170 kv\m torpaq sahəsinin mövcud vəziyyətinə uyğun olaraq həmin əmlaka yeni çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs H.K.Abbasov verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 27 may 2015-ci il tarixli qətnaməni qəbul edərkən maddi və proessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, guya 07.09.2007-ci il tarixli qərar ilə Sumqayıt şəhəri Corat qəsəbəsi, 2-ci məhəllədə sahəsi 170 kv.metr olan torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Lakin məhkəmə 07.09.2007-ci il tarixli qərarın hansı orqan tərəfindən verildiyini qeyd etməmişdir. Hesab edirəm ki, belə bir qərar mövcud deyildir, həmin iş üzrə İddiaçı məhkəməyə saxta sənəd təqdim etmişdir və məhkəmə saxta olduğunu bilə-bilə həmin sənədi mötəbər sübut kimi qəbul edərək qətnamənin əsaslandırıcı hissəsində ona istinad etmişdir. Bundan əlavə guya İddiaçı müvafiq icazələr əsasında həmin torpaq sahəsində ev inşa etmişdir və inşa etdiyi evi 2006-cı ildən istismar etmişdir. Lakin məhkəmə bu xüsusatı hansı əsaslarla, hansı sübut vasitəsi ilə müəyyən etdiyini qətnamədə əsaslandırmamışdır. Belə bir əsaslandırma ola da bilməzdi. Çünki həmin torpaq sahəsində olan fərdi yaşayış evi onun tərəfindən inşa edilmişdir və əvvəlcə İddiaçı müvəqqəti istifadəsinə verilmiş, sonradan baş tutmayan razılaşmaya əsasən sonuncuya satılmağa çalışılmışdır. Bu xüsusat onun cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun tanınması” tələbimə dair mülki işin apelyasiva instansiya məhkəməsində baxışı zamanı məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən İddiaçı özünün izahatında da öz əksini tapmışdır. Beləliklə müəyyən olunur ki, birinci instansiya məhkəməsi yenidən yalan izahata və saxta sənədlərə əsaslanaraq yuxarıda göstərilən qənaətə gəlmişdir. Digər bir kobud pozuntu ondan ibarətdir ki, iş üzrə cavabdeh qismində göstərilən Cavabdeh şəxsiyyəti məhkəmə tərəfindən müəyyən edilməmişdir və həmin adda şəxsin mübahisəyə hər hansı bir aidiyyətinin olub-olmamasını araşdırılmamışdır. Lakin buna baxmayaraq məhkəmə guya müəyyən etmişdir ki, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 170 kv.metr torpaq sahəsini zəbt etmişdir və o, zəbt etdiyi torpaq sahəsindən çıxarılmalıdır. Mübahisəli torpaq sahəsi ilə bağlı onun həmin torpaq sahəsini aldığı X6 ilə aralarında 2014-cü ildən başlayan və uzun müddət çəkən məhkəmə çəkişmələri olmuşdur. Həmin proseslərdə Cavabdeh adı bir dəfə də olsun çəkilməmişdir, bu adda şəxs heç bir prosesdə iştirak etməmişdir və həmin şəxsin mübahisəli torpaqla əlaqədar hər hansı bir hərəkəti və ya iddiası olmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs H.K.Abbasovun nümayəndəsi və vəkili X7 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh və DƏDRXnin Sumqayıt Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh və DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, Sumqayıt şəhər Corat bələdiyyəsinin 07.09.2007-ci il tarixli qərarına əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllədə sahəsi 170 kv.m olan torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18.03.2019-cu il tarixli seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 388 C ünvanında yerləşən 0.017 hektar torpaq sahəsi və onun üzərində yerləşən 40.9 kvadrat metr fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına rəsmiləşdirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1241/2019 saylı, 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə Maraqlı şəxs2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 388 A ünvanda tikdirdiyi fərdi evə (torpaq sahəsinə) mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2019-cu il tarixli, 2(105)- 2026/2019 saylı qəthaməsi ilə Maraqlı şəxs2 verdiyi apelyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1241/2019 saylı, 14 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə müəyyən olur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ƏMDK yanında DƏDRX tərəfindən 18.03.2016-cı il tarixdə verilmiş ******* seriyalı çıxarış ilə Sumqayıt şəhəri Corat qəsəbəsi ev 388 C-də yerləşən 0.017 ha torpaq sahəsi və onun üzərində yerləşən 40.9 ha tikili X2 adına Dövlət qeydiyyatına alınmışdır. Həmin çıxarış qüvvədədir və iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər İddiaçı və AR ƏMDK yanında DƏDRX-nın 2 saylı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiası rədd olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2(105)- 111/2020 saylı qəthaməsi ilə Z.H.Həsənovanın verdiyi apelyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə müəyyən olur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X5 məxsus Sumqayıt şəhəri Corat qəsəbəsi, 388 A saylı torpaq sahəsi cavabdeh İddiaçı tərəfindən zəbt edilməmişdir. Beləliklə məhkəmə kollegiyasının iclasında işin faktiki halları ilə müəyyən olur ki, Maraqlı şəxs2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 388 A ünvanında tikdirdiyi fərdi evə (torpaq sahəsinə) mülkiyyət hüququnun tanınması tələbinə dair iddia qaldırıb, həmin sahənin ona məxsus olduğunu mübahisəiəndirdiyi halda, İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında Dövlət qeydiyyatına alınmış 0.017 hektar torpaq sahəsi və onun üzərində yerləşən 40.9 kvadrat metr fərdi yaşayış evi fərqli ünvanda ünvan 3ı-ayrı sahələr olmaqla, hazırda Maraqlı şəxs2 İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında Dövlət qeydiyyatına alınmış 0.017 hektar torpaq sahəsi və onun üzərində yerləşən 40.9 kvadrat metr fərdi yaşayış evi ilə bağlı olaraq mülkiyyət hüquqlarının pozulması halları mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin Məcəllənin 48.5-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs H.K.Abbasov verdiyi apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs H.K.Abbasov tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 may 2015-ci il tarixli, 2(060)- 4917/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar