Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-466/2022 02.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5, Ərizəçi, maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə Xızı Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(068)-182/2021 saylı qətnaməsindən maraqlı şəxs “Dövlət Sosial Müdafiə Fondu” X12 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xızı Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(068)-182/2021 saylı qətnaməsi ilə (hakim İ.H.Cabbarov) Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin olunub, Ərizəçi 1972-ci il tarixdən 1988-ci il tarixədək Ermənistan Respublikasının Sisiyan rayonunun Urud kəndinin kolxozunda (quzu və mal otaran) işləməsi faktı müəyyən edilmiş və ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun Ərizəçi aid edilməsi qət edilmişdir. Maraqlı şəxs “Dövlət Sosial Müdafiə Fondu” X12 nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək Xızı Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(068)- 182/2021 saylı qətnaməsinin ləğv edilib, ərizənin təmin olunmamasını xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1972-ci il tarixdən 1988-ci il tarixə kimi Ermənistan Respublikasının Sisiyan rayonunun Urud kəndinin kolxozunda (quzu və mal otaran) işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 02 avqust 1955-ci il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunda anadan olmuşdur. 1972-ci il tarixdən 1988-ci il tarixə kimi, yəni məcburi köçkünlük dövrünə qədər Ermənistan Respublikasının Sisiyan rayonunun Urud kəndinin kolxozunda əvvəllər quzu otaran, sonra isə uzun müddət mal otaran işləyərək əmək fəaliyyətində olmuşdur. 1988-ci ildə Ermənistan Respublikasının Sisiyan rayonundan məcburi köçkün düşən zaman bütün əmlakları və şəxsi sənədləri, o cümlədən əmək kitabçası həmin Respublikada qalmışdır. Azərbaycan Respublikasına gəldikdən sonra, yəni 16 may 1989-cu ildə işlədiyi müəssisə tərəfindən onun üçün yeni əmək kitabçası açılmışdır. Lakin əmək kitabçasında 1972-ci il tarixdən 1988-ci il tarixə kimi, yəni məcburi köçkünlük dövrünə qədər Ermənistan Respublikasının Sisiyan rayonunun Urud kəndinin kolxozunda işləməsi qeyd olunmamışdır. Hal-hazırda pensiyasının həmin illərə uyğun olaraq hesablanması üçün qeyd olunan illər üzrə əmək münasibətlərində olma faktının müəyyən olunması zəruridir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Maraqlı şəxs “Dövlət Sosial Müdafiə Fondu” X12 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xızı Rayon Məhkəməsi 02 noyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Eyni zamanda şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Ərizəçinin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsini tələb etdiyi müddət pensiya təyinatı üçün tələb olunan sosial sığorta stajının yarısından çoxdur. Şahid qismində dindirilən X1 kolxozunda işləməsini məhkəmə qətnaməsi ilə təsdiq edildiyini bildirsə də, həmin məhkəmə qətnaməsini təqdim etməmişdir. Bundan əlavə, şahid qismində dindirilən X6 1972- 1988-ci illərə dair əmək fəaliyyətini təsdiq edən hər hansı bir sənədi olmadığından sadəcə şifahi şəkildə ifadə verərək ərizəçinin həmən kolxozda işlədiyini iddia etmişdir. Qanunvericiliklə müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Xızı Rayon Məhkəməsinin qətnaməsindən də göründüyü kimi şahidlərdən yalnız biri X8 əmək kitabçasını təqdim etmişdir.Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, məhkəmə qərarı ilə göstərilmiş şərtlər gözlənilmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizənin təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, Ərizəçi 1972-ci il tarixdən 1988-ci il tarixədək Ermənistan Respublikasının Sisiyan rayonunun Urud kəndinin kolxozunda (quzu və mal otaran) işləmişdir. Bu ərizəçi ilə birlikdə çalışan yuxarıda qeyd edilən şahidlərin ifadələri, onların əmək kitabçaları ilə tam təsdiq olunur. Lakin, ərizəçi baş vermiş məlum hadisələrlə əlaqədar əmək kitabçası və əmək fəaliyyəti ilə əlaqədar digər sənədləri götürə bilməmiş, həmin sənədlər Ermənistan Respublikasında qalmışdır və həmin faktı təsdiq edən sənədləri başqa qaydada əldə etmək mümkün olmadığı üçün bu, məhkəmə qaydasında müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən maddi və posessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilmiş və işin faktiki hallarina düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X8 əmək kitabçasını məhkəməyə təqdim edərək ifadəsində göstərmişdir ki, o, 10 fevral 1937-ci il tarixdə Ermənistan Respublikasının Sisyan rayonunda doğulmuş, 1964-cü ildən Sisiyan rayonunun Urud kəndində yerləşən kolxozda baytar həkim, daha sonra ferma müdiri, 1971-ci ildən isə Urud kənd kolxoz idarə heyətinin sədri vəzifəsində işləmişdir və onun sözügedən kolxozda işləməsi əmək kitabçası ilə təsdiq edilir. Ərizəçi da 1972-ci il tarixdən 1988-ci il tarixədək onunla həmin kolxozda çoban, yəni quzu və mal otaran işləmişdir. O, kolxoz sədri işlədiyindən Ermənistan Respublikasından gələrkən əmək kitabçasını özü ilə götürə bilmiş, digər işçilər kimi Ərizəçi da əmək kitabçası Ermənistan Respublikasının Sisyan rayonunda qalmışdir. Ərizəçi həmkəndlisi kimi uşaqlıqdan tanımış və 1972-ci il tarixdən 1988-ci il tarixədək sözügedən kolxozda çoban işləməsinin şahidi olmuşdur. X7 ifadəsində göstərmişdir ki, o, 09 may 1945-ci il tarixdə Ermənistan Respublikasının Sisyan rayonunda doğulmuş və Ərizəçi ilə birlikdə Sisiyan rayonunun Urud kəndində yerləşən kolxozda işləmişlər. Belə ki, o, həmin vaxt kolxozda müxtəlif sahələrdə, o cümlədən əkinçilik briqadiri işləmiş, Ərizəçi isə çoban, yəni quzu və mal otaran işləmişdir. Onlar məlum hadisələrlə əlaqədar Ermənistan Respublikasından gələrkən əmək kitabçalarını özləri ilə götürə bilməmişlər, onun da, qeyd olunan kolxozda işləməsi şahid ifadələrinə əsasən müəyyən olunmuş və ona pensiya təyin olunmuşdur. X9 ifadəsində göstərmişdir ki, o, 20 dekabr 1943-cü il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunda doğulmuş və Ərizəçi ilə birlikdə Sisiyan rayonunun Urud kəndində yerləşən kolxozda müxtəlif sahələrdə işləmişlər. Eyni zamanda, Ərizəçi həmkəndlisi kimi uşaqlıqdan tanımaqla, ailəvi gediş-gəlişləri olmuş və ərizəçinin 1972-ci il tarixdən 1988ci il tarixədək sözügedən kolxozda çoban işləməsini təsdiq edir. Belə ki, iş materiallarında olan Ərizəçi məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan şəxsi məlumatlardan görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunda doğulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi filialı tərəfindən Ərizəçi ünvanlanmış 25 avqust 2021-ci il tarixli, **********7 nömrəli məktubundan müəyyən edilir ki, Ərizəçi təqdim etdiyi sənədlərə əsasən tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı toplanmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizəsi əsassız sayılmış və baxılmasından imtina edilmişdir. Azərbaycan Respublikası MPM- 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 17-ci bəndinə əsasn iş stajı barədə sənədlər oİmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Normativ sənədin məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədlər olmalıdır. Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 104.3-cü maddəsinin tələbinə görə alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 kolxozunda işləməsini məhkəmə qətnaməsi ilə təsdiq edildiyini bildirsə də, həmin məhkəmə qətnaməsi təqdim edilməmişdir. Bundan əlavə, şahid qismində dindirilmiş X9 1972-1988-ci illərə dair əmək fəaliyyətini təsdiq edən hər hansı bir sənədi olmadığı halda, sadəcə məhkəmədə ifadə verərək ərizəçinin həmən kolxozda işlədiyini iddia etmişdir. Lakin birinci instansiya məhkəməsinin iclasıda dindirilmiş şahidlər ərizəçi ilə eyni müəssisədə birlikdə işləmələrini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdirlər. Yuxarıda şərh olunanlara əsasən ərizəçinin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsini tələb etdiyi müddət pensiya təyinatı üçün tələb olunan sosial sığorta stajının yarısından çoxdur. Ərizəçinin iddia etdiyi dövrlər sosial sığorta stajının yarısından çox (yəni 16 il) olduğundan, həmin müddət ərzində eyni dövrdə işlədiyini iddia etdiyi şahidlər X6 və X4 əmək kitabçası olmadığından onların ifadələri sübut kimi qəbul edilə bilməz. Lakin birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, müəssisənin, həmçinin sözügedən müəssisədə ərizəçinin və şahidlərin əmək fəaliyyətini təsdiq edən hər hansı bir sənədin mövcudluğu araşdırılmamış, ərizəçiyə məhkəmə qaydasında müəyyən etmək istədiyi faktın ona nə məqsəd üçün lazım olduğunu əsaslandırmamış və çatmaq istədiyi məqsədi göstərməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquq faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbayjan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təstiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin qeyd olunan hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, ərizə əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs “Dövlət Sosial Müdafiə Fondu” X12 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xızı Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(068)-182/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-466/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-466/2022
02.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver