Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-467/2022 28.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X15 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, İddiaçının vəkili: Vəkil, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 43-də yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 43-də yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli ev Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Əliağa Vahid küçəsi 43-də yerləşməklə 18.06.2017-ci ildə verilmiş vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən cavabdehin mülkiyyətinə keçmiş və 24.06.2017-ci ildə sonuncunun adına dövlət reyestrindən çıxarış verilmişdir. O, cavabdehin oğlu X7 ilə 2002-ci ilin mart ayında toyla ailə həyatı qurmuş və həmin vaxtdan mübahisəli evə gəlin köçmüşdür. Onların birgə nikahdan 02.10.2003-cü ildə X10 və 30.08.2010-cu il təvəllüdlü X16 adında iki övladı anadan olmuşdur. Nikahları 31.01.2004cü ildə rəsmiləşdirilmişdir. O, 03.10.2016-cı ildə mübahisəli evə pasport qeydiyyatına düşmüşdür. O, 2002-ci ilin mart ayından cavabdehin ailə üzvü qismində həmin evə köçürülərək yaşamış, onlarla birgə təsərrüfat idarə etmiş və onun bütün cehiz əmlakları həmin mənzilə aparılmışdır. Lakin sonradan həyat yoldaşı ilə münasibətləri pozulmuş və aralarında mübahisələr olmuş və bu səbəbdən də cavabdeh ona «bu həyət mənimdir» deyib, onu evdən çıxarmış və bu səbəbdən də 2021-ci ilin may ayının 13-dən o, həmin evdə yaşamır. Lakin onun uşaqları hal-hazırda da həmin evdədirlər. Onun adında başqa yerdə mənzil, ev yoxdur, bu ev onun və uşaqlarının daimi yaşayış yeridir. Həmin evin sənədində 3 otaqlı mənzil göstərilsə də faktiki olaraq evə aid olan torpaq sahəsində əlavə 3 otaqlı mənzil tikilmiş və o, həyat yoldaşı ilə birgə nikahda olduğu vaxt əlavə dəhliz, mətbəxt və hamam da inşa etmişlər, onun bütün əmlakları hal-hazırda da həmin evdədir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, qeyd edilən mənzilin özəl mülkiyyətdə olmasını əsas tutan məhkəmə Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən hüquq münasibətləri yaranan vaxt (2002-ci ildə) həmin mənzilin hüquqi rejiminin araşdırılması məqsədi ilə Azərbaycan Respublikası DƏDRX 2 saylı Ərazi İdarəsindən həmin evə dair sənədləri tələb etməklə araşdırmalı və yalnız bundan sonra mübahisəyə qiymət verməli idi, lakin məhkəmə sübutları araşdırmadan Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Bu ev yalnız 2004-cü ildə, yəni o, bu evdə yaşadıqdan 2 il sonra vərəsəlik haqqında şəhadətnamə əsasında iddiaçı mərhum həyat yoldaşının adına rəsmiləşmiş və onun ölümündən sonra isə cavabdeh 2017-ci ildə mənzilə mülkiyyət hüququ əldə etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsini ləğv etməklə onun iddiasının təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, mübahisəli evin cavabdehin mülkiyyətində olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşə əlavə olan 20.08.2021-ci il tarixli və 22.09.2021-ci il tarixli AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin məktublarından görünür ki, ünvan 1 ünvanında yerləşən 43 saylı fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport əsasında X2 mülkiyyət hüququ qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt 1 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 31.07.2004-cü il tarixli, 2V-1/151 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında fərdi yaşayış evi Məmmədov Əli-İslam Həbib oğlunun adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin təsdiq etdiyi 18.06.2017ci il tarixli, 2V-521 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə və 18.06.2017-ci il tarixli, 2V-522 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən fərdi yaşayış evi Cavabdeh adına qeydiyyata alınaraq 24.06.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının X8 Nümayəndəsi tərəfindən verilmiş 10.08.2021-ci il tarixli, 538 №li arayışdan görünür ki, xx.xx.1980-cı il təvəllüdlü G.Ş.X9 qəsəbəsi, Ə.Vahid küçəsi, ev 43 ünvanında qeydiyyatdadır. Mənzil sahibi: Məmmədov Əli-İslam Həbib oğludur (vəfat etmişdir). Ailə üzvlərinin sayı 18 nəfərdir. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının X8 Nümayəndəsinin 10.08.2021-ci il tarixli aktından görünür ki, xx.xx.1980-cı il təvəllüdlü İddiaçı 2001-ci ilin mart ayından 2021-ci ilin may ayının 13-dək ayınadək ünvan 2 ünvanında yaşamışdır. Qeyd olunanları X4, X5 və X11 öz imzaları ilə təsdiq etmişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X6 ilə X12 arasında 31.01.2004-cü il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 144 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. İşə əlavə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından 02.10.2003-cü ildə X10 və 30.08.2010-cu il təvəllüdlü X16 adlı övladları vardır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4331/2021 saylı, 03.09.2021-ci il tarixli qətnaməsindən görünür ki, X1 müraciəti əsasında X7 ilə İddiaçı arasında bağlanmış 31.01.2004-cü il tarixli, 144 nömrəli nikahın pozulması, 02.10.2003-cü ildə Nəzrin və 30.08.2010-cu il təvəllüdlü Kənan yetkinlik yaşına çatana qədər anaları İddiaçı yanında qalması, 03.09.2021-ci il tarixdən etibarən uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində hər birinə 150 manat, ümumilikdə 300 manat miqdarında aliment H.Ə.Məmmədovdan tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası İddiaçı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının düzgün tətbiq edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 2002-ci ilin mart ayında cavabdehin övladı X7 ilə nikaha daxil olaraq sözügedən mənzilə gəlin köçmüş və 2021-ci ilin may ayının 13-dək orada yaşamışdır. Həmin zaman evin mülkiyyətçisi iddiaçının qaynatası Ə.H.Məmmədov olmuşdur. H.Ə.Məmmədov ilə İddiaçı arasında bağlanmış nikaha Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4331/2021 saylı, 03.09.2021-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Hal-hazırda sözügedən evin mülkiyyətçisi 2017-ci ildən Cavabdehdır. Məhkəmə kollegiyası qeyd edir ki, ünvan 3 ünvanında yerləşən 43 saylı fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport əsasında X2 mülkiyyət hüququ qeydiyyata alınaraq texniki pasport verilmişdir və bu gələçəkdə mənzilin mülkiyyətə alınmasına gözlənti hüququ yaratmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin Qərardan görünür ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdehin keçmiş ailə üzvü və digər qohumu olmadığından, eyni zamanda mübahisəli mənzildə 2002-ci ilin mart ayından etibarən yaşamağa başladığından mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələri tətbiq edilməlidir. Belə ki, iddiaçı mübahisəli mənzilə 2002-ci ildə köçmüş və 2021-ci ilin may ayınadək orada yaşamışdır. Eyni zamanda o, mənzilin, yaşamağa başladığı vaxt və hazırkı mülkiyyətçisinin qanunvericilikdə müəyyən edilmiş ailə üzvləri dairəsinə mənsub deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının mübahisəli evdə pasport qeydiyyatında olması sadalanan qanunvericilik normalarına əsasən onun istifadə hüququnun yaranması demək deyildir. Belə ki, iddiaçının sözügedən evdən istifadə hüququ olmadığı təqdirdə həmin yaşayış sahəsinə köçürülməsini qanunvericilik istisna edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 15 oktyabr 2021-ci il tarixli 2(060)-7523/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-467/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-467/2022
28.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver