Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-472/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Musayev Elvin İsrafil oğlunun katibliyi, Cavabdeh, onun vəkili Vəkil, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinin daxilindəki tikillərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin sökülmüş hasarının cavabdehin hesabına bərpa edilməsi tələbinə dair mülki iş üzrə Şabran rayon məhkəməsinin 08 iyul 2019-cu il tarixli, 2(031)-51/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran rayon məhkəməsinin 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddianın təmin edilməsi, Cavabdeh JN184A kod 30401004 saylı şəhadətnaməyə əsasən X6 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0,02 ha torpaq sahəsinin qərb tərəfindən zəbt etdiyi 31 kv.metr hissəsindən çıxarılması, həmin torpaq sahəsinin daxilində yerləşən tikililərin Cavabdeh hesabına sökülməsi və torpaq sahəsinin sökülmüş hasarını Cavabdeh hesabına bərpa olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Elman Rəhimov sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə və Telman Quliyev) 09 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şabran rayon məhkəməsinin 08 iyul 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli qərarı ilə (E.R.Vəliyeva (sədrlik edən və məruzəçi - hakim), E.Y.Şamayev və A.Ə.Abbasov) kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli 2(105)-3622/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh, zəbt etdiyi torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin daxilində tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin sökülmüş hasarının cavabdehin hesabına bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 14.05.2014-cü il tarixində X5 torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsinin verdiyi 05.07.2005-ci il tarixli, JN-184A, KOD 30401004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin Şabran rayon şöbəsinin verdiyi 26.04.2014-cü il tarixli, 04/75 saylı arayışa əsasən ünvan 1 ünvanında olan torpaq sahəsini almış və həmin müqavilə Şabran rayon Dövlət notariat kontorunda təsdiq olunub. Aldığı torpaq ərazisində övladı ilə yaşamağa kiçik ölçülü bir ev tikmişdir. Qonşusu Cavabdeh onun tək qadın olmağından istifadə edərək, ilbə il ona məxsus torpaq sahəsindən zəbt etməyə başladı, o, ona öz iradını bildirsə də, onun sözlərinə əhəmiyyət veməmişdir, hətta hamamtualetinin bir hissəsini onun torpaq ərazisində tikmişdir. O, evinə çıxarış almaq üçün 2018ci ilin may ayının axırlarında torpağına daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında çıxarış almaq istədikdə ona məlum oldu ki, ona X10 tərəfindən satılmış 245 kv.m torpaq sahəsindən cəmi 195 kv.m torpaq sahəsi qalmışdır, torpağın 50 kvm qonşusu Cavabdeh tərəfindən zəbt olunmuşdur. Lakin mütəxəssislər gəlib ölçəndən sonra müəyyən olundu ki, qonşusu həqiqətən də, onun istifadəsində olan torpaq sahəsinin 31 kv.m hissəsindən istifadə edir, yəni zəbt edib. O, bu barədə qonşusu Cavabdeh bildirmiş, o da cavab olaraq onun 1,5 m uzunluğunda 2 m hündürlüyündə mişar daşı ilə tikilmiş hasarını 03.06.2018-ci ildən 04.06.2018-ci ilə keçən gecə sökmüş və digər tərəfdən tikilmiş hasarını zədələyərək, onun aşma ehtimalını yaratmışdır. O, onun bu hərəkəti barədə DİN-in 102 xidmətinə müraciət etmiş, lakin ona bildirmişlər ki, onun müraciəti mülki xarakterli olduğuna görə, məhkəməyə müraciət etməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şabran rayon məhkəməsinin 08 iyul 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilən zaman maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Onun yaşadığı Şabran şəhəri, Nizami küçəsində yerləşən 40 saylı yaşayış evi və həyətyanı torpaq sahəsi 2000-ci ildən istifadəsindədir. İddiaçı hal-hazırda yaşadığı ünvan 3 ünvanında yerləşən torpaq sahəsi əvvəllər ümumi istifadədə olan yol olmuşdur. Bu ünvanda əvvəllər yaşamış X10 bu torpaq sahəsində 1965-ci ilcə özbaşına ev tikmişdir. 2006-cı ildən bu ünvana köçmüş İddiaçı hal-hazırda yaşadığı torpaq sahəsinin ziddiyyətli sənədlərini – 05 iyul 2005-ci il tarixli, JN 184A 30401004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni əsas götürərək onun torpaq sahəsinə dair iddialarla çıxış edir. Torpağm mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunur ki, bu torpaq sahəsi X7 Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli, 06 saylı qərarına əsasən verilmişdir. Amma cavabdehin istifadəsində olan torpaq sahəsinin müvafiq torpaqayırmaya dair ilkin sənədləri yoxdur. Həmin torpaq sahəsində yerləşən 1965-ci ildə tikilmiş fərdi yaşayış evinə dair 15 sentyabr 1962-ci il tarixli, 2293 saylı texniki pasportda evin tikildiyi tarix 1955-ci il göstərilir, halbuki bu fərdi yaşayış evindən çox əvvəl mövcud olmuş ona və digər qonşulara məxsus fərdi yaşayış evlərinin texniki pasportunda tarix 1956-cı il qeyd olunmuşdur. X10 ilə İddiaçı arsmda bağlanmış Şabran rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 14 may 2014-cü il tarixli, 4Ə/200 saylı torpaq sahəsinin alqı-satqı müqaviləsi (kontordan kənar) bağlandığı zaman bu torpaq sahəsində tikililər olmuş və həmin evlərə dair hüquq müəyyənedici sənəd olmamışdır. İddiaçı mərhum X5 torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 50 kv.metrlik 1 mərtəbəli ev almışdır. Yaşadığı evlə iddiaçının sökdüyü ev arasındakı məsafə 80 sm.-dən 1 metrə qədər idi. İddiaçı S.X1 aldığı evi söküb yeni ev tikmişdir. İddiaçı onun 50 kv.metr torpaq sahəsini zəbt etdiyini deyəndə özünün üzərində ev tikdiyi torpaq sahəsini nəzərə almamış, hesablamanı səhv etmişdir. Ekspertiza tərəfindən verilmiş rəylərlə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-184A 30401004 saylı şəhadətnaməyə əsasən X6 mülkiyyətinə verilmiş 0,02 ha torpaq sahəsinin 33 kv.metrinin onun tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Həmin ekspertiza rəyi yaşadığı və istifadə olan Şabran şəhəri, Nizami küçəsi, 40 saylı evin torpaq sahəsi ilə mərhum X6 İddiaçı satdığı torpaq sahələrinin sərhədi müəyyən edilmədən verilmişdir. Daha dəqiq tədqiqatın aparılması barədə verilən vəsatətlər isə təmin edilməmişdir. Göstərilənlərə əsasən Şabran rayon məhkəməsinin 08 iyul 2019-cu il tarixli, 2(031)-51/2019 saylı qətnaməsini ləğv etməklə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən üçüncü şəxs X3 apellyasiya şikayətini müdafiə edərək, apelyasiya şikayətini qəbul etdiyini, dəlilləri ilə razılaşdığını, özü Bakı şəhərində daimi yaşadığı üçün həmin torpaq sahəsini təmənnasız Feyruza verdiyini, ünvan 4 ünvanında yerləşən evin onun mülkiyyətin olduğunu, həmin evə dair qeydiyyat vəsiqəsi və texniki pasportun olduğunu, sonradan sərhədləri dəyişilmədiyini və heç bir tikinti aparılmadığını, bu iddianın Cavabdeh adiyyəti olmadığını nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdeh tərəfindən iddiaçının istifadəsinə verilən 0.02 ha torpaq sahəsinin qərb tərəfdən 31 kvm hissəsinin qanunsuz istifadə olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Bu nəticədən narazı qalan Cavabdeh qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən cavabdehin yaşadığı evin mülkiyyətçisi Rahib Sultanovu hazır ki işə cəlb etmədən, hazırki iş üzrə cavabdehin zəbt edilmiş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin daxilində tikillərin cavabdehin hesabına sökülməsi iddiasına cavab verməli olan əsl cavabdeh olub-olmamasına qiymət verməmiş, qaldırılan iddia ilə mülkiyyətçinin hüquqlarının pozulub-pozulmamasını, onun maraqlarına toxunubtoxunmamasını aydınlaşdırmamış, onun iştirakını təmin edilməsinin zəruriliyini və məqsədəmüvafiqliyini müzakirə edilmədiyini, cavabdehin ekspertin rəyi ilə razı olmayaraq qoyduğu suallar cavablandırıldıqdan sonra mülki işin hərtərəfli və obyektiv araşdırılmasının mümkün olacağı barədə apellyasiya şikayətinin dəlillərinə apellyasiya məhəməsi tərəfindən müfəssəl hüquqi qiymət verilməməsi ilə əsaslandırılmış və işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməklə MPM-nin 88-ci, mülkiyyət və beynəlxalq qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. İşdən görünür ki, İddiaçı 14 may 2014-cü il tarixli alqı-satqı müqaviləsilə Şabran şəhərində 0,02 ha torpaq sahəsini X5 aldığını, torpaq sahəsinin isə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsinin verdiyi 05.07.2005-ci il tarixli, JN184A 30401004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən satıcıya məxsus olduğunu, lakin sahənin 31 kv.metri qərb tərəfdən qonşu olan Cavabdeh tərəfindən zəbt edildiyini əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərflərin arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarına yalnız tərəfin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübut etmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilrə Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Bu maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (MPM-nin 14.1. maddəsi). Bu baxımdan məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən mülki iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin etmiş və qərardad icra edilməsi üçün "xxxx" MMC-nin mütəxəssislərinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 may 2021-ci il tarixli 10/758 №li rəyi və "xxxx" MMC-nin 08.04.2021-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən evin torpaq sahəsi ilə (JN-183A saylı torpaq sahəsi) ünvan 1 ünvanında olan (JN-184A saylı torpaq sahəsi) torpaq sahələrinin sərhəddi müəyyən edilərkən məlum oldu ki, naturada olan ölçü ilə sənədlərdə olan ölçülər arasında fərq mövcuddur. Torpaq sahələrinin sərhəddinin yer quruluşu planına uyğun Nizami küçəsi 40 ünvanında yerləşən evin divarına bitişik keçir və həmin evin torpaq sahəsinin faktiki olaraq ölçüsü rəyə əlavə edilmiş sxemdə qeyd edilir. İddiaçı istifadəsində olan torpaq sahəsinin faktiki ölçüsü 0,0195 hektardır. Göründüyü kimi torpaq sahələrinin naturada olan ölçü ilə sənədlərdə olan ölçülər arasında fərq mövcuddur. Həmçinin tədqiqat prosessinin təsviri hissəsində qeyd olunur ki, şəhadətnamə və texniki Pasportlarda bi qayda olaraq torpaq sahəsinin koordinatları qeyd edilmir. Ona görə araşdırma araşdırma Şabran şəhəri ərazisində vətəndaşların qanuni istifadələrində olan həyətyanı torpaq sahələrinin lahiyəsinə əsasən davam etdirildi, bu zaman məlum oldu ki, tərəflərin istifadəsində olan həyətyanı torpaq sahələri həmsərhəd olmaqla bitişikdir. JN-184 A kod 30401004 saylı torpağın mülkiyyətə veilməsinə dair şəhadətnamədə göstərilən Həmid Əmirova məxsus olmuş yaşayış evinin hal-hazırda mövcud olmadığı iddiaçı tərəfindən həyətin başqa hissəsində (əks tərəfdəki qonşunun evinə bitişik) yeni yaşayış evi inşa etdiyi naturaya baxış zamanı məlum oldu. Mübahisəli hissənin yəni iddiaçının istifadəsində olan, torpaq sahəsinin en hissəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınıb lenta vasitəsi ilə ölçülərkən məlum oldu ki, ölçülər sənəd üzrə olan ölçülərdən azdır, yəni ki cavabdeh (Şabran şəhəri ərazisində vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin layihəsinə əsasən JN-183A saylı torpaq sahəsi) iddiaçının istifadəsində olan torpaq sahəsinə, JN-184A saylı torpaq sahəsi) bitişik hissəsində həyətyanı sahənin uzunluğu boyunca müxtəlif ölçülərdə müdaxilə etmişdir və həmin müdaxilə olunmuş hissəyə inşa etdiyi yaşayış evinin bir hissəsi və ardıcıl olaraq aralarında inşa edilmiş daş hasar düşür. Ümimilikdə JN-184A saylı şəhadətnamədə qeyd olunan torpaq sahəsinin 17 kv.m layihə üzrə əks tərəfdəki digər qonşunun torpaq sahəsinin və evinin üzərinə düşür. 195 kv.m faktiki olaraq İddiaçı istifadəsindədir, 33 kv.m isə Cavabdeh istifadəsindədir. İşdən göründüyü kimi ünvan 4 saylı ev mülkiyyət hüququ üzrə məhkəmə kollegiyası tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Rahib Sultanova məxsusdur və 02.08.2018-ci il tarixli etibarnaməyə əsasən həmin 30 il müddətinə həmin dövlət orqanlarından onun adından müəyyən hərəkətləri etməsini həvalə etmiş, cavabdeh isə bu etibarnamə əsasına həmin evdə yaşamış və yaşamaqdadır. Lakin iddia tələbini təmin edən birinci instansiya məhkəməsi cavabdehin yaşadığı evin mülkiyyətçisi olan Rahib Sultanovu hazırki işə cəlb etmədən, Cavabdeh zəbt edilmiş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin daxilində tikililərin cavabdehin hesabına sökülməsi iddiasına cavab verməli olan əsl cavabdeh olub-olmamasına qiymət verməmiş, qaldırılan iddia ilə mülkiyyətçi R.Sultanovun hüquqlarının pozulubpozulmamasını, onun maraqlarına toxunub-toxunmamasını aydınlaşdımamış və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunur. Qanunun mənasına görə cavabdeh iddia tələbinin yönəldiyi şəxs olmaqla, o iddiaçının hüququnu pozan və yaxud mübahisələndirən tərəfdir. Göründüyü kimi İddiaçı hazır ki iddia tələbini bu iddiaya cavab verməli olan şəxsə qarşı yönəltməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 54.1. maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilkin iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdehlə əvəz edə bilər. Tərəflərin işdə iştirakını əsaslandıran sübutların təqdim edilməsi onların iş üzrə tərəf kimi rəsmiləşdirilməsi sayılır. Rəsmiləşdirmə mübahisənin iştirakçılarının subyektiv tərkibini dəqiq müəyyən etmək, mübahisənin düzgün hüquqi təsnifatını aparmaq məqsədi daşıyır və qərarın həqiqi maddi hüquqi maraqlı şəxslərə münasibətdə şıxarılmasını təmin edir. Əsl olmayan cavabdehin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi ona cavab verməli olmayan şəxsə qarşı verildiyindən iddia təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şabran rayon məhkəməsinin 08 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən həm birinci instansiya icraat zamanı, həm indiki apellyasiya baxşında keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri İddiaçı alınaraq 50+100+50=200 (yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, 60+67,20= 127,20 (yüz iyirmi yeddi) manat 20 (iyirmi) qəpik ekspert və mütəxəssis xərci Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin (Kapital Bank ASC Xtəai filialı kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Mühbir hesab AZ37NABZ********************, Benefisiarın adı Kadastr və Yerquruluşu Layihə TADQ MAR, benefisiarın hesabı AZ 23AŞŞB********************, VÖEN **********) hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Şabran rayon məhkəməsinin 08 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinin daxilindəki tikillərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin sökülmüş hasarının cavadehin hesabına bərpa edilməsinə iddia tələbi rədd edilsin. İddiaçı 50+100+50=200 (iki yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, 60+67,20=127,20 (yüz iyirmi yeddi) manat 20 (iyirmi) qəpik ekspert və mütəxəssis xərci Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinin (Kapital Bank ASC Xtəai filialı kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Mühbir hesab AZ37NABZ********************, Benefisiarın adı Kadastr və Yerquruluşu Layihə TADQ MAR, benefisiarın hesabı AZ 23AŞŞB********************, VÖEN **********) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-472/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-472/2021
07.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver